Məhkəmə qərarları › İş №2(102)-905/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-905/2020

11.02.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-905/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı vəkili Əliyeva Sara Vaqif qızı və nümayəndəsi Nümayəndə, “Azəriqaz” İstehsalat Birliyinin vəkili Əbilov Elməddin Nazim oğlunun iştirakları ilə, “Azəriqaz” İstehsalat Birliyinin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 avqust 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: “Azəriqaz” İst ehsalat Birliyi Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 avqust 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 01 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Məmmədli, iş № 2(003)-1900/2019) iddia tələbi qismən təmin edilmiş, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı abonent koduna (abonent kodu **********00500) itirilmiş qazın bərpası üzrə hesablanmış 24.350,4 (iyirmi dörd min üç yüz əlli manat qırx qəpik) manat məbləğində borcun silinməsi, cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 20 (iyirmi) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi,iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (məruzəçi), İ.Xəlilov, V.Sadıqov, iş № 2(103)11527/2019) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1900/2019 saylı 01 iyul 2019-cu il tarixli qətnaməsi iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbinin təmin edilməsi, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı abonent koduna (abonent kodu: **********00500) itirilmiş qazın bərpası üzrə hesablanmış 5828.80 manat məblə ğində borcun silinməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: “Azəriqaz” İstehsalat Birliyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: “Azəriqaz” İstehsalat Birliyinin vəkili Əbilov Elməddin Nazim oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tət biq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. İddiaçı vəkili Əliyeva Sara Vaqif qızı izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 avqust 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosess ual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdimetməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən öd ənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz payla yıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi is tehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.” “Azəriqaz” İstehsalat Birliyi kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi aşağıdakılara istin ad etmişdir. “Məhkəmə iddia tələbininin təmin edilməsi barədə qətnamədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 sayli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə istinad edərək iddiaçının fiziki şəxs olduğunu, ona görə də qaz sayğacının nasazlığına görə cavabdehlik daşımadığını qeyd etmişdir. Məhkəmənin bu mövqeyi ilə razı deyilik. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən Qazın alqısatqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi ş əxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur. Göründüyü kimi qaydalarda hüquqi şəxs ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin məsulliyyətləri eyni müəyyən edilmişdir. Eyni zamanda məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, xüsusi bilik tələb edən işlər üzrə ən azından mütəxəssis rəyinin alınması işin ədalətli həll edilməsi üçün vacibdir. Belə ki, analoji iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sorğusuna Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyi cavab vermiş, göstəricilər arasındakı fərqə aydınlıq gətirmişdir. Həmçi nin məhkəmə tərəfindən ciddi prosessual hüquq pozuntusuna yol verilmişdir. Belə ki iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğundan işə aidiyyəti üzrə inzibati-iqtisadi məhkəmədə baxılmalı idi. Belə ki, tərəflər arasında bağlanmış 29.11.2018-ci il tarixli, AKX2/2741 saylı müqavilədə iddiaçının vergi ödəyicisi olduğu öz əksini tapmışdır. Belə ki, iddiaçı vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alınmçış, adına ********** saylı vöen açılmışdır. MPM-nin 26.1-ci maddəsinə əsasən İdarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir.” Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi yenidən işə baxarkən kassasiya şikayətinin dəlillərini cavablandırmalıdır. Bundan əlavə cavabdehin apelyasiya şikayətində qeyd olunmuşdur ki, “İddiaçı məxsus istixanada quraşdırılmış ELSTER G- 40 markalı 75158452 saylı qaz sayğacında nasazlıq olduğundan sayğac müxtəlif tarixlərdə çıxarılmış və qısa bir zamanda təmir olunduqdan sonra təkrarən yerinə quraşdırılmışdır. Məhkəmə qətnaməsinə əsasən 2019cu ilin fevral ayında sayğacın işləmədiyi lakin təbii qazdan istifadə olunduğu üçün Birlik tərəfindən hesablanmış b orcda silinmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi 2019-cu ilin fevral ayında istehlakçının istifadəsində olan qaz sayğacı işləməmiş lakin həmin ayda təbii qazdan istifadə edilmişdir və belə olan halda hesablanmış borcun tamını silmək qanunaziddir. Məhkəmə ən azından nəzərə almalı idi ki, borc məbləği mübahisələndirilsə də həmin dövr ərzində təbii qazdan istifadə edilmişdir.” Apelyasiya instansiyası məhkəməsi işə baxarkən həmin dəlili yoxlamamış, bununla da tərəfin əsaslandırılmış qərar almaq, yəni ədalətli məhkəmə baxışına olan hüququnu pozulmuşdur. Azərbaycan Respublikası tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən ed ilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında tərəfin əsaslandırılmış qərar almaq hüququnu ədalətli məhkəmə baxışına olan hüququnun tərkib hissəsi kimi qiymətləndirilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rəd d edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... Avropa Məhkəməsi “Kastravet Moldovaya qarşı” iş üzrə 13 mart 2007-ci il tarixli qərarında məhkəmələr tərəfindən hüquq tətbiqediciliyinə aid olan daha bir hüquqi mövqeyini ifadə edərək belə qənaətə gəlmişdir ki, müvafiq məsələləri həll edərkən ölkə məhkəmələri qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarlar əsaslandırılmış və kifayətedici deyildir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə Kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar