Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10101/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı X1 cavabdeh Respublika Xammal və Əmtəə Birjasının «Külək MMC»-yə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3554/2021 saylı, 30 iyun 2021-ci il tarixli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Baksol şosesi 1-ci küçə, 3-cü döngə, 3 ünvanında 0.65076 ha torpaq sahəsi 6399.3 kv.m olan əmlak kompleksi ilə əlaqədar keçirilmiş hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Baksol ərazisi, Binəqədi şosesi 1-ci küçə, 3-cü döngə, 3 ünvanında 0.65076 ha torpaq sahəsində olan ümumi sahəsi 6399.3 kv.m olan əmlak kompleksinin üzərinə həbs qoyulması və həmin əmlakın özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3554/2021 saylı, 30 iyun 2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Bakı şəhəri, Binəqədi rayonu, Baksol ərazisi, Binəqədi şossesi 1-ci küçə, 3-cü döngə, 3 ünvanında 0.65076 ha torpaq sahəsində olan ümumi sahəsi 6399.3 kv.m olan əmlak kompleksinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş şikayət birinci instansiya məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçı hazırki tələbində hərracın etibarsız hesab edilməsini xahiş etsə də iddiasını əsaslandırarkən hərracın hansı səbəbdən etibarsız hesab edilməsini qeyd etməmiş, yalnız iddasında pandemiya səbəbindən banka borcunu ödəyə bilmədiyini əsas gətirməklə hazırki iddiasının təmin edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçının tələbini əsaslandırmağa çalışdığı səbəblər hərracın etibarsızlığı üçün əsas ola bilməz. Belə ki, 1 saylı Bakı İnzibati-İqdisadi Məhkəməsinin 29.11.2019-cu il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin şərtlərinə cavabdehlər tərəfindən əməl edilmədiyindən, tərəflərindən həmin qərardada icra vərəqəsi verilərək adiyyatı icra və probasiya şöbəsinə göndərilməsi xahiş edilmişdir. İcra vərəqəsindəki tələb könüllü müddət ərzində icra edilmədiyindən İcra və probasiya şöbəsi tərəfindən hərrac təşkilatına sifariş verilmiş, əmlakın açıq hərracda satılması üçün hərrac keçirilmiş, keçirilmiş hərraclar baş tutmadığından, əmlak banka təklif edilmiş. "xxxx" QSC tərəfindən əmlak əldə edilmiş və mülkiyyətində olması barədə çıxarış alınmışdır. İddianın əsası olmadığı kimi həm də iddianın təmini tədbiri barədə ərizənin də hüquqi əsası yoxdur. İddianın təmini tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri mümkün edən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbir olduğundan məhkəmə iddianın təmini tədbiri barədə ərizəyə baxarkən işdə iştirak edən digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Hazırki iddianın təmini tədbirinin məqsədi gələcəkdə qəbul olunacaq qətnamənin icrasını təmin etmək məqsədi daşımır. İddianın təmin tədbiri qəbul edirilərkən yuxarıda qeyd edilmiş hallar, həmçinin hazırki iddianın məhkəmə prespektivi nəzərə alınmalıdır. Hazırda əmlak kompleksinin özgəninkiləşdirilməsinin qadağan edilməsi mülkiyyətçi kimi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin həmin əmlak üzərindəki hüquqlarını pozur və hazırki iddianın təmin tədbiri "xxxx" ASC-nin mülkiyyət üzərindəki hüquqlarının həyata keçirilməsinə əsassız olaraq mane olmaqdan ibarətdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X1 nümayəndəsi Vəkil şikayətin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh eləcə də müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndənin iştirakını təmin etməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və şikayətin dəlillərini aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-nin 158-ci maddəsinə görə, iddianın təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi cavabdehə və ya başqa şəxslərə qadağan edə bilər (maddələr: 158.1.1, 158.1.2, 158.1.3). İddianı təmin etmə tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən bu dəlillərin ağlabatan olmasını və əsaslılığı, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını, işdə iştirak edən bütün şəxslərin, eləcə də işdə iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, iddianı təmin etmə tədbirləri tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olması nəzərə alınmalıdır. İşdən müəyyən olunur ki, "xxxx" MMC-nin 04.05.2021-ci il tarixli təklifin surətinə əsasən, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Baksol ərazisi, Binəqədi şosesi 1-ci küçə, 3-cü döngə, 3 ünvanında 0.65076 ha torpaq sahəsində olan ümumi sahəsi 6399.3 kv.m olan əmlak kompleksi təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə, yəni 977575 (doqquz yüz yetmiş beş min üç yüxz yetmiş beş) manat olmaqla ipoteka saxlayana təklif olunur. Göründüyü kimi hərrac yekunlaşmış və mübahisəli qeyri-yaşayış sahəsi ipoteka saxlayan "xxxx" QSC-yə əldə edilməsi üçün təklif edilmişdir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarının mənasına görə iddiaçı onun tələbinin təmin ediləcəyi halda gələcək qətnamənin icrasını təmin etmək məqsədilə cavabdehin mülkiyyətində olan müəyyən əmlakların üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını müvəqqəti məhdudlaşdıran tədbirlərin tətbiq olunmasını məhkəmədən xahiş edə bilər. Bu baxımdan iddianın təmin edilməsi barədə ərizədə ilk növbədə görüləcək tədbirlərin məhz gələcəkdə qəbul ediləcək qətnamənin icrasını təmin edə biləcəyi əsaslandırılmalı, onun nəticəsində tətbiq edilən tədbirlər tərəfin mülkiyyət (əmlak) hüququnun qeyri-mütənasib məhdudlaşdırılması ilə nəticələnməməlidir. Baxılan iş üzrə iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Baksol şosesi 1-ci küçə, 3-cü döngə, 3 ünvanında 0.65076 ha torpaq sahəsi 6399.3 kv.m olan əmlak kompleksi ilə əlaqədar keçirilmiş hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu mənada birinci instansiya məhkəməsi işin halları, mübahisənin mahiyyəti və tərəflərin münasibətləri baxımından mübahisəli mənzilin özgəninkiləşdirilməsini qadağan etməklə əsaslı nəticəyə gəlmişdir. Mülki iş üzrə gələcəkdə qəbul ediləcək qətnamənin icrasını təmin etmək məqsədi ilə müvəqqəti xarakterli və işi qabaqcadan mahiyyəti üzrə həll etməyən məhkəmə aktı ilə müəyyən hərəkətlərin qadağan edilməsi qanunun tələbinə uyğundur və məhz iddianı təmin etmə institutunun məqsədlərinə xidmət edir. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli əmlakın özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlərin qadağan edilməsi növündə iddianı təmin etmə tədbiri iddia təmin ediləcəyi halda gələcək qətnamənin icrasını təmin etmək baxımından kifayət edir. Əmlakın üzərinə, həmçinin həbsin qoyulması iddia təmin tədbiri institutunun məqsədlərini aşaraq tərəflərin əmlak hüquqlarının qeyri-mütənasib məhdudlaşdırılması ilə nəticələnə bilərdi ki, hazırki vəziyyətdə əmlak kompleksinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, iddiaya mahiyyəti üzrə baxılana qədər sözügedən əmlakın özgəninkiləşdirilməsi iddiaların gələcəkdə təmin edilməsi halında qəbul olunacaq məhkəmə aktının icrasının mümkünsüzlüyünə yol aça, habelə tərəflər, həmçinin digər şəxslər arasında əlavə məhkəmə mübahisələrin yaranmasına səbəb ola bilər; belə bir nəticə isə ədalət mühakiməsinin məqsədləri baxımından arzuolunan deyildir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni qismən təmin edən birinci instansiya məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir, şikayətin dəlilləri əsassız olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməyərək, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı apellyatora münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3554/2021 saylı, 30 iyun 2021-ci il tarixli qərardadı - müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-yə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-10101/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10101/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver