Məhkəmə qərarları › İş №2(102)-965/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-965/2022

05.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-965/2022 05.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinə, Gəncə şəhəri 1 saylı notariat ofisinə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X5 və xxx qızına qarşı “etibarnamələrin, bağışlama müqaviləsinin etibarsiz hesab edilməsi, çıxarışın ləğv olunması, miras əmlaka payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin etibarsızlığı, təmsil edilənin iradə ifadəsinə zidd etibarnamədən istifadə nəticəsində bağlanmış əqdin etibarsızlığı, təmsil edilənin əqdi bəyənməsi, sübutetmə) Azərba ycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 sentyabr 2021-ci il tarixli, 2(104)-3424/2021 nömrəli qətnaməsindən iddiaçı və üçüncü şəxslər tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 saylı fərdi yaşayış evi X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı, Cavabdeh1, X9 və xxx qızı X2 övladları, Cavabdeh2 isə sonuncunun nəvəsi, Cavabdeh1 övladıdır. Gəncə şəhəri 1 saylı Notariat Kontorunda təsdiq olunmuş 30 iy un 2015-ci il tarixli 7E-3843 reyestr №-li etibarnamə ilə X7 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, vərəsəliyi qəbul etməyi və digər hüquqları Cavabdeh2 etibar etmişdir. X2 adından Cavabdeh2 tərəfindən imzalanmış və Gəncə şəhəri 1 saylı Notariat Kontorunda təsdiq olunmuş 14 oktyabr 2015-ci il tarixli 7E-7374 reyestr №-li etibarnamə ilə X7 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, vərəsəliyi qəbul etməyi və digər hüquqları Cavabdeh1 etibar etmişdir. X2 adından Cavabdeh1 tərəfindən imzalanmış və Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun notariusu tərəfindən 17 oktyabr 2015-ci il tarixdə təsdiq edilmiş Daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə ünvan 17 tərəfindən Cavabdeh2 bağışlanmışdır. Həmin daşınmaz əmlak üzərində Cavabdeh2 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sonuncunun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən 28 oktyabr 2015-ci il tarixdə, ** ******** nömrəli Çıxarış verilmişdir. X7 13 oktyabr 2020-ci il tarixdə, Cavabdeh1 19 iyun 2021-ci il tarixdə ölmüşlər. İddiaçı, xxx qızı və X9 07 yanvar 2021-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinə nümayəndələri X8 vasitəsi ilə ərizə ilə müraciət edərək, anaları X1 qalmış mirasdan onlara çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinə, Gəncə şəhəri 1 saylı notariat ofisinə, habelə üçüncü şəxslər X5 və xxx qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 1 saylı Notariat Kontorunda təsdiq olunmuş 30 iyun 2015-ci il tarixli 7E-3843 reyestr n ömrəli və 14 oktyabr 2015-ci il tarixli 7E-7374 reyestr nömrəli etibarnamələrin, Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiq olunmuş 17 oktyabr 2015-ci il tarixli 4Ə-2786 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 adına verilmiş 28 oktyabr 2015-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçının miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflərin anaları olan X7 vəfat etdikdən sonra iddiaçı qanunvericiliyə uyğun olaraq mirası qəbul etməsi barədə notariat kontoruna ərizə vermiş, analarının adına olan fərdi yaşayış evinin Cavabdeh2 adına olması məlum olmuşdur. Məlum olmuşdur ki, Cavabdeh2 qoca və xəstə nənəsi X3 aldadaraq guya evin qarşısında yerləşən ticarət obyektinin işlədilməsi üçün ondan Gəncə şəhəri 1 saylı notariat kontorunda təsdiq olunmuş 30 iyun 2015-ci il tarixli 7E-3843 reyestr nömrəli etibarnamə almış, sonra bu etibarnamə əsasında anası, digər Cavabdeh1 Gəncə şəhəri 1 saylı notariat kontorunda təsdiq olunmuş 14 oktyabr 2015-ci il tarixli 7E-7374 reyestr nömrəli etibarnamə vermiş, sonuncu isə bunun əsasında evi Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiq olunmuş 17 oktyabr 2015-ci il tarixli 4Ə-2786 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən öz oğlu Cavabdeh2 bağışlamışdır. Yəni, Cavabdeh2 tam amilə başqa məqsəd üçün ona verilmiş etibarnamədən X2 iradəsinə zidd olaraq öz mənafeyi üçün istifadə etmişdir. Bu barədə X2 ölən günə kimi heç bir məlumatı olmamışdır. Ona görə də, sözügedən etibarnamələr və bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(044)1172/2021 nömrəli qətnaməsi ilə (hakim R.N.Ələkbərli) iddianın təmin edilməsi, Gəncə şəhəri 1 saylı Notariat Kontorunda təsdiq olunmuş 30 iyun 2015-ci il tarixli 7E3843 reyestr nömrəli və 14 oktyabr 2015-ci il tarixli 7E-7374 reyestr nömrəli etibarnamələrin, Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiq olunmuş 17 oktyabr 2015-ci il tarixli 4Ə-2786 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında y erləşən fərdi yaşayış evinə dair Cavabdeh2 adına verilmiş 28 oktyabr 2015-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı, xxx qızının və X4 15 oktyabr 2020-ci il tarixdə vəfat etmiş X2 qanun üzrə vərəsələri tanınması və X1 miras qalmış ünvan 2 ünvanda yerləşən evə İddiaçı, xxx qızının və X4 hər birinin 1/3 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, 60-cı maddəsinin İ hissəsi, Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 359.1, 359.3, 362.1, 364.1, 364.2, 1133.1, 1151.1, 1243-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 07 mart 2016-cı il tarixli Qərarı ilə əsaslandırmış və hesab etmişdir ki, Cavabdeh2 anası Cavabdeh1 etibarnamə verərək sonuncu tərəfindən fərdi yaşayış evinin bağışlanması qanunvericiliyə uyğun olmamış və Mülki Məcəllənin qeyd edilən müddəaları pozularaq bağışlanma müqaviləsi bağlanmışdır. Cavabdeh1 tərəfindən fərdi yaşayış evi Cavabdeh2 bağışlanarkən, bağışlanma müqaviləsinin tərəflərindən biri Cavabdeh2, yəni X2 (təmsil edilənin) təmsilçisi olmaqla, mülki qanunvericiliyin müddəasının tələbləri pozularaq, özü barəsində əqd bağlanmışdır. Daha sonra məhkəmə hesab etmişdir ki, İddiaçı, xxx qızı və X9 mirasın açı ldığı yer üzrə notariat kontoruna miras əmlak barədə ərizə verdiklərindən onlar 15 oktyabr 2020-ci il tarixdə vəfat etmiş X2 qanun üzrə vərəsəsi tanınmalı və X1 miras qalmış ünvan 2 ünvanda yerləşən evdə onların hər birinin 1/3 hissədə payları müəyyən edilməlidir. Məhkəmə qeyd etmişdir ki, X2 qızı Cavabdeh1 miras əmlakı qəbul etməyə dair hər hansı iradə ifadəsi bildirməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh2 apellyasiya şikayəti verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(044)-1172/2021 nömrəli qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 sentyabr 2021-ci il tarixli, 2(104)-3424/2021 nömrəli qətnaməsi ilə (hakim Ş.Q.Rza quliyevin sədrliyi və məruzəsi ilə, hakimlər L.S.Süleymanovdan və A.H.Hüseynzadədən ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyun 2021-ci tarixli 2(044)-1172/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinə, Gəncə şəhəri 1 saylı notariat ofisinə, üçüncü şəxslər X5, xxx qızına qarşı “Gəncə şəhəri 1 saylı Notariat Kontorunda təsdiq olunmuş 30 iyun 2015-ci il tarixli 7E-3843 reyestr nömrəli və 14 oktyabr 2015-ci il tarixli 7E-7374 reyestr nömrəli etibarnamələrin, Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiq olunmuş 17 oktyabr 2015-ci il tarixli 4Ə-2786 reyestr nömrəli daşınmaz əmlakın bağ ışlanması müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 adına verilmiş 28 oktyabr 2015-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı miras payının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi Mülki Məcəllənin 324.1, 324.4, 331.1, 337.1, 337.2, 337.4, 359.1, 359.3, 359.4, 362.1, 362.2, 666.1-ci maddələrinə istinad edərək belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin əqdlərdə təmsilçilikdən bəhs edən 16-cı fəslində bağışlama müqaviləsinin etibarsızlığını müəyyən edən birbaşa norma yoxdur. Lakin 359.3-cü maddədə nəzərdə tutulan şərtləri pozmaqla bağlanmış əqd, Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından onun etibarsızlığına səbəb ola bilər. Ona görə də baxılan iş üzrə mübahisə predmeti olan 17 oktyabr 2015-ci il tarixli bağışlama müqaviləsinin qanuniliyinə təsir edən, Mülki Məcəllənin 359.3-cü maddəsində göstərilən iki mümkün variantı işin halları ilə müqayisəli təhlil olunmalıdır. Apellyasiya məhkəməsi göstərmişdir ki, təmsilçilik dedikdə, bir şəxsin almış olduğu səlahiyyət dairəsində başqa şəxsin marağına müvafiq olan və onun adından əqd bağlaması və digər hüquqi hərəkətlər etməsi başa düşülür. Etibarnamə şəxsə səlahiyyətli təmsilçilik hüququ verən sənəddir. Adi qaydada bağlanan əqdlərdə tərəflər bilavasitə iştirak edir və onların arasında bağlanan əqddən i rəli gələn hüquq və vəzifələr yaranır. Tərəflərin iştirakı ilə bağlanan əqddən təmsilçinin bağladığı əqdin səciyyəvi fərqli xüsusiyyəti ondan ibarətdir ki, əqdi təmsilçi bağlasa da, hüquq və vəzifələr təmsil edilənlə üçüncü şəxs arasında yaranır. Təmsilçi vasitəsi ilə bağlanan müqavilədə tərəflər təmsil edilənlə üçüncü şəxs (məsələn alqı-satqı müqaviləsində alıcı və satıcı, kirayə müqaviləsində kirayəyə verən və kirayəçi, bağışlama müqaviləsində hədiyyə verən və hədiyyə alan və s.) olur. Əqdi bilavasitə bağlamış təmsilçi isə bu münasibətlərdən kənarda qalır. Qanunvericilikdə təmsilçi vasitəsi ilə əqdlərin bağlanmasında bəzi məhdudiyyətlər nəzərdə tutulmuşdur. Məsələn, Mülki Məcəllənin 359.3-cü maddəsinin göstərişinə görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Bu o deməkdir ki, əmlakı satmaq səlahiyyəti verilmiş təmsilçi həmin əmlakı özünə ala bilməz. Təmsilçi həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçi olduğu şəxs barəsində bu cür əqdləri bağlaya bilməz. Belə olsaydı təmsilçi həm satıcını, həm də alıcını təmsil etmiş olardı. Təmsilçi üçün bu məhdudiyyətlər müəyyən olunmasaydı müqavilələrin konstruksiyası pozulardı. Apellyasiya məhkəməsi qanunvericiliyin qeyd olunan hüquq normalarını baxılan mübahisə üzrə müəyyən olunan faktik hallarına tətbiq etməklə belə nəticəyə gəlmişdir ki, 17 oktyabr 2015-ci il tarixli bağışlama müqaviləsi bağlanarkən Cavabdeh2 mülkiyyətçi X2 təmsilçisi (etibarnamə üzrə nümayəndəsi kimi) kimi çıxış etməmişdir. Çünki Cavabdeh2 30 iyun 20 15-ci il tarixli etibarnamə əsasında Tamilla Hacıyevanın ona verdiyi səlahiyyətləri 14 oktyabr 2015-ci il tarixdə tərtib olunmuş etibarnamə ilə Cavabdeh1 vermiş, bu andan onun nümayəndə kimi səlahiyyətlərinə xitam verilmişdir. Ona görə də Cavabdeh2 bağışlama müqaviləsinin bağlanmasında öz adından çıxış etmiş hədiyyə alandır. Bu halda Cavabdeh2 bağışlama müqaviləsini bağlayarkən hərəkəti Mülki Məcəllənin 359.3-cü maddəsinin təsiri altına düşmür və birinci instansiya məhkəməsinin Cavabdeh2 dolayısı ilə təmsil edilən adından şəxsən özü barəsində Cavabdeh1 vasitəsi ilə əqd bağlaması barədə gəldiyi nəticə obyektiv həqiqətdən uzaq nəticədir. Daha sonra məhkəmə göstərmişdir ki, bağışlama müqaviləsinin əsas xüsusiyyətlərindən biri hədiyyə verənin ona məxsus əmlakı (əşyanı) bağışlamaq niyyətinin ol masıdır ki, Tamilla Hacıyeva da belə niyyəti mövcud olmuşdur. Cavabdeh1 verilmiş etibarnamədə etibar edilənə ünvan 2 mənzilə dair digər hüquqlarla yanaşı, bağışlama müqaviləsini bağlamaq səlahiyyəti də vermişdir. Etibar edilmiş Cavabdeh1 isə həmin etibarnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində hərəkət etməklə hazırki iş üzrə mübahisələndirilən 17 oktyabr 2015-ci il tarixli müqavilə üzrə hərəkətləri həyata keçirmişdir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mərhum X11 Hüseynova etibarnamə verdiyi müddətdən sonra – 30 iyun 2015-ci il tarixdən ölümünədək, yəni 13 oktyabr 2020-ci il tarixədək xüsusi mülkiyyətində olan evin üzərində hər hansı bir sərəncamverici hərəkətin edilib-edilməməsi ilə bağlı maraqlanmaması ona dəlalət edir ki, etibarnamə əsasında həy ata keçirilmiş bütün hərəkətlər təmsil olunanın özünün iradəsinə uyğun olmuş və məhz onun iradəsini nümayiş etdirmişdir. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında verdiyi izahatdan da görünür ki, mərhum nənəsinə məxsus ev bağışlama yolu ilə onun adına sənədləşdirildikdən sonra aldığı çıxarışı nənəsinə göstərmiş, sonuncunun heç bir etirazı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, etibarnaməyə uyğun olaraq mübahisəli ev üzərində sərəncamverici hərəkətlərin həyata keçirilməsi Tamilla Hacıyevanın iradə ifadəsinin göstəricisi olmuşdur. Bu halda etibarnamələrin, bağışlama müqaviləsinin etibarsız hesab olunması və onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması barədə iddia tələbi də təmin oluna bilməz. Daha sonra, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145, 1151.1-ci maddələrinə istinad etməklə göstərmişdir ki, Tamilla Hacıyevanın öldüyü vaxt mülkiyyətində əmlakı olmadığına görə mirasdan söhbət gedə bilməz. Odur ki, iddia tələbi miras əmlaka payların müəyyən edilməsi hissədə də əsassızdır və təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: İddiaçı, habelə üçüncü şəxslər X9 və xxx qızı kassasiya şikayətləri verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 sentyabr 2021-ci il tarixli, 2(104)3424/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Mahiyyəti eyni olan hər üç kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, MM-in 359.3-cü maddəsinə zidd olaraq cavabdeh başqa məqsəd üçün ona verilmiş etibarnamədən sui-istifadə edərək, mənzili öz adına keçirmiş, etibarnamədən öz mənafeyi üçün istifadə etmişdir. Apellyasiya məhkəməsi isə həmin halları nəzərə almamışdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmçinin Cavabdeh2 tərəfindən MM-in 364.2-ci maddəsinin tələbləri pozulmuş, etibarnamə ilə verilmiş səlahiyyətləri anası ötürülməsi barədə nənəsinə məlumat verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bağışlama müqaviləsi etibarsız hesab olunduğu halda isə, cavabdehin mübahisələndirilən mənzil üzərində mülkiyyət hüquq yaranmamış, odur ki, həmin əmlak miras kütləsinə daxil olmuşdur. Kassasiya şikayətlərinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiy ası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı və üçüncü şəxslər tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) ad ından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin ic rasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. 360.2-ci maddəsinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kim i istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası ilk olaraq hesab edir ki, mübahisələndirilən bağışlama müqaviləsi bağlanarkən Cavabdeh2 mülkiyyətçi X2 təmsilçisi (etibarnamə üzrə nümayəndəsi kimi) kimi çıxış etməməsi, 30 iyun 2015-ci il tarixli etibarnamə əsasında Tamilla Hacıyevanın ona verdiyi səlahiyyətləri 14 oktyabr 2015-ci il tarixdə tərtib olunmuş etibarnamə ilə Cavabdeh1 verdiyi üçün onun nümayəndə kimi səlahiyyətlərinə xitam verilməsi və bu səbəbdən təmsil edilən ad ından şəxsən özü barəsində əqd bağlaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarına uyğun olmamışdır. İlk olaraq ona görə ki, etibarnaməyə xitam verilməsinin əsasları Mülki Məcəllənin 365.1-ci maddəsində müəyyən olunmuş və həmin maddədə etibarnamə ilə verilmiş səlahiyyətlərin üçüncü şəxsə otürülməklə ona xitam verilməsi nəzərdə tutulmamışdır. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir neçə qərarlarında irəli sürülmüş mövqeyə görə də Mülki Məcəllənin 359.3-cü maddəsində göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnaməni verməsinin ha nsı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olmasıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, bu zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. (“H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli, “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyası na və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 07 mart 2016-cı il tarixli qərarlar). Hazırki işdən müəyyən olunur ki, mülkiyyətçi tərəfindən Cavabdeh2 etibarnamə onu üçüncü şəxslər qarşısında təmsil edilməsi məqsədi ilə verilmişdir. Həmin etibarnamədə təmsil olunanın mülkiyyətində olan mənzili təmsilçiyə bağışlamasına dair iradəsinin olması əks olunmamış və belə iradə təmsilçilik mahiyyətinə zidd olmuş olardı. Təmsil olunan isə yalnız ona verilmiş səlahiyyətləri üçüncü şəxsə ötürə bilərdi. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən müqavilə MM-in 359.3-cü maddəsinin tələblərinin pozulması ilə bağlanmış və bu hissədə məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşır. Bununla belə, işin hallarından müəyyən olunur ki, təmsilçi mübahisələndirilən müq avilə imzalandığı tarixdən təxminən 5 il sonra ölmüşdür. Bu müddət ərzində o, həmin əqdi mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində işin hallarına hüquqi qiymət verərkən qeyd etmişdir ki, mərhum X11 Hüseynova etibarnamə verdiyi müddətdən sonra – 30 iyun 2015-ci il tarixdən ölümünədək, yəni 13 oktyabr 2020-ci il tarixədək xüsusi mülkiyyətində olan evin üzərində hər hansı bir sərəncamverici hərəkətin edilib-edilməməsi ilə bağlı maraqlanmaması ona dəlalət edir ki, etibarnamə əsasında həyata keçirilmiş hərəkətlər son nəticədə təmsil olunanın iradəsinə uyğun olmuş və məhz onun iradəsini nümayiş etdirmişdir. Beləliklə, mülkiyyətçi bağlanmış əqdi MM-in 360-cı maddəsinə uyğun olaraq sonradan bəyənmişdir. İddiaçı tərəf anasının mənzilinin bağışlanmasından xəbərinin olmamasını iddia etsə də, bu halla bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübutu təqdim etməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə müqavilə bağlandığı tarixdən təmsil olunan şəxsin ölümünə qədər kifayət qədər uzun müddət – 5 il keçdiyi və qeyd olunan hal iddia tələbinin dəlillərindən biri olduğu üçün mülkiyyətçinin bağlanmış müqavilədən bu müddət ərzində xəbərinin olmamasını sübut etmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin əsaslanması üçün istinad etdiyi maddi hüquq normaların bir hissəsinin tətbiqində səhvə yol verməsi qənaətinə gəlsə də, hesab edir ki, həmin pozuntu qətnamənin ləğvi üçün əsas ola bilməz. İş üzrə qəbul olunan yekun qətnamə qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı, habelə üçüncü şəxslər X9 və xxx qızı tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 sentyabr 2021-ci il tarixli, 2(104)-3424/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar