Məhkəmə qərarları › İş №2(103)-1008/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1008/2021

25.01.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1008/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-217/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 3897 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, bir müddət əvvəl yaşadığı ünvan 1 mənzil 130 ünvanında təbii qazdan istifadəyə dair smart karta ödəniş edib həmin məbləği qaz sayğacına köçürdüyü zaman ödədiyi məbləğin 50 faizinin itdiyini gördükdə məsələni araşdırmaq üçün ASAN kommunala müraciət etmişdir. Məsələni araşdırdıqda ona məlum olmuşdur ki, guya cavabdeh təşkilatın əməkdaşları tərəfindən ünvanında aparılan yoxlama zamanı sayğacdan kənar xətt aşkar edilmişdir və buna görə də onun üçün 3897 manat məbləğində əlavə borc hesablanmışdır. Həmçinin borcun hesablanması haqqında qərarda guya onun evində dördgözlü qaz plitəsindən, iki ədəd dəmir sobadan və QSSQ-dən istifadə edildiyi qeyd edilərək, hesablamanın da həmin qaz cihazlarına görə aparıldığı qeyd edilmişdir. Lakin o, sözügedən ünvanda yerləşən evində qaz cihazı olaraq yalnız dördgözlü qaz plitəsindən istifadə edir. Digər qaz cihazlarından da istifadə etməmişdir. Bundan əlavə borcun hesablanması barədə qərarda və sözügedən aktda guya obub evinə gələn sayğacdan kənar xəttin kəsilməsi də qeyd edilmişdir. Lakin onun ünvanında heç vaxt sayğacdan kənar qazdan istifadə edilməmişdir. Onun evinə gedən kənar xətt heç vaxt mövcud olmamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq təqsiri olmadan baş vermiş hadisəyə görə öhdəlik daşımır. Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-217/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin mənzilinə quraşdırılmış sayğaca baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etməsi müəyyən olunmuş və bu aktla rəsmiləşdirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, cavabdeh İddiaçı verilən qaz xətti üzrə abonent kodu **********01300 sayla qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş itirilmiş təbii qazın dəyərinin hesablanması haqqında xx xxxxxx 2018-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2018-ci il tarixli ******* saylı əsas akt üzrə 6201 kub metr dəyərində ziyan hesablanmışdır. İş materiallarına əlavə edilmiş itirilmiş təbii qazın dəyərinin hesablanması haqqında xx xxxxx 2017-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2017-ci il tarixli ******* saylı əsas akt üzrə 4138 kub metr dəyərində ziyan, xx xxxxx 2018-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2018-ci il tarixli ******* saylı əsas akt üzrə 1288 kub metr dəyərində ziyan, xx xxx 2018-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2018-ci il tarixli ******* saylı əsas akt üzrə 316 kub metr dəyərində ziyan, xx xxxxxx 2017-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2017-ci il tarixli ******* saylı əsas akt üzrə 6534 kub metr dəyərində ziyan hesablanmışdır. İş materiallarına əlavə edilmiş itirilmiş təbii qazın dəyərinin hesablanması haqqında xx xxxxxx 2018-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2018-ci il tarixli ******* saylı əsas akt üzrə 1008 kub metr dəyərində ziyan hesablanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli 31474 saylı ekspert rəyindən görünür ki, ünvan 1 mənzil 130 ünvanına gedən qaz xəttinə qeyri-qanuni (kənar xətt vasitəsi ilə) qoşulma halı aşkar edilməmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»a (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). İddiaçının təqdim etdiyi saldodan və apellyasiya şikayətindən görünür ki, iddiaçıya tərtib olunmuş akt üzrə 3897 manat borc hesablanmışdır. Cavabdehin sübut kimi istinad etdiyi aktların surətindən görünür ki, aktlarda aktları tərtib etmiş şəxslər abonentin onları imzalamaqdan imtina etdiyi barədə qeydlər aparmışlar. Beləliklə, aktlar birtərəfli qaydada cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçı aktı imzalamamışdır. Aktlarda iddiaçının onu imzalamaqdan imtina etdiyi qeyd olunsa da, aktların tərtib olunmasında hal şahidləri iştirak etmədiyindən həmin məlumatın mötəbərliyi şübhə doğurur. İddiaçı da aktların məlumatlarının mötəbərliyini mübahisələndirir və borcunun olmadığını bildirir. Yaranmış vəziyyətdə Qaydaların tələbinə uyğun olaraq aktları lazımi qaydada tərtib etmək və bir nüsxəsini abonentə təqdim etmək, iddiaçıya məxsus qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirildiyi və məhz aktda göstərilən cihazın müəyyən edildiyi barədə zəruri sübutları məhkəməyə təqdim etmək vəzifəsi cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə hesablanmış 3897 manat borcla bağlı mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-217/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar