Məhkəmə qərarları › İş №2(102)-7125/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7125/2019

21.11.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7125/2019 21.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı vəkili X1, Cavabdeh1, onun və digər cavabdeh Cavabdeh2 vəkili X2 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6924/2019 nömrəli iş üzrə 04 iyun 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai rayon məhkəməsinin (hakim İlahə Abbasova) 15.02.2019-cu il tarixli 2 (011)-565/2019 saylı qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə mənzilə istifadə hüququnun itirilməsi” barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Raqib Qurbanov) 04 iyun 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 15 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 22, mənzil 19-un yaşayış sahəsindən hər birinə 1000 manat verilməklə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Tərəflərin izahatları: İddiaçı vəkili X6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh1 və digər cavabdeh Cavabdeh2 vəkili X7 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 22 saylı evin, 19 saylı mənzili Ö M seriyalı, 011202 nömrəli qeydiyyat vəsiqəsinə əsasən X3 məxsus olmuşdur. X4 20.07.2009-cu il tarixdə vəfat etdikdən sonra “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən X5 və İddiaçı Süleyman qızına hər birinə mənzil üzərində ½ hissə miras əmlakdan pay alma hüquqları tanınmışdır. Digər vərəsə X8 mirası qəbul etməyəcəyi barədə notariat kontoruna ərizə vermişdir. Daha sonra iki vərəsə arasında olan razılaşmaya əsasən mənzil iddiaçının mülkiyyətinə keçmiş və ona Daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12.04.2018-ci il tarixli 2(102)-2646/2018 saylı qərarının surətindən görünür ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi 19 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi hissəsində Bakı Apellyasiya Məhkəməsinin 08.11.2017-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş və Ali Məhkəmənin yuxarıda göstərilən tarixli və nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarının əsaslandırıcı hissəsindən görünür ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 26.03.2003-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 qaynatasına məxsus yuxarıda göstərilən mənzilə köçürülmüş və 18.07.2003-cü il tarixdə qətnamə icra edilmişdir. Həmin qərarda X1ın mənzildən istifadə hüquqlarına xitam verilməsinin yalnız onlara müvafiq pul kompensasiyasının ödənilməsi yolu ilə mümkün olduğu qeyd olunmuşdur. İddiaçı hazırki tələblər məhkəməyə mürac iət edərək cavabdehlərin hər birinə 1000 manat kompensasiya verməklə istifadə hüquqlarına xitam verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikas ının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir....Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qan unla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Apellyasiya instansiyası məhkəməsi sadalanan normalara və Pelnumun qərarına istinad edərək hesab etmişdir ki, iddiaçının təklif etdiyi kompensasiya məbləği cavabdehlərin davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanını təmin edəcək ağlabatan məbləğ deyil. İddiaçıya həmin məbləği artırmaq təklif edilsə də, iddiaçı bununla razılaşmamışdır. Ona görə də, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətinin dəlilləri formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddi a tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6924/2019 nömrəli iş üzrə 04 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar