Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10056/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi X10 Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə iştirakları ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(005)- 3376/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “Təqaüdçünün təhsilinin təşkili haqqında müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında bağlanmış 02 may 2012-ci il tarixli, 99 nömrəli təqaüdçünün təhsilinin təşkili haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 02 may 2012-ci il tarixli, 99 nömrəli “Təqaüdçünün təhsilinin təşkili haqqında” müqavilə bağlanmışdır. 31 may 2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ona bildiriş göndərmişdir. Həmin bildirişdə yazılmışdır ki, “Hal-hazıradək həmin borc məbləği ödənilmədiyi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, SOCAR qarşısında icra edilməmiş və ipotekailə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 64 nömrəli mənzilə və ünvan 3, 17 nömrəli bağ evinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi proseduru başlanacaqdır”. Qeyd edilməlidir ki, onunla cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında bağlanmış 02 may 2012-ci il tarixli, 99 nömrəli təqaüdçünün təhsilinin təşkili haqqında müqavilənin 10.1-ci bəndinə əsasən “tərəflər arasında bu Müqavilə və ya onunla əlaqədar yarana biləcək bütün mübahisə və fikir ayrılıqları danışıqlar yolu ilə həll olunmalıdır.” Lakin cavabdeh müqavilənin bu bəndinə zidd olaraq notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi proseduru barədə bildiriş göndərmişdir. Eyni zamanda müqavilənin 3.1-ci bəndində müqavilənin ümumi məbləği xarici valyuta ilə ABŞ dolları ilə göstərilmişdir. Azərbaycan Respublikasında manatdan başqa valyutanın ödəniş vasitəsi kimi istifadə edilməsi qanunsuzdur. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Bununla da, cavabdeh tərəfindən müqavilənin etibarsızlığına səbəb olan hərəkətlər edildiyinə və müvafiq məcəllədə nəzərdə tutulmuş hallar mövcud olduğuna görə tərəflər arasında bağlanmış müqavilə etibarsız hesab edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə Akif oğlu yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə iş üzrə İddiaçı arasında bağlanmış 02 may 2012-ci il tarixli, 99 nömrəli müqaviləyə əsasən, SOCAR-ın Təqaüd Proqramı çərçivəsində keçirilən müsabiqənin nəticələrinə uyğun olaraq, iddiaçının X3 Pensilvaniya Dövlət Universitetində “neft mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili SOCAR tərəfindən maliyyələşdirilmişdir. Müqavilənin predmeti maliyyələşdirmədir. Qeyd edilən müqavilə həmin tarixdə müvafiq notariat kontoru tərəfindən təsdiq edilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin 2ci hissəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi, bu iş üzrə iddiaçı əqdin etibarsız sayılmasına əsas olması üçün sadaladığı halları hələ müqavilə imzalanarkən, eləcə də 2012-ci ildən 2016-cı il tarixədək SOCAR tərəfindən maliyyələşdirilmə aparıldığı dövrdən məlumatlı idi. Bu səbəbdən, əgər təqaüdçü hesab edirsə müqavilə onun hüquqlarını pozmaqla bağlanılmışdır, həmin müqavilənin etibarsızlığını müqavilə bağlandı tarixdən və ya təhsil haqqının, həmçinin ona ilk təqaüd ödənilən tarixdən bir il müddətində mübahisələndirmək hüququ vardı. Ona görə də, müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. Təqaüdçünün təhsilinin təşkili haqqında müqavilədə maliyyələşdirməni xarici valyutada göstərilməsinin heç bir halda pozuntu deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 390-cı maddəsinin 1-ci hissəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Yuxarıda qeyd edilən müqavilənin 3.1-ci bəndində olan cədvəldə İddiaçı təhsili ilə bağlı SOCAR tərəfindən həyata keçirilən maliyyələşdirilmə ABŞ dolları ilə göstərilmişdir. Həmçinin həmin müqavilənin 4.1-ci bəndində yuxarıda qeyd edilən cədvəlin 1-ci sətri üzrə xərclər təhsil müəssisəsinin təqdim etdiyi hesab əsasında SOCAR tərəfindən birbaşa təhsil müəssisəsinə ödənilməsi müəyyən edilmişdir. Həmin təhsil müəssisəsi də X3 təhsil müəssisəsi olduğu üçün hesabı ABŞ dolları ilə təqdim etmiş və SOCAR həmin hesab üzrə müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq ödəniş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli qərarının müəyyən etdi hissəsindən göründüyü kimi, xarici valyuta, o cümlədən ABŞ dolları mülki dövriyyədən çıxarılmamış əşya hesab olunur. Həmin qərarda göstərilir ki, pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir. Belə olan halda ödəniş manatla ifadə olunmalıdır. Bu səbəbədən hesab edir ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar, o cümlədən SOCAR ilə İddiaçı arasında bağlanmış müqavilədə qeyd edilən məbləğin manatla ifadə olunması kimi yazıları tam əsassızdır. Bu baxımdan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onunla cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında bağlanmış 02 may 2012-ci il tarixli 99 nömrəli təqaüdçünün təhsilinin təşkili haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hal-hazırda onun tərəfindən verilmiş iddia ərizəsində iddia tələbinin artırılması və dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Bu barədə ərizə ilə müraciət edərək, iddia tələblərinin həcmini dəqiqləşdirərək və artıraraq iddia ərizəsinin mətnində və xahiş etdi hissəsində “onunla cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında bağlanmış 02 may 2012-ci il tarixli 101 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri 14 nömrəli notariat kontorunun 11 iyul 2020ci il tarixli, 7518 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi”ni xahiş edir. Belə ki, onunla cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında bağlanmış 02 may 2012-ci il tarixli, 101 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməlidir, cünki cavabdeh tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələbləri pozulmuşdur. Eyni zamanda məhkəmə tərəfindən Bakı şəhəri 14 nömrəli notariat kontorunun 11 iyul 2020-ci il tarixli, 7518 nömrəli icra qeydi də qanunsuz və əsassız olduğu ücün ləğv olunmalıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 9.2-ci bəndinə əsasən tərəflər bu Müqavilənin qüvvədə olduğu müddət ərzində yaranan mübahisələrin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə nail ola bilmədiyi halda, bu mübahisələr Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll ediləcəkdir. Lakin cavabdeh müqaviləyə zidd olaraq məhkəməyə müraciət etmədən qanunsuz olaraq Bakı şəhəri 14 nömrəli notariat kontorunun 11 iyul 2020-ci il tarixli 7518 nömrəli icra qeydini çıxartmışdır. Qeyd edilənlərə əsasən, onunla cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında bağlanmış 02 may 2012-ci il tarixli 101 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri 14 nömrəli notariat kontorunun 11 iyul 2020-ci il tarixli 7518 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(005)- 3376/2020saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(005)- 3376/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində iddia tələbində göstərilənlərə uyğun məzmunda istinad olunmaqla, həmçinin qeyd olunur ki, birinci instansiya məhkəməsi qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1664/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 iyul 2021-ci il tarixli, 2(102)-4196/2021 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1664/2021 saylı mülki iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi qismən–tərəflər arasında bağlanmış 02 may 2012-ci il tarixli ipoteka müqaviləsinin etibarsız sayılması və 14 saylı notariat kontoru tərəfindən verilmiş 11 iyul 2020-ci il tarixli icra qeydinin ləğv edilməsi tələbinin rədd olunmasına dair hissədə ləğv edilməsi, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini mübahisələndirilən hissədə müdafiə etdi, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(005)-3376/2020 saylı qətnaməsinin tərəflər arasında bağlanmış 02 may 2012-ci il tarixli 101 saylı ipoteka müqaviləsinin etibarsız sayılması və 14 saylı notariat kontoru tərəfindən verilmiş icra qeydinin ləğv edilməsi tələbinin rədd olunmasına dair hissədə ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etmədi, etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin mübahisələndirilən hissədə təmin edilməməsini, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(005)- 3376/2020 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında ona verilən suallara cavab olaraq bildirdi ki, 14 saylı notariat kontoru tərəfindən icra qeydi yeni “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin- tərəflər arasında bağlanmış 02 may 2012-ci il tarixli 101 saylı ipoteka müqaviləsinin etibarsız sayılması və 14 saylı notariat kontoru tərəfindən verilmiş 03 iyul 2020-ci il tarixli icra qeydinin ləğv edilməsi tələblərinin təmin edilməməsi hissələrində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(005)- 3376/2020 saylı qətnaməsi mübahisələndirilən- 03 iyul 2020-ci il tarixli icra qeydinin ləğv edilməsinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməlidir. Qətnamə mübahisələndirilən qalan- tərəflər arasında bağlanmış 02 may 2012-ci il tarixli, 101 saylı ipoteka müqaviləsinin etibarsız sayılmasının təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası 14 iyul 2021-ci il tarixli, 2(102)- 4196/2021 saylı qərarında qeyd etmişdir ki, Apellyasiya instansiyası məhkəməsi iddia ərizəsinin dəlillərinə əsaslanaraq ipoteka müqaviləsinin etibarsız sayılması və icra qeydinin ləğv edilməsi tələbinin əsassız olması barədə nəticəyə gəlmiş, lakin iş materiallarına nə ipoteka müqaviləsi, nə də icra qeydi əlavə edilməmişdir. Göründüyü kimi, etibarsız sayılması və ləğv edilməsi tələb olunan sənədlər məhkəməyə təqdim olunmamış və həmin sənədlər məhkəmədə tədqiq olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 06.10.2021-ci il tarixli, 2(103)-10056/2021saylı sorğusu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 14 saylı Natoriat Ofisindən qeyd olunan sənədlər əldə edilmişdir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3, 17 nömrəli bağ evi İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 62 nömrəli reyestr kitabının 6537 nömrəli vərəqində 26 mart 2011-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İddiaçı arasında bağlanmış 02 may 2012-ci il tarixli 99 nömrəli təqaüdçünün təhsilinin təşkili haqqında müqavilənin məzmunundan görünür ki, bu müqavilənin predmeti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin təqaüd proqramının çərçivəsində təqaüdçünün təhsilinin təşkili və maliyyələşdirilməsindən, bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən irəli gələn tərəflərin qarşılıqlı münasibətləridir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin təqaüd proqramı çərçivəsində keçirilən müsabiqənin nəticələrinə əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 2012-2016-cı tədris illərində təqaüdçünün X3 Pensilvaniya Dövlət Universitetində (X8 University) neft mühəndisliyi ixtisası üzrə bakalavr təhsili almasını maliyyələşdirir (1.1-ci bənd). Tərəflərin bu müqavilə üzrə hüquq və vəzifələrinin yaranmasının şərti təqaüdçünün öhdəliklərinin yerinə yetirilməsinin təminatı olan ipoteka müqavilələrinin qüvvəyə minməsidir (1.2-ci bənd). Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti təqaüdçü bu müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozduqda, Azərbaycan Respublikasının qanunvericiliyi və bu müqavilə ilə nəzərdə tutulmuş qaydada müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir (2.1.2-ci bənd). Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq təqaüdçünün bu müqavilənin şərtlərini pozduğu halda, ipotekaqoyanın təqaüdçünün bu müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi üçün təqdim etdiyi və bu müqavilənin 5.1-ci bəndində göstərilmiş təminata tutmanı yönəltmək hüququna malikdir (2.1.3-cü bənd). Bu müqavilə üzrə təqaüdçünün magistr təhsili üzrə xərclərinin ümumi məbləği 184.094 (bir yüz səksən dörd min doxsan dörd) ABŞ dollarıtəşkil edir (3.1-ci bənd). Təqaüdçünün bu müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinin təminatı kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikasının vətəndaşı İddiaçı (ipotekaqoyan) arasında bağlanmış 02 may 2012-ci il tarixli 100 nömrəli ipoteka müqaviləsinə uyğun tam mülkiyyət hüququ ipotekaqoyana məxsus olan ünvan 2 ünvanında yerləşən 4 otaqlı 64 nömrəli mənzil və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Azərbaycan Respublikasının vətəndaşı İddiaçı (ipotekaqoyan) arasında bağlanmış 02 may 2012ci il tarixli 101 nömrəli ipoteka müqaviləsinə uyğun tam mülkiyyət hüququ ipotekaqoyana məxsus olan ünvan 3, 17 nömrəli bağ evi çıxış edir (5.1-ci bənd). Bu Müqavilənin 5.1-ci bəndində qeyd olunmuş əmlakların qiymətləndirmə müəssisəsi tərəfindən müəyyən olunmuş orta girov dəyəri bu müqavilənin 3.1-ci bəndində göstərilmiş ümumi məbləğdən aşağı olmamalıdır (5.2-ci bənd). Bu müqavilənin yerinə yetirilməsinin təminatı tərəflərin razılığı ilə istənilən vaxt bu müqavilənin 3.1-ci bəndində qeyd olunmuş ümumi məbləğdən aşağı olmayan başqa təminatla əvəz edilə bilər (5.3cü bənd). Tərəflər bu müqavilə üzrə öhdəliklərini pozduqda, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyə müvafiq qaydada məsuliyyət daşıyırlar (6.1-ci bənd). Tərəflər bu müqaviləyə Azərbaycan Respublikası qanunvericiliyi və bu müqavilə ilə nəzərdə tutulmuş hallarda və qaydada xitam verə bilərlər (7.1-ci bənd). 02 may 2012-ci il tarixli 100 nömrəli və 02 may 2012-ci il tarixli 101 nömrəli ipoteka müqavilələri ipotekaqoyanın və ya təqaüdçünün təqsiri üzündən vaxtında və düzgün dövlət qeydiyyatından keçməzsə, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti bu müqaviləyə vaxtından əvvəl xitam verə bilər (7.2-ci bənd). Bu müqaviləyə xitam verildikdə, xitam verilmənin təşəbbüskarı olan tərəf digər tərəfə müqaviləyə xitam verilməsi üçün əsasları təsdiqləyən sənədlər əlavə olunmaqla yazılı bildiriş göndərir. Bildirişə digər tərəf cavab vermədikdə, bildirişin göndərildiyi gündən bir ay sonra müqaviləyə birtərəfli qaydada xitam verilir (7.3-cü bənd). Təqaüdçünün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 tərəfindən verilmiş arayışla təsdiqlənən və təhsilini mümkünsüz edən xəstəliyi ilə bağlı bu müqaviləyə xitam verildikdə, təqaüdçü Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin qərarı əsasında bu müqavilə üzrə çəkilmiş xərcləri ödəməkdən azad edilə bilər (7.4-cü bənd). Tərəflər arasında bu müqavilə və ya onunla əlaqədar yarana biləcək bütün mübahisə və fikir ayrılıqları danışıqlar yolu ilə həll olunmalıdır (10.1-ci bənd). Danışıqlar yolu ilə razılığa gəlmək mümkün olmadıqda, ilk danışıqların başlandığı andan 30 təqvim günü müddətində münasibətlərə Azərbaycan Respublikasının müvafiq məhkəməsində baxılmalıdır (10.2-ci bənd) Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İddiaçı arasında bağlanmış 02 may 2012-ci il tarixli 101 saylı ipoteka müqaviləsinə əsasən müqavilənin predmeti olaraq tərəflər razılığa gəlmişlər ki, ipotekasaxlayan ilə təqaüdçü arasında bağlanmış “Təqaüdçünün təhsilinin təşkili haqqında” 02.05.2012-ci il tarixli, 99 saylı müqaviləyə müvafiq olaraq Təqaüdçünün öhdəliklərinin icrasının təminatı üçün İpotekaqoyan ona tam mülkiyyət hüququ əsasında məxsus olan ünvan 3 ünvanında yerləşən 17 saylı bağ evini ipoteka qoyur, ipotekasaxlayan bu ipotekanı qəbul edir (bənd 1.1) İpoteka predmetini təşkil edən Daşınmaz əmlakın ipotekaqoyanın mülkiyyətinə mənsub olduğunu Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış təsdiq edir (bənd 1.2) İpoteka predmetinin girov dəyəri 56000 manat məbləğində qiymətləndirilir (bənd 2.1) Tərəflər bu Müqavilənin qüvvədə olduğu müddət ərzində yaranan mübahisələrin həllinə qarşılıqlı anlaşma yolu ilə nal ola bilmədiyi halda, bu mübahisələr Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll ediləcəkdir (bənd 9.2) Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin İqtisadiyyat və Uçot İdarəsinin müvafiq arayışının məzmunundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İddiaçı arasında bağlanmış 02 may 2012-ci il tarixli 99 nömrəli müqaviləyə əsasən İddiaçı özünə aylıq təqaüd olaraq ümumilikdə 57.414 (əlli yeddi min dörd yüz on dörd) ABŞ dolları və 1.142 (bir min bir yüz qırx iki) manat, onun təhsil aldığı X8 Universitetinə isə təhsil haqqı olaraq 121.335 (bir yüz iyirmi bir min üç yüz otuz beş) ABŞ dolları vəsait köçürülmüşdür. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin İddiaçı ünvanladığı 11 dekabr 2019-cu il tarixli müqavilə tələbinin pozulması haqqında xəbərdarlıq məktubunun surətindən və məzmunundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə bağlanmış 02 may 2012-ci il tarixli 99 nömrəli müqaviləyə əsasən, onun X3 Pensilvaniya Dövlət Universitetində “neft mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili maliyyələşdirilmişdir. Qeyd olunan müqavilənin 1.1-ci bəndinə əsasən, təhsil müddəti 2012-2016-cı tədris illərini əhatə etmişdir. Müqavilənin 2.4.6-cı bəndinə əsasən, təhsil müəssisəsinin müəyyən etdiyi müddət seçilmiş ixtisas üzrə tədris planları və proqramların yerinə yetirmək barədə öhdəliyi vardır. Lakin buna baxmayaraq, SOCAR-la bağlanmış müqavilə üzrə onun öz üzərinə götürdüyü öhdəlik yerinə yetirilməmişdir. Onunla bağlanmış müqavilənin 6.2-ci maddəsinə əsasən, onun tərəfindən müqavilə üzrə öhdəliklər əhəmiyyətli dərəcədə pozulduqda, həmçinin yerinə yetirməkdən imtina edildikdə, təhsil müəssisəsindən xaric edildikdə, müqavilənin 1.1-ci bəndində qeyd olunan ixtisas və dərəcəni almasını təsdiq edən sənədi SOCAR-a təqdim ediimədikdə, təhsil müəssisəsində təhsil ilə bağlı bu müqavilə üzrə çəkilən bütün xərcləri, həmçinin SOCAR tərəfindən tələb olunduğu halda, əlavə olaraq həmin xərclərin məbləğinə münasibətdə emitent bank (Azərbaycan Beynəlxalq Bankı) tərəfindən müvafiq dövr üçün təyin edilmiş faiz dərəcəsi üzrə bonus ödəmək öhdəliyi vardır. Məlumat üçün qeyd edilməlidir ki, onun təhsili ilə bağlı SOCAR tərəfindən ümumilikdə 178.749 (bir yüz yetmiş səkkiz min yeddi yüz qırx doqquz) ABŞ dolları (USD) və 1.142 (bir min bir yüz qırx iki) manat (AZN) məbləğində pul vəsaiti xərclənmişdir. Qeyd edilənlərə əsasən, 178.749 (bir yüz yetmiş səkkiz min yeddi yüz qırx doqquz) ABŞ dolları (USD) və 1.142 (bir min bir yüz qırx iki) manat (AZN) məbləğində pul vəsaiti 5 (beş) iş günü müddətində SOCARın müvafiq olaraq qeyd olunmuş bank hesablarına ödəmədiyi təqdirdə, bu məbləğlə yanaşı, bank xərclərini, eləcə də dəymiş zərərin ödənilməsi üçün şirkət tərəfindən aidiyyəti məhkəməyə müraciət olunacağı və tələbin ipoteka ilə təmin edilmiş əmlaklara yönəldiləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin İddiaçı ünvanladığı 31 may 2020-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən) haqqında bildirişin məzmunundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə bağladığı 02 may 2012-ci il tarixli 99 nömrəli müqaviləyə əsasən, SOCAR-ın Təqaüd Proqramı çərçivəsində keçirilən müsabiqənin nəticələrinə uyğun olaraq, X3 Pensilvaniya Dövlət Universitetində “neft mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili SOCAR tərəfindən maliyyələşdirilmişdir. Qeyd olunan “Təqaüdçünün təhsilinin təşkili haqqında” müqavilədən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi SOCAR, onunla 02 may 2012-ci il tarixində 100 və 101 nömrəli ipoteka müqavilələrini bağlamışdır. İpoteka müqavilələrinə əsasən, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı 64 nömrəli mənzil və ünvan 3, 17 nömrəli bağ evi SOCAR qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka ilə yüklü edilməsi 17 may 2012-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********, ********** qeydiyyat nömrələri ilə dövlət qeydiyyatına alınmış və daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı 0386138, ******* nömrəli çıxarışlar verilmişdir. Hazırda o “Təqaüdçünün təhsilinin təşkili haqqında” müqavilədən irəli gələn öhdəliyi icra etmədiyi üçün SOCAR-a ümumilikdə 178.749 (bir yüz yetmiş səkkiz min yeddi yüz qırx doqquz) ABŞ dolları (USD) və 1.142 (bir min bir yüz qırx iki) manat (AZN) məbləğində borcu yaranmışdır. Hal-hazıradək həmin borc məbləği ödənilmədiyi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, SOCAR qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı 64 nömrəli mənzilə və ünvan 3, 17 nömrəli bağ evinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi proseduru başlanacaqdır. 14 saylı Notariat Kontoru tərəfindən 03 iyul 2020-ci il tarixdə verilmiş icra qeydindən görünür ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin xeyrinə X2 ödənilməmiş 179457,24 ABŞ dolları tutulmalıdır. Bundan əlavə borcludan tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu, 179457,24 pul tutulmalıdır. Həmin icra qeydi 01.07.2020-ci ildə ararılmışdır. İddiaçı 101 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsini xahiş edərkən qeyd etmişdir ki, cavabdeh tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələbləri pozulmuşdur. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyə əsasən əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Qanunda əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq etibarsız əqdlərin dörd növü fərqləndirilir. Subyekt tərkibi qüsurlu olan, iradəsi qüsurlu olan, forması qüsurlu olan, məzmunu qüsurlu olan əqdlər. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyə gorə əqd mülki hüquq munasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yonəldilmiş birtərəfli, ikitərəfli vəya coxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və muqavilə şəklində (ikitərəfli və ya coxtərəfli) ola bilər. Muqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya daha zoxtərəfin razılaşdırılmış iradə ifadəsi (coxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya gorə deyil, həm də ağlabatan muhakimə əsasında muəyyənləşdirilməlidir.(Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri) Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337- 349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa gorə bu Məcəllə ilə muəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mubahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mubahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Eyni Məcəllənin 404.1-ci maddəsinə əsasən muqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə muqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, butovlukdə muqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə muqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. İddiaçının qeyd etdiyi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələblərinə əməl olunmaması 101 saylı ipoteka müqaviləsinin etibarsızlığı üçün əsas deyildir. Göründüyü kimi, 101 saylı ipoteka müqaviləsi subyekt tərkibinə, iradə ifadəsinə, formasına və məzmununa əməl olunmaqla bağlanılmış, həmin müqavilənin etibarsız hesab edilməsi üçün Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş 1 illik müddət ötürüldüyündən, iddianın qeyd olunan hissəsində rədd edilməsi ilə bağlı məhkəmə düzgün nəticəyə gəlmişdir. İddiaçı və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında bağlanmış 02 may 2012ci il tarixli, 101 saylı ipoteka müqaviləsinin 9.2-ci bəndinə əsasən tərəflər bu Müqavilənin qüvvədə olduğu müddət ərzində yaranan mübahisələrin həllinə qarşılıqlı anlaşma yolu ilə nal ola bilmədiyi halda, bu mübahisələr Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll ediləcəkdir. Həmçinin, İddiaçı və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında bağlanmış 02 may 2012-ci il tarixli, 99 nömrəli təqaüdçünün təhsilinin təşkili haqqında müqavilənin 10.1 və 10.2ci bəndlərinə əsasən tərəflər arasında bu müqavilə və ya onunla əlaqədar yarana biləcək bütün mübahisə və fikir ayrılıqları danışıqlar yolu ilə həll olunmalıdır. Danışıqlar yolu ilə razılığa gəlmək mümkün olmadıqda, ilk danışıqların başlandığı andan 30 təqvim günü müddətində münasibətlərə Azərbaycan Respublikasının müvafiq məhkəməsində baxılmalıdır. Kollegiya qeyd edir ki, 2012-ci ildə bağlanmış “Təqaüdçünün təhsilinin təşkili haqqında” müqavilə və 101 saylı ipoteka müqaviləsində tərəflər danışıqlar yolu ilə həll edilə bilməyən məsələlərin yalnız məhkəmə qaydasında həll edilə bilməsini müqavilə şərti olaraq müəyyən etmişlər. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 11 dekabr 2019-cu il tarixdə müqavilə tələbinin pozulması haqqında iddiaçıya xəbərdarlıq göndərərkən, mübahisənin həlli məqsədilə məhkəməyə müraciət olunmasını qeyd etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 31 may 2020-ci il tarixli iddiaçıya bildiriş göndərərkən, notariusun icra qeydi əsasında ipoteka predmetinə tutmanın yönəldilməsini qeyd etmişdir. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 35.1.1-ci maddəsinə əsasən ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən ipoteka predmeti hesabına ödənilməsinə ipoteka predmetinə məhkəməyə müraciət edilmədən tutmanın yönəldilməsi ipoteka müqaviləsində nəzərdə tutulduğu halda yol verilir. Həmin Qanunun 38-ci maddəsinə əsasən məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası ipoteka müqaviləsində nəzərdə tutulduğu və ya ipoteka kağızının verildiyi hallarda əsas öhdəlik bu qanunun 40-cı maddəsində göstərilən müddətdə icra edilmədikdə, tutma notariusun icra qeydi əsasında həyata keçirilir. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Göründüyü kimi, notariat kontoru tərəfindən icra qeydi verilərkən müqavilə şərtləri nəzərə alınmamış, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Belə olan halda kollegiya hesab edir ki, icra qeydi ləğv olunmalıdır. Buna görə də, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qətnaməsi icra qeydinin ləğv edilməsi tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməli, Bakı şəhəri 14 nömrəli notariat kontorunun 03 iyul 2020-ci il tarixli icra qeydi ləğv edilməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi verərkən 30 manat, apellyasiya şikayəti verərkən 15 manat dövlət rüsumları ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124-cü maddəsinə əsasən dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınır. Prosessual Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edildiyindən, iddianın və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 45 manat məbləğində dövlət rüsumunun 15 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(005)-3376/2020 saylı qətnaməsi mübahisələndirilən-icra qeydinin ləğv edilməsinin təmin olunmayan hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Bakı şəhəri 14 nömrəli notariat kontoru tərəfindən 03 iyul 2020-ci il tarixdə verilmiş, 8İ- 7518 saylı reyestrdə qeydə alınmış icra qeydi ləğv edilsin. Qətnamə mübahisələndirilən- 02 may 2012-ci il tarixli, 101 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsinin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlansın. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən İddiaçı xeyrinə 15 (on beş) manat ödənilmiş dövlət rusumu tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-10056/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10056/2021
10.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver