Məhkəmə qərarları › İş №2(103)-10028/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10028/2021

16.12.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10028/2021 16.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "özbaşına tikilinin sökülməsi" tələbinə dair iddiası üzrə çıxarılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16.08.2021-ci il il tarixli, 2(004)-468/2021 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı MMC Cavabdeh qarşı iddia ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 19.05.2014-cü il tarixli 234 saylı və 10.02.2017-ci il tarixli 52 saylı sərəncamlarına əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Müşviq küçəsi, “Qanlı Göl”ün cənub hissəsində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MMC-ə ayrılmış torpaq sahəsində Cavabdeh tikərək yaşadığı özbaşına tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 19.05.2014-cü il tarixli 234 saylı sərəncamına əsasən Yasamal rayonu, M.Müşfiq küçəsi, “Qanlı Göl”ün cənub hissəsində mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Eyni zamanda Bakı şəhər İcra hakimiyyəti başçısının 10.02.2017-ci il tarixli 52 saylı sərəncamına əsasən qeyd edilən ünvanda İddiaçı MMC-yə yaşayış binasının tikintisinə icazə verilmişdir. Tikinti işlərinin başlanılması üçün əsas olan 14.03.2017-ci il tarixli 189 saylı Xüsusi nişan da Bakı şəhər Tikinti Müfəttişliyi tərəfindən İddiaçı MMC-yə təqdim edilmişdir. Qeyd edilən sənədlər əsasında təsdiqlənmiş layihəyə uyğun olaraq qeyd edilən ərazidə hündürmərtəbəli yaşayış binası inşa edilmişdir. Bakı Şəhər İcra hakimiyyəti başçısının sərəncamına əsasən həmin ərazidə yerləşən tiklilər sökülmüş, sakinlər qarşılıqlı razılaşma əsasında köçürülmüşdür. Lakin həmin ərazidə məskunlaşmış Cavabdeh köçürülmə üçün tələb olunan sənədləri təqdim etməkdən imtina etmişdir. Bununla əlaqədar İddiaçı MMC tərəfindən Cavabdeh müraciət olunmuş, qeyd edilən məsələlər bildirilmiş və yaşadığı evin mülkiyyət hüququnu təsdiq edən hüquqi sənədləri təqdim etməyi xahiş olunmuşdur. Lakin bu günədək tələb olunan sənədlər cavabdeh tərəfindən iddiaçıya təqdim olunmamışdır. Qeyd edilən məsələ cavabdehin yaşadığı mənzilin mülkiyyət hüququnu təsdiq edən sənədin mövcudluğunu şübhə altına qoymuşdur. Əgər mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdursa qeyd edilən ünvanda qeyri-qanuni olaraq yaşadığının aşkar olduğu barədə onunla dəfələrlə görüşlər keçirilmiş və Cavabdeh həqiqətən yaşadığı evin qeyriqanuni şəkildə tikildiyini etiraf etmişdir. Qeyd edilənlərə əsasən tez bir zamanda qeyd edilən ünvandan köçməyi xahiş olunmuşdur. İddiaçı MMC 24 iyul 2020-ci il tarixli məktubla Cavabdeh müraciət edərək yaşadığı mənzili tərk etməyini xahiş etmiş və bunun müqabilində şirkət olaraq humanist addım ataraq ona köçməyi müqabilində həmin ərazidə yeni tikiləcək binadan 2 otaqlı təmirli mənzil və həmin mənzilə köçənədək müvəqqəti yaşamağı üçün kirayə haqqının verilməsini təklif etmişdir. Lakin cavabdeh göstərilən təklifə də məhəl qoymamış, qeyri-qanuni yaşadığı evin boşaldılması müqabilində İddiaçı MMCdən astronomik məbləğlər tələb etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2(004)- 468/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi işin hallarını araşdıraraq müəyyən etmişdir ki, cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini buna lazımi icazələr almadan inşa etmişdir, evin yerlədiyi torpaq sahəsi də onun mülkiyyətində deyil, cavabdehə məxsus həmin ev iddiaçıya ayrılmış torpaq sahəsində yerləşir. Göstərilənlərə baxmayaraq məhkəmə hesab etmişdir ki, iddiaçı haqlı olaraq cavabdehə məxsus özbaşına tikintinin sökülməsini tələb etsə də, buna görə kompensasiya ödənilməsini nəzərdə tutmadığından iddia təmin oluna bilməz və rədd edilməlidir. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyə istinad etməklə əsaslandırmışdır. İş üzrə tərəflər həmin qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişlər. İddiaçı MMC apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərlə əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, işə baxan məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki halları aydınlaşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır. Belə ki, bir tərəfdən məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq cavabdehə məxsus özbaşına tikintinin sökülməsini tələb edir, digər tərəfdən isə belə hesab edir ki, hazırki məzmunda iddiaçının tələbi təmin edilə bilməz. İddia tələbinin qanuni olmasına baxmayaraq, onun məhkəmə tərəfindən təmin edilə bilinməzliyinə əsas kimi məhkəmə o halı göstərmişdir ki, iddiaçı cavabdehə məxsus özbaşına tikilinin sökülməsinə görə kompensasiya ödənilməsini nəzərdə tutmamışdır. AR Mülki Məcəlləsinin 180-ci maddəsinə istinad etməklə və məhkəmədə tədqiq edilmiş sübutlara əsaslanmaqla iddianın haqlı olması barədə məhkəmənin mövqeyi ilə AR Konstitusiya Məhkəməsinin Plenumunun 23 iyun 2021-ci il tarixli qərarındakı mövqe arasında hüquqi fərq isə məhkəmə tərəfindən əsaslandırılmamışdır. Qətnamənin yeganə dəlili (iddiaçı özbaşına tikilinin sökülməsinə görə kompensasiya ödənilməsini nəzərdə tutmadığı) əslində iddia ərizəsinin həqiqi məzmunu və iş materialları (iddiaçı şirkətin cavabdehə ünvanladığı və 25.07.2020-ci il də cavabadehə təqdim edilmiş 27.07.2020-ci il tarixli 01/265 saylı bildiriş-xəbərdarlıq) ilə təkzib edilir. Qeyd edilənlərə əsasən qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsi, onların apellyasiya şikayətinin isə təmin olunması, rayon məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin Mülki Məcəllənin 180-ci maddəsinə istinad edərək, mübahisə predmeti olan tikintini özbaşına tikinti kimi qiymətləndirməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, işin mübahisə edilməyən hallarından göründüyü kimi mübahisəli evin yerləşdiyi torpaq sahəsi iddiaçı şirkətin qanuni istifadəsinə verilmiş olsa da, cavabdehin həmin torpaq sahəsində mübahisəli evi tikməsinə dövlət orqanları tərəfindən vaxtında etiraz edilməmişdir. Həmçinin mübahisəli evə buna səlahiyyətli olan dövlətin təsərrüfat subyektləri tərəfindən işıq, qaz, su və telefon xətləri çəkilmişdir və cavabdeh, ailəsi ilə birgə 2005-ci ildən etibarən həmin evdə yaşayır. Göründüyü kimi mübahisə predmeti olan ev (tikinti) xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, hazırkı vəziyyətdə onu inşa etmiş şəxsin mülkiyyəti kimi qəbul edilməlidir. Nəticə etibarilə, 1-ci instansiya məhkəməsi yuxarıda göstərilən halları araşdırmadığından AR MPM-in 385-ci maddəsinə əsasən onun qətnaməsi ləğv edilməlidir, mübahisə predmeti olan tikinti mülkiyyət kimi tanınmaqla qarşı tərəfin iddiası rədd edilməlidir. Qeyd edilənlərə əsasən qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsi, onun apellyasiya şikayətinin isə təmin olunması, rayon məhkəməsinin qətnaməsinin mübahisə predmeti olan tikintinin (evin) özbaşına tikinti hesab edilməsi hissəsində ləğv edilməsi və həmin evin mülkiyyət kimi tanınmaqla qarşı tərəfin iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, özünün vermiş olduğu apellyasiya şikayətinin isə təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı MMC nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının və cavabdehin apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 19.05.2014-cü il tarixli 234 saylı sərəncamının 1.1-ci bəndinə əsasən Yasamal rayonu, M.Müşfiq küçəsi, “Qanlı Göl”ün cənub hissəsində İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə uyğun olaraq İddiaçı MMC-yə həvalə edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəi Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 14/144 saylı 01.07.2014-cü il tarixli ayrıc aktından görünür ki, həmin sərəncama əsasən İddiaçı MMC-yə 0,3350 hektar torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş çıxarışa əsasən İddiaçı MMC-yə 1 girişli 16 mərtəbəli yaşayış evinin tikintisinə icazə verilməsinə dair sənəd və məlumatlar 24 aprel 2017-ci il tarixində Tikintilərin Dövlət reyestrinə daxil edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 19.05.2014-cü il tarixli 234 saylı sərəncamına və 1148 saylı 14.04.2016-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən İddiaçı MMC-yə ayrılmış torpaq sahəsi üzərində icarə hüquqları 22.05.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. İddiaçı MMC-nin müraciəti əsasında “X1 Company” MMS tərəfindən verilmiş 20.10.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən cavabdehin evinin həmin tarixə orta bazar qiyməti 16-20 min manat (fərdi yaşayış evinin daxili təmirindən asılı olaraq) məbləğində müəyyən olunmuşdur. Cavabdeh müraciəti əsasında “AB” Consulting” MMC tərəfindən verilmiş 25.09.2020ci il tarixli cavabdehin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dəyərini müəyyən etmək üçün qiymətləndirmə hesabatından müəyyən olunur ki, həmin tarixə evin bazar dəyəri 111.000 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda həmin hesabata əlavə edilmiş fərdi yaşayış evinin illər üzrə ortofoto görüntülərinə əsasən fərdi yaşayış evi 2008-ci il tarixdən mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01.07.2021-ci il tarixli 10/1326 saylı rəyindən görünür ki, Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşfiq küçəsi “Qanlı göl”ün cənub hissəsində yerləşən 0,335 ha torpaq sahəsində İddiaçı MMC-yə tikintisinə icazə verilmiş tikililərdən başqa Cavabdeh tərəfindən inşa edilmiş birmərtəbəli fərdi yaşayış evi mövcuddur. Cavabdeh tərəfindən İddiaçı MMC-yə icarəyə verilmiş torpaq sahəsinin Ayrıc Aktında göstərilən hüdudları daxilində inşa edilmiş birmərtəbəli fərdi yaşayış evinin ümumi sahəsi 78,62 kv.m (yaşayış otaqlarının sahəsi 63,35 kv.m, yardımçı tikililərin sahəsi 15,27 kv.m) təşkil edir. İşin araşdırılan halları ilə müəyyən edilir ki, Bakı ŞİH tərəfindən İddiaçı MMC-yə Bakı şəhəri Yasamal rayonu M.Müşfiq küçəsi, «Qanlı Göl»ün cənub hissəsində yüksəkmərtəbəli yaşayış binasının tikintisi üçün icarə əsasında torpaq sahəsi ayrılmış, həmin ərazidə iddiaçı tərəfindən bina inşa edilərək istifadəyə verilmişdir və hazırda həmin bina məskunlaşmışdır. Cavabdeh ailəsi ilə birlikdə yaşadığı tikili qeyd edilən binanın tikintisi üçün iddiaçıya ayrılmış torpaq sahəsinin ərazisində yerləşir. Həmin tikilini cavabdeh torpaq sahəsinin ayrılmasına və tikilinin inşa edilməsinə dair heç bir sənəd olmadan özbaşına inşa etmişdir. Tərəflər arasında iddiaçı tərəfindən cavabdehə müəyyən məbləğ ödənilməsi müqabilində (ödənilməli məbləğ dəqiq göstərilməmişdir) həmin tikilinin sökülməsinə və cavabdehin köçürülməsinə dair razılıq əldə olunmamışdır. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iddiaçı tələbinin əsası kimi qeyd edilən torpaq sahəsinin səlahiyyətli orqan tərəfindən ona yüksəkmərtəbəli binanın tikintisi üçün ayrılmasına dair Bakı ŞİH başçısının “Yaşayış binasının tikintisinin layihələndirilməsi haqqında” 19.05.2014-cü il tarixli Sərəncamına istinad edir. Həmin Sərəncamının 1.1-ci bəndində isə müəyyən edilir ki, ərazidə yerləşən tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə uyğun olaraq İddiaçı MMC tərəfindən həyata keçirilməlidir. Göründüyü kimi, bu Sərəncamla tikinti sahəsində yerləşən tikililərin sökülməsi yalnız həmin tikili sahibləri ilə qarşılıqlı razılaşma əsasında və həmin sakinlərə pul vəsaitinin ödənilməsi yolu ilə həyata keçirilməlidir. Sərəncamda inşaat ərazisində yerləşən tikililərin heç bir kompensasiya və ya əvəzi ödənilmədən sökülməsi ilə bağlı İddiaçı MMC-yə səlahiyyət verilməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23.06.21-ci il tarixli Qərarında özbaşına inşa edilmiş tikililərin sökülməsi ilə bağlı kompensaisyanın ödənilməsinə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, «….hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.» Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İşin müəyən edilmiş hallarından və qanunvericiliyin sadalanan tələblərindən bu nəticəyə gəlmək olur ki, cavabdehə məxsus olan tikili mülki hüquqi anlamda özbaşına tikili olmaqla iddiaçıya tikinti işlərinin aparılması üçün səlahiyyətli orqan tərəfindən ayrılmış torpaq sahəsində yerləşsə də, İddiaçı MMC-nin heç bir kompensasiya ödənilmədən həmin özbaşına tikilinin sökülməsini cavabdehdən tələb etməsi hüquqi cəhətdən əsassız olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehə məxsus özbaşına inşa edilmiş tikilinin sökülməsi yalnız iddiaçı tərəfindən Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarındakı hüquqi mövqeyinə uyğun kompensasiyanın hesablanaraq ödənilməsi müqabilində mümkündür. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mülki iddia cavabdehə məxsus olan tikilinin özbaşına tikili olub-olmaması ilə deyil, həmin tikilinin sökülməsi ilə bağlı olmuşdur. Bununla yanaşı, iddiaçı iddia tələbinin faktiki əsaslarından biri kimi həmin tikilinin özbaşına inşa edilməsinə istinad etmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı həll etmək üçün həmin tikilinin özbaşına inşa edilib-edilmədiyini yoxlamış və bu tikilinin lazımi icazələr alınmadan, bunun üçün ayrılmamış torpaq sahəsində inşa edildiyini müəyyən etmişdir. Həmçinin, iş materiallarında cavabdehin bu tikilinin onun mülkiyyəti kimi tanınması ilə bağlı hər hansı səlahiyyətli dövlət orqanına, yaxud məhkəməyə müraciət etməsi müəyyən edilmir. Bununla da, cavabdehin mübahisəli tikiliyə qanunla, yaxud müqavilədə nəzərdə tutulmuş əsaslarla sahiblik etməsi müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, Mülki Məcəllənin 157.8-ci maddəsinin mətnindən göründüyü kimi, bu normanın tətbiq edilməsi üçün şəxsin əmlaka bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş əsaslarla sahiblik etməsi, 158.4-cü maddəsinin mətninə görə isə mülkiyyətçi olmayan şəxsin müdafiə olunması üçün onun əmlak hüquqlarının olması tələb olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004cü il 28 sentyabr tarixli, X2rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar). Beləliklə, mülki hüquq normalarına və Konstitusiya Məhkəməsinin bu qərarındakı hüquqi mövqeyinə əsasən də cavabdehin inşa etdiyi tikilinin özbaşına tikili olduğu və bu tikiliyə qanunvericiliklə nəzərdə tutulmuş hər hansı əmlak hüquqları əldə etmədiyi müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası həm iddiaçı, həm də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərini əsassız hesab edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: İddiaçı "xxxx" MTK-nın və Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2(004)- 468/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar