Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-715/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X1 cavabdeh "xxxx" MMC-yə, "xxxx" QSC-yə qarşı iş üzrə (üçüncü şəxs Ağsu rayon İcra və Probasiya şöbəsi) QƏRARİ (Açar sözlər: hərracın etibarsız sayılması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8594/2021 nömrəli iş üzrə 01 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MM C tərəfindən tərtib edilmiş 21/03 nömrəli 21 sentyabr 2020-ci il tarixli hərracın yekunları barədə protokoluna əsasən, mülkiyyət hüququ ilə X3 məxsus olan Ağsu şəhəri, X7 küçəsində yerləşən 41 saylı evin 35 saylı mənzili üzrə Şəki Apellyasiya Məhkəməsinin 2(107)46/2019 saylı 03.07.2019-cu il tarixli icra vərəqəsinə, Ağsu rayon İcra və Probasiya Şöbəsinin 34/2020 saylı 04.02.2020-ci il tarixli sifariş məktubunun və Access Bank QSC-nin müvafiq məktubunun icrasına hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 28000 manat, əmlakın təkrar hərracdakı satış qiyməti 23800 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti 17850 manat olmuş, əmlak tələbkar tərəfindən alınmışdır.
2. Şəki Apellyasiya Məhkəməsinin 13 fevral 2019-cu il tarixli qətnaməsi ilə mübahisəli əmlak satışa çıxarılarkə n ilkin satış qiyməti 28000 manat müəyyən edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03.07.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
3. Ağsu şəhəri, X7 küçəsi, ev 41, mənzil 35 xüsusi əmlak kimi daşınmaz əmlakın ümumi sahəsi 68,10 kv.m olmaqla tam payda AccessBankQSC-nin xüsusi mülkiyyət kimi (daşınmaz əmlakın növü mənzil) 11.12.2020-ci il tarixdə qeydiyyata alınmşdır.
4. İddiaçı hərracın etibarsızlığına və nəticələrinin tətbiqinə dair aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı X4 cavabdeh "xxxx" MMC-yə, "xxxx" QSC-yə və üçüncü şəxs Ağsu rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciə t edərək, "xxxx" MMC-nin 21/03 saylı 21 sentyabr 2020-ci il tarixli hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək ona məxsus ünvan 1 ünvanındakı 35 saylı mənzilin açıq hərracda satılmasına dair keçirilən hərracın və hərracın nəticəsi olaraq "xxxx" MMC-nin tərtib etdiyi 21 sentyabr 2020-ci il tarixli “İpoteka saxlayana İpoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 21/03 saylı Protokolun etibarsız hesab edilməsinə, 21 sentyabr 2020-ci il tarixli “İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə Protokolun hüquqi nəticələrinin (Bankın adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış 11.12.2020-c i il tarixli qeydiyyat yazısının (müvafiq Çıxarışın) ləğv edilməsinə, ona məxsus ünvan 1 ünvanındakı 35 saylı mənzilin ekspertizanın müəyyən edəcəyi yeni qiymətlə hərraca çıxarılmasına və qanunvericilikdə dairəsi müəyyən edilmiş şəxslərin iştirakı təmin edilməklə təkrar hərracın keçirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ona məxsus Ağsu şəhəri, M.V.Vidadi küçəsi, 41 saylı evin 3-cü mərtəbəsində yerləşən 35 saylı mənzil onun xəbəri olmadan, heç bir bildiriş göndərmədən tələm-tələsik hərracı keçirərək AccessbankQSC-nin nümayəndəsi X2 adına rəsmiləşdirilmişdir. Hərrac keçirilən zaman həmin əmlakın ümumi bazar qiymətlərinə mütənasibliyi nəzərə alınmamışdır. Qiymətləndirməni n hərracın keçirilməsi bir mənalı olaraq "xxxx"QSC-in maraqlarına uyğun hazırlanıb. Halbuki, həmin əmlak real bazar qiyməti ilə müəyyən edildikdə həddindən aşağı qiymətləndirilmişdir. Ona görə də hesab edir ki, qanunvericiliyə uyğun olaraq cavabdehin ekspert rəyi, protokolları və müqaviləsi etibarsız hesab edilməlidir. Bundan əlavə şübhə doğuran amillərdən biri də odur ki, hərracın keçirilməsi barədə ona nə Poçt və ya rəsmi məlumat verilməmişdir. Bu qiymətləndirmə və hərrac formal xarakter daşıyır. "xxxx" MMC tərəfindən qiymətləndirilmiş 21/03 saylı, 21 sentyabr 2020-ci il tarixli Hərracın yekunları barədə protokolun surətini 29 aprel 2021-ci ildə Ağsu rayon İcra və Probasiya Şöbəsinə dəvət olunan zaman əldə etmişdir. O da öz növbəsində qanuna müvafiq olaraq şikayət vermə hüququndan istifa də edərək Nərimanov Rayon Məhkəməsində "xxxx" MMC tərəfindən qiymətləndirilmiş 21/03 saylı, 21 sentyabr 2020-ci il tarixli Hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsinə dair iddia qaldırmaq məcburiyyətindədir və hesab edir ki, faktiki olaraq məhkəmə araşdırılmasına ehtiyac vardır. Hərracın keçirilməsinə dair heç bir sənədin olmaması üçün Bankın maraqlarına uyğun keçirilmiş hərracın yekunu barədə onun məlumatı olmadığı və gizlədilməsinə şübhə doğurduğu üçün “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hərracın baş tutub- tutmaması ona bəlli olmadığı üçün məhkəmə araşdırılması vacib amillərdən biridir. Onun mülkiyyət hüquqları qanuna zidd olaraq kobud surətdə pozulmuşdur. Toxunulmaz Mülkiyyət hüququ Azərbaycan Respublikası Prezidenti tərəfindən və K onstitusiya hüquqları ilə qorunur. Bununla əlaqədar hərracın düzgün aparılmamasına, hərracda onun iştirakı olmadığına, qiymətləndirmənin bazara uyğun olmamasına və hərrac protokolları və alqı-satqı müqaviləsi ona verilmədiyinə görə məhkəmənin ədalət prinsipi ilə qanuna müvafiq olaraq qətnamə çıxarılmasına əsasdır. Müvafiq qətnamədən sonra ona məxsus əmlakın dəyəri bahalaşmışdır. Belə ki, hazırda ona məxsus ünvan 1 ünvanındakı 35 saylı mənzilin dəyəri təxminən 50.000 manat təşkil edir. 8. "xxxx" QSC-nın nümayəndəsi birinci instansiya məhkəməsindəki icraatda iddiaya etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir.
9. Cavabdeh birinci instansiya məhkəməsindəki icraatda iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim V.Quliyev) 23 iyun 20 21-ci il tarixli, 2(005)2757/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki,, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu, ipoteka qoyan və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, həmin bildirişlər ipoteka qoyana rəsmi qaydada təqdim olunmuş, beləliklə ipoteka qoyanın əmlakın hərraca çıxarılmasından tam olaraq xəbəri olmuş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Beləliklə, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracla bağlı zəruri olan bütün prosessual hərəkətlər edilmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq hərrac keçirildiyindən və ipoteka predmeti qanuni olaraq tələbkara təklif edildiyindən hərrac təşkilatının 21/03 nömrəli 21 sentyabr 2020-ci il tarixli hərracın yekunları barədə protokolun və hərracın nəticələri haqqında müqavilənin ləğv edilməsi üçün əsas müəyyən edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) 01 sentyabr 2021-ci il tarixli, 2(103)-8594/21 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2757/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsas landırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Əlibala İsmayılov kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərracın (nə ilkin, nə də təkrar) keçirilməsi barədə ona hər hansı bir məlumat verilməmiş, onun iştirakı olmadan keçirilmiş hərraclar nəticəsində əmlakının real dəyərindən olduqca aşağı qiymətə satılmışdır. Məhkəmənin qətnamədə istinad etdiyi xəbərnamələrdə olan imzalar ona məxsus deyildir, hərracın keçirilməsi barədə o, hər hansı bir məktub almamışdır. İddiaçı tərəfindən müvafiq vəsatət verilərək, iş materiallarında olan xəbərnaməli bildirişlərə olan imzaların iddiaçıy a məxsus olub-olmamasını müəyyən edilməsi üçün məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsi xahiş edilsə də, əsassız olaraq vəsatət təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
18. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunu:
19. Maddə 43.3, 43.4, 43.5, 43.6 və 43.7. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxl ayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə gö rə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
22. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdı rmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəy yən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 26. "xxxx" MMC tərəfindən tərtib edilmiş 21/03 nömrəli 21 sentyabr 2020-ci il tarixli hərracın yekunları barədə protokolun surətindən görünür ki, mülkiyyət hüququ ilə X3 məxsus olan Ağsu şəhəri, X7 küçəsində yerləşən 41 saylı evin 35 saylı mənzili üzrə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-46/2019 saylı 03.07.2019-cu il tarixli icra vərəqəsinə, Ağsu rayon İcra və Probasiya Şöbəsinin 34/2020 saylı 04.02.2020-ci il tarixli sifariş məktubunun və Access Bank QSC-nin müvafiq məktubunun icrasına hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 28000 manat, ə mlakın təkrar hərracdakı satış qiyməti 23800 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti 17850 manat olmuş, əmlak tələbkar tərəfindən alınmışdır.
27. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-46/2019 saylı 13 fevral 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə mübahisəli əmlak satışa çıxarılarkən ilkin satış qiyməti 28000 manat müəyyən edilmişdir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03.07.2019-cu il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-46/2019 saylı 13 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
29. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Ağsu şəhəri, X7 küçəsi, ev 41, mənzil 35 xüsusi əmlak kimi daşınmaz əmlakın ümumi sahəsi 68,10 kv.m olmaqla tam payda AccessBankQSC-nin xüsusi mülkiyyət kimi (daşınmaz əmlakın növü mənzil) 11.12.2020-ci il tarixdə qeydiyyata alınmşdır.
30. Hərracın keçirilməsinə dair 14.02.2020-ci il tarixli 01 və 19.08.2020-ci il tarixli 02 nömrəli bildirişlərin surətindən görünür ki, "xxxx" MMC tərəfindən X3 və digərlərinə Ağsu şəhəri, M.V.Vidadi küçəsində yerləşən 41 saylı evin 35 saylı mənzilinə tutma yönəldiyini və hərracda satılmalı olduğuna dair, həmçinin hərracın keçiriləcəyi tarix, saat və yer barədə məlumat göndərilmişdir.
31. ƏİV seriyalı 200034 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən X3 (Ağsu rayonu, Mustafalı kəndi) ünvanlanmış məktub X4 tərəfindən 02 sentyabr 2020-ci il tarixdə imza atılmaqla qəbul edilmişdir. 32. "xxxx" MMC tərəfind ən 04 sentyabr 2020-ci il tarixdə "xxxx" ASC-yə, həmçinin, məlumat üçün Ağsu rayon İcra və Probasiya Şöbəsinə, X3 və digərlərinə göndərilmiş İpoteka predmetinin əldə olunmasına dair Təklif məktubunun surətindən görünür ki, Ağsu şəhəri, M.V.Vidadi küçəsində yerləşən 41 saylı evin 35 saylı mənzili təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 17850 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. 33. 14-20 fevral 2020-ci il tarixli və 5-12 sentyabr 2020-ci il tarixli “Birja yenilikləri” qəzetlərinin surətindən görünür ki, Ağsu şəhəri, M.V.Vidadi küçəsində yerləşən 41 saylı evin 35 saylı mənzili açıq hərracdan satılması ilə bağlı hərracların keçirilməsi tarixləri barədə elanlar verilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, təkrar hərracı n yeri, vaxtı və əmlakın satış qiyməti barədə məlumatlandırılmasına baxmayaraq, borclular hərracda iştirak etməmiş, bundan sonra ipoteka əmlak banka təklif olunmuş, "xxxx" QSC 04.09.2020-ci il tarixdə əmlakı 17850 manata almış və həmin tarixdə “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanaraq hərracın nəticələri ilə əlaqədar Y-345 saylı protokol tərtib edilmişdir.
35. Kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd etmişdir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır.
36. Apellyasiya kollegiyası hesab etmişdir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlmişdir. İddiaçının dəlilləri göstərilənlər formal mülahizələr olmaqla əsaslı sayıla bilməz. Belə ki, iş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamələrin surətindən göründüyü kimi, borclular hərracın keçirilməsi barədə məlumatlı olmuşdurlar.
37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kollegiya həmin əsaslandırma ilə razılaşaraq hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
38. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi nin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8594/2021 nömrəli iş üzrə 01 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov