Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-100/2023 16.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “qanunsuz yazılmış borcun silinməsi” hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “qanunsuz yazılmış borcun silinməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)5564/2021 saylı işi üzrə 13 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanına yazılmış (Abonent kodu: **********20018) 1595,93 manat məbləğində pul vəsaitinin abunəçinin hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5564/2021 saylı işi üzrə 13 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir.
2. İşin icraatı zamanı müəyyən edilmişdir:- "xxxx" ASC tərəfindən vəkil M.Zaliyevə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, Sarayeva küçəsi, 5 nömrəli evin, 32 saylı mənzilinə məxsus **********20018 nömrəli abunə kodu üzrə xx.xx.2014-cü il tarixindən bugünədək elektrik enerjisi istifadəsinə görə 614,66 manat ödəniş edilmişdir;- RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2140 nömrəli reyestr kitabının 198188 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır;- xx.xx.2021-ci il tarixli R 228035 nömrəli aktdan məlum olur ki, iddiaçı Abdullayeva Dilarənin abonent olduğu Əhmədli qəsəbəsi, Sarayeva 32/18 ünvanında yerləşən evə (**********20018) quraşdırılmış sayğaca baxış zamanı elektrik sayğacını alt qapaq hissələri pozulmuşdur, abonentin elektrik enerjisinə debitor borcuna görə elektrik enerjisi verilməsi 2020-ci il avqust ayından dayandırılmışdır. (iş səh 11, 14, 67).
3. Qətnamə Azərbaycan Respublikasının Konstitusiyasının 60; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 124.1, 217.4, 218.3; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5, 9.4-cü; “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18; “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.9, 8.2, 8.3, 8.22-ci bəndlərinə istinadən əsaslandırılmış və qeyd edilmişdir ki, məhkəmə, iddia tələbinə münasibətdə hesab edir ki, əvvəla, mövcud borc elektrik sayğacının göstəricisi əsasında hesablandığından və belə hesablaşmanın aparılmasında hər hansı qanunazidd hallar məhkəmə tərəfindən müəyyən olunmadığından iddia tələbi əsaslı deyildir və buna görə məhkəmə tərəfindən təmin oluna bilməz. Məhkəmə, iddiaçının “borcun əvvəlki mülkiyyətçiyə aid olması” barədə dəlillərinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən, məişət abonenti mənzildən köçərkən, mənzilin yeni mülkiyyətçisi - iddiaçı ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsini və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerji təchizatı müəssisəsinin arayışını tələb etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanına yazılmış (Abonent kodu: **********20018) 1595,93 manat məbləğində pul vəsaitinin abunəçinin hesabından silinməsinə dair iddia tələbi rədd edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-5564/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 14.2, 88, 106.1, 385; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddələrinə istinadən qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli № 2(011)-5564/2021 saylı qətnaməsi ilə tanış olduğu zaman təsviri əsaslandırıcı hissəsində qeyd edilmişdir ki o tələbini müdafiə edərək öz izahatında “yazılmış borcun onun deyil, əvvəlki mülkiyyətçinin borcu olmasını” bildirdiyini qeyd etmişdir. Bundan sonra iclas protokolu ilə də tanış olmuşdur. 13 avqust 2021-ci tarixli iclas protokolunda qeyd edilmişdir ki, 1595,93 manat yazılmış borc ona deyil, əvvəlki mülkiyyətçiyə aiddir. Halbuki, o belə izahat verməmişdir. Belə ki, onun iddiasının əsası mübahisələndirilən borc iddia ərizəsinə əlavə etdiyi ödəniş cədvəlində əvvəllər qalıq borc olmamışdır. Belə olan halda, qalıq borc olmadığı halda yaranmış borcun əvvəlki mülkiyyətçiyə aid olmasını o necə deyə bilər. Bu da bir daha sübut edir ki, məhkəmə çəkişməsi formal xarakter daşıyır və onun izahatı təhrif olunmuşdur. İddia tələbi yalnız xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək yəni 5 ay sərfiyyat dəyişmədən hər ay üzrə eyni 35645 göstərilmişdir. xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixədək isə sərfiyyat dəyişmədən yenə də hər ay üzrə eyni 35660 göstərilməsindən sonra bir ay müddətində 1595,93 manat sərfiyyatın yazılmasını mübahisələndirmişdir və əvvəlki mülkiyyətçinin borcu olmasını iddia tələbində qeyd etməmişdir. Hesab edir ki, izahatında mülkiyyətçinin borcu əvvəlki mülkiyətçiyə aid olması hissəsində etibarsız hesab edilməsini nəzərə alınmasını xahiş etmişdi. Bununla bağlı iclas protokoluna qeyd verilmişdir. Мəhkəməyə qeyd olunan mənzilinin enerji sərfiyyatının və ödənişlərinin tam açıqlamasını təqdim etmişdi. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, əvvəlki mülkiyyətçinin borcunu mübahisələndirməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-711/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə kompleks məhkəmə-mühasibatlıq və məhkəmə(mühəndis)texniki ekspertizası təyin edilmiş, məhkəmə-mühasibatlıq ekspertizasının rəyi xx.xx.2022-ci il tarixində məhkəməyə daxil olmuş və ekspertiza xərclərinə dair bildirişdə tədqiqatın dəyəri 50 manat məbləğində müəyyən edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə(mühəndis)-texniki ekspertizasının keçirilməsindən imtina edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məktubu xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. "xxxx" ASC tərəfindən təqdim edilmiş maliyə arayışı məlumatlarına əsasən ünvan 1 ünvanı abonent kodu **********20018 üzrə elektrik enerjisindən istifadə borcu 1530,56 manat məbləğində müəyyən edilir.
6. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 apellyasiya şikayətinə uyğun izahat verərək, 3 otaqlı mənzildə 1 aya o həcmdə elektrik enerjisinin istifadə edilə bilməyəcəyini, sayğacın çöldə olduğunu, elektrik enerjisinin verilişinin dayandırılmadığını, Sonrakı pulların ödənildiyini. Borc yazılan dövrdə həmin evdə yaşayışın olmadığını bildirmişdir.
7. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, işdə olan aktın borca aid olmadığını və yaranmış borcun sərfiyatla bağlı olduğunu bildirmiş, şikayət əsassız olduğundan və onun təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın (bundan sonra – “Qaydalar”) 6.1ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X1 Agentliyi həyata keçirir. 6.4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” fəslində X1 Agentliyinin səlahiyyətinə aid maddələrə uyğun olaraq, pozuntuya yol vermiş fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı X1 Agentliyi tərəfindən inzibati tənbeh növləri tətbiq edilir. 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 10.9. Enerjitəchizatı müəssisəsi və istehlakçı bu Qaydaların 10.8-ci bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar.10.18. Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi: “10.18.9. elektrik enerjisi rejimlərinə, elektrik enerjisinin səmərəli və qənaətlə istifadəsinə, elektrik qurğularının texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, təlimatların və digər normativ sənədlərin tələblərinə əməl olunmasına və səlahiyyəti daxilində digər məsələlərə nəzarət etmək üçün X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin (onların xidməti vəsiqələri, nəzarətin həyata keçirilməsi haqqında qərarın surəti və nəzarətin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı əsasında) günün istənilən vaxtı maneəsiz elektrik qurğularına buraxılmasını təmin etməyə; 10.18.9-1. Elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə on iki ayda bir dəfədən az olmayaraq, paylayıcı qurğulara baxış keçirməyə; 10.18.9-2. bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə; 10.18.10. elektrik enerjisinin paylanmasında, satılmasında, elektrik enerjisindən səmərəli istifadə olunmasında, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların istismarında texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, elektrik qurğularının quraşdırılması qaydalarının və digər normativ sənədlərin tələblərinə əməl olunmasında aşkar edilmiş pozuntu və çatışmazlıqların aradan qaldırılması haqqında X1 Agentliyinin tələbnamələrini müəyyən olunmuş müddətlərdə yerinə yetirməyə borcludur.”
10. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Həmin Qanunun 13-cü maddəsində göstərilmişdir ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə; həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.
11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 16 oktyabr 2021-cı il tarixli 14 nömrəli Qərarına, Mülki Məcəllənin 385.1, 442, 454, 560, 1096-1097, 1131; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 78.1, 80, 82.1, 106.2, 119, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
12. İddia edilən borcun sübutetmə yükü cavabdehə mənsub olsa da, borcun yaranma əsaslarının sərfiyyatla bağlı olduğunu qeyd etsə də bunun səbəblərini sübut edə bilməmiş, ekspertiza ilə də bunu müəyyən etmək mümkün olmamışdır. Elektrik enerjisinin qənaətedici olmayan sərfiyyatı əsaslarını dövlət əmlakının talanması təşkil edir və bu hallara nəzarət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. Enerjitəchizatı müəssisəsi iddiaçıdan müvafiq borcun ödənilməsi üçün zəruri tədbirlər həyata keçirməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçının və ya digər şəxsin müvafiq cinayət təqibi, və ya ya inzibati xəta haqqında icraatlar həddində hərəkətsizliyi mülki icraat çərçivəsində araşdırmanın xüsususiyyətlərinə və prosessual məhdudiyyətlərə müvafiq iddia edilən halların tam araşdırılmasına imkan vermir.
13. Qeyd edilənlərə əsasən, araşdırma zamanı iddia edilən zamana və təqdim edilən sənədlərə əsasən iddiaçının borcu 1530,56 manat məbləğində müəyyən edilir. Araşdırılan halların sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Belə ki, iddiaçıya münasibətdə onun hərəkətlərinin qanunsuzluğu təkzib edilməz sübutlarla (delikt, inzibati xəta və sair) təsdiq edilməmişdir.
14. Kollegiya hesab edir ki, əsassız borcun iddiaçıya yazılması qismən müəyyən edildiyindən, apellyasiya şikayəti təmin edilərək qətnamə ləğv edilməli və yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli, 1530,56 manat məbləğində müəyyən edilmiş borc iddiaçının hesabından silinməli, ekspertiza xərci də cavabdehdən tutulmalıdır.
15. Diqqətə çatdırılmalıdır ki, mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
16. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 2, 8-14, 382, 384, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)5564/2021 saylı işi üzrə 13 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı iddiası qismən təmin edilsin. "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanına yazılmış (Abonent kodu: **********20018) 1530,56 manat məbləğində pul vəsaiti abunəçinin (İddiaçı) hesabından silinsin. İş üzrə ekspertiza xərci olan 50 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin.