Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-917/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və 27 saylı notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı, X12, X13, X21, X30, X17, X4, X31, X18, X24, X39, X40, X8, X5, X6, X32, X25 və X14 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, yalan əqd, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 noyabr 2024-cü il tarixli, 2(103)2354/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 26 oktyabr 2022-ci il tarixli müqavilə ilə İddiaçı mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh2 95.000 manata satmışdır.
2. Cavabdeh2 qeyd olunan ev üzərində mülkiyyət hüququ 01 noyabr 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Bakı İnzibati Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli qərarı ilə iddiaçı Cavabdeh2 İddiaçı və qeyrilərinə qarşı qeydiyyatdan çıx arılma tələbinə dair iddiası təmin edilmişdir. Həmin qərar qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh2 və 27 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və Cavabdeh2 arasında bağlanmış 26 oktyabr 2022ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia belə əsaslandırılmışdır ki, ünvan 1 nömrəli ev iddiaçının xüsusi mülkiyyətində olmuşdur. İddiaçının oğlu X42 vətəndaşı Ruziyə adlı şəxslə tanış olmuş, həmin şəxslə işgüzar münasibətlər qurmuşdur. Bu münasibətlər çərçivəsində Türkiyə universitetlərinə iranlı tələbələrin qəbul edilməsi və s. məsələlərdə kömək etmişdir. Həmin xidmətlər müqabilində iddiaçının oğlu Ruziyə xanımdan hissə-hissə olmaqla pullar almışdır. İmtahanlarla bağlı xidmətlərin müddəti bir il olmuş və bir il müddət keçəndən sonra həmin sənədlər öz qüvvəsini itirmişdir. Belə olduğu halda Ruziyə xanım bir ildən sonra guya iddiaçının oğluna 50.000 ABŞ dolları verməsi barədə polisə şikayət edərək, ödədiyi pulları tələb etmiş, nəticədə oğlu saxlanılmışdır. Ruziyə xanım iddiaçını oğlunu həbs etdirəcəyi ilə hədələmiş və onu qorxudaraq, öz ofislərində guya borclu olması ilə bağlı bəzi sənədlərə imza etdirmişdir. İddiaçı oğlunun həbs edilməsindən qorxduğundan, mülkiyyətində olan evi oğlu borcunu ödəyənə qədər onun adına girov qoyması barədə təklif ilə razılaşmışdır. Aradan uzun müddət keçdikdən sonra - 29 oktyabr 2023-cü il tarixdə tanımadığı Cavabdeh2 adlı şəxs onun evinə gələrək, evin ona məxsus olmasını və evdən çıxmağını tələb etmişdir. İddiaçı isə onu tanımadığını, onunla heç bir münasibətinin olmadığını, evi ona satmadığını, oğlunun borcu ilə əlaqədar evini Ruziyə xanıma girov qoyduğunu, pulu qaytarandan sonra evinin sənədlərini alacağını bildirmişdir. Lakin, Cavabdeh2 adlı şəxs ona alqı-satqı müqaviləsini təqdim etmiş və iddiaçı müqaviləyə baxan zaman etiraz edərək evini satmadığını və burada göstərilən məbləğdə pul almadığını bildirmişdir. İddiaçı onlara bildirmişdir ki, yaşlı qadındır, heç bir qanundan və sənəddən anlayışı olmadığından onu aldatmışlar və evini başqa şəxsin adına keçirtmişlər. Bundan sonra Ruziyə xanım da gələrək və evin ona məxsus olduğunu bildirmişdir. İddiaçı qeyd etmişdir ki, evi X19 borclu olduqlarına görə girovda olmuşdur. Ruziyə xanım bildirmişdir ki, eyni qayda ilə evi İlqar Eynullayevin adından çıxardıb öz adına girov qoyacaqdır. Həmin məbləği də İlqar Eynullayevə ödəyəcəklər. İddiaçı buna görə onunla razılaşmışdır ki, borcunu qaytaranda evini ona qaytaracaqdır. Lakin hazırda görür ki, evini tanımadığı adamın adına alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirmişlər. Bu isə onun iradəsinə zidd olmaqla qanunsuz və əsassız olmuşdur.
6. İddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, X12, X13, X21, X30, X17, X4, X31, X18, X24, X39, X40, X8, X5, X6, X32, X25 və X14 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 2 evə olan istifadə hüquqlarına xitam verilməklə, məcburi çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı 26 oktyabr 2022-ci il tarixdə mübahisəli evi alqı-satqı yolu ilə alaraq mülkiyyət hüququ əldə etmişdir. Həmin ünvanda qeydiyyatda olan şəxslər qanuni qüvvəsini almış məhkəmə qərarı ilə qeydiyyatdan çıxarılmışlar. Buna baxmayaraq, cavabdehlər həmin evdən çıxmaqdan imtina edirlər.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(009)325/2024 nömrəli qətnaməsi ilə (hakim İ.Rüstəmli) ilkin iddia tələbinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış AN-İ № ******* saylı, 26 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya məxsus olmuşdur. İddiaçının oğlunun Ruziyə adlı şəxsə borcu olması səbəbindən borcun təminatı qismində evin girov qoyulması niyyəti ilə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə bağlanarkən mənzilin dəyəri kimi razılaşdırılmış 95.000 manat məbləğində pul vəsaiti alıcı qismində iştirak edən Cavabdeh2 tərəfindən notariusun depozit hesabına qoyulmuş, lakin həmin pul vəsaiti elə onun özü tərəfindən də götürülmüşdür. Tərəflər müqaviləni imzalayarkən iddiaçının oğlunun Ruziyə adlı şəxsə olan borcunu ödəməsi müqabilində evin yenidən iddiaçıya qaytarılması barədə şifahi razılaşmışlar.
10. Məhkəmə belə nəticəyə gəlmişdir ki, tərəflər müqavilə bağlayarkən əsl iradələrini ifadə etmədən əsl niyyəti pərdələmək məqsədi ilə əqdi razılaşdırmışlar. Tərəflərin hər ikisinin izahatından, müqavilə bağlayarkən əsl niyyətlərinin evin alqı-satqısı nəticəsində evi əldə etmək deyil, iddiaçının oğlunun borcunun təminatı kimi evi girov saxlamaq olduğu aydın olur.
11. Bundan başqa, alqı-satqıdan sonra evin dəyəri kimi müqavilədə qeyd olunmuş 95.000 manat məbləğində pul vəsaiti alıcı olan cavabdeh tərəfindən satıcı olan iddiaçıya ödənilməmiş, notariusun depozit hesabına qoyulduqdan sonra məhz özü tərəfindən də götürülmüşdür. Bu səbəbdən, müqavilə onun etibarlılığı üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə bağlanmadığından etibarsızdır.
12. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsinin əsasında tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi dayanır. Belə ki, iddiaçı alqı-satqı müqaviləsi əsasında evi əldə etdiyinə və artıq bir mülkiyyətçi kimi cavabdeh lərin evə olan istifadə hüquqlarının qalmasının onun mülkiyyət hüquqlarını məhdudlaşdırdığına istinad edir. Lakin sözügedən müqavilə artıq əhəmiyyətsiz əqd sayıldığından, onun heç bir hüquqi nəticələr yaratmaq kimi bir funksiyası olmamışdır. Əqd etibarsız sayıldığından və mövcud vəziyyət əqddən öncəki hala qayıtdığından iddiaçının hazırkı tələbinin də heç bir hüquqi əsası qalmamışdır.
13. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.5, 340.1, 340.2, 567, 597.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilk iddia tələbinin rədd, qarşılıqlı i ddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətinə baxılması zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X38 izahatında bildirmişdir ki, iddiaçının oğlu Mövlanverdi ilə iş birlikləri olmuş, bu zəmində Mövlanın ona 60.000 ABŞ dollarına yaxın borcu yaranmış, Mövlan onun borcunu verməkdən yayınmış, ona məlum olmuşdur ki, əslində Mövlan dələduzluq edərək onu aldadaraq pullarını ələ keçirmiş, o məcburiyyətdən polisə şikayət etmiş, həmin vaxt Mövlanın real olaraq həbs olunması məsələsi həll olunanda, onun anası gələrək ona və polisə yalvar-yaxar etmişdir ki, evini satıb oğlunun borcunu ödəyəcək, təki oğlu həbs edilməsin, o da iddiaçıya yazığı gələrək onunla razılaşmış, bundan sonra iddiaçı evini sataraq onu borcunu vermək istədiyini, lakin sata bilmədiyini bildirmiş, o bu barədə tanışı Azərə demiş, Azərlə gedib evə baxmışlar, iddiaçı ilə Azər qiyməti razılaşdırıb notariat ofisində evin alqı-satqısını etmişlər, həmin vaxt iddiaçı da, onun ailə üzvləri də evin satıldığını bilmiş, evə görə ödənilən pulu iddiaçı şəxsən sənədə qol çəkərək almış və ona vermişdir, əslində Mövlanın ona olan borcu daha çox olmuş, lakin yaranmış vəziyyətdə o həmin, yəni 95.000 manat məbləğlə razılaşmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəməxətşünaslıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2024-cü il tarixli rəyinə əsasən ekspertizaya təqdim edilmiş GB № 166091 nömrəli, 26 oktyabr 2022-ci il tarixli məxaric qəbzində “çekdə göstərilən məbləği aldım” qrafasındakı imzanın İddiaçı tərəfində n icra olunduğu qeyd olunmuşdur. 17. "xxxx" LTD MMC Qiymətləndirmə Şirkəti tərəfindən təqdim edilmiş 14 oktyabr 2024-cü il tarixli qiymətləndirmə hesabatında, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 26 oktyabr 2022-ci il tarixinə hesablanmış bazar dəyəri 125000 manat, likvid dəyəri isə 100000 manat olduğu qeyd olunmuşdur.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 noyabr 2024-cü il tarixli, 2(103)-2354/2024 nömrəli qətnaməsi ilə (hakim İ.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər N.Cəfərov və E.Kazımov) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(009)-325/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh2 və 27 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiasının rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, cavabdehlər İddiaçı, X9, X10, X20, X26, X15, X1, X27, X16, X22, X33, X34, X7, X2, X3, X28, X23, X11 istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılmaları qət edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, müqavilə bağlanarkən mənzilin dəyəri kimi razılaşdırılmış 95.000 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən notariusun depozit hesabına qoyulması və iddiaçı tərəfindən şəxsən götürülməsi mübahisənin düzgün həlli baxımından əhəmiyyət kəsb etdiyindən, qeyd olunan müqavilə üzrə ödənilmiş vəsaitin götürülməsinə dair məxaric qəbzindəki imzanın iddiaçıya məxsusluğunun müəyyən edilməsi məqsədi ilə həmin qəbzin əsli sor ğu edilərək götürülmüşdür.
20. Apellyasiya kollegiyasının iclasında İddiaçı həmin qəbzə münasibətdə bildirmişdir ki, müqavilədə göstərilən məbləği o qəbul etməmiş, məxaric qəbzindəki imza da ona məxsus deyil.
21. Belə olan halda, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 05 iyul 2024-cü il tarixli rəyində imzanın İddiaçı tərəfindən icra olunduğu qeyd olunmuşdur. Göründüyü kimi, müqavilə bağlanarkən mənzilin dəyəri kimi razılaşdırılmış 95.000 manat məbləğində pul vəsaiti alıcı qismində iştirak edən Cavabdeh2 tərəfindən notariusun depozit hesabına qoyulmuş və həmin vəsait satıcı İddiaçı tərəfindən götürülmüşdür.
22. Apellyasiya kollegiyası bildirmişdir ki, həmin vəsait satıcı tərəfindən götürüldükdən sonra onun hər hansı üçüncü şəxsə verilməsi hazı rkı iş üzrə əhəmiyyət kəsb etmədiyindən onun əlavə əsaslandırılmasına lüzum qalmır.
23. Apellyasiya instansiyası məhkəməsi mənzilin satış qiyməti ilə "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən təqdim edilmiş hesabata istinad etmiş və qeyd etmişdir ki, mənzilin satıldığı 2022-ci il üçün həmin məbləğ ağlabatan olmuşdur.
24. Məhkəmə izah etmişdir ki, başqa əqdi pərdələmək məqsədi ilə bağlanan yalan əqd kimi qiymətləndirilməsi üçün tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaların təsdiq edib-edilməməsi vacib amillərdəndir. Lakin, hazırkı vəziyyətdə rayon məhkəməsi tərəflərin müqaviləni imzalayarkən iddiaçının oğlunun Ruziyə adlı şəxsə olan borcunu ödəməsi müqabilində evin yenidən iddiaçıya qaytarılması barədə şifahi razılaşmalarının olduğunu bildirsə də, həmin hallar iş materialları ilə öz təsdiqini tapmamışdır. Eyni zamanda, iddiaçı aydın şəkildə, ümumiyyətlə, heç kəsə, o cümlədən də cavabdehə pul ödəmək fikrində olmadığını bildirmişdir.
25. Bundan başqa, həmin evdə qeydiyyatda olan şəxslərin (on üç nəfər) müqavilənin bağlanmasına dair açılmış notariat işində olan və notariat qaydasında təsdiq olunmuş ərizələrindən müəyyən olmuşdur ki, onlar hamısı ayrı-ayrılıqda məhz evin satılmasına razılıq vermiş və müqavilədə qeyd edilən müddətdə qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər.
26. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflərin müqavilə bağlayarkən əsl niyyətləri evin alqı-satqısı nəticəsində cavabdeh tərəfindən dəyəri ödənilməklə evi əldə etmək deyil, iddiaçının oğlunun borcunun təminatı kimi evi girov saxlamaq olması öz təsdiqini tapmamışdır.
27. Apellyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçının özünün bununla bağlı izahatları da ardıcıl olmamışdır, o, bir halda oğlunun borcuna görə evini girov qoyaraq borc aldığını və oğlunun borclusunu razı saldığını, bir halda müəyyən müddətdən sonra pul toplayaraq verdikdən sonra evinin yenidən ona qaytarılacağını, bir halda isə evə görə, ümumiyyətlə, pul almadığını, cavabdehə isə hər hansı məbləğdə pul vermək fikrində olmadığını bildirmişdir.
28. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, daşınmaz əmlaklarla bağlı, həm də notariat qaydasında bağlanmış əqdin yalan əqd olmasını sübut edilməsi iddiaçı tərəfindən biri digərini tamamlayan, hər hansı şübhədənkənar və təkzibolunmazlıqla bağlı tələblərə cavab verən sübutların təqdim edilməsini tələb edir. İddiaçı isə məhkəməyə belə sübutlar verə bilməmişdir.
29. Hazırkı halda satılan evin iddiaçıya aid olması, iddiaçıya oğlunun borcunu ödəmək üçün böyük məbləğdə pulun lazım olması, oğlunun borclusu ilə evin satılmasına dair razılığa gəlməsi, həmin evdə qeydiyyatda olan şəxslərin hamısının, həm də notariat qaydasında təsdiqlənmiş yuxarıda qeyd olunan məzmunda razılıq ərizələri verməsi, iddiaçının özünün şəxsən notariat ofisində olmaqla müqaviləni imzalaması, müqavilə ilə müəyyənləşdirilmiş evin qiymətini təşkil edən pul vəsaitini şəxsən alması halları şəksiz olaraq müəyyən edilmişdir. Belə olan halda isə məhkəmə müəyyən etmişdir ki, iddiaçının mübahisələndirdiyi əqdin əhəmiyyətsizlik səbəbindən etibarsız əqd olmasına dair rayon məhkəməsinin qənaəti əs aslı olmamışdır.
30. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, hazırda evin satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddiaçı mübahisəli mənzil üzərindəki mülkiyyət hüququnun ona tanıdığı imkandan istifadə edərək hazırkı qarşılıqlı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
31. X43 mübahisəli evi özgəninkiləşdirməklə həmin evə dair istifadə hüquqlarını da itirmişdir. Qarşılıqlı iddia üzrə digər cavabdehlər isə evin satılmasına razılıq verərkən, həm də müqavilədə qeyd edilən müddətə mənzildən qeydiyyatdan çıxacaqlarına dair öhdəlik götürmüşlər. Demək ki, qarşılıqlı iddia tələbi həm də onlara münasibətdə əsaslıdır və təmin olunmalıdır.
32. MM-in 228.4-cü maddəsinə görə, ya şayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Göründüyü kimi, həmin mənzildə qeydiyyatda olan cavabdehlər evin satılması zamanı mənzildən qeydiyyat çıxacaqlarına dair notarial qaydada öhdəlik götürdüklərindən, onların istifadə hüququna xitam verilməlidir.
33. Digər tərəfdən, mülki iş materiallarından görünür ki, qarşılıqlı iddia üzrə cavabdehlərin mübahisəli evdən qeydiyyatdan çıxarılmaları barədə iddia tələbi Bakı İnzibati Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli qərarı ilə təmin edilmiş və onlar mübahisəli evdən qeydiyyatdan çıxarılmışdır.
34. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152, 228.4, 324, 337, 340, 347, 351, 354, 357, 398, 567, 597.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 76.3, 77.1, 218.3, 372.1, 372.2, 372.3, 372.4, 372.6, 372.7, 384.0.2, 385.1.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
35. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 noyabr 2024-cü il tarixli, 2(103)-2354/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
36. Kassa siya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 337.1, 337.2, 337.4, 340.2, 347, 567-ci, Mülki Prosessual Məcəllənin 76.1, 77.1, 88, 97.1, 106.1, 106.3-cü maddələrinin tələbləri pozulmuşdur.
37. Belə ki, müqavilə bağlanarkən tərəflərin əsl niyyətinin evin alqı-satqısı deyil, iddiaçının oğlunun borcunun təminatı kimi evi girov saxlamaq olduğu hər iki tərəfin izahatı ilə təsdiqini tapsa da, apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Alqısatqıdan sonra evin dəyəri kimi müqavilədə qeyd olunmuş 95.000 manat məbləğində pul vəsaiti alıcı olan cavabdeh tərəfindən satıcı olan iddiaçıya ödənilməmiş, notariusun depozit hesabına qoyulduqdan sonra məhz özü tərəfindən də götürülmüşdür. İddiaçı savadsız, ahıl bir xanımdır. Qanundan və ya sənəddən anlayışı yoxdur, hansı müqaviləyə imza çəkdiyini və ya depozit hesabından cavabdeh tərəfə pul götürərəkən ona imzalatdırdıqları məxaric qəbzinin mahiyyətini anlamamışdır. Məxaric qəbzindəki imzanın ona məxsus olması isə heç bir şeyi dəyişmir. Burada əsas məsələ iddiaçının iradə ifadəsidir. İddiaçının sərbəst iradəsi ifadə olunmursa, cavabdeh tərəfdən ev alğı-satqı ilə formal olaraq onun mülkiyyətinə verilirsə, həmin imzanın heç bir hüquqi əhəmiyyəti ola bilməz. Ümumiyyətlə müqavilə bağlanarkən etdiyi hərəkətlərin hansı hüquqi nəticələrə səbəb olacağını dərk etməmiş, cavabdeh tərəfdən aldadıldığını bilməmişdir. Bütün bunlar tərəflər arasında bağlanmış mübahisəli alğı-satqı müqaviləsinin etibarsızlığına dəlalət edir. Alğı-satqı müqaviləsinin əsas mahiyyəti əşyanı alıcının mülkiyy ətinə vermək və bunun müqabilində isə alıcı satıcıya onun dəyərini ödəməlidir. Halbuki, mübahisəli əmlakın satılması qarşılığında iddiaçıya faktiki olaraq pul vəsaiti verilməmiş, depozit hesabdan cavabdeh tərəfindən götürülmüşdür. Apellyasiya məhkəməsi öz təşəbbüsü ilə qiymətləndirmə ekspertizası təyin etmiş və mübahisəli fərdi yaşayış evinin real bazar dəyərinin 100.000 manat civarında olduğu qənaətinə gələrək, onun 95.000 manat müqabilində satılmasını ağlabatan hesab etmişdir. Halbuki, mübahisəli fərdi yaşayış evinin 2022-ci ildə real bazar dəyəri 165.000 manat, likvid dəyəri isə 148.500 manat təşkil etmişdir.
38. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
39. Kassasiya şikayətinə etiraz verilməmiş dir. Kassasiya baxışının hədləri:
40. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahi sənin hüquqi aktlarına təsir göstərə bilər.
41. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddia üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən, qarşılıqlı iddia üzrə digər cavabdehlər isə kassasiya şikayəti vermədiklərindən, hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin ilk iddianın təmin edilməməsi və qarşılıqlı iddianın İddiaçı aid təmin olunan hissələrində yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq:
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqaviləni n mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya ol madığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə i clasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən əsaslı olaraq hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi müqavilənin yalan əqd kimi qiymətləndirilməsi üçün əsaslar mövcud deyildir.
46. Konstitusiya Məhkəməsi Plenumunun bir neçə qərarında yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).
47. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağl adıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərar)
48. Qeyd olunmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmama lıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
49. Hazırkı işdə kassator cavabdehlə arasında bağlanmış alqı-satqı müqaviləsinin yalan əqd olmasını, əslində onun oğlunun üçüncü şəxslə arasında mövcud olmuş borc münasibətlərinin təminatı olmasını iddia etsə də, bu tələbini təsdiq edən mötəbər və təkzibolunmaz sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim edə bilməmişdir.
50. Əksinə, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının oğlunun hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb olunan X29 borcu olsa da, mübahisəli müqavilə borcun təminatı olaraq deyil, alqı-satqı nəticəsində əldə olunan vəsait hesabına borcun ödənilməsi məqsədi ilə bağlanmışdır. Bağlanmış müqavilə ilə əldə olunan vəsaitin iddiaçı tərəfindən üçüncü şəxsə olan borcu ödəməs i isə müqavilənin yalan əqd olması kimi qiymətləndirməsinə əsas ola bilməz.
51. İddiaçının mülkiyyətində olmuş fərdi yaşayış evinin dəyərinin ekspert tərəfindən düzgün qiymətləndirilməməsinə dair kassasiya şikayətinin dəlili həmçinin əsassızdır.
52. İlk olaraq, bu səbəbdən ki, iddiaçı apellyasiya instansiyası məhkəməsində ekspert rəyini mübahisələndirməmiş, ona qarşı etirazını əsaslandırmamış və onun düzgün olmaması ilə bağlı sübutları təqdim etməmişdir. Digər tərəfdən tərəflər arasında bağlanılan müqavilə ilə əmlakın dəyərinin bazar qiymətindən fərqli qiymətlə razılaşmaları mümkündür və belə fərqin mövcudluğu özü-özlüyündə müqavilənin etibarsızlığı üçün əsas deyildir.
53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, h ərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 noyabr 2024-cü il tarixli, 2(103)-2354/2024 nömrəli qətnaməsi mübahisələndirilən, yəni ilk iddianın təmin edilməmə si və qarşılıqlı iddianın İddiaçı aid təmin olunan hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.