Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10081/2021 16.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-4582/2021 saylı, 09 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı, Bakı şəhəri, Gəncə prospekti 2935 A ünvanında yüksək mərtəbəli binanın 1 blokunda 6-cı mərtəbəsində ümumi sahəsi 59,47 kv.metr olan mənzilə dair Cavabdeh1 ilə AENT-E MMC arasında bağlanmış 20 yanvar 2014-cü il tarixli "xxxx" MMC ilə X2 arasında 117 saylı 20 iyul 2006-cı ildə bağlanmış müqavilədən Cavabdeh1 keçid müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4582/2021 saylı, 09 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu, maddi hüquq normalarının düzgün təfsir edilmədiyini və nəticdə iş üzrə əsassız qətnamə qəbul edildiyini bildirmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilərək, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi A.Qocayeva apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: "xxxx" MMC ilə Cavabdeh2 MMC arasından bağlanmış 16noyabr 2005-ci il tarixli birgə təsərrüfat fəaliyyət haqqında müqavilənin təqsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri İH-nin başçısının 267 saylı, 12.10.2005-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektindəki 2935 “A” saylı məhəllədə 0,2 ha torpaq sahəsində 2 bloklu yaşayış binasının layihələndirilməsi və tikintisi ilə əlaqədar birgə fəaliyyət öhdəliklərinin yerinə yetirilməsini öz öhdələrinə götürmüşlər. Cavabdeh1 və "xxxx" MMC arasında bağlanmış 20 yanvar 2014-cü il tarixli "xxxx" MMC ilə X2 arasında 117 saylı 02 iyul 2006-cı ildə bağlanmış müqavilədən Cavabdeh1 keçid” müqaviləsinin surətindən görünür ki, icraçı Bakı şəhəri, Gəncə prospekti 29/35 A ünvanında 12 mərtəbəli yaşayış evinin Bakı şəhəri İcra Hakimiyyətinin təsdiq etdiyi layihəyə əsasən, 1 ci blok 6-cı mərtəbəsində ümumi sahəsi 59,47 kv.m olan mənzil izole olunmuş 1 otaqdan ibarət bir pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İdarəedici təşkilat "xxxx" MMMC ilə Gəncə prospekti, ev 2935 A məhəlləsində yerləşən, 45 ci mənzilin mülkiyyətçisi Cavabdeh1 arasında bağlanmış 2 saylı 09 iyun 2017-ci il tarixli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, idarəedici təşkilat əmlakın saxlanması və təmiri üzrə müqavilənin 2 nömrəli əlavəsində qeyd edilən xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1081/2020 saylı, 03 fevral 2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Gəncə prospekti, 2935 “A” ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsindəki, sahəsi 59,47 kv.m ola bir otaqlı mənzillə bağlı "xxxx" MMC ilə X5 arasında bağlanmış 14 yanvar 2013-cü il tarixli müqavilə və Cavabdeh2 MMC ilə cavabdeh İddiaçı arasında bağlanmış 22 aprel 2019-cu il tarixli müqavilə etibarsız hesab olunmuş və həmin mənzilin boşaldılaraq iddiaçıya verilməsi qət edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh1 və "xxxx" MMC arasında bağlanmış 20.01.2014-cü il tarixli müqavilə əsasında Bakı şəhəri, Gəncə prospekti 29/35 A ünvanında 12 mərtəbəli yaşayış evinin 1 ci blok 6-cı mərtəbəsində ümumi sahəsi 59,47 kv.m olan mənzil Cavabdeh1 verilmişdir, iddiaçı həmin müqavilələrin etibarsız hesab edilməsi tələbini irəli sürmüşdür, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1081/2020 saylı, 03.02.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Gəncə prospekti, 2935 “A” ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsindəki, sahəsi 59,47 kv.m ola bir otaqlı mənzillə bağlı "xxxx" MMC ilə X5 arasında bağlanmış 14.01.2013-cü il tarixli müqavilə və Cavabdeh2 MMC ilə cavabdeh İddiaçı arasında bağlanmış 22.04.2019-cu il tarixli müqavilə etibarsız hesab olunmuş və həmin mənzilin boşaldılaraq Cavabdeh1 verilməsi qət edilmişdir. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiya iddiaçının şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla birlikdə qiymətləndirərkən belə nəticəyə gəlir ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmadığından rayon məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Prosessual qanunun tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM maddə 77.1). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı rədd etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-4582/2021 saylı, 09 iyul 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-10081/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10081/2021
16.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver