Məhkəmə qərarları › İş №2(103)-10095/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10095/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10095/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(009)-105/2021 saylı qətnaməsindən cavabde tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC ilə aralarında bağlanmış 09 mart 2017-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin ləğv edilməsi və müqaviləyə əsasən onun mənzilə görə cavabdeh şirkətə ödədiyi 45.000 manat pulun cavabdehdən alınaraq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh MMC-nin direktoru Əmrah Fətullayevlə 09 mart 2017-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilə bağlamış, müqaviləyə əsasən cavabdeh MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan 1-ci binada, (“D” blokunda) 9-cu mərtəbədə 61 saylı mənzili “Payçı”ya verməyi, “Payçı” isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqının vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilə bağlandığı andan mənzilin dəyəri 45.000 manat pul tam olaraq ödənilmişdir. Bütün bunlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmiş və binanı indiyə qədər təhvil verməmişdir. Hər dəfə binaya gedib binanın nə vaxt təhvil verilməsini soruşduqda, müxtəlif bəhanələr gətirərək binanın tikilməməsinə səbəb kimi müxtəlif dövlət qurumlarının maneə etdiklərini bildirmişlər. 2017-ci ilin sonuna qədər təhvil verilməli olan bina bu günə kimi təhvil verilməmişdir. Ümumiyyətlə binada tikinti işləri dayandırılmışdır. Öhdəliyi icra etmədiyi üçün o, cavabdehin ünvanına 17.01.2020-ci il tarixdə pretenziya xarakterli məktub göndərərək, aralarında bağlanmış 09 mart 2017-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin ləğv edilməsini və onun cavabdeh şirkətə mənzil üçün ödədiyi 45.000 manat məbləğində pulun 10 gün ərzində ona geri qaytarılmasını, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirsə də, cavabdeh şirkət tərəfindən pulun ona geri qaytarılması istiqamətində heç bir addım atılmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(009)-105/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 09 mart 2017-ci il tarixli “Kooperativ binada mənzil tikintisi” haqqında müqavilənin ləğv edilməsi, cavabdeh "xxxx" MMC-dən 45000 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, binanın vaxtında inşa olunmaması müxtəlif üzrlü səbəblərdən baş vermişdir. Müqavilə üzrə öhdəliyi yerinə yetirməkdən boyun qaçırmırlar, iddiaçıya aid olan mənzil 1 il müddətində inşa olunub təhvil veriləcəkdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kollegiya apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına görə Cavabdeh MMC (MMC-nin direktoru Əmrah Fətullayev) ilə İddiaçı arasında bağlanmış 09.03.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan 1-ci binada, “D” blokunda, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 94 kv.m olan 2 otaqlı 61 saylı mənzilini “Payçı”ya verməyi, “Payçı” isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqının vaxtında ödənilməsini öhdəsinə götürmüş, mənzilin dəyəri 45000 manat məbləğində olmaqla, Cavabdeh MMC tərəfindən İddiaçı verilmiş 09.03.2017-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC tərəfindən ünvan 2 ünvanında inşa edilən 1-ci yaşayış binasında (“D” blokunda), 9-cu mərtəbədə, sahəsi 94 kv.m olan, 2 otaqlı 61 saylı mənzilin ümumi dəyərini tam ödəmişdir. Lakin Cavabdeh-MMC üzərinə düşən öhdəliyi icra etməmiş, hazırki vaxtadək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan 1-ci binada, “D” blokunda, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 94 kv.m olan 2 otaqlı 61 saylı mənzilini “Payçı”ya təhvil verməmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 17.01.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, MMC tərəfindən mənzilin ona təhvil verilmədiyi qeyd edilmiş, bu səbəbdən ödədiyi 45000 manat məbləğində pulun qaytarılması xahiş olunmuş, əks halda müqavilənin ləğv olunması və ödənilmiş pulun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı hazırki tələbində müqavilənin ləğv edilməsini və ödədiyi pulun ona qaytarılmasını tələb etmiş, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq iddianın təmin edilməsi qəanətinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. (MM 427.2.) Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Göründüyü kimi cavabdeh müqaviləyə əsasən mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürmüş, lakin müqavilə bağlandığı vaxtdan 4 ilə yaxın zaman keçməsinə baxmayaraq, cavabdeh iddiaçı ilə arasında bağlanmış müvafiq müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini vaxtında icra etməmiş, mənzili təhvil verməmişdir. Belə olan halda iddiaçı hazırki iddia tələbini qaldırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmçinin nəzərə almaq lazımdır ki, tərəflər arasında podrat müqaviləsi bağlanmışdır. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (MM 752.1 m). Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir (759.1 m). Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun (759.2 m). Cavabdeh apelyasiya şikayətində mənzilin bir il ərzində təhvil verilməsinin nəzərdə tutulduğunu qeyd etmişdir. Kollegiya hesab edir ki, apelyasiya şikayətində göstərilən bu hal qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir. Cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri əsassızdır və apelyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-105/2021 saylı iş üzrə 10 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar