Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1007/2022 31.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı X7 və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4701/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı X19 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X19 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 qarşı miras payının bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 2-ci Bülbülə küçəsində yerləşən 9 saylı fərdi yaşayış evinin X3 miras qalmış 2/7 hissəsinin miras əmlak kimi onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı X19 iddia ərizəsinə əlavə verərək X12, X30, X24 və X13 cavabdeh qismində cəlb olunmasını və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 2-ci Bülbülə küçəsində yerləşən 9 saylı fərdi yaşayış evinin X3 miras qalmış 2/6 hissəsinin onun miras payına əlavə edilərək, onun mülkiyyəti hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər (cavabdehlər) X44, X37 və X25 iddiaçı X14 qarşı miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 2-ci Bülbülə küçəsində yerləşən 9 saylı fərdi yaşayış evinin X3 miras qalmış 1/6 hissəsinin miras əmlak kimi onların mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4701/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə hər iki iddia tələbinin təmin edilməməsi və ödədikləri dövlət rüsumlarının iddiaçıya və müstəqil tələb irəli sürən üçüncü şəxslərə (cavabdehlərə) aid edilməsi qət edilmişdir. X19 apellyasiya şikayəti verərək qətnamənin iddiaçı X7 iddiasına aid hissəsində ləğv edilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilir ki, qətnamə iddiaçı X7 iddiasına münasibətdə tam ləğv edilməli, iddiaçı X7 iddia tələbi tam təmin edilməlidir. Belə ki, açıq qalan miras pay iki hissədən ibarət olmuş, bir payın vərəsələri öz paylarının iddiaçıya verilməsi barədə məhkəməyə razılıq ərizəsi (iddianın etiraf ərizəsi) vermiş, digər payın vərəsələri isə mirası qəbul etmək üçün müddəti ötürmüşlər. Belə ki, miras 11 avqust 1996-cı ildə açılmışdır. Miras açılan zaman birinci dərəcəli vərəsələr 1)X38, 2)X16, 3)Cavabdeh4, 4)X26 və 5)Cavabdeh3 mirası faktiki qəbul etmiş, 2003cü ilin sentyabr ayında isə ərizə ilə Bakı şəhəri 37 saylı notariat kontoruna müraciət etmiş və notariat kontorunda vərəsəlik işi açılaraq onların hər birinə miras əmlaka dair 1/7 hissədə pay verilmişdir. Digər vərəsələrdən 6)X31 və 7)X20 vərəsəliyə gəlməmiş, onlar mirası faktiki qəbul etməmiş, mirası rəsmi qəbul etmək üçün də notariat ofisinə müraciət etməmişlər. Birinci instansiya məhkəməsi də bu hala qiymət verərək, digər vərəsələrin vərəsəliyin rəsmi qaydada qəbul edilməsi ilə bağlı olaraq qanunla müəyyən olunmuş müddəti ötürməsini göstərmişdir. Beləliklə, digər vərəsələr mirası qanunla müəyyən edilmiş müddət ərzində qəbul etməməklə artıq öz niyyətlərini göstərmiş, onların mirası qəbul etmək niyyəti olmamışdır. İddianın predmeti olan miras pay - Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, 2-ci Bül-Bülə küçəsində yerləşən 9 saylı fərdi yaşayış evinin X3 miras qalmış 2/6 hissəsi - X4 digər vərəsələri X17 və X5 miras payı olmuş, onlar sağlıqlarında mirası qəbul etməmiş, mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulan müddəti ötürmüşlər. Belə olduğu halda isə məhkəmə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsini tətbiq etməli idi. Göründüyü kimi məhkəmə iddiaçı X7 iddiasını rədd edərkən bir hala istinad etmişdir ki, "digər vərəsələr mövcud olduğundan və həmin vərəsələrdən heç birinin miras paydan imtinası mövcud olmadığından və digər vərəsələrin bununla bağlı olaraq niyyətlərini müəyyən etmək mümkün olmadığından iddia tələbi rədd olunmalıdır." Halbuki, digər vərəsələrdən biri X5 vərəsələri - Cavabdeh2 və Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək iddianı qəbul etdiklərini bildirmiş, anaları X1 da həmin payın bacısı Heyran Ağayevaya verdiyini, analarının heç bir zaman həmin miras payını tələb etmədiyini və həmin payın qəbul edilməsi üçün notariat orqanına müraciət etmədiyini göstərmişlər. Məhkəmə isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddianı qəbul etmələri barədə ərizələrinə qiymət verməmiş, həmin ərizələri öz qətnaməsində göstərməmişdir. Yəni, hətta məhkəmə digər vərəsələrin mirasla bağlı niyyətlərini müəyyən etməyin mümkün olmamasına istinad edirdisə, bu zaman cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mirasla bağlı niyyətlərini (ərizələri) əsas götürüb, ən azından iddianı həmin hissədə təmin etməli idi. İddiaçı X19 24 iyul 2021-ci il tarixdə 37 saylı notariat ofisinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, 2-ci Bül-Bülə küçəsində yerləşən 9 saylı fərdi yaşayış evinin X3 miras qalmış 2/7 hissəsinə dair ona Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin Bakı şəhəri 37 saylı Notariat ofisinin 24 iyul 2021-ci il tarixli, A-12/13 saylı məktubu ilə onun müraciətindən imtina edilərək, məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. 37 saylı Notariat ofisinin 24 iyul 2021-ci il tarixli, A-12/13 saylı məktubunda göstərilmişdir ki, "açıq qalmış miras payla bağlı mərhum X17 və mərhumə (Ağayeva) X5 vərəsələri notariat ofisinə dəvət olunmuş, lakin (Ağayeva) X5 vərəsəsi Cavabdeh2 başqa vərəsələr miras qalmış əmlakı rəsmi qaydada qəbul etmək üçün qanunla müəyyən edilmiş müddət ərzində notariat ofisinə ərizə ilə müraciət etməmiş və ya ondan imtina etməmişlər. Onların öz miras payını faktiki olaraq qəbul edib-etməməsi barədə rəsmi məlumat olmadığına görə həmin paya dair Sizin adınıza Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir." Göründüyü kimi 37 saylı Notariat ofisinin 24 iyul 2021-ci il tarixli, A-12/13 saylı məktubundan da görünür ki, digər vərəsələr miras əmlakı qəbul etmək üçün qanunla müəyyən edilmiş müddət ərzində notariat ofisinə müraciət etməmişlər. Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Bakı şəhəri, Suraxan rayonu, Bül-Bülə qəsəbəsi, 2-ci Bül-Bülə küçəsi, 9 saylı fərdi yaşayış evində X27 adına 3/24 açıq qalır, 1/6 hissədə Cavabdeh4 adına, 1/6 hissədə Cavabdeh3 adına, 2/6 hissədə X4 adına, 1/6 hissədə X7 adına və 1/24 hissədə X33 məxsusdur. 0.022110 ha torpaq sahəsi istifadədir. Beləliklə də, digər vərəsələrin mirası qanunla müəyyən edilmiş müddət ərzində qəbul etməmələri faktı məhkəmə tərəfindən müəyyən edildiyinə, hətta vərəsələrdən biri X5 vərəsələri - cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı X7 iddiasını qəbul etdiklərini bildirdiklərinə görə iddiaçı X7 iddiası tam təmin edilməli, mirası qəbul etməmiş vərəsələrin payı onun miras payına əlavə edilməli idi. Məhkəmə iclasında iddiaçı X19 və onun nümayəndəsi və vəkili Nümayəndə ayrıayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak etməli olan digər şəxslər məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, işin faktiki hallarından müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 2-ci Bülbülə küçəsində yerləşən 9 saylı fərdi yaşayış evi X9 məxsus olmuş və o, 11.08.1996-cı il tarixdə vəfat etmişdir. Miras açıldıqdan sonra birinci dərəcəli vərəsələrdən X38, X16, Cavabdeh4, X21 və Cavabdeh3 2003-cü ilin sentyabr ayında ərizə ilə Bakı şəhəri 37 saylı Notariat kontoruna müraciət etmiş və notariat kontorunda vərəsəlik işi açılaraq onların hər birinə miras əmlaka dair 1/7 hissədə pay verilmişdir. Həmin dövrədək, vərəsələrdən X22 29 sentyabr 2002-ci ildə, X32 isə 05 mart 2003-cü ildə vəfat etmişlər. Digər vərəsələrdən X31 və X20 vərəsəliyə cağrılmamışlar və mirası faktiki qəbul etməmişlər. Tərəflərin izahatından müəyyən olunmuşdur ki, vərəsə X31 1993-cü ildən həmin evdən ailəsi ilə birgə köçüb getmiş və atasının vəfatından sonra mübahisəli fərdi yaşayış evində yaşamamış, mirası nə faktiki, nə də notariat orqanına rəsmi qaydada müraciət edərək qəbul etməmişdir. Tətbiq edilməsi nəzərdə tutulan hüquq: 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcədə vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən 6 ay müddətinə edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət 3 aydan az olduqda isə həmin müddət 3 aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 01 sentyabr 2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1159.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. Maddə 1243. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, ...əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir... Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin qismən ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddiaçı H.Ağayevanın iddiasının təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız ilkin iddianın rədd edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Heyran Ağayevanın iddasının faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə qismən uzlaşdığından bu hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə Heyran Ağayevanın iddiası üzrə faktiki halların 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 552-ci maddəsinin, hazırda qüvvədə Mülki Məcəllənin 1133.1, 1133.2,1159.1, 1243, 1246-cı maddələrinin dispozisiya şərtləri ilə uzlaşır və cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmır. Əvvəla, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır(MPM. mad. 217.2). Miras qoyan X18 11 avqust 1996-cı il tarixdə ölmüşdür. Demək qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin dövrdə Azərbaycan SSR-in 1964-cü ildə qəbul edilmiş Mülki Məcəlləsi qüvvədə olmuşdur. Həmin Məcəllənin 552-ci maddəsində göstərilir ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Hazırdada qüvvədə olan Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən isə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İşdən görünür ki, miras qoyan X18 11 avqust 1996-cı il tarixdə ölmüşdür. Bakı şəhəri, Suraxan rayonu, Bül-Bülə qəsəbəsi, 2-ci Bül-Bülə küçəsi, 9 saylı fərdi yaşayış evi miras qalmışdır. Miras açılan zaman birinci dərəcəli vərəsələr 1)X38, 2)X16, 3)Cavabdeh4, 4)X26 və 5)Cavabdeh3 mirası faktiki qəbul etmiş, 2003-cü ilin sentyabr ayında isə ərizə ilə Bakı şəhəri 37 saylı notariat kontoruna müraciət etmiş və notariat kontorunda vərəsəlik işi açılaraq onların hər birinə miras əmlaka dair 1/7 hissədə pay verilmişdir. Digər vərəsələr 6)X31 və 7)X20 vərəsəliyə gəlməmiş, onlar mirası nə faktiki qəbul etməmiş, nədə mirası rəsmi qəbul etmək üçün də notariat ofisinə müraciət etməmişlər. Hazırda işdə olan daşınmaz əmlakın Dövlət reyestrinin 20 may 2021-ci ilə olan son məlumatına görə Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, 2-ci Bül-Bülə küçəsi, 9 saylı fərdi yaşayış evi üzərində hüquq sahibləri- X27 3/24 hissə açıq qalır, 1/6 hissə Cavabdeh4, 1/6 hissə Cavabdeh3, 2/6 hissə X4, 1/6 hissə X7 və 1/24 hissə X30 payları mövcuddur. Hazırki iddianın və icraatın predmeti iddiaçı Heyran Ağayevanın miras qoyan X4 adında açıq qalmış 2/6 hissəyə miras payının müəyyən edilməsidir. Düzdü, miras qoyan Tarverən Ağayevin qanun üzrə vərəsəsi olan Leyla Ağayeva da 03.11.2020-ci ildə öldüyündən mübahisəli miras əmlakın ona aid 1/6 hissəsinə də vərəsəlik işi açılmış, qeyd olunduğu kimi həmin 1/6 hissənin 1/24 hissəsinə X30 miras payı tanınmış, 3/24 hissəsinin isə açıq qaldığı görünür. Ancaq hazırki işdə Leyla Ağayevadan miras qalmış həmin hissə üzrə mübahisəyə baxılmır. Birinci instansiya məhkəməsi də müəyyən etmişdir ki, miras qoyan X4 adında açıq qalmış miras əmlakın 2/6 hissəsini X31 və X20 nə faktiki, nədə notariat orqanına müraciət etməklə qəbul etməmişlər. Buna görə də İlham Ağayevin övladlarının müstəqil tələb irəli sürən üçüncü şəxslər kimi iddiaları təmin edilməmiş və onlar qətnamənin bu hissəsini mübahisələndirməyiblər. Hətta mərhum İlham Ağayevin arvadı Nəzakət Ağayeva və övladları Tarverən Ağayevdən miras qalmış fərdi yaşayış evinin 1/6 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi müddətin bərpa edilməsi və həmin hissə üzrə bərabər payların müəyyən edilməsi barədə ayrıca iddia ilə məhkəməyə müraciət etsələr də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2(010)-397/2022 nömrəli qətnaməsi ilə iddiaları təmin edilməmiş və qətnamə qüvvəsini almışdır. Buna baxmayaraq, mərhum Ağayeva(Səfərova) Reyhan Tarverən qızının övladları(vərəsələri) - cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, miras qoyan Tarverən Ağayedən anaları Reyhan Ağayevanın xeyrinə açıq qalmış miras əmlakın iddiaçı X7 miras payına əlavə edib onun mülkiyyətinə verilməsini xahiş edirlər, çünki, mərhum anaları sağlığından həmin miras payı bacısı Heyran Ağayevaya verdiyini bildirmiş, heç zaman həmin payı tələb etməmiş, payın qəbul edilməsi üçün notariat ofisinə müraciət etməmişdir. Bundan başqa, Cavabdeh4 da notarial qaydada təsdiq edilmiş ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək iddianı qəbul etdiyini, X31 və X15 məxsus açıq qalmış miras paya heç bir iddiası və tələbi olmadığını, bundan sonra da həmin paya görə heç bir orqana və məhkəməyə müraciət etməyəcəyini bildirmiş k, ona görə də həmin hissənin miras əmlak kimi X7 miras payına əlavə edilərək mülkiyyətinə verilməsini xahiş edir. Bunlarla yanaşı, miras açılan zaman birinci dərəcəli vərəsələrdən olmuş, mərhum X6 apellyasiya baxışı zamanı üçüncü şəxs kimi cəlb edilmiş arvadı X23, oğlu X28, qızı X10 da notarial qaydada ərizə ilə məhkəməyə müraciət edərək iddianı qəbul etdiklərini, X6 miras əmlakı qəbul etdikdən sonra naturada ayıraraq satdığını, mirasın açıq qalan hissəsinin Heyran Ağayevaya məxsus olduğunu onlara bildirdiyini, həmin payı heç zaman tələb etmədiyini və notariat ofisinə müraciət etmədiyini, onların da X31 və X15 məxsus açıq qalmış miras paya heç bir iddiası və tələbi olmadıqlarını, bundan sonra da həmin paya görə heç bir orqana və məhkəməyə müraciət etməyəcəklərini, ona görə də həmin hissənin miras əmlak kimi X7 miras payına əlavə edilərək onun mülkiyyətinə verilməsini xahiş edirlər. Göründüyü kimi, Heyran Ağayevanın iddia tələbi qismən əsaslı olsa da birinci instansiya məhkəməsi bu hissədə iddianı ümumiyyətlə tam rədd etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Çünki, iddiaçının mirasın bir hissəsini qəbul etməsi və miras evin paylı mülkiyyətçisi olması işini mübahisəsiz halıdır. Mirasın açıq qalmış hisəsinin isə, açıq saxlanıldığı şəxslər tərəfindən nə faktiki, nədə notariat orqanına müraciət edərək qəbul etmədiklərini məhkəmə müəyyən etmişdir. Bu cür vəziyyətdə açıq qalmış hissəyə iddiaçının və hüququ olan digər vərəsələrin payının müəyyən edilməməsi düzgün nəticə olmamışdır. Göründüyü kimi, ümumən həm iddiaçı, həm də cavabdehlər Cavabdeh4 və Cavabdeh3, həmçinin mərhum Məhəmməd Ağayevin miras evi qəbul etmələri müəyyən edilsə də birinci instansiya məhkəməsi maddi hüquq normalarına uyğun qətnamə çıxarmaq əvəzinə, əvvəlki və hazırda qüvvədə olan Mülki Məcəllənin vərəsəliklə bağlı normalarının tələblərini pozmuşdur. Ona görə də miras qoyan X4 adında açıq qalmış miras əmlakın 2/6 hissəsinin həm iddiaçı, həm də digər vərəsələr arasında bölünməli idi. Qeyd olunduğu kimi vərəsələrdən Cavabdeh4 və Məhəmməd Ağayevin vərəsələri(arvadı və iki övladı), eləcə də vərəsəliyi qəbul etməsə də Ağayeva(Səfərova) Reyhan Tarverən qızının övladları(vərəsələri) - cavabdehlər Cavabdeh2 və Cavabdeh1 notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək miras paydan iddiaçının xeyrinə imtina etdiklərini və həmin hissənin onun mülkiyyət payına əlavə edilməsini xahiş edirlər. Lakin vərəsələrdən Cavabdeh3 açıq qalmış hissə üzrə miras paydan imtinası olmamışdır. Demək ki, miras qoyan X4 adında açıq qalmış miras əmlakın 2/6 hissəsinin digər vərəsələrin iddiaçının xeyrinə imtina etməsi nəzərə alınmaqla ¾ hissəyə iddiaçı Heyran Ağayevanın, ¼ hissəsinə isə Cavabdeh3 miras payı tanınmaqla ona əlavə edilməlidir. Ona görə də açıq qalmış miras əmlakın ¾ hissəsinə(ümumilikdə miras əmlakın 10/24 hissəsinə) iddiaçı Heyran Ağayevanın, ¼ hissəsinə Cavabdeh3 (ümumilikdə miras əmlakın 6/24 hissəsi) payları müəyyən edilməlidir. Bununla əlaqədar, həm mübahisəli evin digər paylı mülkiyyətçisinin, həm də miras qoyanın vərəsələrinin miras evdə paylarının dəqiq və düzgün müəyyən edilməsi, eləcə də bu payların daşınmaz əmlakın Dövlət reyestrində hüquqların qeydiyyatı zamanı anlaşılmazlığın yaranmaması üçün yuvarlaq riyazı rəqəm 24 götürülməli və paylar həmin rəqəmə uyğun müəyyən edilməlidir. Bunun üçün, iddiaçı Heyran Ağayevanın mübahisəli evdə payı 10/24 hissədə, Cavabdeh3 payı 6/24 hissədə olacağı halda, Cavabdeh4 payı isə 4/24 hissə, mərhum X27 miras payının 3/24 hissəsinin hələlik açıq saxlanıldığı nəzərə alınmaqla(baxmayaraq ki, iddiaçı da anası X27 miras payının 3/24 hissəsinin, 1/24 hissəsinə qanun üzrə vərəsəlik şəhadətnaməsi almış, ancaq həmin hissəyə dair mübahisə olmadığına və hazırki iddianın və icraatın predmeti olmadığına görə bu iş üzrə bölgü zamanı nəzərə alınmır), X54 oğlunun payı isə 1/24 hissə kimi saxlanılır. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki: İddiaçı X7 apellyasiya şikayəti qismən təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4701/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi qismən, yəni ilkin iddianın rədd edildiyi hissədə ləğv edilməli və ilkin iddia qismən təmin edilməli; X2 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 2-ci Bülbülə küçəsində yerləşən 9 saylı fərdi yaşayış evinin açıq qalmış 2/6 hissəsinin ¾ hissəsinə (ümumilikdə miras əmlakın 10/24 hissəsi) iddiaçı X7, ¼ hissəsinə (ümumilikdə miras əmlakın 6/24 hissəsi) isə Cavabdeh3 Tarverdi qızının miras payı tanınmalı; Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı X7 apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4701/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi qismən, yəni ilkin iddianın rədd edildiyi hissədə ləğv edilsin və ilkin iddia qismən təmin edilsin. X2 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 2-ci Bülbülə küçəsində yerləşən 9 saylı fərdi yaşayış evinin açıq qalmış 2/6 hissəsinin ¾ hissəsinə (ümumilikdə miras əmlakın 10/24 hissəsi) iddiaçı X7, ¼ hissəsinə (ümumilikdə miras əmlakın 6/24 hissəsi) isə Cavabdeh3 Tarverdi qızının miras payı tanınsın. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1007/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1007/2022
31.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver