Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7510/2019 03.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2019-cu il tarixli qərardadından İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(001)-463/2019, hakim N.X.Nəbizadə) İddiaçı cavabdeh 27 saylı Notariat Kontoruna qarşı notariat işinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2019-cu il tarixli qərardadı ilə (iş № 2(103)-6253/2017, hakimlər M.A.Məmmədov, Ş.Ə.Məhərrəmova və E.Y.Şamayev) apellyasiya şikayəti qismən təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçı verdiyi kassasiya şikayətində qərardadın ləğv edilib iddianın təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin mülkiyyətçisi olmuş M.Əhmədova iddiaçının qayınanası olmuşdur. M.Əhmədova 2017- ci ilin mart ayının 02-də, iddiaçının əri M.Əhmədov isə həmin ayın 23-də ölmüşlər. Onlardan miras olaraq mübahisəli mənzil qalmışdır ki, həmin mənzildə də yalnız iddiaçı və onun övladı Ə.Əhmədov yaşamışlar. Lakin 21.03.2003-cü il tarixdən ölkəni tərk etmiş iddiaçının keçmiş baldızı Maraqlı şəxs Notariat Kontoruna saxta sənədlər təqdim etmiş, həmin sənədlər əsasında vərəsəlik işi açılmışdır. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, həmin iş etibarsız hesab olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, Maraqlı şəxs 08.06.2017-ci il tarixdə ərizə ilə Notariat Kontoruna müraciət edərək, 02.03.2017-ci il tarixdə ölmüş M.Əhmədovadan miras qalmış mübahisəli mənzilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veril məsini xahiş etmişdir. Hazırda həmin iş üzrə yekun qərar qəbul ediməmişdir. İş materiallarından həmçinin görünür ki, iddiaçı Notariat Kontoruna qarşı irəli sürdüyü iddiada yuxarıda qeyd edilən vərəsəlik işinin etibarlılığını mübahisələndirir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, vərəsəlik işinin etibarlılığı bütövlükdə məhkəmə qaydasında mübahisələndirilə bilməz. Məhkəmədə mübahisələndirilməsinə yol verilən yalnız həmin işin nəticəsi ilə qəbul edilmiş qərar ola bilər. Apellyasiya instansiyası məhkəməsinin də istinad etdiyi kimi Azərbaycan Respublikası MPM-nin 261-ci maddəsi ilə iş üzrə icraata xitam verilməsinin əsasları müəyyən edilmişdir. Bu halda apellyasiya məhkəməsinin İddiaçı cavabdeh 27 saylı Notariat Kontoruna qarşı notariat işinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticə iş üzrə icraata xitam verilməsi əsaslarını müəyyən edən prosessual qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normaları düzgün tətbiq edilməklə kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7510/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7510/2019
03.12.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver