Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1005/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 54 nömrəli mənzildə Cavabdeh1 ½ hissədə məxsus mülkiyyət payının anası Cavabdeh2 bağışlanmasına dair Bakı şəhəri 27 saylı Notariat Kontariat ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış müqaviləsinin etibarsız hesab edilməsi, həmin əqdlə bağlı Cavabdeh2 verilmiş reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2012-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmuşdur. Münasibətləri pisləşdiyi üçün Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-2302/2017 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-2163/2017 saylı qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş, ünvan 1 ünvanda yerləşən 54 nömrəli mənzilə hər birinə ½ hissədə mülkiyyət hüququ müəyyən edilmişdir. Daha sonra keçmiş həyat yoldaşı Cavabdeh1 ona qarşı “mənzilin hərrac yolu ilə satılması, natura qaydasında payların əldə olunması” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş, ünvan 1 ünvanda yerləşən 54 nömrəli mənzilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, mənzildə ona mülkiyyət hüququ əsasında aid olan hissədə paydan istifadəsi, yaşaması və sərəncam verməsi mümkün olmadığından mənzilin hərrac yolu ilə satılması, natura qaydasında payların əldə olunmasına dair qətnamə çıxarılmasını xahişetmiş həmin məhkəmənin xx xxxx 2018-ci il tarixli qərardadı ilə iddia baxılmamış saxlanmışdır. Eyni zamanda Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)- 12644/2017 saylı qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş avtomobilin dəyərinin yarısının- 6000 manatın Cavabdeh1 tutularaq ona ödənilməsi qət olunduğu üçün məhkəmə qətnaməsi icraya yönəldilmiş borclu Cavabdeh1 öz xahişi əsasında onun mənzilə olan 2/1 hissədə mülkiyyət payına yönəldilməsi yolu ilə tələbin təmin edilməsinə dair Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(004)-1241/2018 saylı qərardadı ilə ünvan 2 ünvanda 54 nömrəli mənzilin üzərinə həbs qoyulmuşdur. Digər 2 məhkəmə qətnaməsi - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11594/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında borclu Cavabdeh1 tutularaq ona 12541 manat və Yasamal Rayon Məhkəməsinin 11,01.2019-cu il tarixli 2(004)-565/2019 saylı qətnaməsi əsasında 3695 manat, cəmi isə 3 qətnaməyə əsasən 22236 manat borclu Cavabdeh1 tutularaq ona ödənilməli idi. Tələbin mənzilə olan mülkiyyət payına yönəldilməsi ilə əlaqədar icra icraatı başlandığını bilə-bilə Cavabdeh1 2019-cu ilin sonlarında «mənzilin hərrac yolu ilə satılması, natura qaydasında payların əldə olunması tələbinə dair» iddiası üzrə icraatın təzələnməsi üçün Nəsimi rayon məhkəməsinə müraciət etmiş və həmin iş üzrə prosessin gedişində, xx.xx.2020-ci il tarixdə, məhkəmə qətnamə və məlum qərardadın icrasının əngəlləndirilməsi və süründürülməsi və onları icra etməkdən yayınmaq məqsədilə öz anası Cavabdeh2 ilə qabaqcadan razılaşaraq mübahisə predmeti olan mənzildəki payının anasına “bağışlanmasına dair” Bakı şəhəri 27 saylı Notariat ofisində müqavilə bağlamış, bundan dərhal sonra Cavabdeh2 mənzildəki paya yiyələndiyini ona rəsmi məktubla bildirmiş və payı almağı təklif etmişdir. Eyni zamanda Cavabdeh2 əsl tərəf kimi Nəsimi Rayon Məhkəməsində hazırkı iş üzrə prosesə qoşularaq «mənzilin hərracda satılmasına dair» iddia tələbi üzrə oğlu Cavabdeh1 əvəz etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2089/2020 saylı mülki iş xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 ona qarşı «mənzilin hərracda satılmasına dair» iddia tələbi təmin edilmiş, tərəflərin paylı mülkiyyətində olan ünvan 1 ünvanda 5 mərtəbəli fransız layihəli köhnə tikili binanın 3-cü mərtəbəsində yerləşən, 37,5 kv.m. ümumı, 24,3 kv.m. yaşayış. 13.2 kv.m. köməkçi sahədən ibarət 2 otaqlı, 54 nömrəli mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 48000 manat müəyyən edilməsi, satışdan əldə olunmuş vəsaitin ½ hissəsinin iddiaçı Cavabdeh2 və ½ hissəsinin cavabdeh İddiaçı ödənilməsi qət olunmuşdur. Beləliklə bağlanmış müqavilə bir neçə qətnaməyə əsasən borcun ona ödənilməsinin əngəlləndirilməsi, süründürülməsi və onları icra etməkdən yayınmaq məqsədilə bağlandığı şübhə doğurmur. Tərəflərin sözü gedən “Bağışlama” müqaviləsinədək və ondan dərhal sonrakı hərəkətləri müqavilənin hər iki tərəfin pis niyyətlə razılığa gələrək bağladığını təsdiq edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya sikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-3142/2020 sayli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsində göstərilənlərlə əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də, apelyator hesab etmişdir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-3142/2020 sayli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 vəkili X2 apellyasiya şikayəti ilə razı olmadığını, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-3142/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kolegiyasi hesab edir ki, iddianin predmeti bölunməz olduğundan və apellyasiya sikayəti qətnamənin ləğvinə yönəldildiyindən qətnamə tam yoxlanılmalıdir. Məhkəmə kollegiyası proses iştiakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddianın rədd olunması barədə qətnaməni onunla əsaslandırmışdır ki, mübahisələndirilən əqd təsdiq edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən İddiaçı adına verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 54 nömrəli mənzil ½ hissədə Cavabdeh1, ½ hissədə İddiaçı mülkiyyətində olub. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.6-cı maddəsindən göründüyü kimi paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən də göründüyü kimi, ünvan 1 ünvanda yerləşən sahəsi 37,5 kv.m olan 54 nömrəli mənzil Cavabdeh1 tərəfindən Cavabdeh2 hədiyyə edilmişdir. Beləliklə iddiaçının mübahisələndirdiyi xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi öz qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 215.1, 215.2, 215.6, 324.1, 390.1, 337.1, 337.2 və 339.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı cavabdehlə xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuş və birgə nikah dövründə ünvan 1 ünvanda yerləşən 54 nömrəli mənzili əldə etmişlər. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsilə birgə nikah dövründə mübahisəli mənzilə tərəflərin ½ hissədə mülkiyyət hüquqları müəyyən edilmiş və tərəflər mülkiyyət hüquqlarını rəsmiləşdirmişlər. İş materiallarında olan (i.v.12) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə həmçinin müəyyən edilir ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsilə müəyyən edilmiş 6000 manat məbləğində borcun Cavabdeh1 X1 xeyrinə tutulması barədə icra icraatı zamanı Cavabdeh1 xx.xx.2018-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək, mülkiyyətində ünvan 1 ünvanda yerləşən 54 saylı mənzil olduğunu bildirmiş və tələbin həmin əmlaka yönəldilməsini xahiş etmişdir. Bununla bağlı icra məmuru tələbin real icrasını təmin etmək məqsədilə borclunun mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması üçün təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmişdir. Cavabdeh1 həmin qərardaddan şikayət vermiş və şikayəti onunla əsaslandırmışdır ki, mənzil onun yeganə yaşayış sahəsi deyil, tələbkara borclu olduğu pulun mülkiyyətində olan əmlaka yönəldilməsini özü istəmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş və borclu Cavabdeh1 mülkiyyətindəki mübahisələndirilən mənzildə olan payının üzərinə həbs qoyulması qərara alınmışdır. İş materialları ilə daha sonra müəyyən edilir ki, hazırki iş üzrə Cavabdeh1 hazırki iş üzrə iddiaçıya qarşı “mənzilin hərrac yolu ilə satılması, natura qaydada payların əldə olunması” tələbinədair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldırmış, xx xxx 2018-ci ildə həmin iddia baxılmamış saxlanılsa da, sonradan həmin icraat təzələnmiş, hazırki iş üzrə Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 54 nömrəli mənzildəki mülkiyyət hüququ ilə ona məxsus olan payını (1/2 hissə, 18,75 kv.m) xx xxxxxx 2020-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh2a bağışlamış və prosesin gedişində iddiaçının nümayəndəsinin vəsatəti təmin edilərək, Cavabdeh1 əsl iddiaçı Cavabdeh2 (anası) ilə əvəz edilmiş və məhkəmənin qətnaməsilə iddia təmin edilərək, tərəflərin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 54 saylı mənzilin hərracda satılması qət edilmişdir. İddiaçı iddia tələbində işin yuxarıda göstərilən hallarına əsaslanaraq hesab edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən mübahisəli mənzildə olan payının anasına bağışlaması onun niyyətinin bir neçə qətnaməyə əsasən borcun ödənilməsinin əngəlləndirilməsi, süründürülməsi və onları icra etməkdən yayınması məqsədilə bağlandığının şübhə doğurmadığını, tərəflərin sözügedən “Bağışlama” müqaviləsinədək ondan dərhal sonrakı hərəkətləri müqavilənin hər iki tərəfinin pis niyyətlə bağlandığını təsdiq edir və bu səbəbdən Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən həmin müqavilə etibarsız hesab edilməlidir. İddiaçı apelyasiya şikayətini də iddia tələbinə uyğun əsaslandırmış və həmçinin qeyd etmişdir ki, “Bağışlama” müqaviləsi bağlayarkən mülkiyyətçi Cavabdeh1 heç də qarşı tərəfin – Cavabdeh2 həmin əmlakın real mülkiyyətçisinə çevrilməsini arzulamamış, yalnız borc tələbinin həmin əmlak payına yönəldilməsinə dair öz ərizəsi ilə üzərinə götürdüyü öhdəlikdən dolayısı ilə yayınmaq məqsədi güdmüşdür. İddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 339.1-ci maddəsinə istinad edilsə də, Yasamal Rayon Məhkəməsi qətnamədə qeyd edilən qanunun müddəalarının hazırki mübahisəyə tətbiq edilməli olmadığını əsaslandırmamışdır. Kollegiya apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. İlk növbədə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddia tələbinin dəlillərinə və həmin dəlillərin əsaslandığı hüquqi əsasa qiymət verməmişdir. Bu da Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsinin tələblərinə görə qətnamənin ləğvi üçün əsasdır. Kollegiya iddiaçının iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 339.1-ci maddəsinə istinad etməsini hazırki mübahisənin həlli üçün əsaslı saymır. Belə ki, Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən”..... bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində” bağlanmış əqd zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Mülki qanunvericiliyin qeyd edilən norması tərəflərin bir-birinə münasibətdə pis niyyətlə razılığa gəlməsini ehtiva edir. Hazırki işdə iddiaçı müqavilə tərəfi olmadığından, həmin əsasla müqavilənin etibarsızlığını tələb edə bilməz. Bu baxımdan kollegiya qeyd edilən hüquqi əsasla iddianın təmin edilməsi üçün əsas görmür. Lakin kollegiya hesab edir ki, iddiaçının “Bağışlama” müqaviləsinin etibarsızlığı barədə iddia tələbinin dəlilləri həmin müqavilənin başqa hüquqi əsasla etibarsızlığına əsas verdiyi üçün müqavilə etibarsız sayılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, hazırki iş üzrə Cavabdeh1 digər məhkəmə qətnamələrinin icrası zamanı mübahisələndirilən mənzildə olan payına tutmanın yönəldilməsi barədə iradəsini ifadə etməklə, mübahisəli mənzildəki payı üzərinə məhkəmənin qərardadına əsasən həbs qoyulması barədə malumatlı olmasına baxmayaraq, sonradan mübahisəli mənzildəki payını anasına bağışlamaqda niyyəti heç də hədiyyə alanı zənginləşdirmək olmamış, əksinə digər məhkəmə qətnaməsinin icrasını əngəlləmək məqsədi güdmüşdür. Bu da qeyd edilən bağışlama müqaviləsinin uydurma əqd olmaqla, formal bağlanılmasına dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 666-cı maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Qeyd edilən maddi hüquq normalarını hazırki mübahisəyə tətbiq edən kollegiya qeyd edir ki, “Bağışlama” müqaviləsi bağlayarkən hazırki iş üzrə cavabdehin qarşı tərəfi heç də zənginləşdirmək niyyəti olmamışdır. İş materialları ilə müəyyən edilir ki, “Bağışlama” müqaviləsi hazırki tərəflər arasında mübahisəli mənzilin hərracda satılması barədə mülki işin gedişi zamanı baş vermiş və həmin mübahisədən hədiyyə alanın məlumatsız olması inandırıcı hesab edilmir. Bu baxımdan kollegiyanın qənaəti odur ki, “Bağışlama” müqaviləsi uydurma əqd olmaqla, yalnız görünüş üçün bağlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. İşin faktiki hallarını və qeyd edilən maddi hüquq normalarının tələblərini nəzərə alan kollegiya hesab edir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi” uydurma əqd olmaqla görünüş üçün bağlanıldığından əhəmiyyətsiz əqddir və bu səbəbdən etibarsız sayılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1 və 385.4-cü maddələrinə gorə maddi və prosessual huquq normalarının düzgün tətbiq edilməməsi, eləcə də birinci instansiya məhkəməsinin qətnamədə göstərilən nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385, 387, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab olunması və həmin əqdlə bağlı Cavabdeh2 verilmiş reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilsin. ünvan 1 ünvanında yerləşən 54 nömrəli mənzildə Cavabdeh1 ½ hissədə məxsus mülkiyyət payının Cavabdeh2 bağışlanmasına dair Bakı şəhəri 27 saylı Notariat Kontariat ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi” etibarsız hesab olunsun. Həmin əqdlə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarış ləğv edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1005/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1005/2021
02.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver