Məhkəmə qərarları › İş №2(102)-751/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-751/2024

21.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-751/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (qanuni nümayəndəsi (qəyyumu) Nümayəndə) cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 dövlət notariusu X2, 2 saylı Bakı ASAN Xidmət mərkəzində Notariat Ofisinin xüsusi notariusu X5 və Bakı şəhəri 48 saylı Notariat Ofisinin xüsusi notariusu X8 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: etibarnamənin, bağışlama müqaviləsinin, alğı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tər kibdə, İddiaçı (qanuni nümayəndəsi Nümayəndə) cavabdehlər Cavabdeh5 dövlət notariusu X2, Cavabdeh2, Cavabdeh3, 2 saylı Bakı ASAN Xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X5 və Bakı şəhəri 48 saylı notariat ofisinin xüsusi notariusu X8 qarşı “etibarnamənin, bağışlama müqavilələrinin, alğı-satqı müqaviləsinin və çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5945/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 1-ci yaşayış massivində yerləşən 27 a nömrəli ev və 0,06 ha torpaq sahəsinin paylı mülkiyyətçilərindən biri olub. Həmin ev və torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə 1/5 hissədə X3, 1/5 hissədə X1, 1/5 hissədə X6, 2/5 hissədə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü ildə qeydiyyata alınaraq, RX seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdi. 2. xx.xx.2022-ci ildə iddiaçı evin 2/5 hissəsinin bacısı Cavabdeh2 hədiyyə edilməsi barədə bağışlama müqaviləsi bağlayıb. Həmin müqaviləni iddiaçının adından etibarnamə əsasında əri Nümayəndə imzalayıb. Belə ki, xx.xx.2021-ci ildə iddiaçı ərinin adına etibarnamə vermişdi. Bağışlama müqaviləsi bağlandıqdan 1 ay 9 gün sonra - xx.xx.2022ci ildə qəbul olunmuş Səbail Rayon Məhkəməsinin 2(009)-1286/2022 saylı qətnaməsi ilə iddiaçı fəaliyyət qabiliyyəti olmayan hesab edilib və Səbail r ayon İH başçısının xx.xx.2022ci il tarixli sərəncamı ilə əri Nümayəndə onun üzərində qəyyum təyin edilib.

3. Hazırda iddiaçı tərəf bağışlama müqaviləsini və bunun əsasında bağlanmış müqavilələri mübahisələndirir və hüquqi nəticələrinin ləğvini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı qanuni nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh5 dövlət notariusu X2, Cavabdeh2, Cavabdeh3, 2 saylı Bakı ASAN Xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X5 və Bakı şəhəri 48 saylı notariat ofisinin xüsusi notariusu X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: 06 iyul 2021-ci il tarixdə etibar edən İddiaçı tərəfindən etibar edilən Nümayəndə verilmiş, AR-İİ seriyalı, 139548 nömrəli, reyestrdə 7E-1648 nömrəsi ilə qeyd edilmiş etiba rnamənin; 14 iyul 2022-ci il tarixdə İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, AN-İ seriyalı, ******* nömrəli, reyestrdə 4Ə-24 nömrəsi ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin; X9 ilə Cavabdeh2 arasında bağlanmış bağışlama müqaviləsinin, 26 dekabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın; 26 dekabr 2022-ci il tarixdə Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış, AN-İ seriyalı, ******* nömrəli, reyestrdə 4Ə-2650 nömrəsi ilə qeyd edilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı illərdir ki, psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. İddiaçı sağalmaz xəstəliyə düçar olduqdan sonra, Nümayəndə onun adından gələcəkdə bütün sənədləşmə və s. işlərin görülməsi üçün 06 iyul 2021-ci il tarixdə öz adına baş etibarnamə almışdır. Etibarnaməni alan zaman bilməmişdir ki, fəaliyyət qabiliyyəti olmayan şəxs etibarnamə verə bilməz. İddiaçı vəziyyətini görən notarius da, buna əhəmiyyət verməmişdir. Cavabdeh2 iddiaçının doğma bacısıdır. Münasibətləri həmişə normal olmuş, mütəmadi olaraq bacısı və ailəsi ilə maraqlanmışdır. 2022-ci ilin iyun-iyul aylarında Cavabdeh2 bacısının həyat yoldaşı Nümayəndəa müraciət edərək, Kəmalənin də 2/5 payı olan evi satmaq istədiyi ni, alğı-satqıdan sonra onların payına düşən pulu da verəcəyini bildirmişdir. Nümayəndə evin bütün maddi qayğılarını təkbaşına ödədiyi üçün, həmçinin birinci qrup əlil həyat yoldaşının daimi müalicəyə, dərmanlara, xəstə baxıcısına ehtiyacın və həmin tələbatların ödənilməsi üçün böyük maliyyə vəsaitinə ehtiyacın olmasını nəzərə alaraq, aralarında evin və həyətyanı torpaq sahəsinin satılmasına razılaşmışlar. Cavabdeh2 demişdir ki, müştəri tapan kimi evi satacaq, lakin evin sənədlərini qaydasına salmaq lazımdır. Ailə üzvləri inandıqlarına görə Nümayəndə onda olan etibarnamə əsasında həyat yoldaşının adından bütün sənədləşmə işlərinin aparılmasına razılıq vermiş, Nümayəndə Arzunun dediyi Bakı şəhəri 48 saylı notariat ofisinə getmiş, orada qarşısına qoyulmuş sənədə imza çəkmişdir. Cavabdeh2 onu bir daha əmin etmişdir ki, qısa müddətdə evi satıb, onların payını verəcək. Həmin gün Nümayəndə arxayın olmaları üçün 3000 manat pul vermişdir. Nümayəndə bağışlama müqaviləsinə imza çəkərək, həyat yoldaşına məxsus payın artıq Cavabdeh2 bağışlandığından xəbərsiz şəkildə çıxıb getmişdir. Bir neçə ay keçdikdən sonra eşitmişdir ki, ev həyətyanı torpaq sahəsi ilə birlikdə 520.000 manata satılmışdır. Bunu bilən kimi Cavabdeh2 ilə əlaqə saxlamış, Arzu ona bildirmişdir ki, evi satıb, hələ ki, beh alıb, narahat olmasınlar, qısa müddətdə pulu bütöv şəkildə verəcək. Hətta həmin vaxt Nümayəndə 15.000 manat pul da vermişdir. Cavabdeh2 iki dəfə olmaqla, cəmi 18.000 manat pulu Nümayəndə vermiş, digər məbləği isə verməmişdir. Sonra məlum olmuşdur ki, Cavabdeh2 evi Cavabdeh3 satmış, evin dəyərini 280.000 manat qeyd etmişlər. Lakin reallıqda ev 520.000 manata satılmışdır. Həmçinin sorğu əsasında əldə edilmiş, alğı-satqıya dair notariat işi ilə tanış olarkən məlum olmuşdur ki, satılmış evdə bu gün də qeydiyyatda olan İddiaçı tərəfindən alğı-satqıya razılıq ərizəsi mövcud deyildir. 06 iyul 2021-ci il tarixdə İddiaçı tərəfindən Nümayəndəaya verilmiş etibarnamə fəaliyyət qabiliyyəti olmayan, birinci qrup əlil tərəfindən verildiyindən, verildiyi vaxtdan etibarsız olmuşdur. Həmçinin həmin etibarnamə əsasında etibar edilən Nümayəndə tərəfindən edilmiş bütün notariat əməliyyatları da, etibarsız hesab olunur. Nümayəndə Bakı şəhəri 48 saylı notariat ofisində olarkən ona əslində nəyə imza çəkməyi, sənədin mahiyyəti, hüquq və vəzifələri izah olunmayıb. Notarius qanunun tələbini kobud surətdə pozaraq 14 iyul 2022-cı il tarixdə aparılan notariat hərəkəti ilə bağlı Nümayəndə hüquq və vəzifələri izah edilməmiş, aparılmış notariat hərəkətinin nəticələri barədə onu xəbərdar etməmişdir. Həmçinin bağışlama zamanı digər payçı və evdə qeydiyyatda olan İddiaçı razılığı alınmamışdır. Nümayəndə, Bakı şəhəri 48 saylı notariat ofisində nə özünün, nə də İddiaçı iradəsini ifadə etməmişdir. Həmçinin Nümayəndə həmin vaxt fəaliyyət qabiliyyəti olmayan İddiaçı adından bağışlama müqaviləsi bağlamağa da səlahiyyəti olmamışdır. Nümayəndə sənədləşmə işlərinin aparılması adı altında Cavabdeh2 tərəfindən aldadılaraq oxumadan, mahiyyətini bilmədən reallıqda bağışlama müqaviləsinə imza çəkdirilmişdir. Məntiqlə yanaşılsa, hazır 2 payı ola-ola, nə zərurət var idi ki, pay bağışlansın. Evin alğı-satqısı zamanı hər bir halda razılaşdırılacaq məbləğdən İddiaçı qanunla nəzərdə tutulmuş 2 payı veriləcəkdi. Deməli bu da onu göstərir ki, əslində Cavabdeh2 niyyəti evin pulunu tam şəkildə ələ keçirmək olmuşdu.

6. Cavabdeh Füzuli rayon notariat ofisinin notariusu Fəxrəddin İbadullayev iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, qeyd olunan notariat hərəkətini təsdiq edərkən, “Notariat haqqında” Qanuna və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın tələblərinə tam riayət etmişdir. “Notariat hərəkəti onun otağında etibar edən İddiaçı, etibar edilən (əri) Nümayəndə və əvəzindən imza edən şəxs X4 iştirakı ilə aparılmışdır. İddiaçı şəxsiyyəti müəyyən olunmuş, fəaliyyət qabiliyyəti yoxlanılmışdır. O, suallara aydın və adekvat cavab vermişdir. Notariat ofisinə nədən ö trü gəldiyindən və nəyə imza atmasından xəbəri olmuşdur. Tərəfindən onun ümumi xəstəlik üzrə İ qrup əlil olması və notariat hərəkəti aparılarkən fəaliyyət qabiliyyətli olması müəyyən olunmuşdur. Etibarnamənin hər iki nüsxəsinə və reyestr kitabına İddiaçı müstəqil surətdə özü imza etmişdi. Lakin əllərindəki problemlə bağlı öz dəsti-xətti ilə ad və soyadın yaza bilmədiyinə görə etibarnamə onun iştirakı və razılığı ilə onunla birlikdə gələn X10 tərəfindən imza olunaraq ad və soyad yazılmışdır. X4 şəxsiyyəti müəyyən olunmuşdur. Əlavə olaraq bildirir ki, İddiaçı iştirakı ilə xx.xx.2018-ci il tarixdə iki dəfə, xx.xx.2021-ci il tarixdə isə bir dəfə ayrı-ayrı notariat ofislərində notariat hərəkətləri aparılmış və notariat sənədlərinə müstəqil surətdə özü imza etmişdir.

7. Cavabdeh2 iddia tələbin ə etiraz edərək bildirmişdir ki, Ədliyyə Nazirliyinin Notariat idarəsi tərəfindən verilmiş xx.xx.2023 tarixli 3-16-5/2-11-4400/23 saylı cavab məktubunda göstərilmişdir ki, İddiaçı adından xx.xx.2017-ci il tarixindən xx.xx.2023 tarixinədək olan dövrdə 7 dəfə - Bakı şəhəri 19, 28, 45, 48 saylı notariat ofisində, Fizuli rayon notariat ofisində, Beyləqan rayon 1 saylı notariat ofisində və 3 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat hərəkətləri aparılmışdır. İddiaçının qəyyumu Nümayəndə hazırki iddia ilə nəinki bağışlama müqaviləsini, hətta özünə verilmiş AR-İİ seriyalı, 139548 nömrəli, reyestrdə 7E-1648 nömrəsi ilə qeyd edilmiş etibarnamənin də etibarsızlığı məsələsini qoymuşdur. Bu etibarnamənin ləğvi isə, avtomatik olaraq iddiaçının qəyyumunun həyata keçirdiyi yuxarıda göstərilən 7 ədəd d igər notariat hərəkətlərinin də etibarsızlığı deməkdir. İddiaçının qəyyumunun müxtəlif hüquqi və ya fiziki şəxslərlə aparmış olduğu 7 ədəd notariat hərəkətlərinin mənasını başa düşməyərək həyata keçirməsini bildirməsi məntiqdən uzaqdır. İddiaçının qəyyumu 06 iyul 2021-ci il tarixində ona verilmiş etibarnamənin etibarsızlığı məsələsini qaldırır, lakin Azərbaycan Beynəlxalq Bankından alınmış sorğuya cavabdan görünür ki, bu tarixdən sonra o, xx.xx.2023 tarixinə kimi ******************** nömrəli hesab üzrə yüzə yaxın bank əməliyyatı aparılmışdır. İddiaçının qəyyumu Nümayəndə iddia ərizəsində notariusu günahlandırır ki, ona hüquq və vəzifələri izah edilməmişdir. Lakin mübahisə edilən xx.xx.2022-ci il tarixli bağışlanma müqaviləsinin 5-ci bəndində tərəflərə müqavilənin bütün şərtləri ilə əlaqəda r hüquq və vəzifələrinin, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələrin notarius tərəfindən tərəflərə izah edilməsi öz əksini tapmışdır. Nümayəndə iddia edir ki, bağışlama müqaviləsinə imza edərkən nəyə imza etdiyinin mənasını anlamamışdır. Bu iddia tamamilə əsassızdır. Belə ki, həmin bağışlama müqaviləsində iddiaçının qəyyumunun iki imzası vardır, həm öz adından iddiaçının həyat yoldaşı kimi razılıq üçün, həm də qəyyumu olduğu iddiaçı adından. Digər tərəfdən xx.xx.2022-ci il tarixində cavabdehin satıcı kimi tərəf olduğu alğı-satqı müqaviləsi notarial qaydada bağlanan zaman iddiaçının qəyyumu Nümayəndə 051-207-2145 nömrəli telefondan cavabdehin saat 14:24-də yazdığı «notariusdayam, bitirib gəlirəm evə» mesajına “çox şükür allaha” cavab mesajı yazması, alğı-satqıdan 15 gün sonra, yəni 12 yanvar 2023-cü il tarixində 3 saylı Asan xidmətə gedərək cavabdehi və onun oğlu Salehi öz evinə qeydiyyata salması, 13 yanvar 2023-cü ildə də evin bir çox əşyalarını - divan və kreslolar, həyətdəki skamya, hətta hamamdakı unitazı belə çıxarıb öz evinə aparması bir daha sübut edir ki, o, bağışlama müqaviləsinin də, alğı-satqı müqaviləsinin də mənasını başa düşmüş və onun hüquqi nəticələrini dərk etmişdir. Digər tərəfdən, iddiaçının qəyyumu Nümayəndə keçmiş polis işçisi olması və 5 ildir "xxxx" MMC (VÖEN **********) lizinq şirkətinə rəhbərlik etməsi bir daha sübut edir ki, o imzaladığı sənədlərin mənasını anlamaya bilməzdi. İddiaçının qəyyumu Nümayəndə evin 280.000 manata deyil, 520.000 manata satıldığını, ona qəyyum kimi müəyyən miqdarda pul verməyi vəd edildiyini bildirir. Nəzərə alınar sa ki, alğı-satqı xx.xx.2022-ci ildə baş tutmuşdur və ödəniş notariusun depozit hesabı vasitəsilə aparılmışdır, onda 520.000 manata əmlak satışı söhbəti həqiqətdən çox uzaq olduğu aydındır. Digər tərəfdən Nümayəndə cavabdehə xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində yazdığı «oldu, 305m borcum sənə», «oldu 390m aramızda borc mənim sənə verəcəyim», «Səni hamıdan çox istəyirəm həmişə mənə dayaq olmusan. Mən onu danmaram» və «Səndən ötrü hər şeyi edərəm biləsən» mesajlarında cavabdehin ona yox, özünün cavabdehə borclu olduğunu təsdiqləmişdir. Nümayəndə iddia edir ki, cavabdeh evi satıb ona müəyyən məbləğdə pul verməsini öhdəsinə götürmüş, lakin öz vədini yerinə yetirməmişdir. Belə olan halda bağışlama müqaviləsini imzalamamışdan əvvəl A. Atakişiyev bağışlama üçün cavabdehin hansı öhdəlikləri üzərinə götürdüyünü müqavilədə göstərə bilərdi, lakin müqavilədə cavabdehin öhdəliyi ilə bağlı heç bir müddəa yoxdur. Nümayəndə bildirir ki, cavabdeh öz evi satılarkən iddiaçı onun mənzilində qeydiyyatda olduğu üçün onun razılığını almalı idi, lakin belə razılıq olmamışdır. Halbuki, iddiaçı satdığı evdə qeydiyyatda olmamışdır. Bu faktı iddia ərizəsinə əlavə edilən sənəd sübut edir. Bu sənədə görə iddiaçının qeydiyyat ünvanı ünvan 1eydiyyatdadır), satılan evin ünvanı isə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayiş massivi, Badamdar şossesi, ev 27A olmuşdur. Bu ünvanda isə yalnız cavabdeh və onun oğlu qeydiyyatda olmuşlar. Nümayəndə bağışlama müqaviləsinin də etibarsızlığı məsələsini qoysa da, bu tələb qanunsuz tələbdir. Belə ki, birgə nikah dövründə alınmış daşınmaz əmlak ın və ya hüquqların bağışlanması zamanı ərin (arvadın) razılığı tələb olunur, iddiaçı isə bu kateqoriyaya aid deyildir. İddiaçının fəaliyyət qabiliyyəti olmamasına görə verdiyi etibarnamənin etibarsızlığına dair iddialar həmçinin bu sübutlarla təkzib olunur. İddiaçı 2018-ci ildə sahibkar kimi fəaliyyət göstərib. 2018-ci ilin iyun ayına kimi vergi və sosial ödənişlər edib. 2017-2018-ci ildə X12 prospektində yerləşən Yasamal filialına (3 dəfə şəxsən cavabdehlə gedib) gedərək onun hesabına fərdi sahibkar kimi gələn vəsaiti çıxarıb. Aydındır ki, özünü idarə edə bilməyən adama Beynəlxalq Bank xidmət göstərməz və kassadan pul verməz. Belə ki, 2017-ci ilin oktyabr ayından (yəni iddiaçı xəstəxanadan çıxdıqdan 1 ay sonra) 2018-ci ilin iyul ayına qədər onun Beynəlxalq Bankda olan sahibkar hesabına a yrı-ayrı vaxtlarda 84.000 manat pul gəlib. 15 dəfə iddiaçı bankdan nəğd pul çıxarıb (Bu faktlar məhkəmənin sorğusuna bankdan verilən cavablarda öz əksini tapmışdır). Çünki o vaxt iddiaçının sağlamlıq durumunda müsbət irəliləyişlər var idi. Hətta hamı onun tamamilə normal həyata qayıdacağına inanırdı. Etibarnaməni də onun qəyyumu Nümayəndə iddiaçının sağlamlıq durumunun yaxşı vaxtlarında almışdır. İddiaçının qəyyumu Nümayəndə hərəkətlərinə diqqət yetirdikdə açıq aydın görünür ki, o, iddiaçının xəstəliyi ilə manipulyasiya edir. Hansı təşkilatda bir problem yaranan kimi, iddiaçını ora aparır. O iddiaçının adına olan Beyləqan rayonundakı fermanı və torpaq sahəsini həmin etibarnamə ilə satıb. Sonra da iddiaçının xəstəliyinin ağırlaşmasından istifadə edərək, bu məhkəmədə qaldırdığı iddia ilə həm in əməliyyatları da ləğv etmək istəyir. Bir növ iddiaçının xəstəliyini özünə sipər kimi istifadə edir.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-943/2023 nömrəli iş üzrə 31 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddia tələbi rədd edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, məhkəmənin sorğusu əsasında bankdan və notariusdan daxil olmuş sənədlərdən bəlli olur ki, etibarnamə verilən zaman İddiaçı tərəfindən bankda və notariat orqanında bir-neçə əməliyyatlar edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçının etibarnamənin etibarsız hesab edilməsi ilə bağlı gətirdiyi dəlillər əsassız olduğundan təmin edilməməlidir.

11. Məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki Məcəllənin 667.1-ci maddəsinin tələbləri ilə bağlı qeyd etmişdir ki, həmin maddəyə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ərarvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Mübahisəli ev birgə nikah dövründə əldə olunan əmlak olmamışdır. Belə olan halda Mülki Məcəllənin 667.1-ci maddəsinin tələbləri pozulmamışdır. İddiaçı iddia tələbində bağışlama müqaviləsinin etibarsızlığının əsası kimi həmin müqavilənin iradəsinə zidd olaraq, müqavilə bağlamağa inzibati orqanının aldatmasını göstərmişdir.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçının əqdin - bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı gətirdiyi dəlillərin heç birinin hüquqi əsası olmadığından iddia tələbi bağlanılmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir.

13. Məhkəmə gə ldiyi nəticəni Mülki Məcəllənin 337.1-337.5, 666.1, 666.2, 667.1, 668.1.1, 359.1, 362.1, 362.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 106.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apelyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5945/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - N.Cəfərov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən sa xlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi etibarnamə və birinci müqavilə barədə qeyd etmişdir ki, iddiaçının verdiyi etibarnamənin və həmin etibarnamənin əsasında iddiaçının adından bağlanmış bağışlama müqaviləsinin etibarsız sayılması barədə tələb əsassızdır. Həmin tələb onunla əsaslandırılıb ki, iddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Lakin müəyyən olunur ki, iddiaçı etibarnamə verərkən, habelə həmin etibarnamənin əsasında iddiaçının adından bağışlama müqaviləsi bağlanarkən o, fəaliyyət qabiliyyətli olub. İddiaçının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə etibarnamənin verilməsindən 1 il 1 ay 17 gün sonra, bağışlama müqaviləsinin bağlanmasından isə 1 ay 9 gün sonra qəbul olunub. Bundan başqa, iddiaçı fəaliyyət qabiliyyəti olmayan hesab edildikdən son ra, onun üzərində əri qəyyum təyin olunub. Mübahisələndirilən etibarnaməni isə iddiaçı öz ərinə (gələcək qəyyumuna) verib, habelə mübahisələndirilən bağışlama müqaviləsini iddiaçının adından öz əri (gələcək qəyyumu) bağlayıb. Buna görə də şərti olaraq hesab olunsa ki, etibarnamənin verilməsi və bağışlama müqaviləsinin bağlanması zamanı iddiaçı öz hərəkətlərinin mənasını başa düşməyib və ya onlara rəhbərlik edə bilməyib, bu hal həmin əqdlərin etibarsız sayılmasına əsas ola bilməz, çünki iddiaçının maraqları öz əri (gələcək qəyyumu) tərəfindən faktiki olaraq təmin olunub.

18. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, həmin etibarnaməni iddiaçıdan alan və ondan istifadə edən yeganə şəxs iddiaçının əridir. Etibarnamənin və bağışlamanın etibarsız sayılması barədə hazırkı iddianı da id diaçının adından onun əri (qəyyumu) irəli sürüb, yəni iddiaçının əri faktiki olaraq özü öz hərəkətini mübahisələndirib. Eyni etibarnamənin əsasında iddiaçının əri iddiaçının adına olan başqa əmlaka (Beyləqan rayonundakı torpaq sahəsinə) dair kənar şəxslə 3 müqavilə bağlayıb: 1) daşınmaz əmlakın alğı-satqısı barədə xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə (cild 2, iş v. 98); 2) daşınmaz əmlakın alğı-satqısı barədə xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə (cild 2, iş v. 117); 3) torpağın icarə hüquqlarının alğı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilə (cild 2, iş v. 130). Əgər etibarnamənin verilməsi zamanı iddiaçı öz hərəkətlərinin mənasını başa düşməmişdirsə və ya onlara rəhbərlik edə bilməməmişdirsə, məntiqlə, iddiaçının əri qəyyum kimi həmin müqavilələri də müba hisələndirilməli idi, lakin mübahisələndirməyib. Bu isə onu təsdiq edir ki, iddiaçının əri hazırkı iddianı iddiaçının (fəaliyyət qabiliyyəti olmayan şəxsin) maraqlarının qorunması üçün verməyib.

19. Apellyasiya instansiyası məhkəməsi əsaslandırmanı davam edərək daha sonra qeyd etmişdir ki, bundan başqa, iddia tələbi həm də onun əsaslandırılıb ki, iddiaçının əri iddiaçının adından bağışlama müqaviləsi bağlayarkən müqavilənin mənasını anlamayıb. Lakin bu barədə sübut yoxdur, müqavilə notariat qaydasında təsdiq olunub, notarius müqavilənin məzmununun tərəflərin həqiqi iradəsinə uyğunluğunu yoxlayıb. İddiaçının əri keçmiş polis əməkdaşıdır, odur ki, imzaladığı sənədin mənasını anlamaması inandırıcı deyil.

20. Apellyasiya instansiyası məhkəməsi ikinci müqavilə barədə qeyd etmişdir ki, iddia əri zəsində qeyd olunan məlumata görə, evin paylı mülkiyyətçilərindən biri Dilqəm Salehov (iddiaçının atası) olub, o, öz payını Cavabdeh2 (öz qızına) bağışlayıb. İddia ərizəsində bu müqavilə ona görə mübahisələndirilib ki, müqavilə bağlanan zaman digər payçı və evdə qeydiyyatda olan iddiaçının razılığı alınmayıb. Bununla bağlı məhkəmə qeyd edir ki, birincisi, paylı mülkiyyətin mülkiyyətçisinin daşınmaz əmlakdakı (evdəki) payını özgəninkiləşdirə bilməsi üçün evdə qeydiyyatda olan şəxsin və ya paylı mülkiyyətin digər mülkiyyətçisinin razılığını alınması Mülki Məcəllədə nəzərdə tutulmayıb. İkincisi, pay satılan zaman paylı mülkiyyətin digər mülkiyyətçisi satın almaqda üstünlük hüququna malikdir (Mülki Məcəllə, maddə 218). Dilqəm Salehov isə payını satmayıb, bağışlayıb. Üçüncüsü, Dilqəm Salehov ha zırkı iddiada cavabdeh kimi göstərilməyib. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir (Mülki Məcəllə, maddə 337.2). İddiaçı mübahisələndirdiyi müqavilənin tərəfi olmadığına görə, müqavilənin hər iki tərəfinə iradə ifadəsi bidirməlidir. Ona görə də 2-ci müqavilənin etibarsız sayılması barədə tələb əsassızdır.

21. Apellyasiya instansiyası məhkəməsi üçüncü müqavilə barədə qeyd etmişdir ki, xx.xx.2022-ci ildə ev tam olaraq Cavabdeh2 mülkiyyəti kimi qeydə alınıb, bundan 1 gün sonra - xx.xx.2022-ci ildə Cavabdeh2 (satıcı) evə dair digər Cavabdeh3 (alıcı) ilə alğı-satqı müqaviləsi bağlayıb. Etibarnamə, 1- ci və 2-ci müqavilələr etibarsız sayılmadan bu müqavilə - 3-cü müqavilə etibarsız sayıla bilməz. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Üçüncü müqavilə bağlanarkən Mülki Məcəllədə müəyənləşdirilmiş şərtlər pozulmayıb. Ona görə də 3-cü müqavilənin etibarsız sayılması barədə tələb əsassızdır

22. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 445.7, 462.1, 464.1, 560.2 və 560.3.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək qətnaməsinin ləğv olunmaqla bağışlama müaviləsinin ləğv edilməsi və iddiaçıya dəymiş zərərin kompensasiya edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından aydın olduğu kimi İddiaç ı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilib. Buna baxmayaraq, onun 14 iyul 2022-ci il tarixdə bağladığı bağışlama müqaviləsi etibarlı hesab edilib və qüvvədədir. Məhkəmə bu məsələni hərtərəfli tədqiq etməmiş və qətnamə qəbul edərkən bu məsələni diqqətə almamışdır. Həmçinin işin hallarından aydın olur ki, iddiaçının qəyyumu, fəaliyyət qabiliyyəti olsa da, qanunvericiliyin müəyyən etdiyi qaydada əqdlərin bağlanması haqqında xəbərsiz olmuş və Cavabdeh2 və 48 saylı notariat ofisinin əməkdaşı tərəfindən sui-istifadə olunmuşdur. Əqdin etibarsız hesab edilməsi kifayət qədər sübuta yetirilsə də, məhkəmə bu halı diqqətə almamışdır. Müqavilə iradə ifadəsidir. Lakin, Nümayəndə Bakı şəhəri 48 saylı notariat ofisində nə özünün, nə də ki, İddiaçı iradəsini ifadə etməmişdir. O, ümumiyyətlə həmin va xt fəaliyyət qabiliyyəti olmayan İddiaçı adından bağışlama müqaviləsi bağlamağa da səlahiyyətli olmamışdır. Məhkəmə qətnamə qəbul edərkən sadəcə tərəflər arasında müqavilələrin bağlanması faktına, bankdan və notariusdan daxil olmuş məlumatlara əsaslanmış, etibarnamə verərkən şəxsin fəaliyyət qabiliyyətinin olmaması, eyni zamanda bağışlama müqaviləsi imzalanan zaman onu bağlayan şəxsin səlahiyyətinin olub-olmamasını araşdırmamış, məhkəmə maddi və prosessual cəhətdən hüquqi boşluqlara yol vermiş, hüquqlarını müdafiə etdiyi şəxsin mülkiyyətində olan əmlaka münasibətdə qətnamənin qanuniliyi və əsaslılığını pozmuş, işdə olan sübutları düzgün qiymətləndirməmiş və prosessual hüquq pozuntusu törətmişdir. Dəfələrlə qeyd edildiyi kimi, bağışlanma müqaviləsi onu səlahiyyəti olmayan şəxs tərəfindən im zalanadığı üçün onun əsasında bağlanılmış alqı-satqı müqaviləsi, eləcə də onun əsasında verilmiş çıxarış da etibarsız hesab edilməlidir. Buna baxmayaraq bütün bu halların heç biri düzgün şəkildə qiymətləndirilməmişdir. Məhkəmə qətnaməsində həqiqəti təşkil edən odur ki, tərəf öz üzərinə götürdüyü öhdəliyi icra etməmiş, məhkəmə bunu qətnamədə göstərməmiş, faktlara qiymət verməmiş, həmçinin məhkəməyə təqdim edilən sübutlara tam qiymət verməmişdir. Yazılı olaraq qarşılıqlı razılaşmanın mövcud olmasına onun şərtlərinə, tərəfin öhdəliyi qismən icra etməsinə qiymət verməmişdir. Məhkəmənin yanaşması formal xarakterli olmuş, əsas faktlara, sübutlara heç bir hüquqi qiymət verməmişdir. toxunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdı r. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

27. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

28. Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.

29. Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.

30. Maddə 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir.

31. Maddə 33.2. Qəyyumlar və him ayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər.

32. Maddə 33.5. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar.

33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

34. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

35. Maddə 337.3. Əhə miyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

36. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

37. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

38. Maddə 342.1. Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərind ən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir.

39. Maddə 342.2. Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd onun xeyrinə olduqda qəyyumunun razılığı ilə etibarlı sayıla bilər.

40. Maddə 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslər in iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

41. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

42. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

43. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

44. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur.

45. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri s übutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin i şin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticə lənə bilsin. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiya sı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilə r (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

59. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın etibarnamənin etibarsız sayılması tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

60. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. 61. xx.xx.2021-ci il tarixli etibarnamənin etibarsız sayılması barədə iddia tələbi, etibar edənin fəaliyyət qabiliyyəti olmaya n şəxs olması ilə əsaslandırılmışdır. Bu tələb Mülki Məcəllənin 342.1-ci maddəsi əsasında təhlil oluna bilər.

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 2 aprel 2021-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqdin qurucu əsası iradə ifadəsidir və yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Buna görə də əqdin etibarlı olması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Qanunverici 7 yaşından yuxarı yaşda olan fiziki şəxslərin fəaliyyət qabiliyyətsiz hesab olunmaları üçün məhkəmə qərarının olmasını tələb edir. Lakin nəzərə alınmalıdır ki, həmin şəxslərin fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı nəticəsində deyil, onun daimi anlaqsızlığı səbəbindən olur. Bu kimi hallarda məhkəmənin qərarı hüquqi faktın (mülki hüquq fəaliyyət qabiliyyətinin olmaması faktının) təsdiqi rolunu oynayaraq, şəxsin anlaqsızlığının açıqlanmasını təmin etmək məqsədi daşıyır. Fiziki şəxsin anlaqlılığını müvəqqəti, keçici olaraq itirməsi həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına hüquqi əsas vermir. Lakin anlaqlılığını müvəqqəti itirən şəxs fəaliyyət qabiliyyətli hesab olunsa da, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, əqdin bağlanması zaman anlaqlı lığın olmamasının sübuta yetirilməsi ilə həmin əqdin etibarsızlığının məhkəmə qərarı ilə təsdiq edilməsi imkanı nəzərdə tutulmuşdur.

63. Başlanğıc olaraq əqdin etibarlılığı qəbul edilir. Yəni etibarnamənin əqd olaraq qanuni olması prezumpsiyası vardır. Etibarnamənin verildiyi zaman vəkalət verənin anlaqlılığının olmamasının sübuta yetirilməsi vəzifəsi, bunda marağı olan şəxsin üzərinə düşür. İddiaçının etibarnamə verən anda öz hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik edə bilməməsi müəyyən edilməmişdir.

64. Bundan başqa, nəzərə alınmalıdır ki, qeyd edilən normanın məqsədi anlaqlılığını müvəqqəti itirən şəxslərin mənafeyini qorumaq olduğundan, həmin şəxslərin bağladıqları əqd sonradan bəyənilməklə etibarlı hala gətirilə bilər. Apelyasiya instansiyası məhkəməsi də qeyd et mişdir ki, iddiaçı fəaliyyət qabiliyyəti olmayan hesab edildikdən sonra, onun üzərində əri qəyyum təyin olunub. Mübahisələndirilən etibarnaməni isə iddiaçı öz ərinə (gələcək qəyyumuna) verib, habelə mübahisələndirilən bağışlama müqaviləsini iddiaçının adından öz əri (gələcək qəyyumu) bağlayıb. Buna görə də şərti olaraq hesab olunsa ki, etibarnamənin verilməsi və bağışlama müqaviləsinin bağlanması zamanı iddiaçı öz hərəkətlərinin mənasını başa düşməyib və ya onlara rəhbərlik edə bilməyib, bu hal həmin əqdlərin etibarsız sayılmasına əsas ola bilməz, çünki iddiaçının maraqları öz əri (gələcək qəyyumu) tərəfindən faktiki olaraq təmin olunub.

65. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

66. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

67. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

68. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5945/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar