Məhkəmə qərarları › İş №2(102)-8146/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8146/2019

25.12.2019 · Müqavilələrin ləğv edilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8146/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 iyul 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon məhkəməsinin 22 yanvar 2019-cu il tarixli, 2(012)-421/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı müqavilənin ləğv ed ilməsi və ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddiası qismən təmin edilmiş, “xxxx” MMC ilə İddiaçı arasında ünvan 1 ünvanda yerləşən "xxxx" yaşayış massivində inşa edilən bina 8, mərtəbə 8, ümumi sahəsi 47.5 kv.metr olan 1 otaqlı, 55 saylı mənzilə dair 26 noyabr 2015-ci il tarixli, LM-"xxxx" saylı alqı-satqı müqaviləsi ləğv edilmiş, “xxxx” MMC-dən 9415 manat ödənmiş pulun, mənəvi zərərə görə 500 manatın, 30 manat dövlət rüsumuna görə ödənilmiş pulun, cəmi 9945 manatın alınıb İddiaçı na verilməsi qət edilmişdir (hakim C.İ.Səfiyeva). Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 iyul 2019-cu il tarixli, 2(105)-2383/2019 saylı qətnaməsi ilə (hakimlər E.Rəhimov sədrlik edən və məruzəçi, G.Tağizadə və T.Quliyev) cavabdehin nümayəndəsi X1 apellyasiya şikayəti təmin edilərək Abşeron rayon məhkəməsinin 22 yanvar 2019-cu il tarixli, 2(012)-421/2019 saylı qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək iddianın təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin ləğv edilməsi və ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, onunla “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 26 noyabr 2015-ci il tarixli “mənzilin alqı-satqısı haqqında” FM-"xxxx" saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, bu müqaviləyə əsasən onun tərəfindən ödənilmiş ümumilikdə 9415 manat pul vəsaitinin, “xxxx” MMC tərəfindən öhdəliklər vaxtında və lazımı qaydada icra edilmədiyinə görə dəymiş mənəvi ziyan olara q 5000 manatın, habelə ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” MMC-dən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, alqı-satqı müqaviləsi üzrə satıcının əsas vəzifələrindən biri də müqavilə predmetini müqavilədə müəyyən edilən müddətdə, əgər müddət göstərilməyibsə ağlabatan müddətdə alıcıya verməkdir. Bu ağlabatanlıq tərəflərin qarşılıqlı münasibətləri nəzərə alınaraq müəyyən olunur və əgər satıcı tərəfindən bu prinsiplər pozularaq alıcıya zərər vurulursa alıcının müqaviləni ləğv etmək hüququ yaranır. Hesab edirlər ki, apellyasiya məhkəməsi ta m hüquqlu məhkəmə funksiyasını yerinə yetirməmiş qeyd edilən normaları da pozaraq tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-2383/2019 saylı 17 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilib, iddiaçının iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 iyul 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər, İddiaçı vəkilin çıxışı ilə razı olduğunu bildirdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə lazımi qaydada bildiriş gönd ərilmiş olsa da, cavabdeh tərəf üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 17 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 26 noyabr 2015-ci il tarixli mənzilin alqı-satqısı barədə müqaviləsi bağlanmışdır və bu müqavilə ilə “xxxx” MMC ünvan 1 ünvanda yerləşənkı "xxxx" yaşayış massivinin 29 saylı küçəsində inşa edilən 8 saylı binanın, 8-ci mərtəbəsində sahəsi 47.5 kv.metr olan 1 otaqlı, 55 saylı mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə Cəmiyyətlə razılaşdırılmış pul məbləğini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilədə nəzərdə tutulmuş işləri görməyi öhdəsinə götürmüşdür. Hər iki tərəf mübahisəli mənzilin alınması məqsədilə qeyd edilən müqaviləni öz iradələrinə uyğun şəkildə bağlamışlar və bu fakt mübahisələndirilməmişdir. Tərəflər arasında bağlanmış 26 noyabr 2015-ci il tarixli, LM-**** saylı müqavilənin 10.0.2-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi halında, alıcı tərəfindən Cəmiyyətə ödənilmiş vəsait müqavilə şərtlərin in pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr ve Cəmiyyətə dəymiş ziyan çıxıldıqdan sonra həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonrakı 7 iş günü ərzində qaytarılmalıdır. Bu cərimə müqavilənin 3.4- cü maddəsinə görə 1000 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş materialları əsasında gəldiyi nəticədən görünür ki, müqavilə 2015-ci ildə bağlansa da, alınması nəzərdə tutulan mənzil alıcıya hələ də təhvil verilməmişdir. Qeyd edilən müqavilədə bu mənzilin nə vaxt təhvil verilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Lakin müqaviləyə bir tərəfli qaydada xitam verilməsi halında, tərəflərin hüquq və vəzifələri aydın şəkildə göstərilmişdir. Belə ki, iş materiallarından mübahisəli mənzilin 3-cü şəxslər tərəfindən alınması və buna görə “xxxx” MMC-yə ödəniş etməsi barədə hər hansı sübut mövcud deyildir, halbuki, tərəflər imzaladıqları müqavilənin 10.0.2-ci bəndində göstərmişlər ki, mənzilə görə ödənilmiş vəsait yalnız bu mənzilin yenidən satılması halında əldə edilmiş vəsait hesabına ödənilə bilər. Lakin iş üzrə bu şərtin baş verməsi görsənmir, başqa sözlə müqavilə üzrə tərəflər öhdəliklərini hələ də pozmamışlar. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, “xxxx” MMC 26 noyabr 2015-ci il tarixli, LM-"xxxx" saylı müqavilənin icrasından bu və ya digər şəkildə imtina etmədiyindən məhkəmənin bu əsasla Mülki Məcəllənin 421.3-cü maddəsinə istinad edərək həmin müqavilənin ləğv edilməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Binanın tikintisinin hər hansı səbəbdən gecikməsi tərəf lər arasında bağlanmış müqavilənin icrasından imtina kimi qəbul edilə bilməz, çünki tikintinin başa çatması və ya mənzilin təhvil verilməsi müddəti barədə müqavilədə hər hansı müddəa qeyd olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının pulla bağlı digər tələbləri ilə əlaqədar hesab etmişdir ki, həmin tələblər müqavilənin ləğv edilməsi barədə tələbdən asılı olduğuna və bu barədə apellyasiya instansiyası məhkəməsi yuxarıdakı nəticəyə gəldiyindən İddiaçı 26 noyabr 2015-ci il tarixli müqaviləyə əsasən onun tərəfindən ödənilmiş ümumilikdə 9415 manat pul vəsaitinin, “xxxx” MMC tərəfindən öhdəliklər vaxtında və lazımı qaydada icra edilmədiyinə görə dəymiş mənəvi ziyan olaraq 5000 manatın, habelə ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” MMC-dən tutularaq onun xeyrinə ödənilməsi barəd ə iddiası da təmin edilməməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı “xxxx” MMC-yə qarşı hazırkı iddianı qaldırarkən subyektiv hüquqa malik olmamış, İddiaçı məhkəmə iclasında “xxxx” MMC-nin onun hansı hüquqlarını pozmasını sübuta yetirə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı, artıq özünə aid olmayan, digər şəxslərə aid olan mənzillərin X2 guya dəyəri ödənilmədən satılması, buna görə də həmin müqavilələrin ləğv olunması ilə bağlı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. İddiaçının hazırki hərəkətinə hüquqi ixtiyarı olmadığı üçün onun başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakı maddi hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. AR Mülki Məcəlləsinin 421-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf mü qaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanıl masına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərin ə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, iş üzrə verilmiş cavabdeh tərəfin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən hüquq normasının tətbiqində səhvə yol verilməyərək hazırki iş üzrə düzgün və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının həmin iş üzrə 17 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar