Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-994/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə və qeyrisinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: borcun silinməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9201/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qəra rı qəbul etdi: İşin halları: İddiaçı Nəbi oğlu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, 5-ci küçə, 21 saylı evdə yaşamaqla **********10000 №-li abonent kodu üzrə elektrik enerjisindən istifadə edir. Həmin ünvanda quraşdırılmış elektrik sayğacı tam yandığı üçün yenisi ilə əvəz edilmiş və bu barədə 16 aprel 2020-ci il tarixdə akt tərtib olunmuşdur. 12 may 2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentin istifadəsinə verilmiş sayğaca baxış keçirilərkən sayğacın üzərində kompüter məlumat bazasına daxil edilməmiş sərfiyyatın olması barədə akt tərtib olunmuş və İddiaçı əlavə sərfiyyat kimi 13.370,78 manat məbləğində borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin may ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16 aprel 2020-ci il tarixdə ona məxsus ünvanda quraşdırılmış sayğaca 12 may 2020-ci il tarixdə baxış keçirilərkən müəyyən olunmuş 889 kvt. saat sərfiyyatın düzgün olmayaraq sayğaca daxil edilməsini, həmin borcu ödəməsinə baxmayaraq ona düzgün olmayaraq 13.370,78 manat məbləğində borc hesablanmasını əsas göstərməklə həmin borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-85/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim: K.B.Əsədov) iddia qismən təmin edilərək İddiaçı Nəbi oğluna hesablanmış borcun 11.386,78 manat məbləğində hissəsinin silinməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək 12 may 2020-ci il tarixdə Cəmiyyətin Əməkdaşları tərəfindən iddiaçıya məxsus elektrik sayğacına baxış keçirilərkən 124.000 kvt.saat elektrik enerjisi sərfiyyatının aşkar olunmasını və həmin sərfiyyatın dəyərinin 13.378,96 manat təşkil etməsini, lakin məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilmədən iddianın qismən təmin olunması barədə qətnamənin qəbul edilməsini əsas göstərməklə qətnamənin iddia tələbinin qismən təmin edilmiş hissəsində ləğv edilib iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin İddiaçı apelyasiya şikayəti verərək qətnamənin işdəki sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərərək iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9201/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.Ə.Mehdiyev) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(002)-85/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şika yətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” 8.33-cü bənd Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidlərinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət ab onentinə verir. Akt enerji təchizatı müəssisinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə v ə qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından görünür ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış sayğacın tam yanması ilə əlaqədar 16 aprel 2020-ci il tarixdə yenisi ilə dəyişdirilməsinə baxmayaraq, 12 may 2020-ci il tarixə kimi, qısa bir müddət ərzində iddiaçıya 13.370,78 manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. İddiaçıya hesablanmış hə min borcun yoxlanılması məqsədi ilə məhkəmə tərəfindən məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və "xxxx" MMC tərəfindən aparılmış 25 yanvar 2021-ci il tarixli ekspertiza tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının son bir il ərzində hər ay üçün orta enerjisi sərfiyyatı 41,22 manat, il ərzində isə 496 manat təşkil etmişdir. İşdən görünür ki, cavabdeh itirilmiş enerji sərfiyyatına görə iddiaçıya borc hesablanarkən son 4 illik zaman kəsiyini əsas götürmüşdür. Ekspert rəyində iddiaçı tərəfindən yol verilmiş illik enerji sərfiyyatının 496 manat təşkil etməsini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçının 4 il ərzində istifadə etdiyi enerjinin 1984 manat təşkil etməsi (496*4il=1984 manat) daha obyektiv və ağlabatandır. Bununla əlaqədar məhkəmə hesab etmişdir ki, hə min məbləğ iddiaçıya hesablanmış 13.370,78 manatdan çıxıldıqdan sonra qalan 11.386,78 manat silinməlidir. Cavabdeh tutulmuş borcun məbləği ilə razılaşmasa da, iddiaçının həqiqətən də, ondan tələb olunan məbləğdə enerji sərfiyyatına yol verməsini sübuta yetirə bilməmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. İddiaçıya əsassız olaraq istifadə etdiyi enerjiyə görə borc hesablanması onun hüquqlarını pozduğu üçün iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara düzgün qiymət verilməklə, qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9201/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-994/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-994/2022
09.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver