Məhkəmə qərarları › İş №2(103)-10110/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10110/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10110/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürlü Ləman İmanverdi qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı lizinq məbləği üzrə 3100 manat məbləğində borcun tutulması, lizinqə verilmiş «X4 Pro» epilyasiya avadanlığının alınması, borcun ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-183/2021 saylı, 06.07.2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı MMC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı lizinq məbləği üzrə 3100 manat məbləğində borcun tutulması, lizinqə verilmiş «X4 Pro» epilyasiya avadanlığının alınması, borcun ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında DL-LA007- 216668 saylı 02.07.2013-cü il tarixdə Daxili lizinq müqaviləsi bağlanmışdır. X5 müqaviləsinin 01 saylı əlavəsində göstərilən "X4 Pro" epilyasiya avadanlığı 24 ay müddətinə hər ayın ikisindən gec olmamaqla 2263 manat ödəməsi şərti ilə lizinqə verilmişdir. Bundan başqa Daxili lizinq müqaviləsinin təminatı kimi LA007-216668 saylı 02.07.2013-cü il tarixli İpoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan “Hyundai Tucson” markalı, ** UF *** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, “Qara” rəngli nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir. İpoteka qeydiyyata alınaraq, 03.07.2013-cü i tarixli, AA seriyalı № 091702 saylı “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar əmlakın müvafiq rəsmi reyestrindən” Çıxarış verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında ZN-LA007-216668 saylı 02.07.2013-cü il tarixində Zaminlik müqaviləsi bağlanaraq, Daxili lizinq müqaviləsi üzrə öhdəlikləri Cavabdeh3lazımınca icra etmədikdə, Cavabdeh1 həmin öhdəliklərin tamamilə icra edilməsini öhdəsinə götürmüşdür. Cavabdehlər qeyd olunan müqavilənin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşlar. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər müqavilə üzrə götürdükləri öhdəlikləri könüllü yerinə yetirməmişlər. 06.12.2019-cu il tarixli borca dair arayışdan görünür ki, cavabdehlərin daxili lizinq müqaviləsinə əsasən İddiaçı MMC-yə lizinq məbləği üzrə 3100 manat borcları vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-183/2021 saylı, 06.07.2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilməsi, lizinq məbləği üzrə 3100 (üç min yüz manat) məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh3 tutularaq "xxxx" MMC-yə ödənilməsi, lizinqə verilmiş "X4 Pro" epilyasiya avadanlığı Cavabdeh3 alınaraq "xxxx" MMC-yə təhvil verilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan Hyundai Tucson minik markalı 10UF765 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, ilkin satış qiymətinin 12500 (on iki min beş yüz) manat müəyyən edilməklə Hyundai Tucson minik markalı 10UF765 dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan satılması, satışdan əldə edilən vəsait borcun ödənilməsinə yönəldilməsi,, artıq qalan vəsaitin isə avtomobilin mülkiyyətçisinə qaytarılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-183/2021 saylı, 06.07.2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 Nurəddin qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını və iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 183/2021 saylı, 06.07.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını və iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-183/2021 saylı, 06.07.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti ilə əlaqədar ilkin olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cvabdeh Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin tam ləğv edilməsinə yönəldiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 02.07.2013-cü il tarixli, DL-LA007- 216668 saylı Daxili lizinq müqaviləsi və müqaviləyə 1№-li Əlavədən görünür ki, müqavilə İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya 24 ay müddətinə, hər ay 2263 manat (sonuncu ay 2254,67 manat) ödəmək şərtilə “X4 Pro” epilyasiya avadanlığı lizinqə verilmişdir. Cavabdeh3 “X4 Pro” epilyasiya avadanlığını qəbul etmiş və lizinq obyektində nasazlığın olmaması və istismara tam yararlı olmasını öz imzası ilə təsdiq etmişdir. 06.12.2019-cu il tarixə Cavabdeh3 borcun ödənilməsini 648 gün gecikdirmiş və onun lizinq məbləği üzrə qalıq borcu 3100 manat təşkil edir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə müvafiq olaraq, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 748-1.8-ci maddəsinə görə, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Mülki Məcəllənin 748-2.1-ci maddəsinə müvafiq olaraq, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Cavabdeh3 apellyasiya şikayətində ona istinad etmişdir ki, 02.07.2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, müqavilə 01.08.2015-ci il tarixədək qüvvədə olmuş, öhdəliyin müddəti 2 il müəyyən edilmiş, tələb hüququ 01.08.2015-ci ildə yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Tərəfimizdən üzürlü səbəbdən 1-ci instansiya məhkəməsinə “iddia müddətinin tətbiqi barədə” ərizə verilməmişdir. Ona görə də iddia müddəti tətbiq olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinin həmin dəlili ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Apellyasiya şikayətində cavabdehin üzürlü səbəbdən birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermədiyi qeyd olunsa da bunu təsdiq edn heç bir sübut iş materiallarında mövcud deyildir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəni 18.10.2021-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia müddətinin tətbiqi ilə bağlı dəlilini əsassız hesab edir. Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası müəyyən edir ki, birinci instansiya məhkəməsi tərfindən cavabdehdən həm lizinq məbləği üzrə 3100 (üç min yüz manat) məbləğində borcun Cavabdeh3 tutularaq "xxxx" MMC-yə ödənilməsi, həm də lizinqə verilmiş "X4 Pro" epilyasiya avadanlığının Cavabdeh3 alınaraq "xxxx" MMC-yə təhvil verilməsi qət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, lizinq müqaviləsi üzrə nəzərdə tutulmuş bütün məbləğin cavabdeh tərəfindən ödənilməsinin təmin olunduğu təqdirdə lizinqə verilmiş "X4 Pro" epilyasiya avadanlığının da iddiaşıya qaytarılması qətnamənin ədalətliliklə bağlı tələblərinə cavab vermir. Ona görə də apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-183/2021 saylı, 06.07.2021-ci il tarixli qətnaməsi qismən “Lizinqə verilmiş "X4 Pro" epilyasiya avadanlığı Cavabdeh3 alınaraq "xxxx" MMC-yə təhvil verilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qalan hisssədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-183/2021 saylı, 06.07.2021-ci il tarixli qətnaməsi qismən “lizinqə verilmiş "X4 Pro" epilyasiya avadanlığının Cavabdeh3 alınaraq "xxxx" MMC-yə təhvil verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar