Məhkəmə qərarları › İş №2(103)-10031/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10031/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10031/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi X3, nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" X10 Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3269/2021 saylı, 10 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı, "xxxx" X10 Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, cavabdehlər Xammal və Əmtəə Birjası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Hərrac Mərkəzi Cavabdeh1nə və Cavabdeh2nə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus Abşeron rayonu Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin 21 saylı mənzilin satılmasına dair Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən təşkil edilmiş 26.08.2019-cu il tarixli hərracın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər ona və qeyrilərinə qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsinə Abşeron Rayon Məhkəməsində baxılmış, iddia qismən təmin edilmiş, ondan cəmi 22.462,09 manat məbləğində kredit borcunun tutulması qət edilmişdir. Abşeron rayon İcra və Prcbasiya şöbəsi tərəfindən Abşeron Rayon Məhkəməsinin 2-012-3275/2017 saylı icra sənədinə əsasən icra sənədi üzrə 29.03.2019-cu il tarixdə icraata başlanılmışdır. Onun məlumatı olmadan ödənilməli olan kreditin təminatı qismində ipoteka predmeti kimi Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin 21 saylı mənzili barədə Cavabdeh2 tərəfindən Respublika Xammal və Əmtəə Birjası “Külək'' MMC-yə sifariş göndərilmiş, sonuncu tərəfindən ona hər hansı bildiriş göndərilmədən hərrac keçirilmişdir. Nəticədə ipoteka predmeti olan mənzil 29.325 (iyirmi doqquz min üç yüz iyirmi beş) manat qiymətlə “Unibank" KB ASC-yə satılmışdır. Göründüyü kimi Cavabdeh2 sifarişinə əsasən "xxxx" MMC iddiaçıya məlumat vermədən ipoteka predmeti olan Abşeron rayonu. Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin 21 saylı mənzilini həddindən artıq ucuz qiymətə satmışdır. Hərracın keçirilməsinin vaxtı və yeri barədə ona heç bir məlumat verilməmişdir. Eyni zamanda nəzərə alınmamışdır kı, borclu tərəfindən imkan olduqca ödəniş icra edilmişdir. Bu məqsədlə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul məbləği tərəfindən tələbkara ödənilmişdir. Hərrac təşkilatı qeyd olunan hüquq normasının tələblərini pozaraq ipoteka predmeti olan mənzili öz mülkiyyətinə keçirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3269/2021 saylı, 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə, İddiaçı cavabdehlər Xammal və Əmtəə Birjası "xxxx" MMCyə, "xxxx" MMC Hərrac mərkəzinə, Cavabdeh2nə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" X10 Səhmdar Cəmiyyətinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” iddiasının təmin olunmaması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3269/2021 saylı, 10 avqust 2021-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi səbəbindən ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə nəzərə almalı idi ki, qanunvericlikdə nəzərdə tutulduğu kimi hərracın keçirilməsinə 30 gün qalmış bildiriş göndərilməli olduğu halda iddiaçının şəxsində və ya ünvanına hər hansı bildiriş göndərilməmişdir. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən, Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Məhkəmə nəzərə almalı idi ki, ipoteka haqqında qanunvericiliyin tələblərində hərracın keçirilməsinə dair məlumatın kütləvi informasiya vasitələrində və rəsmi internet saytında dərc olunması hələ hərracın təşkilatçısının hüquq və vəzifələrini yeriə yetirdiyi anlamına gəlmir. Bundan sonra təşkilatçı ipoteka qoyana sifarişli poçt göndərişi ilə məlumat verməli idi. Qanunun 42-ci maddəsi hərracın təşkilatçısı qarşısında qeyd etdiyimiz məsələni dispozitiv formada və ya ilə deyil, imperativ formada və ilə ifade etmişdir. İş materiallarında qanunverıcılkdə nəzərdə tutulmuş sifarişli poçt göndərişinin surətinin olmaması hərracın təşkilatçısının qanunvericiliyin tələblərini kobud surətdə pozduğunun bariz nümunəsidir. Kreditor ipoteka predmetı olan mənzili qanunvericiliyin tələblərini pozaraq öz mülkıyyətıne keçirmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3269/2021 saylı, 10 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdehlər Xammal və Əmtəə Birjası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, Hərrac Mərkəzi Cavabdeh1 və Cavabdeh2 nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı nümayəndəsi X6, nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə etdiklərini bildirərək, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdilər, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3269/2021 saylı, 10 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apelyasiya məhkəməsinin iclasında, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti etibarnamə əsasında nümayəndəsi X2 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3269/2021 saylı, 10 avqust 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kоllegiyası İddiaçı nümayəndəsi Sevil Nuriyevanın, nümayəndəsi və vəkili Vəkil və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC-nin etibarnamə əsasında nümayəndəsi Seymur Məmmədovun izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə tоplanmış sübutlara оbyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Abşeron Rayon Məhkəməsinin 2(012)-3275/2017 saylı, 21.12.2017-ci il tarixli qətnaməsi və onun əsasında verilmiş icra vərəqəsinin surətindən və məzmunundan görünür ki, iddia qismən təmin edilərək, İddiaçı 19.509,70 manat əsas borc, 2.852,39 manat faiz borcu, 100 (yüz) manat məbləğində cərimə olmaqla, cəmi 22.462.09 (iyirmi iki min dörd yüz altmış iki manat doqquz qəpik) manat məbləğində kredit borcu, 10 (on) manat məhkəmə xərci və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, “Unibank" KB ASC-nin xeyrinə verilməsi, tələbin ipoteka predmeti olan İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin 21 saylı mənzilinə yönəldilməsi, mənzil açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin hesabına İddiaçı "xxxx" KB ASC-yə olan cəmi cəmi 22.462,09 (iyirmi iki min dörd yüz altmış iki manat doqquz qəpik) manat kredit borcunun, 30 (otuz) manat məhkəmə xərcinin və iş üzrə ödənilmiş 30 (otuz) manat məbloğində dövlət rüsumunun əvəzinin ödənilməsi, İpoteka predmetinin ilkin satış qiymətinin 46.000 (qırx altı min) manat müəyyən edilməsi, "xxxx" KB ASC-yə ödənilməli olan kredit borcu, məhkəmə xərci və dövlət rüsumunun əvəzi Ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.(İ.vər. 9 - 14; 37) İş materiallarında olan, Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 hərracın yekunları barədə 40/03 saylı, 26.08.2019-cu il tarixli protokolunun təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin, 21 saylı mənzili ilkin satış qiyməti 46.000 manat qiymətə alınmadığından, 15% aşağı qiymətə 39.100 manat qiymətə təkrar hərraca çıxarılmış, təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə 29.325 manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" KB ASC tərəfindən əldə edilmişdir.(İ.vər. 15) İş materiallarında olan, hərracın keçirilməsinə dair 28.06.2019-cu il tarixli 01 nömrəli bildirişin təsdiq edilmiş surətlərindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin, 21 saylı mənzilin açıq auksion formasında hərracın keçirilməsi 29 iyul 2019-cu il tarixə saat 11:00-a təyin edilmişdir.(İ.vər. 34) İş materiallarında olan, hərracın keçirilməsinə dair 02.08.2019-cu il tarixli 02 nömrəli bildirişin təsdiq edilmiş surətlərindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin, 21 saylı mənzilin açıq auksion formasında hərracın keçirilməsi 14 avqust 2019-cu il tarixə saat 11:00-a təyin edilmişdir.(İ.vər. 35) İş materiallarında olan, “Birja yenilikləri” qəzetinin 28 iyun-04 iyul 2019-cu il tarixli buraxılışının surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin, 21 saylı mənzilin hərracı barədə elan dərc edilmişdir.(İ.vər. 38) İş materiallarında olan, “Birja yenilikləri” qəzetinin 12-18 iyul 2019-cu il tarixli buraxılışının surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin, 21 saylı mənzilin hərracı barədə elan dərc edilmişdir.(İ.vər. 39) İş materiallarında olan, “Birja yenilikləri” qəzetinin 02-08 avqust 2019-cu il tarixli buraxılışının surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin, 21 saylı mənzilin hərracı barədə elan dərc edilmişdir.(İ.vər. 40) İş materiallarında olan, “Birja yenilikləri” qəzetinin 16-22 avqust 2019-cu il tarixli buraxılışının surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin, 21 saylı mənzilin hərracı barədə elan dərc edilmişdir.(İ.vər. 41) İş materiallarında olan, 24.07.2019-cu il tarixli Aktın surətindən görünür ki, Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən Xırdalan şəhəri, məhəllə 27, ev 1, mənzil 21 ünvanında yaşayan Səfiyyə Hüseynova Kazım qızı, X7, X4 çatdırılması üçün “Fabo Express” şirkətinə 22.07.2019-cu il tarixində məktub təqdim olunmuşdur. Kuryer həmin ünvanda olmuş, Səfiyyə Hüseynova Kazım qızı məktubu qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən, göndəriş ünvan sahibinə təqdim olunmadan 24.07.2019-cu il tarixində “X13 MMC-yə geri qaytarılmışdır.(İ.vər. 61) İş materiallarında olan, 08.07.2019-cu il tarixli Aktın surətindən görünür ki, Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən Xırdalan şəhəri, məhəllə 27, ev 1, mənzil 21 ünvanında yaşayanlara İddiaçı Kazım qızı, X7, X9 və X5 çatdırılması üçün “Fabo Express” şirkətinə 01.07.2019-cu il tarixində məktub təqdim olunmuşdur. Kuryer həmin ünvanda olmuş, X9 məktubu qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən, göndəriş ünvan sahibinə təqdim olunmadan 08.07.2019-cu il tarixində Hərrac Mərkəzi "xxxx" MMC-yəə geri qaytarılmışdır.(İ.vər. 62) Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı kredit və ipoteka müqavilələrində göstərilən şərtlərlə razılaşaraq bankla həmin müqavilələri bağlamış və qeyd olunan müqavilələr əsasında öz üzərinə borcun vaxtında və tam şəkildə ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. Habelə, İddiaçı Bank ilə müqavilələri bağlayarkən həmin müqavilələrin şərtləri ilə tanış olmağa ona hər-hansı maneçiliyin olunması, Bank tərəfindən aldadılması halı öz əksini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin ümumi yanaşmasına görə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Lakin, İddiaçı tərəfindən göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. “F. Cavadov və V. Aslanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən ipoteka ilə bağlı münasibətlər bu qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən: 34.1 İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. İpoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. Bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir; Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.2, 41.3 və 41.5-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 41.4-cü maddəsinə əsasən tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Həmin Qanunun 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. İş materialları ilə müəyyən edilir ki, mübahisəsi gedən mənzillə bağlı ilkin hərrac baş tutmadığından mənzilin ilkin satış qiymətindən 15% aşağı, yəni 39.100 manatdan ikinci dəfə hərraca çıxarılması və hərracın 14.08.2019-ci il tarixdə keçiriləcəyi ilə bağlı müvafiq bildiriş tərtib edilərək “Birja yenilikləri” qəzetində elan dərc edilmiş, bildiriş borcluya və tələbkara göndərilmiş, lakin borclu tətəfindən hər iki bildiriş qəbul edilməkdən imtina edilmişdir. Göründüyü kimi iddiaçı və "xxxx" KB ASC arasında yaranmış öhdəlik münasibətləri ilə bağlı tərəflərin arasında mübahisənin məhkəmədənkənar həlli barəsində razılaşma olmamış və əmlaka tutma yönəldilməsi haqqında məhkəmə qətnaməsi qəbul edilmişdir. Odur ki məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən iddia tələblərinin əsaslı hesab edilməsi üçün hüquqi əsaslar mövcud olmadığı və bu səbəblə də iddianın təmin edilməməli olduğu nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı apelyasiya şikayətində ona məxsus əmlakın hərraca çıxarılması, hərracın keçirilməsi və nəticəsi barədə məlumatlı olmadığını, bu barədə ona rəsmi qaydada məlumat verilmədiyini, bildiriş göndərilmədiyini, əmlakın qiymətləndirilməsində və hərracın keçirilməsində iştirakı təmin edilmədiyini və hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyini göstərsə də həmin dəlillər formal mülahizələr olmaqla qətnamənin ləğvi üçün əsaslı hesab edilə bilməz. Belə ki, iddiçı ilə bank arasında bağlanmış ipoteka müqaviləsindən aydın olur ki, iddiaçı ipoteka müqaviləsini imzalayarkən bank qarşısında olan kredit öhdəliyini vaxtında və lazımınca icra etmədiyi halda borcun ipoteka predmetinə yönəldilnəsi qaydası və halı ilə tanış edilmiş və bundan sonra o, ipoteka müqaviləsini imzalamışdır. Lakin o, bankdan götürmüş olduğu 22.000 manat məbləğində borcdan borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilnəsi barədə qətnamə qəbul edilən 21 dekabr 2017-ci il tarixə kimi olan müddətdə cüzi məbləğdə ödəniş etmişdir ki, onun qətnamə qəbul edildiyi tarixə əsas borca görə 19.509,70 manat ödənilməmiş əsas, 2.852,39 manat faiz kredit borcu qalmışdır. Qeyd edilənlərdən aydın olur ki, iddiaçı kredit götürdüyü zamandan banka cüzi ödəniş etməklə, yəni öhtəliyini tam icra etməməklə ipoteka predmetinin taleyinin həmin zamandan keçən uzun müddət ərzində hansı qaydada həll ediləcəyi barədə məlumatlı olmuş, həmçinin kredit müqaviləsinin etibarsızlığı, ipoteka müqaviləsinin etibarsızlığı, ipoteka predmetinin qiymətləndirilməsi barədə qiymətləndirmə aktı müxtəlif məhkəmə proseslərində mübahisələndirilmiş və həmin məhkəmə proseslərində ipoteka predmetinin hərraca çıxarılmasından məlumatlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3269/2021 saylı, 10 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə İddiaçı apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3269/2021 saylı, 10 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar