Məhkəmə qərarları › İş №2(103)-10156/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10156/2021

10.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10156/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-671/2021 saylı işi üzrə 06 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ipoteka predmeti olan Rəhimov Bəydulla Arif oğluna məxsus Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılmasına dair hərracın yekunları barədə 10 iyul 2019-cu il tarixli Y-187 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 10 iyul 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, "xxxx" MMC və Cavabdeh2 hazırkı iş üzrə cavabdehlər siyahısından çıxarılması, cavabdeh Xəzər rayon İcra şöbəsi tərəfindən iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq 100000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhər Xəzər rayon Məhkəməsinin 21.06.2013-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı və Rəhimov Bəydulla Arif oğluna qarşı ipotekaya qoyulmuş fərdi yaşayış evinə tutmanın yönəldilməsi və kredit borcunun tutulması tələbinə dair iddiası təmin edilmiş, İddiaçı 173200 manat məbləğində əsas kredit borcu, 115005 manat məbləğində faiz borcu, 3000 manat məbləğində dəbbə pulu, cəmi 291205 manat məbləğində pul, 120500 ABŞ dolları məbləğində əsas kredit borc, 78937 ABŞ dolları məbləğində faiz borcu, 2000 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 201467 ABŞ dolları məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın Rəhimov Bəydulla Arif oğlu tərəfindən ipoteka qoyulmuş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin Rəhimov Bəydulla Arif oğlunun sahibliyindən alınaraq açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsilə satılması, evin ilkin satış qiymətinin ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış 250000 manat müəyyən edilməsi, evin satışından əldə edilmiş vəsaitdən 173200 manat məbləğində əsas kredit borcu, 115005 manat məbləğində faiz borcu, 3000 manat məbləğində dəbbə pulu, cəmi 291205 manat məbləğində borc, bundan başqa 120500 AB, dolları məbləğində kredit borcu, 78937 ABŞ dolları məbləğində faiz borcu, 2000 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 201467 ABŞ dolları məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda cavabdehlər İddiaçı və Rəhimov Bəydulla Arif oğlu ən geci 1 ay ərzində həmin evdən çıxarılmaları qət edilmişdir, iddianın qalan hissəsi təmin edilməmişdir. Həmin qətnamənin icrası Cavabdeh1nə həvalə edilmişdir. Bundan sonra Cavabdeh1 sifariş məktubuna əsasən Rəhimov Bəydulla Arif oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi 10.07.2019-cu il tarixində açıq hərracdan satışa çıxarılmış və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 10 iyul 2019-cu il tarixli müqaviləyə əsasən alıcı Cavabdeh2 satılmışdır. Əmlakın son satış qiyməti 212500 (iki yüz on iki min beş yüz) manat olmuşdur. Hesab edir ki, 10 iyul 2019-cu il tarixli hərracın yekunları barədə protokol və 10 iyul 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi tamamilə qanunsuz və əsassızdır. "xxxx" MMC tərəfindən ipoteka predmetinin dəyəri düzgün qiymətləndirilməmişdir. Belə ki, əmlakın ilkin satış qiyməti 250000 (iki yüz əlli min) manat olmuş, təkrar hərrac zamanı "xxxx" MMC tərəfindən 15% endirimlə 212500 (iki yüz on iki min beş yüz) manat kimi müəyyənləşdirilmişdir. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədə göstərilənlərə əsasən təkrar hərrac zamanı AR “ipoteka haqqında” Qanununun 43.5-ci maddəsinə əsasən əmlakın ilkin satış qiyməti 15% azalmışdır. “İpoteka haqqında" Qanunun 43.1.2-cü maddəsində göstərilən müddəaya əsasən hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərrac qiymətindən 15% aşağı satıla bilər. Lakin hərracın keçirilməsinə dair yekun protokolda ilkin hərracın hansı səbəblərə görə baş tutmaması göstərilməmiş, öz mülahizələrinə əsasən əmlakın ilkin satış qiyməti 15% azaldılmışdır. Halbuki “İpoteka haqqında” qanunun 43.1.1,43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişdirilmədən saxlanılmalı idi. Beləliklə, təkrar hərrac zamanı əmlakın ilkin satış qiyməti 250000 manat olmalı idi. Bundan başqa hərracın keçirilmə yeri və vaxtı barədə ona məlumat verilməmişdir. Odur ki, bütün qeyd olunanlara əsasən hərracın nəticələri haqqında protokulun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı haqqında müqavilənin ləğv edilməsi zəruridir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-671/2021 saylı işi üzrə 06 may 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Xəzər rayon icra şöbəsinə qarşı maddi ziyanın ödənilməsinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10156/2021 saylı, 10 noyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin baxılmamış saxlanılmasına dair ərizəsinin təmin edilməməsi və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh Bakı şəhəri Cavabdeh1 nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-671/2021 saylı işi üzrə 06 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş Hərracın nəticələri haqqında 10 iyul 2019-cu il tarixli Y-187 saylı protokolun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi Cavabdeh1 tərəfindən 250000 manat ilkin satış qiyməti ilə satışa çıxarılmış, 212500 manata satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.3-cü və 414.4-cü maddəsinə əsasən, bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsindən görünür ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İddianın mahiyyətindən görünür ki, iddiaçı 10 iyul 2019-cu il tarixli hərracın keçirilməsinə əsas olmuş Xəzər Rayon Məhkəməsinin 21.06.2013-cü il tarixli qətnaməsi üzrə icra tədbirlərini həyata keçirən zaman ona dəymiş ziyanın Xəzər rayon icra şöbəsindən tutulmasını xahiş etmiş, lakin Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən öz tələbini əsaslandıran əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Mülki Məcəlləyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir:  zərərin mövcud olması,  zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması,  zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya zərər vurulmasını təsdiq edən kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim edilmədiyindən, işdə olan sübutlarla iddiaçıya maddi zərər vurulması ilə cavabdehin hərəkətləri arasında səbəbli əlaqə sübuta yetirilməmişdir. Belə ki, işin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi 10 iyul 2019-cu il tarixində keçirilən hərrac vasitəsilə Cavabdeh2 satılmışdır. İcra tədbirlərinin həyata keçirilməsi zamanı iddiaçıya zərər dəyməsinə dair hallar iş üzrə sübuta yetirilməmiş, həmin hallar işin məhkəmə araşdırılması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğunu nəzərə alarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Göründüyü kimi həm mülki-prosessual qanunvericiliyin tələblərində, həm də insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında işə baxılarkən tərəfin istinad etdiyi halların və faktların sübut edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda qanunvericilik məhkəmənin üzərinə təqdim edilmiş sübutları düzgün araşdırmaq və irəli sürülmüş dəlillərə təqdim edilmiş sübutlar əsasında hüquqi qiymət öhdəliyi qoyur ki, bu da təqdim edilmiş sübutların mötəbər, kifayət qədər güclü və aydın olmasını tələb edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi rədd edilməlidir. Apellyasiya şikayətində qeyd olunanlar isə formal mülahizələrdən ibarət olmaqla iş materialları ilə təkzib olunduğundan əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-671/2021 saylı işi üzrə 06 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-671/2021 saylı işi üzrə 06 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar