Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1003/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X2 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6223/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Chevrolet Cruze” markalı, **-RP-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək sığortalanmışdır. xx.xx.2020-ci il tarixdə saat 20:50 dəqiqədə Cavabdeh2 idarə etdiyi “Chevrolet Cruze” markalı, **-RP-*** dövlət nömrə nişanlı avtomobil X5 idarə etdiyi “Mercedes Benz E230” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. İddiaçı tərəfindən 600 manat sığorta ödənişi zərərçəkmiş şəxs X6 ödənilmişdir. Cavabdeh2 nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyinə görə barəsində inzibati tənbeh tədbiq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, “Chevrolet Cruze” markalı, **-RP-*** dövlət nömrə nişanlı avtomobil sığortalı ilə bağlanılmış xx.xx.2019-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi əsasında xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək “Xalq Sığorta" ASC-də icbari sığorta növündə sığortalanmışdır. 2020-ci il dekabrın 07-də Cavabdeh2 etibarnamə olmadan idarə etdiyi Chevrolet Cruze markalı, **-RP-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində X5 idarə etdiyi “Mercedes Benz E230” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Bakı DYPİ-i tərəfindən xx.xx.2020-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Bakı şəhəri BPİ DYPİ-nin xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş 1757 saylı qiymətləndirmə aktına əsasən hadisə nəticəsində Mercedes Benz E230 markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobillə 600 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2020-ci il tarixində 600 manat məbləği zərərçəkmiş şəxs X6 ödəmişdir. ... “CHEVROLET CRUZE” markalı, 99-RP-51 dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 olduğundan və Ələkbərov X3 Cruze markalı, 99-RP-51 dövlət nömrə nişanlı avtomobili etibarnaməsiz idarə etməsi barədə məlumatlı olmağa borclu idi. Buna görə də iddiaçının subroqasiya hüququ müştərək qaydada həm Cavabdeh2 həm də Cavabdeh1 qarşı yaranır. Qeyd olunanlara əsasən iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 600 manat məbləğində vurulmuş zərərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir.
4. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6223/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim N.Nəbizadə) iddia rədd edilmişdir.
5. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs”lərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir. Hazırki işdə isə Chevrolet Cruze minik markalı, 99RP512 dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 tərəfindən avtomobilin mülkiyyətçisinin iradəsinə zidd olaraq idarə edilməsi barədə hər hansı sübutlar yoxdur.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 936.1, 936.2-ci maddələrinə, “İcbari səğotalar haqqında” AR Qanununun 13.4, 25.1.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək Binəqədi Rayon Məhkəməsinin 02 noyabr 2022ci il tarixli e-2(001)-6223/2022 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin olunmasına, apellyasiya şikayətinin verilməsinə görə 15 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icbari qaydada sığortalanmış “CHEVROLET CRUZE” markalı, 99–RP–512 dövlət nömrə nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində digər şəxsə zərər dəymiş, eyni zamanda yol-nəqliyyat hadisəsi baş verən vaxt nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 332.1-cimaddəsinə uyğun olaraq cərimə edilmiş və iddiaçı avtomobilə dəymiş zərəri ödəyərək, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun25.1.3-cü maddəsi və Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
11. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər, işə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
15. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
17. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur;
18. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir;
19. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvaiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər;
20. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır;
21. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir;
22. 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu
23. Maddə 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır.
24. Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
28. İşin mübahisəsiz hallarından görünür ki, “Chevrolet Cruze” markalı, **-RP-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək sığortalanmış, xx.xx.2020-ci il tarixdə saat 20:50 dəqiqədə Cavabdeh2 idarə etdiyi Chevrolet Cruze markalı, **-RP-*** dövlət nömrə nişanlı avtomobil X5 idarə etdiyi Mercedes Benz E230 markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. İddiaçı tərəfindən 600 manat sığorta ödənişi zərərçəkmiş şəxs X6 ödənilmişdir. Cavabdeh2 hadisə baş verən zaman nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyinə görə onun barəsində inzibati tənbeh tədbiq edilmişdir.
29. Qeyd edilməlidir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığortaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir.
30. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə “qanuni əsaslar” ifadəsi yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq, avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun.
31. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 332-ci maddəsi ilə avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinin inzibati xəta hadisəsi hesab edilməsi və buna görə inzibati məsuliyyətin nəzərdə tutulması müəyyən edilsə də, həmin normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı birbaşa məqsədi yoxdur.
32. Bu nəticəyə gələrkən kollegiya ona istinad edir ki, sığorta münasibətləri mülki münasibət omaqla, mülki qanunvericilik normaları əsasında tənzimlənir.
33. Mülki hüquqi mənada isə əşyanın mülkiyyətçisinin həmin əşyanı digər şəxsin əvəzsiz istifadəsində verməsi, digər şəxsin isə həmin əşyanı öz istifadəsinə qəbul etməsi onlar arasında əvəzsiz istifadə müqaviləsinin bağlanması anlamına gəlir (MM-nin 732-ci maddəsi). Bu cür müqavilənin isə həm şifahi, həm də yazılı formada bağlanması mümkündür.
34. Göstərilən qaydaya uyğun olaraq kollegiya qeyd edir ki, avtomobilin digər şəxs tərəfindən idarə edilməsinin həmin avtomobilin mülkiyyətçisinin razılığına əsasən həyata keçirilməsi onların arasında bu avtomobilə dair əvəzsiz istifadə müqaviləsinin bağlanması kimi qiymətləndirməlidir.
35. Həmin yanaşmadan çıxış etməklə bu qənaətə gəlmək olur ki, hazırkı iş üzrə sığorta müqaviləsinin predmeti olan avtomobilin cavabdeh tərəfindən etibarnamə olmadan idarə edilməsi yalnız bu əsasa istinad etməklə həmin avtomobilin mülkiyyətçisinə və onu idarə edən şəxsə qarşı sığortaçının subroqasiya hüququnun yaranmasına səbəb olmur.
36. Avtomobilin etibarnamə əsasında idarə edilməsinə münasibətdə birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, mülki hüquq inzibati hüququn müəyyən etdiyi avtomobilin idarə edilməsinə dair etibarnaməni tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (Mülki Məcəllənin 362-ci maddəsi). Avtomobilin idarə edilməsi isə mülki hüquqda əşyadan istifadə etmək kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə etmək” deyəndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin təbii xassəsini nəqletməkdir ki, çünki o, nəqliyyat vasitəsidir. Ona görə də şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxs qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobil üzərində sərəncam verilməsi və üçüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür.
37. Bundan başqa, yol hərəkəti münasibətlərində avtomobilin idarə edilməsi ilə bağlı təmsilçilik münasibətinin yaranması mümkün deyil. Çünki, avtomobili idarə edən şəxs yol hərəkəti iştirakçısına çevirilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçılarının anlayışı verilib və orada “sürücü”nün nümayəndəsi institutu nəzərdə tutulmamışdır.
38. Kollegiya birinci instansiya məhkəməsinin bu cür yanaşmasını da düzgün hesab edir və onunla razılaşır.
39. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs”lərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir.
40. Hazırki işdə isə “Chevrolet Cruze” minik markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 tərəfindən avtomobilin mülkiyyətçisinin iradəsinə zidd olaraq idarə edilməsi barədə hər hansı sübutlar yoxdur.
41. Beləliklə, kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları əsaslı hesab etmir və qeyd edir ki, onlar formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
42. Kollegiya həmçinin qeyd edir ki, hazırkı iddianın mübahisələndirilən hissədə qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6223/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.