Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7801/2019 17.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və X1 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2019-cu il tarixli qətnaməsindən “Cavabdeh" ASC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(006)-1215/2019, hakim R.Ə.Səmədov) İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehdən depozit müqaviləsi üzrə yaranmış 3494 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) faiz borcunun alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-8547/2019, hakimlər E.C.Kazımov, T.S.Səmədov, İ.S.Şirinov) “Cavabdeh" ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehin nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 06.11.2013-cü il tarixli “Klassik əmanət (depozit)” hesabı haqqında müqaviləyə əsasən Bank, əmanətçi İddiaçı 38129 ABŞ dolları məbləğində pul vəsaitini (əmanəti) 60 ay müddətinə qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün illik 11,4% dərəcəsi ilə faiz ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı depozit qoyduğu hesaba sonuncu il üçün 07.11.2018-ci il tarixdə 852 ABŞ dolları pul köçürülmüşdür. 07 dekabr 2018-ci tarixdə İddiaçı Cavabdeh ASCyə qarşı depozit müqaviləsi üzrə ödənilməmiş faiz borcunun ödənilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayət inin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, sağlamlaşdırma prosesi keçən bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün yüksək faiz xərclərinin azaldılması qarşıya qoyulan əsas məqsədlərdən biri olduğuna görə bank iddiaçının əmanətinə görə aşağı faiz dərəcəsi hesablamaqda haqlı olmuşdur. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh bank arasında bağlanmış 06 noyabr 2013-cü il tarixli əmanət müqaviləsinə əsasən iddiaçı müqavilənin predmetinə uyğun olaraq 38.129 ABŞ dolları məbləğində pulu Banka müddətli depozitə qoymuş, depozitin müddəti 60 ay müəyyən edilmişdir. Həmin müqavilə üzrə əmanətçiyə hesablanan faiz dərəcəsi 11,4% müəyyən edilmişdir. İddiaçının depozit qoyduğu məbləğə uyğun 11,4 faizlə hər il 4.346 ABŞ dolları məbləğində pul köçürüldüyü halda, 07 noyabr 2018-ci il tarixdə hesabına 852 ABŞ dolları məbləğinə pul köçürülmüşdür. İddiaçı cavabdeh bankın müqavilə şərtlərinə əməl edərək depozit məbləğinə razılaşdırılmış faiz dərəcəsi ilə ödənilməmiş pulun ödənilməsi tələbinə dair hazırki iddianı qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 944-cü maddəsinə əsasən Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Cavabdeh bankın müqavilə öhdəliklərini icra etməkdən imtina etməsinin hər hansı bir qanuni əsası olmadığından apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehdən depozit müqaviləsi üzrə yaranmış 3494 ABŞ dolları məbləğində faiz borcunun alınaraq iddiaçıya verilməsi barədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün ə sas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7801/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7801/2019
17.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver