Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-838/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlməmməd oğluna qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: müddətin ötürülməsi əsası ilə kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2(103)-837/2023 saylı qətnaməsindən iş üzrə İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlməmməd oğlu tərəfindən verilmiş kassasiya şi kayətlərinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçu küçəsinə qanunsuz olaraq açılmış üç qapının cavabdehlərin hesabına bağlanması; cavabdehlər tərəfindən ümumi istifadədə olan Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçu küçəsinin qanunsuz olaraq zəbt edilmiş hissəsindən məcburi qaydada çıxarılması, inşa edilmiş hasarın sökülməsi və yolun əvvəlki vəziyyətinə qaytarılaraq ümumi istifadənin bərpa olunması; cavabdehlər tərəfindən qanunsuz olaraq Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçu küçəsi 25 saylı evə (evin arxa hissəsinə) bitişik mişar daşından inşa edilmiş əl damının, taxtadan inşa edi lmiş toyuq damının cavabdehlərin hesabına sökülməsi; Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçu küçəsi 25 saylı fərdi yaşayış evin arxa hissəsi ilə cavabdehlərə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Əzizbəyov küçəsi 17 saylı fərdi yaşayış evi arasına sərhəd divarının (hasarın) cavabdehlərin hesabına çəkilməsi öhdəliyinin onlara həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-101/2022 saylı iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Gülnar Əhmədova) iddia rədd edilmişdir
3. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul ed ilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2(103)-837/2023 saylı qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-101/2022 nömrəli iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlməmməd oğlu tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçu küçəsinə qanunsuz olaraq açılmış, yəni iddiaçının evinin darvazasının yaxınlığında perpendikulyar qaydada quraşdırılmış qapı (darvaza) cavabdehlərin hesabına bağlanılması və cavabdehlər tərəfindən iddiaçının evinin arxa hissəsində özlərinə məxsus evin həyətində taxtadan inş a edilmiş toyuq damının cavabdehlərin hesabına sökülməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
5. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-837/2023 saylı 10 oktyabr 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
6. Cavabdehlər də qətnamədən birgə qaydada kassasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv olunmasını və iddianın təmin olunmaması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
7. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş m üddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
8. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
9. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
10. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduq dan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
11. Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
12. Maddə
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...
13. Maddə 408.1. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
14. Maddə 408.3. Kassasiya şikayətinin qay tarılması barədə qərardad çıxarılır.
15. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sayılmalı və apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmalıdır.
17. Belə ki, MPM-nin 405.0.1-ci maddəsində apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiy a şikayəti verilməsi üçün müddət, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müəyyən edilmişdir.
18. Həmin normanın tələbinə əsasən şikayət vermə müddətinin axımı qərardadın “rəsmi qaydada verildiyi” gündən başlandığına görə, müddətin axımını hesablamaq üçün məhkəmə aktının “rəsmi qaydada verilməsi” anlayışının nəyi ifadə etməsi müəyyən olunmalıdır. Bu anlayışın izahı MPM-nin 135.5-ci maddəsində verilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
19. Göründüyü kimi MPM-nin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində göstərilən hər hansı bir qaydada çatdırılan məhkəmə sənədləri, rəsmi qaydada verilmiş sayılır. Bu qaydaların birindən bəhs edən M PM-nin 135.8-ci maddəsində deyilir ki, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
20. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2(103)-837/2023 saylı qətnaməsinin surəti cavabdehlərin nümayəndəsi həmçinin vəkili olan Vəkil2 elektron kabinetinə apellyasiya instansiyası məhkəməsi tərəfindən 16 oktyabr 2023-cü il tarixdə yerləşdirilmiş, lakin cavabdehlər kassasiya şikayətini 24 dekabr 2023-cü il tarixdə elektron qaydada vermişlər. Yəni kassasiya şikayətinin verilmə müddəti buraxılmışdır.
21. Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
22. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını, kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
23. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə əməl etməmişdir.
24. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması, apelyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur.
25. Kassasiya şikayətini geri qaytarmaq səlahiyyəti apelyasiya instansiyası məhkəməsinə aiddir. Buna görə də mülki iş materialları qanunun tələbinə uyğun olaraq, cavabdehlərə aid hissədə kassasiya şikayətinin geri qaytarılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apelyasiya instans iyası məhkəməsi cavabdehlərin kassasiya şikayətini geri qaytardıqdan sonra, mülki işi iddiaçının kassasiya şikayətinə baxılması üçün Ali Məhkəməyə göndərməlidir.
26. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2(103)-837/2023 saylı qətnaməsindən iş üzrə cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.