Məhkəmə qərarları › İş №2(103)-10024/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10024/2021

17.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10024/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X24 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Maraqlı şəxs X14 nümayəndəsi və eyni zamanda vəkili X4 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(004)-4257/2021 saylı qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (X25, X26 və 22 saylı Mənzil İstismar Sahəsi maraqlı şəxslər qismində cəlb edilməklə) öhdədə olma faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, qardaşı X7 öhdəsində olmağı barədə dəfələrlə yazılı və şifahi qaydada 22 saylı MKİS-ə müraciət etsə də, ona yazılı qaydada cavab verməkdən imtina olunmuşdur. O, Yasamal rayon Kommunal Müəssisələr Kombinatının hüquq şöbəsinə müraciət etmiş, ona bildirilmişdir ki, onlar bu barədə məlumat verə bilməzlər. Rəsmi qaydada cavab istəsə də, ona belə bir cavab verilməmişdir. O, ünvan 1 ünvanda yaşayır. Beş ildir ki, pensiyaçıdır, xəstədir, uzun müddət müalicə olunmuş, hal-hazırda da müalicələri davam edir. X2 11 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. O, vəfat etdiyi günə qədər ona hər cür köməklik göstərmişdir. Dolanışıq xərcləri, müalicə xərcləri onun tərəfindən həyata keçirilmişdir. Qardaşı xeyli müddət Rusiya Federasiyasında yaşamışdır. Orada olduğu müddətdə ona pul göndərirdi. İşə əlavə etdiyi 19.06.2015, 14.03.2019 tarixli qəbzlərdən də görünür ki, qardaşı tərəfindən birinci qəbzlə 2600 ABŞ dollar, ikinci qəbzdə 5000 ABŞ dollar pul göndərmişdir. İşə əlavə etdiyi Azərbaycan Beynəlxalq Bankın kartına vaxtaşırı ona ödənişlər göndərdiyi açıq-aydın görünür. Beləliklə işə əlavə etdiyi sənədlərdən də görünür ki, o, qardaşının himayəsində yaşamışdır. Onun köməkliyi olmadan dolanışıq onun üçün çox çətin olardı. O, vəfat etdikdən sonra çox çətinlik çəkir. Qardaşından yaşayış evi, avtomobil və digər daşınar və daşınmaz əmlaklar miras qalmışdır. O, qardaşının öhdəsində yaşayan şəxs kimi həmin əmlaklardan pay almaq istəyir. Bunun üçün onun öhdəsində olması faktı təsdiq olunmalıdır. O pensiyaçıdır, xəstədir, əmək qabiliyyətinə malik olmayan şəxsdir. O, Bakı şəhərində yaşayır. Ərizədə qeyd etdiyi ünvanda ona məxsus mülkiyyətində yaşayış evi vardır, qardaşı Bakıda olduğu müddətdə onun evində yaşamışdır. Göstərilənlərə əsasən onun qardaşı X7 öhdəsində olma faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(004)-4257/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Ərizəçi qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(004)-4257/2021 saylı qətnaməsinin ləğv edib, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və əlavədə qeyd olunur ki, Bakı şəhərində ərizəçinin adına rəsmiləşmiş ev onun qardaşı Qubatov Naqifə məxsusdur. Belə ki, o evi Ərizəçi atası 1992-ci ildə Naqif üçün almış, 2003-cü ildə isə Naqif tərəfindən yenidən tikilmişdir. O vaxtdan indiyə kimi o evdə qardaşı Naqif və onun ailəsi yaşayır. 2019-cu ildən bu günədək aparılan tikinti- bərpa işləri də Naqif tərəfindən görülür. Bu faktı Naqifin qonşuları tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış 10 sentyabr 2021-ci il tarixli ərizə də təsdiq edir. Bu faktın özü etiraz ərizəsində yazılanların həqiqət olmadığını təsdiq edir. Ərizəçi aldığı az miqdarda pensiya ilə nə özünün zəruri ehtiyaclarını, nə müalicə xərclərini qarşılamaq, nə də Bakı şəhərində ev tikmək iqtidarında deyil. Qubadova Minay və Qubadov Ruslanın alimentlərini atası Vaqif heç vaxt Moskva şəhərindən göndərməyib. Boşandıqdan, yəni 2012-ci ildən 2017-ci ilədək uşaqların, atası və ata qohumları ilə görüşünə anası və babası tərəfindən icazə verilməmişdir. Hətta bu barədə Vaqifin İsmayıllı rayon Məhkəməsinə 2 dəfə müraciəti də olmuşdur. Uşaqların alimentini həmin illər iddiaçının qardaşı Naqif, bacısı Rehan və Vaqif özü Azərbaycanda olarkən poçt vasitəsilə göndərmişlər. 19.06.2015ci ildə göndərilən 2600 (iki min altı yüz) ABŞ dolları hazırlıq və təhsil ödənişləri üçün necə göndərilə bilərdi ki, Minay ilə iddiaçının münasibəti 2016-cı ilin noyabrından, atası ilə münasibəti isə 2017-ci ilin aprelindən yaranmışdır. Minay hazırlıq kurslarına gedərkən, İsmayıllı şəhərində bacıları X5 məxsus evdə iddiaçı ilə birgə yaşamış, tələbə olarkən isə, Bakı şəhərində 1 il qardaşı Naqifə məxsus evdə, 3 il isə başqa qohuma məxsus evdə yaşamışdır. Ərizəçi onunla qohuma məxsus evdə 2019-cu ilin mart ayına qədər yaşamışdır. Sonra isə, səhhəti ilə bağlı qardaşı Vaqifin yanına, Moskva şəhərinə müayinəyə getmişdir. Bunu işdə olan aviabiletin surəti də təsdiq edir. Və təbii ki, yol, müayinə və müalicə xərcləri Vaqif tərəfindən qarşılanmışdır. Ərizəçi o zaman aldığı 230 manata yaxın pensiya bu xərcləri qarşılaya bilməzdi. Qardaşı Vaqif 2600 (iki min altı yüz) ABŞ dollarını 19.06.2015-ci ildə, yəni səhhətində problemlər başlayan zaman göndərmişdir. 5000 (beş min) ABŞ dollarını isə 14.03.2019-cu ildə, yəni Minayla birgə yaşayışdan ayrılandan sonra- sağlıq durumu kəskinləşəndən sonra göndərmişdir. Minayın təhsil haqqını isə qardaşı Naqif ödəmişdir. Naqifın müraciəti əsasında Kapital Bankın verdiyi və işə əlavə edilən çıxarışların surəti bunu təsdiq edir. Təəssüf ki, hakim tərəfindən bu faktlara diqqət yetirilməyib və hüquqi qiymət verilməyib. Bütün bu yazılanlar məhkəmənin gedişində ərizəçinin nümayəndəsi Naqif tərəfindən deyilsə də, məhkəmə bu faktlara diqqət yetirməmiş və Ərizəçi tələbinə ədalətsiz məhkəmə araşdırmasına məruz qalmışdır. Qətnamədə məhkəmənin gəldiyi qənaət-“uzun illər aralıqla” qənaəti yanlışdır. Ərizəçi qardaşım Vaqif tərəfindən göndərilən pul vəsaitləri 2015, 2018 və 2019-cu illərdə olduğu halda, məhkəmə nədən bu göndərişlərin uzun illər aralıqla qənaətinə gəlmişdir. 23 avqust 2021-ci il tarixində nümayəndə Qubatov Naqif işlə tanış olan zaman məlum olub ki, təqdim edilən bir neçə sənədin əsli və surəti iş materialının arasında yoxdur. 29.06.2021-ci il tarixdə hazırlıq iclası zamanı Vəkilz oğlu tərəfindən təqdim olunmuş İsmayıllı rayonunun Qubaxəlilli İcra nümayəndəliyinin 17.05.2021-ci il tarixli 2 dənə arayışı işin arasında yoxdur. İcra Hakimiyyəti nümayəndəsinin arayışları himayədə olanın himayəçi ilə birgə yaşamasını təsdiqləməklə, hüquqi əhəmiyyəti olan fakt yaradır. Bu mühüm faktın iş materialı arasından yoxa çıxması şübhə doğurur. 02.08.2021-ci il tarixdə vəkilin təqdim etdiyi daha bir sənəd- Ərizəçi Moskva şəhərində 24 iyul 2019-cu ildə Vaqifə məxsus olan evə qeydiyyata düşməsi və onunla birgə yaşamasnı əks etdirən sənədin surəti də işin arasında yoxdur. Məhkəmə prosesi zamanı sübutlar hakim tərəfindən obyektiv araşdırılmamışdır. Maraqlı şəxs qismində iştirak edən tərəf isə, Ərizəçi qardaşı Vaqifin himayəsində olmadığını təsdiq edən heç bir dəlil və sübut ortaya qoya bilməmişdir. Halbuki, bu işdə məhkəməyə təqdim etdiyimiz sənədlərin və faktların qeyri dəqiq olduğunu sübut etmə vəzifəsi MPM-nin 77-ci maddəsinə görə etiraz edən tərəfin üzərinə düşür. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs X14 nümayəndəsi və vəkili X12 apellyasiya şikayətini qəbul etmədi, izahatında qeyd etdi ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1161-ci maddəsinə görə əgər miras qoyanın himayəsində olmuş və üzvlərini müstəqil saxlaya bilməyən əmək qabiliyyəti olmayan şəxslərin adları vəsiyyətnamədə çəkilməmişdirsə, onlar mirasdan dolanacaq təminatı tələb edə bilərlər. Maddənin mahiyyətindən göründüyü kimi, miras qoyanın vəsiyyətnaməsinin olması mütləq haldır, lakin mərhum ata vəsiyyətnamə qoymamışdır. Bildirir ki, Ərizəçi hüquqlarını müdafiə etdiyi şəxsin bibisidir, ailə qurmamış, İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən ata evində yaşayır. Mərhum X1 Minay Vaqif qızının doğma atasıdır. O, əksər vaxtı Rusiya Federasiyasında yaşayıb çalışmışdır. X14 atası vəfat edəndən sonra birinci növbəli iki vərəsəsi qalmışdır, X25 və qardaşı X26. Məlumat üçün bildirir ki, X14 atası Vaqif Qubadov və anası Təranə Qubadova 2012-ci ildə boşanmışlar. Nikah pozulandan sonra məhkəmənin qərarı ilə təyin edimiş alimenti atası Rusiyadan bibisi Ərizəçi ata evində yaşadığından onun bank kartlarına köçürtmüşdür. 2016-cı ildə o, ali məktəbə qəbul olunmaq üçün bibisiylə bir yerdə qalmaqla hazıırlıqlara başlamış, həmin hazırlıqların pulunu da atası bibisinin kartlarına göndərmişdir. 2017-ci ildə instituta qəbul olunduqdan sonra təhsil aldığı mğddət ərzində bibisinin Bakı şəhəri, Yasamal rayonunda yerləşən evində yaşamışdır. Təhsil haqqını da, ödəmək üçün atası imkan olduqca yenə bibisi Ərizəçi göndərmişdir. Atasına məxsus əmlakın sənədlərinin bibisində olmasının səbəbi odur ki, mərhum atası Rusiya Federasiyasında yaşayıb çalışmış, anasından boşandığından ata evində qalmış və əmlakların sənədləri də təbii ki, həmin evdə olurdu. Bibisi də həmin evdə yaşadığından sənədləri ələ keçirmiş və bügün onlara verməkdən imtina edir. Onuda əlavə etmək istəyir ki, bibisi Ərizəçi ara bir müalicə alsa da tam sağlamdır, həm Bakı şəhərində həm də İsmayıllı rayonun Qubaxəlilli kəndindəki ata evində yaşayır. Kənddə mağaza işlədir. Onun maddi köməkliyə heç bir ehtiyyacı yoxdur. Əksinə maddi cəhətdən bibisi Ərizəçi tam təminatlıdır ki, Bakı şəhəri, Yasamal rayonunda yerləşən evinin ikinci mərtəbəsini əlavə tikməklə təmir işlərini aparır. O, yəni ərizəçi X14 atasının himayəsində olmamışdır. Ərizəçinin yeganə məqsədi ərizədə qeyd etdiyi kimi bu yolla X14 atasından miras qalan əmlakdan pay almaqdır. X39 Azərbaycana gələndə, təbii ki, başqa yaşayış evi olmadığı üçün, ata evi olan İsmayıllı rayonu, Qubaxəlil kəndində yaşamışdır. Ərizəçi Sevil Qubadova da, ailə həyatı qurmadığından, həmin evdə yaşamışdır. Hamıya məlumdur ki, böyük-kiçiyə köməklik etmək Azərbaycan xalqının özünə xas mentalitetidir. Vaqif Qubatov da, ailə həyatı qurmayan, ata evində yaşayan böyük bacısına ara-bir köməklik etmişdir. Bu öhdədə olma faktının təsdiqi üçün əsas ola bilməz. Mülki işdə şahid qismində dindirilən Mirzəağa Qafarov və Fatimə İsmayılova məhkəmədə verilən izahatlarında göstərmişlər ki, X20yıdanda, həmişə onlara və digər ailə üzvlərinə hədiyyələr almışdır. Ərizəçinin hazırda sağ olan 1 qardaşı və 5 bacısı vardır. İşdə olan sənədlərlə də, müəyyən olunur ki, Sevil Qubadova 259,78 manat pensiya alır. Sevil Qubadova Bakı şəhərində, həm də İsmayıllı rayonu, Qubaxəlil kəndində yaşayır. Onun maddi köməkliyinə ehtiyac yoxdur, özü tam təminatlıdır. Xahiş etdi ki, qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə Ərizəçi, maraqlı şəxslər X26 və 22 saylı Mənzil İstismar Sahəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X13 izahatında bildirmişdir ki, o, Qubatovlar ailəsini uzun müddətdir ki, tanıyır. Onlar İsmayıllı rayonu, Qubaxəlilli kəndində yaşayırlar. Ərizəçi hazırda da, həmin kəndə yaşayır. Vaqif daima həm maddi, həm də mənəvi cəhətdən bacısına köməklik göstərmişdir. Onun müalicəsi üçün daima onu həkimlərə aparmış, hətta Rusiya Federasiyasına da aparmışdır. Vaqif Qubadovun iki uşağı vardır. O, həmişə rayona gələrkən daima onlara və digər ailə üzvlərinə hədiyyələr alıb gətirmişdir. Daha sonra şahid ona verilən suallar cavab olaraq Vaqifin Rusiyadan gələrkən bacısı ilə birlikdə Qubaxəlilli kəndində yerləşən atasına məxsus evdə yaşamasını, Vaqifin Qubaxəlilli kəndində başqa evinin olmamasını, Sevilin həmin kənddə başqa bir bacısının da, yaşamasını və ərizəçiyə onun bütün qohumlarının köməklik göstərirdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, o İsmayıllı rayonunda tibb bacısı vəzifəsində işləyir. İş üzrə tərəfləri çoxdan tanıyır. Ərizəçi daima X2 ilə birlikdə yaşamışdır. Ərizəçi hətta bir müddət Vaqifin uşağına baxmaq üçün Moskva şəhərində də yaşamışdır. Minayı, Sevil qardaşının köməkliyi ilə məşğələlərə qoymuşdur. Vaqif rəhmətə gedərkən də, Sevil və Minay da, orada olmuşdur. Ailəni maddi cəhətdən X15 təmin eləsə də, bütün işləri ərizəçi görmüşdür. Pandemiya başlayandan Vaqif xəstələnmişdir və son gününə kimi qardaşına Sevil qulluq etmişdir. Hər dəfə Vaqif Moskva şəhərindən gələrkən hamıya pay gətirirdi. Vaqif Rusiyadan gələrkən Qubaxəlil kəndində yerləşən atasına məxsus evdə yaşamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.2-ci maddəsinə əsasən, məhkəmə şəxsin öhdədə olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Birinci instansiya məhkəməsində işin araşdırılması zamanı müəyyən edilmişdir ki, İsmayıllı rayon Məhkəməsinin 2(037)-311/2012-ci il tarixli, 13.08.2012-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X16 cavabdeh X10 qarşı nikahın pozulmasına dair iddiası təmin edilmiş, X27 ilə X15 arasında 28.10.1998-ci il tarixdə bağlanmış və İsmayıllı rayon VVADQ şöbəsində 60 sayla qeydə alınmış nikah pozulmuş; tərəflərin birgə nikahdan doğulmuş 25.08.1999-cu il təvəllüdlü X25 və 13.04.2005-ci il təvəllüdlü X18 anası X16 himayəsində saxlanılması; 25.08.1999-cu il təvəllüdlü X25 və 13.04.2005-ci il təvəllüdlü X18 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 03.07.2012ci il tarixdən başlayaraq hər ay X6 hər uşağa 60 manat olmaqla cəmi 120 manat məbləğində alimentin tutularaq X19 ödənilməsi qət edilmişdir. Tərəflərin birgə nikahından olan 25.08.1999-cu il təvəllüdlü X25 yetkinlik yaşına çatmış və hazırda Azərbaycan Dillər Universitetinin xarici dil müəllimliyi ixtisasında təhsil alır. X15 07.01.2021-ci il tarixdə İsmayıllı rayonu, Qubaxəlilli kəndində vəfat etmişdir. Ərizəçi X3nun bacısı olmaqla yaşa görə 259,78 manat məbləğində pensiya alır. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun qardaşı X7 öhdəsində olma faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ərizəsini qardaşının ona daima müxtəlif vaxtlarda Rusiya Federasiyasından pul vəsaitlərinin göndərilməsi ilə əsaslandırmışdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 3.1-ci bəndinə görə şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir. Beləliklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.2.2-ci maddəsinnin mənasına görə şəxsin öhdədə olma faktının müəyyən edilməsi ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Hazırki işdə şəxsin öhdədə olma faktının müəyyən edilməsinin hüquqi nəticəsini mirasdan pay əldə edilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1161-ci ildə maddəsinə uyğun olaraq vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi məqsədilə şəxsin öhdədə olma faktı məhkəmə qaydasında xüsusi icraat qaydasında müəyyən edilə bilər. MM-nin 1161-ci maddəsinin tələbinə görə, əgər miras qoyanın himayəsində olmuş və özlərini müstəqil saxlaya bilməyən əmək qabiliyyəti olmayan şəxslərin adları vəsiyyətnamədə çəkilməmişdirsə, onlar mirasdan dolanacaq təminatı (aliment) tələb edə bilərlər. Dolanacaq təminatı kimi ödənilməli məbləğin ölçüsü miras aktivinin həcmi nəzərə alınmaqla azaldıla bilər. Vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi məqsədilə şəxsin öhdədə olması faktının müəyyən edilməsi üçün yalnız müəyyən şərtlər olduğu hallarda şəxs qanun üzrə vərəsələr kimi mirasdan dolanacaq təminarı (aliment) almaq hüququna malikdir: Birinci şərt ondan ibarətdir ki, qanun üzrə vərəsələr sırasına daxil olmayan və vəsiyyətnamədə adı çəkilməyən şəxs miras qoyanın himayəsində olmalıdır. Miras qoyanın himayəsində olma dedikdə, şəxsin tam olaraq miras qoyanın hesabına yaşaması (maddi təminatı tam olaraq ondan alması), yaxud miras qoyandan aldığı elə bir vəsait hesabına yaşaması başa düşülür ki, həmin vəsait yardım alan şəxsin yaşaması üçün əsas (həlledici) və daimi vəsait mənbəyi olsun. Miras qoyanın ara-sıra verdiyi, daimi (sabit) olmayan maddi vəsait şəxsin miras qoyanın himayəsində olması kimi qiymətləndirilməməlidir. Özünü miras qoyanın himayəsində olan hesab edən şəxsin miras qoyanın göstərdiyi maddi yardımdan başqa əlavə maddi vəsait mənbəyinə, yaxud əmlaka malik olması onun öhdədə olması faktının tanınması üçün maneə ola bilməz. Özünü miras qoyanın himayəsində olan hesab edən şəxsin miras qoyanla qohum olubolmamasının, habelə onunla birgə yaşayıb-yaşamamasının öhdədə olma faktının tanınması üçün heç bir əhəmiyyəti yoxdur. Öhdədə olma faktı aşağıdakı sənədlərlə sübut oluna bilər: himayədə olma faktının sübut olunması üçün aşağıdakı sənədlər təqdim edilə bilər: miras qoyanın himayəsində olan şəxslər haqqında evlər idarəsinin və ya miras qoyanın iş yerinin arayışı, ailəni dolandıranın itirilməsi ilə əlaqədar olaraq pensiya təyin edilməsi haqqında pensiya təyin edən orqanın arayışı, himayədə olma faktının müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti (AR Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 saylı Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 103-cü bəndi). İkinci şərt ondan ibarətdir ki, miras qoyanın öhdəsində (himayəsində) olan şəxsin əmək qabiliyyəti olmamalıdır. Əmək qabiliyyəti olmayan şəxslərə həmçinin aiddir: əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar (həmin şəxslərə yaşa və əlilliyə görə pensiya təyin edilməsi onların öhdədə olması faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün əhəmiyyət kəsb etmir, başqa sözlə, pensiya təyin edilməsindən asılı olmayaraq əlillər qeyri-əmək qabiliyyətli sayılırlar). Üçüncü şərt ondan ibarətdir ki, himayədə olan şəxsin adı vəsiyyətnamədə çəkilməməlidir. Vəsiyyətnamədə adı çəkilməmə dedikdə, şəxsin vəsiyyətnamədə vərəsə qismində adının göstərilməməsi başa düşülməlidir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, ərizəçi həmin pul vəsaitlərinin məhz özünün saxlanılması üçün yolladığını bildirsə də, bu halları təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, ərizəçinin sübut qismində istinad etdiyi pulun göndərilməsinə dair qəbzlər yəni, X39un ərizəçiyə müxtəlif vaxtlarda və məbləğlərdə pul vəsaitinin göndəriməsi hələ, onun Vaqif Qubadovun himayəsində oması faktına dəlalət etmir. Belə ki, iş materialları ilə X15 tərəfindən Ərizəçi adına 05.04.2010-cu il tarixdə 1050 ABŞ dolları, 19.06.2015-ci il tarixdə 2600 ABŞ dolları, 14.03.2019-cu il tarixdə 5000 ABŞ dolları göndərilməsi müəyyən edilsə də, həmin göndərişləriş təyinatı müəyyən edilməməklə, həmin pul vəsaitlərinin uzun illər aralıqlarla ərizəçiyə göndərilməsi müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, ərizəçi qardaşı X7 himayəsində olması faktını yaşamaq üçün ondan daimi ödənişlər alması ilə əsaslandırsa da, bu ödənişlərin davamlı olması ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi isə ərizəyə etiraz edərək sözü gedən pul vəsaitlərinin Vaqif Qubadov tərəfindən uşaqların saxlanılması üçün, keçmiş həyat yoldaşı ilə münasibəti olmadığından məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin onun keçmiş həyat yoldaşına çatdarılması məqsədi ilə, həmçinin qızının hazırlıq və universitet təhsil haqqı üzrə ödənişlərinin həyata keçirilməsi üçün ərizəçiyə göndərildiyini bildirmişdir. Qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının (ərizəçinin) birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının (ərizəçinin) üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının (ərizəçinin) tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə şahid ifadələrinə də qiymət verərək qeyd etmişdir ki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Məhkəmə hesab etmişdir ki, şahid ifadələrinin məzmunu ərizəçinin tələblərinin mahiyyəti baxımından iş üçün əhəmiyyət kəsb edən hallar kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən və Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab etmişdir ki, ərizəçi öz hüquqi mövqeyini sübut edilə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Kollegiya qeyd edir ki, apellyatorun ərizəsinə əlavə etdiyi “Azərbaycan Beynəlxalq Bankı”nın ödəniş kartının surəti onun tələbinin təmin edilməsinin sübutu kimi qəbul edilə bilməz. Kollegiya apellyatorun apellyasiya şikayətinə əlavəyə əlavə etdiyi 15.09.2021-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəyə münasibətdə qeyd edir ki, həmin ərizə birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul olunduqdan sonra tərtib olunmuş, bununla da, ərizəçi özünə görə sübut toplamağa cəhd etmişdir. MPM-nin 371-ci maddəsinə əsasən apellyasiya mərhələsində yeni sübutlar qəbul olunmur. Kollegiya apellyatorun apellyasiya şikayətinə əlavə əlavə etdiyi, pul baratları üçün qəbzlərə münasibətdə qeyd edir ki, həmin qəbzlər X17 və X15 tərəfindən X21 ödənişlərin edilməsi ilə bağlı olmaqla, ərizəçinin öhdədə olması faktının müəyyən edilməsi üçün sübutu əhəmiyyət kəsb etmir. Kollegiya apellyatorun apellyasiya şikayətinə əlavə əlavə etdiyi, 15.10.2019-cu ildə Moskva şəhərində olarkən mərhum X2nun evinə müvəqqəti qeydiyyata düşməsi ilə bağlı “Xarici vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin yaşayış yerinə gəlməsi ilə bağlı” Blanka münasibətdə qeyd edir ki, həmin Blank hər bir dövlətin Miqrasiya ilə bağlı Qanunvericiliyinin tələblərinə uyğun tərtib edilmişdir. Qeyd olunan Blank ərizəçinin öhdədə olması faktının müəyyən edilməsi üçün sübutu əhəmiyyət kəsb etmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycaqn Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(004)-4257/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar