Məhkəmə qərarları › İş №2(103)-10157/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10157/2021

25.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10157/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Abşeron rayon Sukanal İdarəsi olmaqla “invertar aktının ləğv edilməsi və hesablanmış əlavə su sərfiyyatının azaldılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli 2(004)-3718/2019 nömrəli qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Abşeron rayon Sukanal İdarəsi qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Sukanal İdarəsinin 25 fevral 2019-cu il tarixli 09358 saylı inventar aktının ləğv edilməsi və həmin aktda qeyd olunan hesabat verilən dövr 10 fevral 2019-cu il tarixdən (sudan qeyriqanuni istifadə edilməsi) hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 10 fevral 2019-cu il tarixdə əvvəllər tanıdığı X2 ona məxsus ünvan 1 ünvanda yerləşən avtoyuyucunu kirayə götürüb işlətmək fikrini ona çatdırmış, onlar ümumi razılığa gəlmiş və Kərimov evinə daxil olan su borularından əlavə xətt çəkib avtoyuyucuya daxil etmişdir. Bir müddət sonra X2 ilə aralarında anlaşılmazlıq yaranmış və sonuncu 10 fevral 2019-cu il tarixdə ASC-nin qaynar xəttinə zəng edərək məlum etmişdir ki, Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, 385 saylı evdə qanunsuz su borularına müdaxilə olunmuşdur. 25 fevral 2019-cu il tarixli İnvertar aktına əsasən 1 il ərzində qanunsuz sudan istifadə etməyi qeyd edilərək ümumilikdə 4104 manat məbləğində sudan əlavə sərfiyyat hesablanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli 2(004)- 3718/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə aktı əsassız və qanunsuzdur, məlum su borusuna onun özbaşına qoşulmağı yox, əvvəllər tanışı olan X2 tərəfindən qoşulması, Kərimov Zakir tərəfindən nə səbəbdən qoşulması, hansı məqsədləri güdməsi və ümumiyyətlə sözü gedən şəxsin məhkəməyə cəlb edilməməsi və digər hallar birtərəfli araşdırılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli 2(103)-10863/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3718/2019 saylı 02 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə, Abşeron Rayon Sukanal İdarəsinin 25 fevral 2019-cu il tarixli 09358 saylı invertar aktının ləğv edilməklə, İddiaçı məxsus Bakı şəhəri Binəqədi rayonu, 28 may qəsəbəsi, İzlivnoy küçəsi, 1 nömrəli evə hesablanmış 4104 manat borcun silinməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli 2(102)-384/2020 saylı Qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli 2(103)-10863/2019 saylı qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 mart 2021-ci il tarixli 2(103)- 340/2021 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3718/2019 saylı işi üzrə 02.07.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddianın qismən təmin edilməsi, Abşeron Rayon Sukanal İdarəsinin 25 fevral 2019-cu il tarixli 09358 saylı inventar aktının ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manatın Cavabdeh ASC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 avqust 2021-ci il tarixli 2(102)-4471/2021 saylı Qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-340/2021 nömrəli 01 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və işə apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə iclasında iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxslər (nümayəndələr) məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apelyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Məhkəmə sübutları düzgün qiymətləndirməmiş, mülki prossesual qanunvericiliyin tələblərini pozmuşdur. İddiaçı sudan qanunsuz istifadə olunmasını inkar etmir. Məhkəmə irəli sürülmüş tələblər üzrə işə baxmalıdır. İddiaçının tələbləri ondan ibarətdir ki, akt ləğv edilsin və sudan qanunsuz istifadə faktı aşkar edildiyi tarixdən-10 fevral 2019-cu il tarixdən hesablama aparılsın. Yəni, qanunsuz qoşulma kimi bir illik müddət yox, qoşulma faktı aşkar edildiyi tarixdən hesablama aparılsın. Lakin, işə baxan məhkəmələr hər dəfə iddia tələbinə diqqət yetirmədən qoşulma faktının sübuta yetirilməməsi əsası ilə iddianı təmin etmişlər. İddia təmin olunursa, onda iddiaçının dediyi kimi 10 fevral 2019-cu ildən ona qanunsuz qoşulma qaydaları ilə borc hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22.01.2020-ci il tarixli, 2(102)-384/2020 saylı qərarında birbaşa qeyd edilmişdir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinə irad tutduğu halı, yəni iddiaçının həmin avtoyuyucunu icarəyə verməsi, həmin şəxs tərəfindən xəttə müdaxilə olunması, müdaxilə barədə məlumatın da məhz həmin şəxs tərəfindən Cavabdeh ASC-nə verilməsi kimi faktiki halları özü də araşdırmamış, sudan qanunsuz istifadə edilən obyektin iddiaçıya məxsus olduğunu, həmin obyektin su ilə təchizatı barədə müqavilənin də iddiaçı ilə bağlandığını, həmçinin iddiaçının iddia ərizəsində bu faktı inkar etməyərək, sadəcə həmin əlavə xəttin 10.02.2019-cu ildə onun razılığı ilə evinə daxil olan su xəttindən Kərimov Zakir tərəfindən çəkildiyini və hesablamaların da həmin tarixdən aparılmalı olduğunu göstərdiyini nəzərə almayaraq, aktda göstərilənlərin cavabdeh tərəfindən sübut olunmaması barədə yanlış nəticəyə gəlmişdir. İddiaçı qanunsuz qoşulmanın başqa şəxs tərəfindən həyata keçirildiyini, yəni yuyucu sexini icarəyə götürən qonşusu Zakir Kərimov tərəfindən edildiyini, bu barədə məlumatın da məhz onun tərəfindən verilməsini bildirir. İddiaçının irəli sürdüyü həmin dəlili sübut etmək yükünü iddiaçı özü daşıyır. Məhkəmə kollegiyası razılaşır ki, iddiaçının dediyi kimi su xəttinə qanunsuz qoşulma aktın tərtib edilməsindən bir neçə gün əvvəl baş vermişdirsə, hesablanmış sərfiyyat məbləği həddən artıq çoxdur və iddiaçının maddi mənafeyinə uyğun deyil. Çünki o, 1-ci qrup gözdən əlildir, maddi vəziyyəti aşağıdır. Apelyasiya Məhkəməsi bu halları nəzərə alaraq iddiaçının etirazları ilə bağlı dəyərləndirmə apara bilərdi.” Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin 28 may Qəsəbəsi üzrə nümayəndəliyinin 26 may 2019-cu il tarixli arayışına əsasən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsi, İzlivnoy küçəsi, 1 nömrəli evdə qeydiyyatsız yaşayır və həmin ünvandan avto-yuyucu kimi istifadə edir. Cavabdeh ASC ilə İddiaçı arasında 26.02.2018-ci il tarixli, 38538582 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilədən görünür ki, müqavilə İddiaçı tərəfindən Müşviqabad qəsəbəsi, ev 385 ünvanında yerləşən avtoservis tərəfindən su təhcizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəsinə dair bağlanmışdır. Cavabdeh ASC-nin Abşeron Sukanal İdarəsinin nümayəndələri tərəfindən tərtib edilmiş 25 fevral 2019-cu il tarixli 09358 saylı İnventar aktına əsasən ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus olan avtoyuma məntəqəsində diametri d=20-mm olan boru vasitəsi ilə sudan qeyri-qanuni müqaviləsiz istifadə olunduğu aşkar edilmişdir. İddiaçı akta imza etməkdən imtina etmişdir. Cavabdeh ASC tərəfindən verilmiş 26.02.2019-cu il tarixli qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından müəyyən olunur ki, invertar aktına əsasən hesablanmış ziyanın məbləği 1 il üçün 4101 manat məbləğində müəyyən edilmişdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları” 3.1.-ci bəndinə əsasən STKM-in (su təchizatı və kanalizasiya müəssisəsi) hüquqları aşağıdakılardır: 3.1.1. STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək; 3.1.2. smart-kart tipli olmayan su ölçən cihaz quraşdırılmış və ya suölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək. Həmin Qaydaların 8.7-ci bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. İddiaçı sudan qanunsuz istifadə olunmasını inkar etmir. İddiaçı yuyucu sexini Zakir Kərimov adlı qonşusuna icarəyə verdiyini, qanunsuz qoşulmanın da sonuncu tərəfindən həyata keçirildiyini və bu barədə məlumatın da məhz onun tərəfindən verilməsini iddia edərək, aktın ləğv edilməsini və sudan qanunsuz istifadə faktınını aşkar edildiyi tarixdən- 10 fevral 2019-cu il tarixdən hesablama aparılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Kollegiya qeyd edir ki, hər iki tərəf öz tələblərini və etirazını əsaslandırmağa borcludur. Cavabdeh tərəf öz hərəkətlərinin qanuniliyini sübuta yetirməli olduğu kimi, iddiaçı da öz tələbini kifayət qədər aydın əsaslandırmalıdır. Kollegiya hesab edir ki, iddiaçı öz tələbini əsaslandırdığı və sübuta yetirə bildiyi halda onun tələbi keçərlidir. Bunun üçün ilk növbədə şərh olunan faktlar müəyyən edilməlidir. İddiaçı qanunsuz qoşulmanın məhz 10.02.2019-cu il tarixdə Zakir Kərimov tərəfindən edildiyini iddia etsə də, iş materiallarından bu hallar müəyyən edilməmiş, iddiaçı isə tələbinin əsasını təşkil edən sübutlar təqdim etməmişdir. Digər tərəfdən, qanunsuz olaraq sayğacdan kənar su xəttinin Zakir Kərimov tərəfindən çəkilməsi qəbul edilsə belə, bunun iddiaçının xəbəri olmadan baş verməsi mümkün deyildir. İddiaçının dediklərindən belə görünür ki, Zakir Kərimov 19.02.2019-cu il tarixdə yuyucu sexini icarəyə götürmüş (halbuki işdə icarə müqaviləsi yoxdur) və elə həmin gün də qanunsuz qoşulma barədə məlumat vermişdir. Deyilənə inanılsa, onda Zakir Kərimovun iddiaçının xəbəri olmadan sonuncunun həyətindən qanunsuz su xətti çəkməsi real və inandırıcı görünmür. Görünən isə odur ki, iddiaçı ilə Zakir Kərimov arasında hansı münasibətlərin olmasından asılı olmayaraq, qanunsuz qoşulma iddiaçının istəyinə uyğun olaraq baş vermişdir və bunun məsuliyyətini də məhz iddiaçı daşımalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslıdır. Beləliklə, iddiaçı tərəfindən apelyasiya şikayətində irəli sürülən mülahizələr yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli 2(004)- 3718/2019 saylı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar