Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1006/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh Cəfərov Abbasəli Hacı oğlunun iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-252/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Cəfərov Abbasəli Hacı oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cəfərov Abbasəli Hacı oğlundan İddiaçı MMC-nin xeyrinə 01,07.2020-ci il tarixinədək hesablanmış 623,11 manat məbləğində kommunal xidmətlərə görə yaranmış borcun və məhkəməyə müraciət üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, ünvan 1, giriş 3, 132 saylı mənzilin alqı-satqısına dair Cavabdeh ilə binanın inşasını həyata keçirmiş “xxxx” MTK arasında xx.xx.2004-cü il tarixində müqavilə imzalanmışdır. Cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 026/70 saylı müqaviləyə, həmin müqaviləyə bağlanmış əlavəyə görə İddiaçı MMC cavabdehə kommunal xidmətlər göstərməyi və cavabdeh isə bunun müqabilində ödənişlər həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilə bağlanan tarixdən etibarən İddiaçı MMC tərəfindən yüksək keyfiyyət və peşəkarlıqla bütün sakinlərə, o cümlədən cavabdehə məxsus mənzilə kommunal xidmətlər göstərilmişdir. Lakin bəzi az sayda sakinlərin, o cümlədən cavabdehin MMC-yə qalıq borcu yaranmışdır. xx.xx.2019-cu il tarixindən etibarən yığılmış borcun ödənilməsi cavabdehdən dəfələrlə tələb olunsa da bunun müsbət nəticəsi olmadığı üçün məhkəməyə müraciət olunması zərurəti yaranmışdır. Cavabdehin iddiaçıya vaxtında ödəmələri həyata keçirməməsi iddiaçının məhz kommunal xidmətlərlə bağlı üçüncü şəxslər (dövlət orqanları, işçilər və s.) qarşısında əlavə xərclər yaranması və bununla da MMC-yə zərər vurulması ilə nəticələnmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-252/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cəfərov Abbasəli Hacı oğlundan kommunal xidmətlərə görə yaranmış 562,14 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Cəfərov Abbasəli Hacı oğlu apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinin, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qismən qanunsuz və əsassızdır. Belə ki, iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli 026/270 saylı müqavilədən görünür ki, iddiaçı ilə onun arasında sakinlər və digər ticarət sahələri üzrə xidmət tələb edən obyektlər arasında kommunal xidmətlərin strukturunu, təhlükəsizliyini və digər zəruri xidmətlərin göstərilməsini, eləcə də tərəflərin vəzifə və öhdəliklərini müəyyən edən müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə o, hələ “xxxx” MTK-nın inşa etdiyi ünvan 1 ünvanında yerləşən mənzilə köçməyənə qədər həmin binanın sakini sayıla bilməz. Sakin müəyyən ərazidə yaşayan şəxsə şamil edilə biləcək anlayışdır. Həmin Müqavilənin şərtlərini diqqətlə araşdırmayan birinci instansiya məhkəməsi səhv hüquqi nəticəyə gəlmişdir. Müqavilə şərtlərindən açıq-aydın görünür ki, onun kommunal xərclərinin ödənilməsi üçün binanın sakininin müvafiq çıxarışın surətinin iddiaçıya təqdim etməsi Müqavilənin əsas şərtidir. O isə hələ də həmin mənzili təmir etdirmədiyindən və həmin mənzildə yaşamadığı üçün müqavilə üzrə ödənişlər etmək öhdəliyi hələ yaranmamışdır. Məhkəmə qətnamənin əsaslandırma hissəsində heç bir araşdırma aparmadan absurd bir şəkildə Müqavilənin bağlandığı tarixdən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixədək olan müddəti mənzil sahəsinə uyğun hesablayıb 18 aylıq müddət üçün əsassız şəkildə 562,14 manat ödənilməsi qənaətinə gələrək bununla bağlı heç bir sübuta söykənməyən səhv hüquqi nəticəyə gəlmişdir. Halbuki, tərəflər arasındakı Müqaviləni hərtərəfli və düzgün araşdırsaydı məhkəmə mülki qanunvericiliyin normasına əsasən iddianın əsassız olduğundan rədd edilməsini qət edilməli idi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cəfərov Abbasəli Hacı oğlu apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini və qətnamənin ləğv edilməklə iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ünvan 1 ünvanında yerləşən mənzilə çıxarışı yaxın vaxtlarda əldə etsə də, İddiaçı MMC-yə təqdim etməmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı MMC məhkəməyə ərizə ünvanlayaraq obyektiv səbəblərdən məhkəmə proseslərində nümayəndələrinin iştirakını təmin edə bilmədiklərinin nəzərə alınmasını, apelyasiya şikayətinin təmin edilməməsini və birinci instnasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə İddiaçı MMCnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edtmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-252/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı MMC-nin cavabdeh Cəfərov Abbasəli Hacı oğluna qarşı kommunal xidmətlərə görə yaranmış borcun tutulması tələbinə dair iddiası təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxxx 2004-cü il tarixli müqaviləyə əsasən, “xxxx” MTK ilə Cəfərov Abbasəli Hacı oğlu arasında Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 70, giriş 3, 132 saylı mənzilin aıqı-satqısı və binanın inşasını həyata keçirmiş barədə müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş 026/70 nömrəli xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən, İddiaçı MMC ilə Cəfərov Abbasəli Hacı oğlu arasında kommunal xidmətlərin struktunu, təhlükəsizliyini və digər zəruri xidmətlərin göstərilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1 saylı əlavəsinə əsasən, İddiaçı MMC ilə Cavabdeharasında bağlanmış 026/70 saylı müqavilənin, 2.2-ci maddəsinin 2.2.5-ci bəndinə əsasən, İddiaçı MMC-nin nəzdində olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2945-ci məhəllədə yerləşən binaların saxlanması, istismarı və digər kommunal xidmətlərinin göstərilməsi üçün, xx.xx.2018-ci il tarixdən sakinlərə məxsus olan mənzilin çıxarışına əsasən, ümumi sahəsinin, mənzilin alqı-satqı müqaviləsində göstərilən brutto sahəsinin isə hər 1 kv.m-nə görə 0,30 manat məbləğində, komunal xidmət haqqı təyin edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin 029-2/İŞ nömrəli xx xxx 2020-ci il tarixli məktubuna əsasən, “İddiaçı“ MMC bildirir ki, kompleksdə mövcud xidmət sahələri üzrə işin səmərəli təşkili üçün, lazım olan vəsait tələb olunur. Buna görə də, kompleksdə göstərdikləri mövcüd xidmət sahələrinə görə adıyyatı təşkilatlara xidmətlərin əvəzində ödənişlər vaxtı-vaxtında ödənilməsi öhdəliyi xx.xx.2018- ci il tarixli 70/132 saylı iki tərəfli müqavilə ilə rəsmiləşdirilmişdir. Həmin müqavilənin maddəsinin “Sakinlərin öhdəlikləri və tələbləri hissəsinin 9-cu bəndini rəhbər tutaraq“ bildirilir ki, Cavabdeh mənzilə, aylar üzrə, hesablanmış kommunal xidmətərə görə olan borcu vaxtında ödənilmir. ARMənzil Məcəllənin 140-cı maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi, ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Çoxmənzilli binanın əsaslı təmiri üzrə xərclərin ödənilməsi vəzifəsi həmin binanın bütün sahə mülkiyyətçilərinə binanın sahələrinə mülkiyyət hüququnun yarandığı andan şamil edilir. Çoxmənzilli binanın sahəsinə mülkiyyət hüquqları keçdikdə, çoxmənzilli binanın əsaslı təmiri üzrə xərclərin ödənilməsi üzrə əvvəlki mülkiyyətçinin öhdəlikləri yeni mülkiyyətçiyə keçir. Bütün bunları nəzərə alaraq bildirilir ki, Cavabdeh xx.xx.2020-ci il tarixə kimi xidmət haqqı olaraq “İddiaçı" MMC-yə 549,60 manat borcu yaranmışdır. Xahiş edilir ki, tez bir müddətdə borcu ödəməli, öks halda, adiyyatı uzrə məhkəmə instansiyasına müraciət olunacaqdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2945-46-cı məhəllə, Məhəmməd Hadi küçəsi, ev 70, mənzil 132 Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən qeyd etmişdir ki, ünvan 1, giriş 3, 132 saylı mənzilin alqı-satqısına dair Cavabdeh ilə binanın inşasını həyata keçirmiş “xxxx” MTK arasında xx.xx.2004-cü il tarixində müqavilə imzalanmışdır. Cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 026/70 saylı müqaviləyə, həmin müqaviləyə bağlanmış əlavəyə görə İddiaçı MMC cavabdehə kommunal xidmətlər göstərməyi və cavabdeh isə bunun müqabilində ödənişlər həyata keçirməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi sahəsi tərəflər arasında bağlanmış müüqavilədə 122,18 m2 kimi qeyd edilisə də, Cavabdeh adına verilmiş çıxarışda mənzilin ümumi sahəsi 104,1 m2 kimi qeyd olunmuşdur. Tərəflər arasında bağlanmış 026/70 nömrəli xx xxxxxx 2019-cu il tarixli müqavilədən görünür ki, hər 1 kv.mnə görə 0,30 manat məbləğində, komunal xidmət haqqı təyin edilmişdir. Bundan başqa tərəflər arasında müqavilə xx.xx.2019-cu il tarixdə bağlanmış, iddia ərizəsi isə məhkəməyə xx.xx.2020-ci il tarixdə verilmişdir. Məhkəmədə müəyyən olunmuşdur ki, cavabdehin mənzilinin ümumi sahəsi 104,1 m2-dir. Ümumi sahəsi 104,1m2 x 1 kv.m görə 0,30 hesablanmaqla ayda 31,23 AZN təşkil edir. Belə olan halda müqavilənin bağlandığı tarixdən iddianın məhkəməyə verildiyi tarixə kimi 18 aydır. Buda 18 ay x 31,23 manat=562,14 AZN təşkil edir. Kollegiya apellyasiya şikayətinin dəlilərini haqlı hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən tərəflər arasında müqaviləyə istinad etmiş olsa da, müqavilə şərtlərini tam şəkildə nəzərə almamışdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2004-cü il tarixli müqavilənin qeyd hissəsindən görünür ki, “Asan xidmətdən alınan çıxarış surəti MMC-yə təqdim edildikdən sonra, növbəti ayın 1-dən kommunal xidmət haqqı ümumi sahəyə görə hesablanır; Çıxarışın alıb, MMC-yə aldığı tarixdən təqdim etməyən sakinlərə, kommunal hesablamalar aldığı tarixdən yox, təqdim etdiyi tarixin növbəti ayın 1-dən hesablanacaqdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Göründüyü kimi qanunvericilik mülki hüquq subyektlərinə müqavilə azadlığı hüququ vermiş və tərəflərdə həmin hüquqdan istifadə edərək xx.xx.2004-cü il tarixli müqavilə bağlamış və həmin müqavilənin şərtlərini müəyyən etmişdir. Çıxarışın surətinin iddiaçıya təqdim etməsi müqavilənin əsas şərtidir. Cavabdeh isə hələ də həmin mənzilə dair çıxarışı iddiaçıya təqdim etmədiyindən müqavilə üzrə ödənişlər etmək öhdəliyi hələ yaranmamışdır. İddiaçı hazırkı iddia tələbi irəli sürərkən müqavilənin qeyd olunun şərtini nəzərə almamış, həmçinin cavabdeh tərəfindən çıxarışın təqdim edilməsini sübuta yetirə bilməmişdir. Belə olan halda iddiaçı hazırki tələb irəli sürməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-252/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı MMC-nin cavabdeh Cəfərov Abbasəli Hacı oğluna qarşı kommunal xidmətlərə görə yaranmış borcun tutulması tələbinə dair iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh Cəfərov Abbasəli Hacı oğlunun apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-252/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh Cəfərov Abbasəli Hacı oğluna qarşı kommunal xidmətlərə görə yaranmış borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1006/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1006/2021
27.01.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver