Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10104/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Nikolayeviçin cavabdeh "xxxx" ASC-yə qarşı “vəzifədən azad edilmə və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 avqust 2021ci il tarixli 2(005)-3768/2021 saylı qətnaməsindən cavabdeh tərəfdən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Nikolayeviç cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Filial direktoru vəzifəsindən azad edilməsi və əmək münasibətlərinin ləğv edilməsi, həmin əmrin surətinin, işçi kimi onun əmək kitabçasının, işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələrin)-əmək haqqının gecikdirildiyi hər gün üçün 1 faiz ödənc) ilə birlikdə ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin 06 oktyabr 2017-ci il tarixli 14-Q/17 nömrəli qərarı ilə Qazaxıstan Respublikasının Aktobe şəhərində filialı yaradılmış və Nizamnaməsi təsdiq edilmişdir. Həmin qərarla o, Filial direktoru təyin edilmişdir. Buna uyğun olaraq, Filial tərəfindən onun Filial direktoru təyin edilməsi barədə 20 oktyabr 2017-ci il tarixli 001 nömrəli əmr verilmişdir. O, həm Aktobe-Makat yolunun yenidən qurulması layihəsinin (LOT 2) rəhbəri, həm də Filial direktoru vəzifəsindən azad edilməsi barədə 26 yanvar 2021-ci il tarixli İP/AK09-17-14 nömrəli ərizə ilə işəgötürənə müraciət etmişdir. Layihə rəhbəri vəzifəsini qeyri-rəsmi icra etmiş və ərizə nümunəsi AKKORD-un baş ofisin tərəfindən ona göndərildiyindən həmin vəzifənin adı ərizədə qeyd edilmişdir. Onlar 26 yanvar 2021-ci il tarixli 24 nömrəli əmr verərək ona yalnız Aktobe-Makat yolunun yenidən qurulması layihəsinin (LOT 2) rəhbəri vəzifəsindən azad etmiş, Filial direktoru vəzifəsindən isə indiyədək azad etməmişdir. Bu səbəbdən, o, 16.03.2021-ci il tarixdə ərizə ilə işəgötürənə xəbərdarlıq edərək 15.03.2021-ci il tarixdən vəzifə səlahiyyətlərinin icrasını dayandırdığını bildirmiş və əmək müqaviləsinin ləğvinin rəsmiləşdirilməsini xahiş etmişdir. İşəgötürən kimi onun tərəfindən isə həmin xəbərdarlığa cavab olaraq göndərilmiş18 mart 2021-ci il tarixli 06-01/197 nömrəli məktubda qeyd edilmişdir ki, Qazaxıstan Respublikasının dövlət orqanlarına məcburi ödənişlərin aparılması ilə bağlı Filialın borclu olmasına görə ona qarşı çoxsaylı iddialar üzrə məhkəmə aktları çıxarılmış və icra orqanları tərəfindən məhkəmə aktlarının məcburi icrası üçün icraat başlanmışdır. Bununla əlaqədar olaraq, Cəmiyyətin Ümumi Yığıncağının 16.03.2021-ci il tarixli 05/21 nömrəli qərarı ilə Filialın maliyyətəsərrüfat fəaliyyətinin yoxlaması təyin edilmişdir. Filialın Nizamnaməsinin 7.2-ci bəndinə əsasən auditor Filialın vəzifəli şəxslərindən onlara zəruri sənədlərin, mühasibatlıq və digər sənədlər təqdim edilməsini və şəxsən izahat tələbetmək hüququna malikdir. Qeyd edilənlərə uyğun olaraq nəzərinizə çatdırılır ki, Filialın cavabdeh olduğu işlər üzrə məhkəmə çəkişməsi başa çatmadığını və həmin işlər üzrə mübahisənin həlli üçiin Filial direktorunun şəxsən iştirakının vacib olmasını nəzərə alaraq, Qazaxıstan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin 5-ci bəndinə əsasən işçi əmlakın təhvil-qəbulu başa çatmayınca, öz təşəbbüsü ilə əmək fəaliyyətini dayandırmaq hüququna malik deyildir. Bu baxımdan, əmək müqaviləsi ləğv edilməsi maliyyə-təsərrüfat fəaliyyətinin yoxlaması başa çatdıqdan və Cəmiyyətin əmlakının təhvil-qəbulu aparıldıqdan sonra rəsmiləşdiriləcəkdir. İşəgötürən kimi cavabdehin qeyd edilən hərəkətləri Əmək Məcəlləsi ilə birbaşa ziddiyyət təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(005)- 3768/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Nikolayeviçin filial direktoru vəzifəsindən azad edilməsi, əmək münasibətlərinin ləğv edilməsi barədə əmrin surətinin, əmək kitabçasının, son haqq-hesabın, əmək haqqının gecikdirildiyi hər gün üçün 1 faiz ödəncin hesablanaraq İddiaçı Nikolayeviçə verilməsinin "xxxx" ASC-nin üzərinə öhdəlik kimi qoyulması qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır, çəkişmə prinsipi pozulmuş, cavabdehin iştirakı olmadan işə baxılmışdır. İddiaçı Qazaxıstan Respublikasının Aktobe şəhərindəki filialın direktoru vəzifəsində işlədiyi üçün onun həmin vəzifədən azad edilməsi Qazaxıstan Respublikasının Əmək Məcəlləsinin 56.5-ci maddəsinə əsasən işəgötürənlə maddi məsul şəxslər arasında əmək münasibətlərinə işəgötürənə məxsus əmlaklar, sənədlər təhvil-təslim edildikdən sonra xitam verilə bilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinə etirazı müdafiə edərək, şikayətin əsassız olduğunu bildirərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəməyə gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin faktiki halları ilə aşağıdakılar müəyyən olunur: "xxxx" ASC-nin (VÖEN: **********) 06 oktyabr 2017-ci il tarixli 14-Q/17 nömrəli qərarı ilə Qazaxıstan Respublikasının Aktobe şəhərində filialı yaradılmış və Nizamnaməsi təsdiq edilmişdir. Həmin qərarla iddiaçı Filial direktoru təyin edilmişdir. "xxxx" ASC-nin 26.01.2021-ci il tarixli, 24 nömrəli əmrindən görünür ki, Korparasiyanın Qazaxıstan Respublikasının Aktobe şəhərindəki filialı tərəfindən icrası həyata keçirilən “Aktobe-Makat” avtomobil yolunun yenidənqurulması layihəsinin rəhbəri İddiaçı Nikolayeviçin tutduğu vəzifədən azad edilməsi əmr edilmişdir. İddiaçı Nikolayeviçin "xxxx" ASC-yə ünvanladığı ərizədən görünür ki, o, 15 mart 2021-ci il tarixdən işdən azad edilməsini xahiş etmişdir. "xxxx" ASC-nin İddiaçı Nikolayeviçə ünvanladığı 16 mart 2021-ci il tarixli, 06-01/178 nömrəli məktubdan görünür ki, X1 05/21 saylı, 16 mart 2021-ci il tarixli Qərarına əsasən Korporasiyanın Qazaxıstan Respublikasının Almatı və Aktobe şəhərlərindəki filiallarının maliyyə, vergi, hüquq, insan resursları və digər sahələr üzrə fəaliyyətinin auditinin aparılması qərara alınmışdır. Hazırda bununla bağlı müvafiq tədbirlər həyata keçirilir. Məlumat üçün bildiririk ki, Qazaxıstan Respublikasının Əmək Məcəlləsinin 56.5-ci maddəsinə əsasən maddi məsul şəxslər (işçi) işəgötürənə məxsus əmlak(lar)ı, (sənod(İər)i) təhvil-təslim etmədiyi hallar istisna olmaqla, qanunvericiliklə nəzərdə tutulmuş müvafiq bildirişi göndərdikdən sonra, müəyyən edilmiş müddət bitdikdə iş fəaliyyətini dayandırmağa haqlıdır. İşəgötürənlə maddi məsul şəxslər arasında əmək münasibətlərinə işəgötürənə məxsus əmlak(lar), (sənəd(lər)) təhvil-təslim edildikdən sonra xitam verilir. Yuxarıda göstərilənlərə əsasən qeyd edirik ki, Qazaxıstan Respublikasının Əmək Məcəlləsinin 56.5-ci maddəsinə əsasən, habelə Korporasiyasının adıçəkilən Qərarı ilə təyin edilmiş Audit yoxlaması bitdikdən və işəgötürənə məxsus sənədlər (əmlaklar) təhviltəslim edildikdən sonra Sizinlə bağlanmış əmək müqaviləsinin xitam verilməsi məsələsinə baxıla bilər. Mülki Məcəllənin 53.2-ci maddəsinə görə hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. 53.3-cü maddəsinə görə nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında «müəssisələr»), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Göründüyü kimi, "xxxx" ASC-nin (VÖEN: **********) 06 oktyabr 2017-ci il tarixli 14- Q/17 nömrəli qərarı ilə Qazaxıstan Respublikasının Aktobe şəhərində filialı yaradılmış və Nizamnaməsi təsdiq edilmişdir. Həmin qərarla iddiaçı Filial direktoru təyin edilmişdir. Hazırda iddiaçı Filial direktoru vəzifəsindən azad edilməsini, əmək münasibətlərinin ləğv edilməsini və əmrin surətinin, əmək kitabçasının, son haqq-hesabın verilməsini tələb edir. Bu barədə ərizə ilə işəgötürənə müraciət etsə də, sonuncu Qazaxıstan Respublikasının Əmək Məcəlləsinin 56.5-ci maddəsinə istinad edərək, habelə Korporasiyanın adıçəkilən Qərarı ilə təyin edilmiş Audit yoxlaması bitdikdən və işəgötürənə məxsus sənədlər (əmlaklar) təhvil-təslim edildikdən sonra əmək müqaviləsinin xitam verilməsi məsələsinə baxıla biləcəyini bildirmişdir. Kollegiya hesab edir ki, iddiaçının hazırki tələbi haqlı olduğundan, məhkəmənin iddianın təmin edilməsi barədə qənaəti qanuni və əsaslı olmuşdur. Mübahisənin Qazaxıstan Respublikasının Əmək Məcəlləsi ilə tənzim edilməsi barədə cavabdehin dəlilləri əsassızdır, iddiaçı Azərbaycan Respublikasında təsis edilən hüquqi şəxsin Qazaxıstan Respublikasında yaradılmış Filialının direktoru təyin edilmişdir və hazırda həmin vəzifədən azad edilməsini tələb edir, qanunvericiliyinin tələbinə əsasən də tərəflər arasında olan əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Məcəllənin 69.1-ci maddəsinə görə işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69.2-ci maddəsinə görə ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İddiaçı Nikolayeviç Əmək Məcəlləsinin tələblərinə əsasən işdən azad olunması barədə ərizə ilə müraciət etmiş, işəgötürənə öz iradə ifadəsini bildirmiş, buna baxmayaraq onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliklə nəzərdə tutulmuş müddətdə xitam verilməmişdir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Apelyasiya şikayətinin cavabdehin iştirakı olmadan işə baxılması barədə dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, cavabdehin ünvanı üzrə məhkəmə bildirişləri göndərilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti doğrudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlan araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3768/2021 saylı iş üzrə 18 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10104/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10104/2021
01.11.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver