Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1019/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 (bundan sonra – MMC), Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Bank) və Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra – Mərkəzi Bank) qarşı “hərracın və hərracın yekunu ilə bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 oktyabr 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun xüsusi mülkiyyətində olmuş və ünvan 1 ünvanında, 0,09837 ha torpaq sahəsində yerləşən birmərtəbəli, 965 kv.m. əsas sahədən ibarət 2 saylı qeyri-yaşayış binasına (bundan sonra – mübahisəli qeyri-yaşayış sahəsi) dair keçirilmiş hərracın yekunlarına dair 21.08.2017-ci il tarixli protokolun və həmin hərracın nəticələrinə dair həmin tarixdə bağlanmış “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi Yasamal Rayon İcra və Probasiya Şöbəsi (bundan sonra – İcra Şöbəsi), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi (bundan sonra – DƏDRX Əİ) göstərilmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 05.10.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Cavabdeh və üçüncü şəxs olan hüquqi şəxslərin nümayəndələri, habelə iddiaçı işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən 2(103)-79/2015 saylı iş üzrə qəbul edilmiş və qanuni qüvvəyə minmiş 12.03.2015-ci il tarixli qətnamə əsasında verilmiş icra vərəqəsinə əsasən hazırki iş üzrə iddiaçıdan 1.583.156,37 ABŞ dolları və 1.271.928,01 ABŞ dolları məbləğində pul hazırki iş üzrə cavabdeh Bankın xeyrinə tutulmalı, tutma qeyri-yaşayış sahəsinə yönəldilməli, sahə açıq hərracdan satılmalı və satışdan əldə ediləcək pul vəsaiti yuxarıda qeyd edilə borcun ödənilməsinə yönəldilməlidir. İcra sənədi icra edilməsi üçün hazırki iş üzrə üçüncü şəxs olan İcra Şöbəsinə göndərilmişdir. İcra Şöbəsinin sifarişinə əsasən "xxxx" MMC tərəfindən qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi aparılmış, sahəyə 9.000.000 manat qiymət qoyulmuş və bu barədə 10.05.2017-ci il tarixdə “Qiymətləndirmə hesabatı” verilmişdir. Hazırki iş üzrə iddiaçı, “qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi barədə”, sonra isə “hərracın yekunlarına dair protokolun, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə” iddialar qaldırmış, onun iddiaları çoxsaylı məhkəmə baxışlarının predmeti olsa da, son nəticədə hərrac və onun nəticəsi ilə cavabdehlər MMC və Bank arasında bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab edilməmişdir. İddiaçı bildirir ki, onun tərəfindən Bankın rəhbərliyinə dəfələrlə edilmiş xahişlərinə və ona söz verdikləri şərtlərə görə qeyri-yaşayış sahəsi X2 borcuna görə “Sonrakı ipoteka müqavilələri” ilə Mərkəzi Bankın xeyrinə yüklü edilmişdir. Lakin qeyri-yaşayış sahəsi ilə bağlı hərrac keçirilən zaman Mərkəzi Banka məlumat verilməmiş, Mərkəzi Bankın həmin hərracdan və əmlakının ilkin ipoteka saxlayan tərəfindən öz adına rəsmiləşdirilməsindən məlumatı olmamışdır. Göründüyü kimi, Mərkəzi Bankın hüquqları pozulmuşdur. Bu isə, mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı keçirilmiş hərracın yekunlarına dair 21.08.2017-ci il tarixli protokolun və həmin hərracın nəticələrinə dair həmin tarixdə bağlanmış “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi üçün əsasdır. Məhkəmə bildirir ki, iddia ərizəsində qeyd edilən mülki işlər üzrə qəbul edilmiş məhkəmə aktları hazırki mülki iş materiallarında mövcuddur. Həmin aktlardan görünür ki, hazırki iş üzrə iddiaçının iddiaları çoxsaylı məhkəmə baxışlarının predmeti olsa da, son nəticədə hərrac və onun nəticəsi ilə cavabdehlər MMC və Bank arasında bağlanmış alğısatqı müqaviləsi etibarsız hesab edilməmişdir. Hazırda isə iddiaçı iş üzrə cavabdeh Mərkəzi Bankın hüquqlarının pozulmasına əsaslanaraq “hərracın və hərracın yekunu ilə bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddianı irəli sürür. Məhkəmə qeyd edir ki, MPM-nin tələblərinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (maddə 4.1.). Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir (maddə 48.). Qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün maraqlı şəxslərin xahişi olmadan iddia qaldırıla bilər (maddə 59.1.). Qeyd edilən prosessual hüquq normalarının tələbləri nəzərə alındıqda müəyyən edilir ki, iddiaçı, cavabdeh Mərkəzi Bankın hüquqlarının pozulması baxımından bu kimi iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Bunu nəzərə alan Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27.08.2012-ci il tarixli qərarlarında təsbit edilmiş mövqeyini nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsi iddianı təmin etməməklə faktlar nöqteyi-nəzərindən mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 oktyabr 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1019/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1019/2022
28.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver