Məhkəmə qərarları › İş №2(103)-1011/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1011/2025

24.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1011/2025 24.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 32 saylı Notariat ofisinə qarşı “kredit müqaviləsinin etibarsız hesab olunması barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-3996/2024 nömrəli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı borc alan kimi eyni gündə - xx.xx.2022-ci il tarixdə notariat qaydasında iki kredit müqaviləsi bağlayıb: 1) xx.xx.2022-ci il tarixli 3M-1777 reyestr nömrəli müqavilə (iş v. 7); 2) xx.xx.2022-ci il tarixli 3M-1778 reyestr nömrəli müqavilə (iş v. 9). Hər iki kredit müqaviləsi üzrə borc verən ər-arvad olub. Birinci müqavilə üzrə borc verən cavabdehin əri Maraqlı şəxs, ikinci müqavilə üzrə borc verən Cavabdeh1dır. Hər iki müqaviləyə görə, borc verənlər 10.000 manat pulu notariusun bankda açdığı depozit hesab vasitəsilə borc alana verir, borc alan isə həmin pulu müqavilədə göstərilən müddətdə qaytarmağı öhdəsinə götürür. 2.Kredit müqavilələrinin bağlanadığı zaman məhkəmənin icraatında iddiaçının qızının əri Firudin Ağayevin AR Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi olub (iş v. 16). Cavabdehin əri Maraqlı şəxs həmin cinayət işi üzrə zərər çəkmiş şəxs olub, habelə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı zərərin əvəzinin ödənilməsi barədə mülki iddiası olub. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsində tələb olunub ki, ikinci kredit müqaviləsi, yəni iddiaçı ilə cavabdehin arasında bağlanmış xx.xx.2022-ci il tarixli 3M-1778 reyestr nömrəli kredit müqaviləsi etibarsız hesab olunsun. 4.Tələb onunla əsaslandırılıb ki, həmin müqavilə həqiqi kredit müqaviləsi deyil. Belə ki, iddiaçının qızının ərinin barəsində cinayət işi olub, cinayət işi üzrə məhkəmə icraatının gedişində zərər çəkmiş şəxs (cavabdehin əri) iddiaçıya bildirib ki, təqsirləndirilən şəxsin (iddiaçının qızının ərinin) ona vurduğu zərərin əvəzi kimi 10.000 manat ödəsin, bunun əvəzində isə o, təqsirləndirilən şəxsin barəsində olan şikayətini geri götürsün. İddiaçı 10.000 manat pulunun olmadığını bildirib. Cavabdehin əri isə iddiaçıya təklif edib ki, notariat qaydasında borc müqaviləsi bağlasınlar, cavabdehin əri özünə məxsus 10.000 manat pulu notariusun depozit hesabına qoyacaq, iddiaçı isə həmin pulu hesabdan götürüb cavabdehin ərinə qaytaracaq. Bundan sonra cavabdehin əri ərizə yazacaq ki, iddiaçının qızının əri ona vurulmuş zərərin əvəzini ödəyib və barışıblar. Daha sonra isə 10.000 manat “borc” ayda 1.000 manat olmaqla cavabdehin ərinə qaytarılacaq. Cavabdehin əri bildirib ki, bu əməliyyatın aparılması üçün arvadı (cavabdeh) da notariat ofisində müqaviləyə qol çəkməlidir. Bundan sonra, notariat ofisində 17 dəqiqə fərq ilə iki kredit müqaviləsi bağlandı. İddiaçı birinci müqavilə üzrə 10.000 manat pulu notariusun depozit hesabından götürərək cavabdehin ərinə verib, daha sonra iddiaçı ikinci müqavilə üzrə təkrarən həmin pulu notariusun depozit hesabından götürərək cavabdehin ərinə verib. Müqavilələr bağlandıqdan sonra cavabdehin əri (zərər çəkmiş şəxs) iddiaçının qızının ərinin (təqsirləndirilən şəxsin) ona vurduğu zərərin əvəzini ödəməsi və onunla barışması barədə ərizə verib. Bundan sonra hər iki kredit müqaviləsi üzrə iddiaçıdan pul tələb olunub, halbuki, iddiaçı yalnız 10.000 manat pula görə borclanıb, həmin pulun ödənilməsini isə artıq yekunlaşdırmaq üzrədir. 5.Qətnmə ilə qət olunub ki, iddia təmin olunsun, xx.xx.2022-ci il tarixli 3M-1778 reyestr nömrəli kredit müqaviləsi etibarsız hesab olunsun. Apellyasiya instansiyası məhkəməsində icraat 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunmasın. 7.Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. 8.Cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 9.Tərəflərin arasında bağlanmış xx.xx.2022-ci il tarixli 3M-1778 reyestr nömrəli kredit müqaviləsi uydurma əqddir. Bu, aşağıda göstərilən iki hal ilə təsdiq olunur. 10.Birinci, kredit müqaviləsinin bağlandığı zaman məhkəmənin icraatında iddiaçının qızının əri Firudin Ağayevin AR Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi olub. Cavabdehin əri Maraqlı şəxs isə həmin cinayət işi üzrə zərər çəkmiş şəxs olub, habelə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı zərərin əvəzinin ödənilməsi barədə mülki iddiası olub. Zərərin hələ ödənilmədiyi halda, zərər çəkmiş şəxsin (mülki iddiaçının) arvadının təqsirləndirilən şəxsin (mülki cavabdehin) qayınanasına 10.000 manat borc verməsi ağlabatan deyil. 11.İkinci, iddiaçı (borc alan) ilə ər-arvad (borc verənlər) arasında eyni gündə iki kredit müqaviləsi bağlanıb. Kredit müqavilələri ardıcıl bağlanıb, əvvəlcə cavabdehin əri borc verən kimi müqavilə bağlayıb, bunun ardınca isə cavabdehin özü borc verən kimi müqavilə bağlayıb. Müqavilələrin ardıcıl bağlandığını onların reyestr nömrələrinin ardıcıllığı təsdiq edir: 3M-1777 və 3M-1778. İddiaçı müqavilələrin 17 dəqiqə fərq ilə bağlandığını bildirir. Ərin 10.000 manat borc verməsindən dərhal sonra arvadın da eyni şəxsə 10.000 manat borc verməsi ağlabatan deyil. 12.Beləliklə, iddiaçının istinad etdiyi hallar sübut olunur, yəni kredit müqaviləsi uydurma əqddir. AR Mülki Məcəlləsinin 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Həmin maddədə daha sonra qeyd olunub ki, uydurma əqd əhəmiyyətsizdir. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq həmin müqvilənin etibarsız sayılmasını qət edib. 13.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-3996/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar