Məhkəmə qərarları › İş №2(102)-884/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-884/2021

03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-884/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 MMC-yə və qeyrisinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-884/21 (Açar sözlər: ipoteka predmetinin hərracdan satılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5818/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında a çıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı arasında bağlanmış “Girovlu istehlak krediti” müqaviləsi ləğv edilərək İddiaçı Bankın xeyrinə cəmi 73.700,77 ABŞ dollarının tutulub Banka ödənilməsi, tutmanın cavabdehə məxsus mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 150.000 manat dəyərində müəyyən olunması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və Cavabdeh1 MMC tərəfindən keçirilmiş “Hərracın yekunları barədə” xx xxxxxx 2018-ci il tarixli protokola əsasən ipoteka predmeti olan mənzil 95.625 manata Banka satılmış və həmin tarixdə müvafiq alğı-satqı müqaviləsi bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin oktyabr ayında İddiaçı Cavabdeh1 MMC-yə və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus mənzilin satılması barədə hərracın qanun pozuntusu ilə keçirilməsini əsas göstərməklə xx xxxxxx 2018-ci il tarixli “Hərracın yekunları haqqında protokolun” etibarsız hesab edilməsinə və mənzilə olan mülkiyyət hüququnun bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-290/2020 saylı, xx xxxx 2020ci il tarixli qətnaməsi ilə (hakim: K.F.Əmirxanova) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5818/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.M.Həsənov (sədr lik edən və məruzəçi), X.A.Mərdanova və F.F.Babayev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-290/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, ipoteka predmeti olan mənzil ilkin satış qiymətinə uyğun olaraq 150.000 manatla hərraca çıxarılmış, hərracın keçirilməsi vaxtı və yeri barədə iddiaçıya bildirişlər göndərilməklə bu barədə “Kaspi” qəzetində məlumat dərc edilmişdir. İlkin hərracda mənzil satılmadığı üçün 127.500 manat qiymətlə mənzil təkrar satışa çıxarılmış, mənzil yenə də satılmadığı üçün təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətlə Banka verilmişdir. Apellyasiya instansiyası məhkəməsi mənzilin hərracdan sat ılmasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5, 415.2-ci maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin tələblərinə uyğun olmasını əsas göstərməklə hesab etmişdir ki, hərracın yekunlarının etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş edərkən aşağıdakı dəlilləri əsas göstərmişdir: 1. hərracın keçirilmə vaxtı və yeri barədə ona məlumat verilməməklə hərracın keçirilmə qaydaları pozulmuş 2. işdə olan sübutlara düzgün qiymət verilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya ş ikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 319.5 Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Maddə 415.2 Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş di gər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki ha lların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya şikayətində iddiaçı hərracın keçirilməsi vaxtı və yeri barədə ona məlumat verilməməsini iddia etsə də, işin müəyyən olunmuş və iş materialları ilə təsdiq olunan hallarından görünür ki, hərracın keçirilmə vaxtı və yeri barədə iddiaçıya məlumat verilmiş, hərrac qanunun yuxarıda göstərilən normalarının tələblərinə uyğun keçirilmişdir. Qətnamənin sübutlara düzgün qiymət verilmədən çıxarılması barədə şikayətin dəlilləri əsaslandırılmadığından, kollegiya şikayətin həmin dəlillərini də əsassız hesab edir. Kollegiya hesab edir ki, qətnamə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının qüvvəsi düzgün tətbiq olunmaqla çıxarılmış, qətnamənin ləğv edilməsinə əsas verən maddi və prosessual hüquq normalarının pozulmasına yol veril məmişdir. Şərh olunanlara əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5818/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar