Məhkəmə qərarları › İş №2(102)-8135/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8135/2019

30.12.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8135/2019 30.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçının vəkili V.V.V oğlunun, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” Şirkətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 avqust 2019-cu il tarixli, 2(105)-2521/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkiltərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: “xxxx” Şir kəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun icarəsinə verilmiş «DAF» markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomaşının «DAF TRİ AXLE 10- ZF397 dövlət qeydiyyat nişanlı qoşqusu ilə geri qaytarılması və 2016-cı ilin fevral ayından ödənilməyən 10400 (on min dörd yüz) manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “xxxx” Şirkəti iddia tələbini onunla əsaslandırmışdır ki, Şirkətin mülkiyyətində olan «DAF» markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomaşını «DAF TRİ AXLE **-ZF-*** dövlət qeydiyyat nişanlı qoşqusu ilə birlikdə 1 (bir) il müddətinə, hər ay 800 manat icarə haqqı müqabilində Cavabdeh icarəyə verilmişdir. Cavabdeh müqavilə öhdəliklərini pozaraq Şirkətə 2016-cı il in fevral ayından müqavilə ilə müəyyən olunmuş icarə haqqını ödəməmiş və şirkətə 10400 manat icarə haqqı borcu yaranmışdır. Bununla bağlı Şirkət tərəfindən onunla əlaqə saxlamaq və müqavilə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək mümkün olmamış, araşdırmalar zamanı məlum olmuşdur ki, Cavabdeh avtomaşınla birlikdə ölkə ərazisindən çıxmışdır. Şirkət rəhbərliyi məcburiyyət qarşısında məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin (hakim Şövkət Nəcəfova) 2(012)-2522/2017 saylı, 17 may 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, Cavabdeh onun icarəsinə verilmiş «DAF» markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomaşının «DAF TRİ AXLE **-ZF-*** dövlət qeydiyyat nişanlı qoşqusu ilə geri alınması və «xxxx» Şirkətinə qaytarılması, Cavabdeh 10400 (on min dörd yüz) manat borc məbləği və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı «xxxx» Şirkətinin hesabına köçürülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Şəmsəddin Abbasov sədrlik edən və məruzəçi, Aqil Abbasov və Telman Məmmədov) 02 avqust 2019-cu il tarixli, 2(105)2521/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Abşeron Rayon Məhkəməsinin 2(012)-2522/2017 saylı, 17 may 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh və vəkili Vəkil iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Ka ssasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh icarəyə götürdüyü «DAF» markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomaşın və «DAF TRİ AXLE **-ZF-*** dövlət qeydiyyat nişanlı qoşqusundan xarici ölkəyə yük daşınmasında istifadə etmişdir. Cavabdeh məxsus P ******* seriyalı (nömrəli) pasportundan da məlum olur ki, o, ölkədən çıxaraq 25 yanvar 2017-ci ildə Qazaxıstan Respublikasında olmuş, son olaraq Azərbaycan Respublikasına 04 dekabr 2017-ci ildə qayıtmışdır. İcarə müqaviləsi bağlandığı 16.07.2014-cü il tarixindən 2016-cı ilin fevral ayına kimi iddiaçı ilə cavabdeh arasında hər hansı bir mübahisə yaranmamışdır. İddiaçı 09 mart 2017-cı il tarixində Abşeron Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı tərəf 09.03.2017-ci ildə məhkəməyə müraciət edərkən, Cavabdeh artıq 2 ay idi ki, Azərbaycan Respublikasında deyildir. Bütün bu müddət ərzində xarici ölkədə avtomaşının istifadəsində və dolayısıyla aparılan yükün lazımı zamanda sifarişçiyə çatdırılması ilə bağlı problemlər yarandığından Cavabdeh ölkəyə qayıda bilməmişdir. Yəni, cavabdeh öz iradəsi xaricində baş vermiş problemi həll etmək üçün xarici ölkədə qalmağa məcbur olmuşdur. Yalnız ölkəyə qayıtdıqdan sonra iddiaçı tərəfindən ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət edildiyi ona məlum olmuşdur. İddiaçı tərəf özü də təsdiq edir ki, yaranmış mübahisə ilə bağlı Cavabdeh hər hansı bir etirazlarını bildirməmiş, tərəflər arasında cavabdehlə yaranmış mübahisənin həll edilməsi üçün danışıqlar aparılmamışdır. Müqavilədə də qeyd olunduğu kimi, cavabdeh icarəyə götürdüyü avtomaşından xarici ölkəyə yük daşınmas ında istifadə etməsi səbəbindən Azərbaycan Respublikasında olmamışdır. Yaranmış mübahisənin danışıqlar yolu ilə həll edilməsi üçün ona hər hansı bir imkan yaradılmamışdır. Əksinə iddiaçı tərəf tələblə məhkəməyə müraciət etmişdir. İcarə müqaviləsinin 5.6-cı maddəsində qeyd olunur ki, müqavilədən ortaya çıxan mübahisələr danışıqlar yolu ilə həll olunmalıdır. Mübahisələr danışıqlar yolu ilə həll olunmadığı təqdirdə, onlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafıq olaraq həll olunur. Göründüyü kimi, iddiaçı tərəf müqavilənin 5.6-cı maddəsini kobud surətdə pozmuşdur. İddiaçı tərəf həmçinin Mülki Prosessual Məcəllənin 150.0.7-ci maddəsinin tələblərini də kobud surətdə pozmuşdur. İddiaçı tərəf pretenziya qaydasına riayət etməmiş və bu barədə hər hansı sübutu da iddia ərizə sinə əlavə etməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili V.V.V oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan «DAF» markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomaşını «DAF TRİ AXLE **-ZF-*** dövlət qeydiyyat nişanlı qoşqusu ilə birlikdə 1 (bir) il müddət inə, hər ay 800 manat icarə haqqı müqabilində Cavabdeh icarəyə verilmişdir. Cavabdeh icarə müqaviləsi üzrə müəyyən olunmuş ödənişləri tam yerinə yetirməmiş, icarəyə verilmiş nəqliyyat vasitəsini geri qaytarmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəflər arasında icarə yox, alğı-satqı münasibətlərinin yarandığını və əmlakın tərəfindən alındığını əsas gətirsə də, işin tədqiq olunan faktiki hallarına və qeyd olunan icarə müqaviləsinə əsasən, tərəflər arasında icarə münasibətləri yaranmışdır. Beləliklə, bağlanmış icarə müqaviləsinə əsasən, Cavabdeh icarəçidən avtomaşını icarəyə götürüb istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında həmin avtomaşına görə aylıq icarə haqqının ödənilməsinə dair vəzifələrin daşı yıcısı olmuşdur. Lakin o, müqavilə üzrə nəzərdə tutulmuş avtomaşını icarəyə götürməsinə baxmayaraq, icarə haqqının ödənilməsinə və icarəyə götürdüyü əmlakın müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyə verənə qaytarmaq vəzifəsinə dair vəzifələrini yerinə yetirməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh iddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir və qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnaməsi ilə gəldiyi nəticələr qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 684.2-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir ayda n qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1 və 2-ci bəndlərinə görə icarəyə verənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd - icarə müqaviləsidir. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin v əzifə bölgüsü, icarəyə verənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyə verənə qaytarmaq vəzifəsi. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bu səbəbdən, iddiaçı avtomaşının qoşqu ilə birlikdə geri qaytarılması və borcunun tutulması barədə cavabdehə qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mübahisələrin məhkəməyəqədər həllinin pretenziya qaydası dedikdə, müqavilədə və ya qanunda nəzərdə tutulmuş mübahisənin bir tərəfinin digər tərəfə pretenziya məktubunun və ya digər yazılı xəbərdarlıq göndərməsi, həmçinin ona cavab verilməsi üçün müddətin və digər şərtlərin müəyyən edilməsi deməkdir. Tərəflər arasında bağlanmış müqavilənin 5.6-cı maddəsində qeyd edilən “müqavilədən ortaya çıxan mübahisələr danışıqlar yolu ilə həll olunmalıdır” müddəası mübahisənin məhkəməyə qədər həlli qaydası olsa da, həmin bənddə bunun mütləq yazılı şəkildə edilməsi, qaydası və müddəti şərtləşdirilmədiyindən bu bənd müqavilə ilə məcburi pretenziya qaydasının müəyyən edilməsi kimi qəbul edilə bilməz. Hazırki işdən gö rünür ki, tərəflər arasında artıq mübahisə vardır və onların bu məsələ ilə əlaqədar razılıq əldə edilmədiyindən sonda iddiaçı məhkəməyə iddia ilə müraciət etmişdir. Buna görə də, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassas iya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 avqust 2019-cu il tarixli, 2(105)-2521/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar