Məhkəmə qərarları › İş №2(102)-962/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-962/2024

19.03.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-962/2024 19.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Memarlıq və İnşaat Universitetinin cavabdehlər Cavabdeh11 Sədrəddin oğlu, Cavabdeh6, X1, Cavabdeh8, X2, Cavabdeh1, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 (üçüncü şəxs qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi, iddia müddətinin şamil edilmədiyi tələblər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhməd ova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Memarlıq və İnşaat Universitetinin cavabdehlər Cavabdeh5 və qeyrilərinə qarşı iş üzrə qanunsuz tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6624/2021 nömrəli, 13 noyabr 2023- cü il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilən 30 sentyabr 2009-cu il tarixli ayrıc aktı ilə Yasamal rayonu İ.Zülalov küçəsi, 3137-ci məhəllədə cizgidə göstərilən sərhədlər daxilində Azərbaycan Memarlıq və İnşaat U niversitetinə (bundan sonra – universitet) aid 3.0888 hektar mövcud tələbə şəhərciyinin sərhədləri dəqiqləşdirilmişdir.

2. Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 1 oktyabr 1996-cı il tarixli sərəncamı ilə universitetin tələbə şəhərciyində məskunlaşan məcburi köçkünlərə şəhərciyin daxilindəki istifadəsiz köşkdə müvəqqəti olaraq çörək və ərzaq ticarəti təşkil edilməsinə icazə verilmişdir.

3. Cavabdehlərdən Cavabdeh5 məcburi köçkün deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək universitetin tələbə şəhərciyinin yataqxanalarının həyətində qanunsuz tikilən obyektlərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, 1990-cı illərdə erməni təcavüzkarları tərəfindən Azərbaycanın bir sıra rayonlarının işğal edilməsi nəticəsində həmin rayonların əhalisi öz dədə-baba yurdundan məcburi köçkün düşmüş, onların bir qismi də universitetin yataqxanalarında yerləşmişlər. Sonrakı illərdə həmin şəxslərin bir hissəsi mənzillə təmin olunsalar da yataqxananı tərk etməmiş, universitetin mülkiyyətində olan tələbə şəhərciyinin yataqxanalarında məskunlaşmışlar. Bu dövr ərzində onlar şəhərciyin ərazisində yerləşən İV və V saylı yataqxanların qarşısında heç bir hüquqi sənəd olmadan, müvafiq strukturlarla razılaşdırılmadan, icazə almadan qanunsuz olaraq müxtəlif tipli iaşə və digər obyektləri tikərək icarəyə vermişlər (istifadə etmişlər) və hələ də qanunsuz tikililərdən istifadə edirlər. Cavabdehlərin hərəkətləri nəticəsində həmin ərazi yararsız hala salınmış, yataqxanaya ciddi ziyan vurulmuşdur. Həmin tikililər tələbələrin müasir tələblərə uyğun olaraq yaşamaları və təhsil almaları, təhlükəsizliyi, sağlamlığı baxımından ciddi təhlükə mənbəyidir və yaranan səs-küy, anti-sanitar vəziyyət artıq ciddi problemlər yaradır. Haqlı olaraq həmin tələbələr bununla bağlı öz narazılıqlarını bildirirlər. Universitetin dəfələrlə müraciət və xahiş etməsinə baxmayaraq, həmin şəxslər yataqxananı tərk etmirlər.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 8 may 2023-cü il tarixli ekspert rəyi ilə sözügedən tikililərin Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə şəhərciyinin ərazisində yerləşdiyi müəyyən edilmişd ir.

7. Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-230/2023 nömrəli 4 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Gülnar Babazadə).

8. Birinci instansiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, universitetinin qanuni sahibliyində olan tələbə şəhərciyinin ərazisində cavabdehlər tərəfindən müxtəlif təyinatlı tikililər inşa edilmiş və həmin tikililərə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Nəticədə iddiaçının sahiblik hüququ cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində pozulmuşdur. Həmin tikililərin iddiaçının balasında olan torpaq sahəsində yerləşməsi iş materialları ilə sübuta yetmişdir. Mübahisəli tikililərə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən həmin tikililərin özbaşına tikililər olması işin m übahisəsiz halıdır.

9. Yasamal rayon İcra Hakimiyyəti Başçısının 1 oktyabr 1996-cı il tarixli sərəncamı ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, sərəncamın məzmunundan göründüyü kimi məcburi köçkünlərə şəhərciyin daxilindəki istifadəsiz köşkdə müvəqqəti olaraq çörək və ərzaq ticarəti təşkil edilməsinə icazə verilmişdir. Məhkəmə müvəqqəti dedikdə, 27 illik müddəti ağlabatan hesab etmir.

10. Eyni zamanda sözügedən ərazidəki yataqxanada məskunlaşmış məcburi köçkünlərin əksəriyyəti Qobu qəsəbəsində inşa edilmiş yaşayış məntəqəsindəki mənzillərlə təmin edilmişdir

11. Məhkəmə öz mövqeyini “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.1, 4.17-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 152.1, 152.3, 157.1, 157.2, 157.4, 180.1, 180.2, 180.3, 180.4-cü, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 88, 121.1, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır b) apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh5 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarət olmuşdur: a) İddiaçı 10 illik ümumi iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, sözügedən torpaq sahəsi ayrıc aktı ilə 2009-cu ildə universitetin balansına verilsə də, iddiaçı 13 il sonra məhkəməyə müraciət etmişdir. Halbuki mübahisəli tikililər həmin dövrdən orada artıq mövcud idi. b) Apellyasiya şikayətinin digər dəlili nə görə, cavabdeh qaçqın deyildir və yaşadığı evi özü tikməmişdir. Belə ki, o 20 il qabaq həmin evi alaraq təmir etmiş, həmin vaxt isə universitetin hər hansı nümayəndəsi ona bununla bağlı etirazını bildirməmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyatora aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Məhəmməd Rüstəmlinin sədrliyi və məruzəsi ilə, Akif İsgəndərov və Vahid Sadıqovdan ibarət tərkibdə).

15. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, sökülməsi tələb edilən qanunsuz tikililər tələbə şəhərciyinin yataqxanalarının ərazisində yerləşir, həmin tikililər iddiaçıdan savayı həmin t əhsil müəssisəsində təshil alan və yataqxanada məskunlaşmış tələbələrin də hüquqlarına xələl gətirir.

16. İşdən o da görünür ki, iddiaçı tərəfindən cavabdehə yataqxanada müvəqqəti olaraq 1 otaq təklif olunmuş, lakin o bu təkliflə razılaşmamış, kompensasiyanın ödənilməsini və ya 2 otaqla təmin edilməsini tələb etmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin iddia müddəti ilə bağlı dəlilinə münasibətdə bildirmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0 və 384.0.4-cü maddələrinə uyğun olaraq, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir

18. Məhkəmə kollegiyası öz mövqeyini MM-in 1 52.1, 157.2, 157.8, 164.1, 180.1, 180.4, 384.0.4-cü, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.1, 8.0.1, 37.1, 37.2, 37.3-cü, eləcə də MPM-in 14.2, 77.1, 88. 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti apelyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Re spublikasının Mülki Məcəlləsi

22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

24. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

25. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

26. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

27. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

28. Maddə 384.0.4. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 30. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olm aqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 39. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnaməd ə göstərilən hallar işin materiallarına uyğun olsun.

40. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, m əhkəmə kollegiyası Qərara aldı Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6624/2021 nömrəli, 13 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar