Məhkəmə qərarları › İş №2(103)-1002/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1002/2023

07.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1002/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı iş üzrə (Açar sözlər: «əqdin etibarsız hesab edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4357/2022 saylı, 26 oktyabr 2022ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Kürdəmir şəhəri, Bakı prospekti küçəsində yerləşən ümümi sahəsi 360 kv/m, 16 otaqdan ibarət olan 22A nömrəli qeyri-yaşayış binasına 13 yanvar 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında X2 mülkiyyət hüququ xx.xx.2006-ci il tarixdə qeydiyyata alınmışdır.

2. 07 mart 2020-ci il tarixli ƏN-İ seriyalı 668857 nömrəli etibarnaməyə əsasən, İddiaçı Kürdəmir şəhəri, Bakı prospekti, 22A ünvanında yerləşən 360 kv/m olan qeyri yaşayış binasını və 0.0285 ha torpaq sahəsinə dair ƏMDKY DƏDRX-dən 1 saylı arayış və digər hüquqmüəyyənedici sənədləri aldıqdan sonra sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka(girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, depozit hesablaşmanı aparmağı, ceki almağı, pulu götürməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından bütün digər hərəkətləri etməyi Cavabdeh2 3 (üç) il müddətinə, yəni 07 mart 2023-ci il tarixədək etibar etmişdir. Bu etibarnamə Bakı şəhər 23 saylı Notariat Kontorunda xx.xx.2020-ci il tarixdə reyestrdə 7E-1972 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmişdir.

3. İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış 07 mart 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı Kürdəmir şəhəri, Bakı prospekti, 22A ünvanında yerləşən ümümi sahəsi 360 kv/m olan qeyri yaşayış sahəsini tam hissəsini 360 kv/m 200.000 (iki yüz min) manata Cavabdeh1 satmışdır, həmin müqavilə Bakı şəhər 12 saylı Notariat Kontorunda xx.xx.2020-cu il tarixdə reyestrdə 4Ə-508 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmişdir.

4. ünvan 2 kəndi ünvanında qeydiyyatda olan X5 notariat ofisinə təqdim etdiyi **********866 saylı ərizədə, əri İddiaçı məxsus olan Kürdəmir şəhəri, Bakı prospekti,22A ünvanında yerləşən 360 kv/m olan qeyri yaşayış binasını və 0.0285 ha torpaq satılmasınına etiraz etmədiyini bildirmiş, həmin ərizə Bakı şəhər 23 saylı Notariat Kontorunda xx.xx.2020-ci il tarixdə reyestrdə 8İ-1866 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmişdir.

5. xx.xx.2020-ci il tarixli ünvan 4 ünvanladığı məktuba əsasən Cavabdeh1 notariat qaydasında təsdiq ediləcək daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 200000 (iki yüz min) manatı müvafiq müqavilə təsdiq edildikdən sonra yaranmış 4128,38 (dörd min yüz iyirmi səkkiz manat otuz səkkiz qəpik) manat vergi öhdəliklərini (borcu) dövlət xəzinədarlığına ödənilməsi məqsədi ilə daşınmaz əmlakın satış dəyərindən çıxdıqdan sonra qalan 195871,62 (yüz doxsan beş min səkkiz yüz yetmiş bir manat altmış iki qəpik) manat Cavabdeh2 ödənilməsi üçün bankda olan VÖEN **********; AZ68GUNA******************** nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir.

6. ünvan 5 ünvanında qeydiyyatda olan Cavabdeh1 notariat ofisinə təqdim etdiyi **********739 saylı ərizədə, xx.xx.2020-ci il tarixində bağlanmış 4Ə-508 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş müqavilə üzrə əldə etdiyi daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının 3 (üç) gün müddətində qeydə alınması məqsədi ilə ərizəsinin və alqı-satqı müqaviləsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində elektron qaydada göndərilməsini təmin edilməsini, həmin ərizə Bakı şəhər 12 saylı Notariat Kontorunda xx.xx.2020-ci il tarixdə reyestrdə 8İ-1739 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 verdiyi 07 mart 2020-ci il tarixli etibarnamə əsasında onun adından Cavabdeh1 ilə 07 mart 2020-ci il tarixdə bağladığı Bakı şəhəri 12 saylı notariat ofisində reyestrdə 4Ə-508 nömrə ilə qeyd edilmiş AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiada göstərilir ki, uzun illərdir Rusiya Federasiyasının Moskva şəhərində kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olmuşdur.Onun bu fəaliyyətlə məşğul olduğu zaman İlqar adlı şəriki olmuş, bir yerdə işləmişlər. Moskvada kənd təsərrüfatı məhsullarını Eldar adlı şəxsdən alırmışlar. İddiaçının şəriki İlqar, Eldar adlı şəxsdən aldıqları malların satışından əldə olunmuş vəsaiti götürərək İspaniyaya getmiş və oradan geri qayıtmamışdır. Bu səbəbdən də Eldardan aldıqları məhsulların əvəzinin ödənilməsi iddiaçının üzərində qalmışdır. Eldar ondan borcu istədiyində, iddiaçı ona həmin borcu verə bilmədiyini, lakin imkanı olduğu zaman qaytaracağını bildirmişdir. Eldar isə ona bildirmişdir ki, o zaman razılaşar ki, bu sözü təsdiq edəcək təminat olsun. Bundan sonra iddiaçı Kürdəmir rayonunda yerləşən obyektini (restoran) onda girov saxlamağını təklif etmişdir. Bunun üçün həmin “Everest” restoranında olur. Bir halda ki, alqı-satqı müqaviləsi 07 mart 2020-ci ildə 12 saylı notariat ofisində bağlanması nəzərdə tutulmuşdursa, əgər iddiaçının niyyəti obyekti satmaq idisə, onu birbaşa 12 saylı notariat ofisinə dəvət edə bilərdilər. Başqa notariusa gedib etibarnamə verməyək və bunun ardınca baş tutacaq alqı-satqı üçün vaxt itkisinə səbəb olmazdı. Çünki bu işdən belə nəticəyə gəlmək olur ki, alqı-satqının olunması cavabdehlər üçün təcili baş verməli idi. Cavabdeh2 iddiaçının ona verdiyi etibarnamədən istifadə etməklə, iddiaçıya məxsus olmuş əmlakı özü əldə etmək niyyəti ilə əmisi oğluna satmışdır. Çünki, iddiaçı nə iş üzrə Cavabdeh1, nədəki, Cavabdeh2 tanımamışdır, həmin əmlakı satmağı tapşırmamışdır. Cavabdeh2 yalnız ona etibarnamə verdiyi gün görmüşdür. Cavabdeh2 da onunla borclu olduğu Eldar tanış etmiş və etibarnaməni onun adına verməyi bildirmişdir. Bu baxımdan da qeyd olunanlar bir daha onu deməyə əsas verir ki, iddiaçıya məxsus olmuş əmlaka dair alqı-satqının nəticələri qanunsuz və əsassızdır. Daha sonra Eldar Rövşən adlı tanışını iddiaçıya təqdim etmiş və etibarnaməni onun adına verməyini bildirmişdir. İddiaçı Rövşən adlı şəxsin adına etibarnamə vermişdir. Lakin bir həftə əvvəl iddiaçıya məlum olmuşdur ki, ona məxsus həmin əmlak 12 saylı notariat ofisində satılmışdır. Bununla bağlı alqı-satqı əməliyyatı aparılmış Bakı şəhəri 12 saylı notariat ofisinə vəkil sorğusu verilərək notariat işinin təsdiq olunmuş surətlərini götürdükdə məlum olmuşdur ki, ona məxsus əmlakı Cavabdeh2 verdiyi etibarnamə əsasında əmisi oğlu Cavabdeh1 satmışdır.Cavabdeh2 həmin əmlak iddiaçının mülkiyyətində qalmasın deyə öz qohumu ilə alqı-satqı müqaviləsi bağlamış və dolayısıyla əmlakı özü üçün əldə etmişdir. Halbuki, iddiaçı etibarnaməni ona müvəqqəti vermişdir. Bu barədə Eldar ilə onun arasında razılaşma olmuş, bu günə kimi də obyekt iddiaçının istifadəsindədir. 07 mart 2020-ci ildə olunmuş alqı-satqı nəzərə alsa, əgər obyekt Cavabdeh2 aiddirsə bu günə qədər əmlakı iddiaçıdan tələb etməli idi. Lakin bununla bağlı məhkəməyə və ya digər orqana müraciət daxil olmamışdır. Hal hazırda obyekt iddiaçının istifadəsindədir və hər hansı etirazla rastlaşmamışdır. Etibarnamə Cavabdeh2 iddiaçının Eldara olan borcuna dair girov təminatı qismində verilmişdir. Etibarnamə verdiyi şəxs iddiaçının adından çıxış edərək ona verdiyi etibarnamə əsasında obyekti öz qohumuna satmışdır. Bu cür alqı-satqı isə qanunvericiliyə ziddir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4357/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi (hakim Gülnar Babazadə) ilə iddia tələbi təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaətində qeyd edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş həqiqi halları və işdə olan rəsmi sənədlərlə təsdiq edilir ki, İddiaçı tərəfindən 07 mart 2020-ci il tarixdə Kürdəmir şəhəri, Bakı prospekti, 22A ünvanında yerləşən 360 kv/m olan qeyri yaşayış binası və 0.0285 ha torpaq sahəsinə dair sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka(girov)qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, depozit hesablaşmalını aparmağı, ceki almağı, pulu götürməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından bütün diğər hərəkətləri etməyi Cavabdeh2 etibar edilmişdir. Etibarnamə 3 il müddətinə verilmiş və xx.xx.2023-cü il tarixədək qüvvədə olmuşdur. Sözügedən etibarnaməni İddiaçı 23 saylı notariat ofisində şəxsən özü imzalamışdır. Həmin etibarnamə əsasında cavabdeh Lətifov X1 şəhəri, Bakı prospekti, 22A ünvanında yerləşən 360 kv/m olan qeyri yaşayış binası və 0.0285 ha torpaq sahəsini 07 mart 2020-ci il tarixdə bağladığı Bakı şəhəri 12 saylı notariat ofisində reyestrdə 4Ə-508 nömrə ilə qeyd edilmiş AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi ilə Cavabdeh1 200 000 manata satmışdır. Qeyri-yaşayış binası və torpaq sahəsinin satılmasına dair alqı-satqı müqaviləsini Cavabdeh2 imzalayarkən səlahiyyətli olmuşdur. Alıcı Cavabdeh1 qeyri-yaşayış binası və torpaq sahəsinin razılaşdırılmış dəyərini 200.000 manat pulu xx.xx.2020-ci il tarixli mədaxil orderinə əsasən 12 saylı notariat ofisinin notariusu X4 "xxxx" ASC-dəki depozit hesabına ödəmişdir. Satıcı İddiaçı arvadı X5 xx.xx.2020-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə ilə İddiaçı məxsus Kürdəmir şəhəri, Bakı prospekti, 22A ünvanında yerləşən 360 kv/m olan qeyri yaşayış binası və 0.0285 ha torpaq sahəsinin satılmasına razılıq vermişdir. Məhkəmə baxışında, eyni zamanda, müəyyən edilmişdir ki, İddiaçı tərəfindən 07 mart 2020-ci il tarixdə Kürdəmir şəhəri, Bakı prospekti, 22A ünvanında yerləşən 360 kv/m olan qeyri yaşayış binasını və 0.0285 ha torpaq sahəsinə dair ƏMDKY DƏDRX-dən 1 saylı arayış və digər hüquqmüəyyənedici sənədləri aldıqdan sonra sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka(girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, depozit hesablaşmanı aparmağı, ceki almağı, pulu götürməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından bütün digər hərəkətləri etməyi Cavabdeh2 3(üç) il müddətinə etibar etmişdir. Sözügedən etibarnaməni İddiaçı 23 saylı notariat ofisində şəxsən özü imzalamışdır. Eyni zamanda, notarius tərəfindən bu etibarnamənin verilməsi ilə bağlı mülki qanunvericiliyin tələbləri, habelə hüquq və vəzifələri etibar edən qismində ona ətraflı izah olunmuşdur. Məhkəmə iclası zamanı İddiaçı tərəfindən də bu hal təsdiq edildi. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında Eldar adlı şəxsə borcu olduğu üçün, borcu ödəyəcəyini və buna Eldarda etimad yaratmaq məqsədilə, satmaq üçün yox, sadəcə girov kimi Cavabdeh2 etibarnamə verdiyini bildirsə də, məhkəmə araşdırmasında iddiaçı tərəfindən bu hal sübuta yetirilə bilmədi. Məhkəmə iclasında iştirak edən şahid X6 iddiaçının borc əvəzinə obyektin satışına icazə vərməsi barədə əvvəlcədən razılığın olması, bütün bu məsələlərdən iddiaçının özünün xəbərinin olmasını bildirmişdir. Cavabdehlər arasında bağlanmış 03 noyabr 2020-ci il tarixli alğı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış, həmin müqavilənin və onun əsasında verilmiş çıxarışın etibarsız sayılması üçün hüquqi əsaslar mövcud deyildir. Həmçinin, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlamalıdırlar. Hazırkı halda isə yuxarıda qeyd olunduğu kimi Cavabdeh1 bağladığı əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış və əqd üzrə üzərinə düşənləri edərək, dəyərini ödəməklə əldə etmiş, qeyri-yaşayış binası və torpaq sahəsinə dair hüquqlarını daşınmaz əmlakın dövlət reystrində qeydə aldırmışdır. Bununla da vicdanlı əldə edən kimi cavabdeh iddiaçıya nisbətdə daha üstün hüquqi mövqeyə çıxmışdır. Alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi və qeyri-yaşayış binası və torpaq sahəsinin İddiaçı mülkiyyətinə qaytarılması üçün qanuni əsaslar mövcud deyildir. Məhkəmə cavabdehlərin nümayəndəsi və vəkilinin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd edir ki, iddia müddətinin tətbiqi barədə ərizə əsaslandırılmadığından, eyni zamanda iddiaçının iddia tələbləri əsassız olduğundan rədd edildiyindən, məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirilməsini zəruri hesab etmir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

12. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər.

13. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən almanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 359.1. Əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Maddə.359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqd bağlaya bilməz. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 646.1. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Maddə 648.1. Daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən, qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

22. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 337, 339 və 340-cı maddələri nəzərdən keçirilə bilər. Lakin bu işin faktiki halları Mülki Məcəllənin həmin yaxud digər normaların dispozisiya şərtləri ilə uzlaşmır, eləcə də cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayıla bilməz.

23. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.

24. İddiaçı qətnamənin qanunsuz və əsassız olduğunu göstərsə də, bu qanunsuzluğun nədən ibarət olmasını və əsassızlığın isə nədə ifadə olunmasını açıqlamır. Belə ki, iddiaçı 2 il, 4 ay müddət keçdikdən sonra etibarsızlığını tələb etdiyi alqı-satqı müqaviləsinin hansı əsasla etibarsız hesab etdiyinə dair nə iddia ərizəsində, nədə şikayətində heç bir dəlil göstərməmişdir.

25. Əvvəla, satılan qeyri-yaşayış sahəsinin hansı müddətdə mülkiyyətdə olmasının, faktiki hansı şəxsin istifadəsin olmasının alqı-satqıya heç bir təsiri yoxdur. Yetər ki, əmlak sərbəst və könüllü iradə ifadəsi əsasında özgəninkiləşdirilmiş olsun. İddiaçı iddia edir ki, alqı-satqı iradə ifadəsinə uyğun olmayıb, başqa sözlə iradə ifadəsi zədəli vəziyyətdə baş verib. Səbəb kimi, iddia ərizəsində və şikayətindəkiləri göstərir. Buna görə də alqı-satqını qanunvericiliyə zidd hesab edir, çünki, etibarnaməni müvəqqəti borcun təminatı kimi verdiyini, obyektin isə bu gün istifadəsində olduğunu, ancaq məhkəmənin onun pozulmuş hüququnun bərpasını təmin etmədiyini, iradəsinə uyğun olmadan bağlanmış alqı-satqını “iradəsinə uyğun olaraq bağlanmış” hesab etdiyini göstərir.

26. İddiaçının Cavabdeh2 etibarnamə verməsi və sonuncunun həmin etibarnaməyə əsasən iddiaçının adından mübahisəli qeyri-yaşayış sahəsini alqı-satqı müqaviləsi əsasında satması və iddiaçının arvadı Reyhan Uğurovanın da notariat ofisinə əri tərəfindən qeyri-yaşayış sahəsinin məhz satılmasına etiraz etməməsi fakt olaraq işin mübahisəsiz halıdır. Mübahisəli hal həmin qeyri-yaşayış sahəsinin satılmasına iddiaçının həqiqətən razı olub-olmaması, yəni bunun onun iradəsi zədələnmədən həyata keçirilibkeçirilməməsi ilə bağlıdır.

27. Əlbətdə, iddiaçının iradəsini təmsilçi vasitəsilə həyata keçirməsi qanunla qadağan edilməmişdir. Bunun qanuni əsası mövcuddur(MM.359.1). Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqd bağlaya bilməz(359.3). Ancaq həqiqətən də qeyri-yaşayış sahəsinin satılmasında iddiaçının həqiqi iradə ifadəsi olmasaydı yaxud yalnız ipoteka(girov) qoymaq olsaydı, arvadının razılığı isə satılmağa deyil ipoteka qoymağa olsaydı etibarnamədə və ərizədə yalnız bunu göstərmək olardı yaxud bu cür də göstərilməli idi. Əksinə iddiaçı onu təmsil edənə qeyri-yaşayış sahəsini satmağı və bağışlamağı da etibar etmişdir. Deməli, iddiaçı qeyri-yaşayış sahəsinin alqı-satqı yaxud bağışlama müqaviləsi əsasında özgəninkiləşdiriləcəyini də bilirdi və buna iradə ifadəsi də olmuşdur. Əks halda Mülki hüquqda təmsilçilik institutunun əhəmiyyəti də olmazdı. 28.Ancaq sonradan bu cür əqdin bağlanması üçün iradənin ifadəsinin olmadığının və ya zədəli olduğunu yaxud təmsil edənin bu əqdi özü üçün bağladığını bəyan etmənin özü inandırıcı və ağlabatan olmalıdır. Çünki, həqiqətən iddiaçının və arvadının bu əqdin bağlanmasına iradə ifadələrinin olması təkzib olunmur.

29. Əslində iddiaçı cavabdehlərlə yaxud Eldar adlı şəxslə aralarında yaranmış hansı real münasibətlərin nəticəsi olaraq bu əqdi bağladığını kifayət qədər inandırıcı və ağlabatan şəkildə məhkəmənin nəzərinə çatdıra bilməmiş yaxud da çatdırmaq istəmir. Belə ki, iddianın və şikayətin məzmunundan bəlli olur ki, iddiaçı həm Eldar adlı şəxsə borcunun təminatı kimi girov məqsədilə onun göstərişi ilə Rövşən adlı şəxsə qeyri-yaşayış sahəsinə dair etibarnamə verdiyini, digər tərəfdən isə əvvəllər tanımadığı Cavabdeh2 təmsilçi olaraq özü barədə əqd bağladığını, yəni qohumu-digər Cavabdeh1la formal alqısatqı müqaviləsi bağlayaraq dolayısı ilə əmlakı özü üçün əldə etdiyini bəyan edir. Bu ziddiyyətli mövqe də mübahisələndirilən əqdin etibarsız olmadığına dəlalət edir. Çünki, iddiaçının bu cür iradə ifadəsi və niyyəti vahid və həqiqi olmuşdur.

30. Bu cür iddianın təmin edilməsi üçün isə əsas olmalıdır. Əks halda mülki dövriyyənin azad və sərbəst iştirakçıları kimi iradəsi zədələnmədən bağladıqları əqdləri sonradan mübahisələndirmə zamanı qanuni əsas olmadan etibarsız sayılması mülki dövriyyəni iflic vəziyyətə salar.

31. Qeyd olunduğu kimi iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 337, 339 və 340-cı maddələri nəzərdə tutula bilər. Yəni, həmin maddələrdə nəzərdə tutulan əsaslarla əqd mübahisələndirilə bilər. Ancaq iddia tələbinin faktiki əsası(faktiki hallar) da həmin maddənin şərtlərinə uyğun olmalı, yəni dispozisiya əlamətləri ilə uzlaşmalıdır. Ancaq hazırki iddia üzrə iddia tələbinin faktiki əsası qanuni əsasının şərtlərinə uyğun gəlmir, başqa sözlə mübahisələndirilən əqd qeyd olunan normaların tələbləri pozulmaqla bağlanmamışdır. İstər alqı-satqı, istərsə də özgəninkiləşdirmə ilə bağlı digər əqd bağlanarkən bir insani hiss olaraq insan buna heyfislənə bilər, lakin bu cür hiss onun sərbəst və könüllü iradə ifadəsinin təzahür etməməsi kimi qiymətləndirilə bilməz və bu səbəbdən həmin əqdin sonradan etibarsız hesab edilməsini tələb etmək üçün də əsas ola bilməz.

32. Məhkəmə tərəfindən prosessual hüquq normalarının pozulmasına da yol verilməmişdir. Əlbətdə, iddiaçı hesab edə bilər ki, birinci instansiya məhkəməsi mübahsiəni həll edərkən sübutalrı tam və hərtərəfli tədqiq etməyərək araşdırmamış, onları obyektiv qiymətləndirməmiş, alqı-satqı müqaviləsinin onun könüllü iradə ifadəsi əsasında bağlandığı nəticəsinə gəlməkdə səhvə yol vermiş və öz nəticəsini qanuni sübutetmə vasitələri ilə deyil, subyektiv və formal mülahizələrlə əsaslandırmışdır. Ancaq iddiaçı bu hissədə də haqlı olmamışdır. Çünki, məhkəmə gəldiyi nəticəni tədqiq etdiyi sübutlarla əsaslandırmışdır.

33. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı, hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

34. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4357/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4357/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar