Məhkəmə qərarları › İş №2(103)-10054/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10054/2021

23.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10054/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(010)-2486-21 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərişıq ASC tərəfindən onun yaşadığı Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Məktəbli küçısində yerləşən fərdi yaşayış evinin sayşacına qanunsuz hesablanmış 10.977 manat əsassız cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən yaşadığı Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Məktəbli küçəsində yerləşən ünvansız fərdi yaşayış evinin işıq sayğacına (abunə kodu: **********300B) 10.977 (on min doqquz yüz yetmiş yeddi) manat əsassız cərimə borcu hesablanmışdır. Buna görə də cavabdeh təşkilatın əməkdaşları onun evinə çəkilmiş elektrik kabel xəttini söküb aparmışlar. Neçə gündür ki, onun yaşadığı evə elektrik enerjisinin verilməsi sonuncular tərəfindən qanunsuz olaraq dayandırılmışdır. "xxxx" ASC-nin əməkdaşları ona qanunsuz yazılmış cərimə borcunun dəyəri ödənilməyənə qədər onların evinə elektrik enerjisinin verilməsinin bərpa edilməyəcəyini bildirmişlər. Bu isə tamamilə qanunsuz və əsassızdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(010)-2486/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Məktəbli küçəsində yerləşən ünvansız fərdi yaşayış evinin sayğacına hesablanmış 10.977 (on min doqquz yüz yetmiş yeddi) manat cərimə borcun silinməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Azərişıq ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən onların təqdim etdikləri sübutların (akt, videogörüntü) qiymətləndirilməsi düzgün aparılmamış, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş, bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafia etdi və onun məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 05.04.2021-ci il tarixli 790 nömrəli arayışdan görünür ki, Zairov X2 qəsəbəsi, Məktəbli küçəsindəki ünvansız fərdi yaşayış evində yaşayır. İş materiallarında olan 04.03.2021-ci il tarixli 021578 nömrəli aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı həmin ünvandakı qeyri-yaşayış sahəsinə sayğac sxemindən kənar xətt daxil olduğu müəyyən edilmişdir. Akt "xxxx" ASC-nin əməkdaşları tərəfindən imzalanmış, iddiaçının aktın tərtibi zamanı iştirak etmədiyi göstərilmiş, hal şahidlərinin iştirakı təmin edilməmişdir. İş materiallarında olan “Abunə haqqında” çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Məktəbli küçəsində yerləşən ünvansız fərdi yaşayış evində yaşayan **********300B nömrəli abonent İddiaçı 10.977 (on min doqquz yüz yetmiş yeddi) manat borc hesablanmışdır. İş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli ünvana mütəxəssislərin iştirakı ilə baxış keçirilmiş, həmin baxışdakı mütəxəssislər tərəfindən verilmiş rəyə əsasən iddiaçıya məxsus fərdi yaşayış evində kənar müdaxilə əlamətləri mövcud olsa da, hazırda hər hansı müdaxilə və ya kənar qoşulma mövcud olmadığı müəyyən edilmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş videoyazıdan görünür ki, İddiaçı məxsus olan mübahisəli ünvana iddiaçının nümayəndələri tərəfindən baxış keçirilmiş, baxış zamanı həyətdə olan tikililərə sayğacdan kənar elektrik xəttinin çəkilməsi aşkar edilmişdir. Azərbaycan Respublikası MPM-nin 95.1-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Həmin Məcəllənin 95.2-ci maddəsinə görə isə qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Məhkəmə kollegiyası göstərilən prosessual hüquq normalarına əsasən hesab edir ki, həmin videoçəkiliş aparılarkən qanunvericiliyin hər hansı tələbi pozulmamış, bu çəkiliş gizli aparılmamış, belə çəkilişin aparılması qanunvericiliklə qadağan edilməmişdir, ona görə də sübut kimi qiymətləndirilərək hazırkı mübahisənin həlli zamanı nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsasən işin o hallarına istinad etmişdir ki, iddiaçı tərəfindən müdaxilə və ya kənar qoşulma mövcud olmuşdursa belə, həmin müdaxilənin iddiaçı tərəfindən həyata keçirilməsi nə yerli baxış zamanı, nə də iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə həmçinin, keçirilmiş yerli baxış zamanı iddiaçının həyətində olan istixananın elektrik enerjisi ilə yox, təbii qaz vasitəsi ilə fəaliyyət göstərdiyinin müəyyən olunduğuna istinad etmişdir. Bundan bağqa, məhkəmə cavabdehin əməkdaşları tərəfindən akt tərtib edilərkən qanunvericiliyin tələblərinin nəzərə alınmamasına istinad etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Qaydaların 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri – cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.32-ci bəndinin 2-ci hissəsinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin araşdırılan hallarını və qanunvericiliyin qeyd edilən tələbləri əsasnda qiymətləndirərək məhkəmə kollegiyası hesab edir ki, İddiaçı məxsus ünvansız fərdi yaşayış evində həqiqətən də sayğacdan kənar elektrik xəttinə qoşulma halı olmuş, evin həyətində yerləşən qeyri-yaşayış sahələrinə (istilikxana, ferma) sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisi ötürülmüşdür. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən işin digər halları ilə yanaşı, cavabdeh təşkilatın əməkdaşları tərəfindən həmin evdə elektrik naqillərinə və sayğaca baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüyə, birinci instansiya məhkəməsi tərəfindən yerində müayinə aparılarkən sayğacdan kənar qoşulma izlərinin aşkar edilməsi kimi hallara istinad edir. Məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən də "Elektrik enerjisindən istifadə Qaydaları"na əsasən sayğacdankənar qoşulma halının aşkar edilməsi ilə bağlı akt tərtib edilərkən iki nəfər şahidin iştirakı zəruri olsa da, cavabdeh təşkilatın nümayəndələri tərəfindən bununla bağlı akt tərtib edilərkən şahidlərin iştirakı təmin olunmamış, habelə abonent həmin aktın tərtibində iştirak etməmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, bu aktın qüsurlu tərtib edilməsi, həmin aktın mötəbərliyini şübhə altına alsa da, özüözlüyündə elektrik xəttinə sayğacdan kənar qoşulma halının olmadığı anlamına gəlmir. Məhkəmə kollegiyası təqdim edilmiş videoçəkilişi sübut kimi qiymətləndirərkən nəzərə alır ki, həmin çəkilişin iddiaçıya məxsus ünvansız fərdi evdə aparılması, orada əks olunmuş sayğacın iddiaçının adına qeydə alınması kimi halları hazırkı işin tərəfləri mübahisələndirməmişlər. Qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası hesab edir ki, aşkar edilmiş qanunsuz elektrik şəbəkəsinə qanunsuz qoşulmaya görə iddiaçıya 10.977 manat dəymiş ziyan məbləğinin hesablanması əsassız olmuşdur. Belə ki, cavabdeh "xxxx" ASC tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, dəymiş ziyanın hesabatı iddiaçının 150 gün ərzində elektrik şəbəkəsinə qanunsuz qoşulması nəzərə alınmaqla aparılmışdır. Yuxarıda qeyd edildiyi kimi, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Deməli, enerji təchizatı müəssisəsi ən azı ayda bir dəfədən az olmayaraq, abonentin ünvanına quraşdırılmış sayğaca baxış keçirməklə, hesabat dövrü üzrə göstəriciləri götürməlidirlər. Belə olan halda, İddiaçı ünvanında şəbəkəyə qanunsuz qoşulmaya görə hesabatın hansı səbəbdən 150 gün üçün aparılması başa düşülən deyildir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı məxsus fərdi yaşayış evində elektrik şəbəkəsinə qanunsuz qoşulma halı aşkar edildiyi şübhəsiz olsa da, bu pozuntuyu görə dəymiş ziyanın hesablanması 150 gün üçün deyil, 30 günədək olan müddət üçün aparılmalı idi. Qeyd edilən hesabat müddəti üçün ziyanın məbləği isə sadə riyazi hesablama yolu ilə 2195,4 manat (10977 : 150 x 30 = 2195,4) müəyyən edilir. Beləliklə müəyyən edilir ki, iddiaçıya hesablanmış borcun 8.781,6 manat (10977 – 2195,4 = 8781,6) hissəsi əsassız olmuşdur, bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənləri ümumiləşdırərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmiş, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismən əsası olmuşdur, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, habelə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ : Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(010)-2486/2021 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Məktəbli küçəsində yerləşən ünvansız fərdi yaşayış evinin sayğacına hesablanmış 8.781,6 (səkkiz min yeddi yüz səksən bir manat 60 qəpik) manat borc məbləği silinsin. Qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar