Məhkəmə qərarları › İş №2(103)-102/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-102/2024

23.05.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-102/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdehlər X4 və Cavabdeh2 (müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X11) qarşı iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Murad Akif oğlundan və X12 ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdehlər X4 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X11) “qanunsuz tikilinin sökülməsi tələbinə dair” iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(010)-56/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. iş materiallarında olan qeydiyyat tarixi xx.xx.2019-cu il, qeydiyyat nömrəsi ********** olan DƏDRX-nin çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 89.1 kv.m, 0,027620 ha torpaq sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X2 məxsusdur.

2. İş materiallarında olan qeydiyyat tarixi xx.xx.2015-ci il, qeydiyyat nömrəsi ********** olan DƏDRX-nin çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 45.6 kv.m olan fərdi yaşayış evinin ¼ hissəsi X6 və ¾ hissəsi X15 məxsusdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı X3 cavabdehlər X4 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus torpaq sahəsində cavabdehlər X9 və Cavabdeh2 tərəfindən özbaşına inşa olunmuş 0,90x9,20 metr ölçüdə, ümumi sahəsi 8,28 kvadrat metr olan tikilinin və ona məxsus həyətin giriş qapısının sağ tərəfindən yerləşən uzunluğu 16,23 metr olan hasarın üzərində hörülmüş 0,80 metr hündürlükdə olan, ümumi sahəsi 12,984 (16,25x0,80=12,984) olan tikilinin cavabdehlərin vəsaiti hesabına sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,027620 ha torpaq sahəsi, üzərində yerləşən 89,1 kv.m. tikili ilə birlikdə iddiaçının mülkiyyətindədir. Lakin buna baxmayaraq xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi cavabdehlər X9 və Cavabdeh2 tərəfindən zəbt edilmiş, orada özbaşına olaraq 0,90x9,20 metr ölçüdə, ümumi sahəsi 8,28 kv.m. ölçüdə özbaşına tikili inşa edilmişdir. Hazırda bu tikili cavabdehlərin qanunsuz sahibliyindədir. Bundan başqa cavabdehlər tərəfindən özbaşına olaraq iddiaçıya məxsus həyətə giriş qapısının sağ tərəfində inşa olunmuş uzunluğu 16,23 metr olan hasarın üzərinə 0,80 metr hündürlüyündə hörülmüş tikili də iddiaçının həyətinin ümumi mənzərəsini pozmuşdur. İddiaçı dəfələrlə cavabdehlərdən ona məxsus torpaq sahəsində özbaşına tikilmiş tikilinin və özbaşına inşa olunmuş hasarın sökülməsini tələb etsə də, cavabdehlər bunu etməmişlər. Ona görə də, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Birinci instansiya məhkəməsi tərəfindən X11 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

6. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(010)- 56/2022 saylı qətnaməsi ilə (hakim Tural Məmmədov) iddia tələbi təmin edilməmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin müəyyən olunmuş həqiqi halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesri Xidətinin hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən xx.xx.2019-cu iltarixli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 89,1 kv.m., 0,027620 ha torpaq sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Ona məxsus yuxarıda qeyd olunan torpaq sahəsinə bitişik ərazidə hazırkı iş üzrə cavabdehlər-X7 və Cavabdeh2 tərəfindən özbaşına tikili inşa olunmuş, həmin tikili hal-hazırda cavabdehlərin istifadəsindədir. Bu azmış kimi cavabdehlər ona məxsus torpaq sahəsində özləri üçün “əl damı” kimi 0,90x9,20 metr ölçüdə ümumi sahəsi 8,28 kvadrat metr olan tikili inşa etmişlər. Bununla da cavabdehlər heç bir hüquqi əsas olmadan onun mülkiyyətində olan torpaq sahəsinin 8,28 kv.m. hissəsini zəbt etmişlər. Bundan başqa cavabdehlər onun həyət qapısının sağ tərəfində yerləşən uzunluğlu 16,23 metr hasarın üzərində hörülmüş 0,80 metr hündürlükdə olan, ümumi sahəsi 12,984 (16,25x0,80=12984) olan tikili hörmüşlər. İşə birinci instansiya məhkəməsin icraatında baxıldığı zaman bir neçə məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 ona məxsus torpaq sahəsinə bitşik ərazidə özbaşına inşa olunmuş fərdi yaşayış evinin özünə məxsus olmasını və ona məxsus torpaq sahəsində özü tərəfindən “əl damı” kimi 0,90x9,20 metr ölçüdə ümumi sahəsi 8,28 kvadrat metr özbaşına tikilinin inşa edildiyini etiraf etmiş, bunu yağış sularının istifadəsində olan fərdi yaşayış evinə sirayət etməməsi üçün etdiyini bildirmişdir. Buna baxmayaraq Suraxanı Rayon Məhkəməsi yalnız yerli baxış əsasında fərdi yaşayış evinin Cavabdeh2 məxsus olmaması qənaətinə gəlmiş, yalnız yerli baxış əsasında müəyyən etmişdir ki, ona məxsus torpaq sahəsinə qonşuluqda inşa edilmiş fərdi yaşayış evi X8 məxsus torpaq sahəsinə düşür. Halbuki torpaq sahəsinin yerləşməsinin müəyyən edilməsi qanunvericilikdə məhkəmələrin deyil, ekspertizanın səlahiyyətinə aid edilmişdir. Məhkəmənin nəzərinə onu da çatdırım ki, işə məhkəmə icraatında baxıldığı zaman tərəfindən əraziyə baxış keçirilməsi, torpaq sahəsinin hüdudlarının müəyyən edilməsi məqsədi ilə müstəqil ekspertə müraciət olunmuş, ekspert rəyi ilə mübahisə predmeti olan tikilinin ona məxsus torpaq sahəsində inşa edilməsi müəyyən olunmuşdur. Göründüyü kimi, işdə olan sübutlarla təsdiq olunur ki, mübahisə predmeti tikililər ona məxsus torpaq sahəsində özbaşına inşa edilmişdir. Bu tikililərin hazırkı iş üzrə cavabdehlər tərəfindən inşa olunması məhkəmə iclaslarında dəfələrlə etiraf olunmuşdur. Fərdi yaşayış evinin X8 məxsus torpaq sahəsində yerləşməsi ilə bağlı iş materiallarında hər hansı mötəbər sübut yoxdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyun izahat verərək bildirdi ki, iddia ərizəsində qeyd etdiyi əl damı kimi qanunsuz inşa edilmiş 0,90x9,20 metr ölçüdə, ümumi sahəsi 8,28 kv.m. olan tikili hazırda sökülüb və bununla bağlı mübahisə aradan qalxıbdır, lakin hasarın üstündəki tikili hələ də qalmaqda davam edir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər, həmçinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

12. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.

13. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

17. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

24. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı ona məxsus torpaq sahəsində cavabdehlər X9 və Cavabdeh2 tərəfindən özbaşına inşa olunmuş 0,90x9,20 metr ölçüdə, ümumi sahəsi 8,28 kvadrat metr olan tikilinin və ona məxsus həyətin giriş qapısının sağ tərəfindən yerləşən uzunluğu 16,23 metr olan hasarın üzərində hörülmüş 0,80 metr hündürlükdə olan, ümumi sahəsi 12,984 (16,25x0,80=12,984) olan tikilinin cavabdehlərin vəsaiti hesabına sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsini xahiş etsə də, məhkəmə tərəfindən keçirilmiş xx.xx.2022-ci il tarixli yerli baxış zamanı və məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 izahatı ilə müəyyən edilmişdir ki, hazırki mübahisənin predmeti olan ərazi məhz X8 məxsus ¼ hissədə paya düşür. Məhkəmə tərəfindən həmçinin o da müəyyən edilmişdir ki, cavabdehlər müəyyən müddətdir ki, həmin evdə yaşamırlar.

25. Kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır.

26. Birinci nistansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququ olsa da, lakin bu hüquq düzgün qaydada həyata keçirilməmişdir.

27. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, hazırki mübahisənin predmeti olan ərazi məhz X8 məxsus ¼ hissədə paya düşür. Bu hal birinci instansiya məhkəməsi tərəfindən iş üzrə keçirilən yerli baxış zamanı və üçüncü şəxsin özünün verdiyi izahatı ilə müəyyən edilmişdir. Belə olan halda, hazırkı iddia X8 qarşı irəli sürülməli idi.

28. Birinci instansiya məhkəməsində iddiaçıya cavabdehi əsl cavabdehlə əvəz edilməsi təklifi irəli sürülmüş, lakin iddiaçı hesab etmişdir ki, iddiaya məhz Cavabdeh2 cavab verməlidir.

29. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ilə mübahisəli tikililərin Cavabdeh2 tərəfindən inşa edildiyi öz təsdiqini tapmamışdır. Bunun əksinə olaraq, X5 verdiyi izahatlar zamanı onun evin yerləşdiyi torpaq sahəsi və tikili barədə müfəssəl məlumata malik olduğu müəyyən edilmişdir.

30. Apellyasiya baxışı zamanı iddiaçı izahatında bildirmişdir ki, iddia ərizəsində qeyd etdiyi əl damı kimi qanunsuz inşa edilmiş 0,90x9,20 metr ölçüdə, ümumi sahəsi 8,28 kv.m. olan tikili hazırda sökülmüş və bununla bağlı mübahisə aradan qalxmışdır. Lakin hasarın üstündəki tikili hələ də qalmaqda davam edir.

31. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

32. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır və qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

33. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(010)-56/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(010)- 56/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar