Məhkəmə qərarları › İş №2(103)-1020/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1020/2021

09.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1020/2021 09.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Rzayeva (Əliyeva) Kəmalə Elçin qızı və Bakı Şəhəri 16 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və sair tələbləri barədə” birgə iddialarına dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 may 2019-cu il tarixli qətnamədən iddiaçıların birgə verdikləri apellyasiya şikayətinə əsasən işə, İddiaçı2, onun və digər iddiaçının birgə vəkili (nümayəndə) X1, cavabdehlər Kəmalə Əliyevanın, Cavabdeh1 və onların vəkili X3 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Kəmalə Əliyevaya 16 saylı Notariat Ofisi tərəfindən 15.03.2016-cı il tarixdə verilmiş və reyestrdə 2V-37 № altında qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin”, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş “Çıxarışın” ləğv edilməsi, 19.11.2012-ci il tarixdə vəfat etmiş ataları X2 miras qalmış və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə cavabdehlərin və onların hər birinin payı 1/4 hissədə olmaqla qanun üzrə vərəsəlik hüquqlarının müəyyən edilməsi və həmin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi qəbul etdiyi 03.05.2019-cu il tarixli qətnaməsi ilə iddianın rədd edilməsini qət etmişdir. İş üzrə iddiaçılar həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 17.09.2019-cu il tarixli qətnamə (İş № 2(103)- 10515/2019) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Həmin qətnamədən iş üzrə iddiaçıların birgə verdikləri kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 05.10.2020-ci il tarixli qərar (İş № 2(102)-4610/2020) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.09.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Göstərilən səbəbdən, iddiaçıların apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən yenidən baxılır. Mülki işə apellyasiya qaydasında yenidən baxan Məhkəmə qeyd edir ki, iddiaçıların iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli ev iddiaçıların anaları X5 ilə ataları X4 birgə nikahları dövründə alınmış və daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak kimi atalarının adına qeydə alınmışdır. Ataları 19.11.2012-ci il tarixdə, anaları isə 05.05.2018-ci il tarixdə vəfat etmişlər. Bundan sonra iddiaçılar təsadüfən bilmişlər ki, atalarından qalmış miras əmlak atalarının digər qadınla qeyri-rəsmi nikahından doğulmuş bacıları (cavabdeh) Cavabdeh2 və qardaşları (cavabdeh) Cavabdeh1 tərəfindən 2016-cı ildə qəbul edilib. Cavabdeh2 və Cavabdeh1 miras qalmış evin qəbul edilməsi üçün 16 saylı Notariat Ofisinə ərizə verərkən notariusa onlar (iddiaçılar) barədə məlumat verməmiş, digər vərəsələrin mövcudluğunu notariusdan gizlətmişlər. Notarius isə miras əmlakın nikah dövründə əldə edilmiş ərlə arvadın ümumi əmlakı olub-olmadığını, vərəsələrin dairəsini müəyyən etməli olduğu halda bunu etməmiş, Cavabdeh1 və Cavabdeh2 adına 15.03.2016-cı il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” vermişdir. Cavabdeh1 və Kəmalə Əliyeva həmin şəhadətnamədən istifadə edərək miras əmlakı daşınmaz əmlakın dövlət reyestrində öz əmlakları kimi qeydiyyata alınmış və bu barədə “Reyestrdən çıxarış” almışlar. İddiaçılar bildirirlər ki, onlar həmin əmlakdan yalnız analarına çatası əmlakın qanun üzrə vərəsəlik qaydasında aralarında bölünməli, atalarından onlara çatası paydan isə imtina edərək Cavabdeh1 və Cavabdeh2 keçməsini, yəni mirasdan onların hər birinə bərabər (1/4 hissədə) paylarla keçməsini istəyirlər. İddiaçıların analarının əmlak hissəsinə cavabdehlər vərəsə ola bilməzlər. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü və Ailə Məcəlləsinin 36.9-cu maddələrini düzgün tətbiq etməmişdir. Apellyasiya baxışında iştirak edən İddiaçı2 və hər iki iddiaçının vəkili (nümayəndəsi) şikayətin dəlillərini müdafiə edərək, şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. İddiaçı2 əlavə olaraq bildirdi ki, ataları E.Rzayev ilə anaları T.Rzayevanın münasibətləri pozulduqdan sonra, anaları mübahisəli evi onlar (iddiaçılar) ilə birlikdə tərk etmiş, buna baxmayaraq valideynləri arasındakı nikah pozulmamışdır. Valideynlərinin vəfatından sonra miras kimi, yalnız mübahisəli ev qalmışdır. 30.09.2018-ci il tarixdə babalarının yas mərasimində bilmişlər ki, cavabdehlər miras əmlaka dair vərəsəlik şəhadətnaməsi almışlar. Bundan sonra da onlar, analarının vəfatından sonra miras qalmış evin analarına çatası hissəsindən özlərinə çatası miras əmlakın alınması üçün tədbirlər görməyə başlamışlar. İddiaçıların vəkili (nümayəndə) isə əlavə olaraq bildirdi ki, mübahisəli əmlak mərhum Elçin Rzayev ilə Təranə Rzayevanın arasında mübahisə yaranana qədər alınmışdır. Daha sonra T.Rzayeva xəbər tutmuşdur ki, E.Rzayevin başqa qadınla (cavabdehlər Kəmalə və Cavabdeh1lərin anası) münasibəti var, həmin münasibətdən də uşaqlar doğulmuşdur. Bu səbəbdən T.Rzayeva ilə E.Rzayevin münasibətləri pozulmuş və T.Rzayeva mübahisəli evi tərk etmişdir. Buna baxmayaraq onların nikahı pozulmamışdır. Nikah pozulmadığından isə evə dair mübahisəyə ər-arvadın əmlak tələbləri ilə bağlı 3 illik iddia müddəti tətbiq oluna bilməz. Lakin işə baxmış Rayon Məhkəməsi buna əhəmiyyət verməmişdir. Apellyasiya baxışında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2 (K.Əliyeva) və onların vəkili şikayətin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdilər. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, mərhum Elçin Rzayev iddiaçılar İddiaçı2 və İddiaçı1, həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 atasıdır. Elçin Rzayev ilə Təranə Rzayeva 19.09.1987-ci il tarixdə nikaha daxil olmuşlar. Bu nikahdan iş üzrə iddiaçılar doğulmuşlar. Mübahisəli ev də, məhz həmin nikah dövründə əldə olunmuş və daşınmaz əmlakın dövlət reyestrində Elçin Rzayevin adına qeydə alınmışdır. Daha sonra Təranə Rzayeva əri Elçin Rzayevin cavabdehlər Kəmalə və Cavabdeh1lərin anası ilə qeyri-rəsmi münasibətlərinin olmasından xəbər tutmuş, bu səbəbdən Təranə Rzayeva ilə Elçin Rzayevin münasibətləri pozulmuş, Təranə Rzayeva uşaqları – iş üzrə iddiaçıları özü ilə aparaq mübahisəli evi tərk etmiş və onlar mübahisəli evə bir daha qayıtmamışlar. Elçin Rzayev 19.11.2012-ci il tarixdə vəfat etmişdir. Cavabdehlər Kəmalə və Cavabdeh1lərin müraciəti əsasında 16 saylı Notariat Ofisi tərəfindən onlara Elçin Rzayevin ölümündən sonra miras qalmış mübahisəli mənzilə dair 19.02.2016-cı il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir (miras əmlakda hər birinin payı 1/2 hissədə müəyyən edilmişdir). Elçin Rzayevin ölümündən sonra iddiaçılar və onların anası Təranə Rzayeva nə mənzilə qayıtmamış, nə də ki, mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmişlər. Təranə Rzayeva 05.05.2018-ci il tarixdə vəfat etmişdir. İddiaçılar bildirirlər ki, onlar həmin əmlakdan yalnız analarına çatası əmlakın qanun üzrə vərəsəlik qaydasında aralarında bölünməli, atalarından onlara çatası paydan isə imtina edərək Cavabdeh1 və Cavabdeh2 keçməsini, yəni mirasdan onların hər birinə bərabər (1/4 hissədə) paylarla keçməsini istəyirlər. İddiaçıların analarının əmlak hissəsinə cavabdehlər vərəsə ola bilməzlər. Göstərilənləri və iş üzrə tərəflərin bildirdiklərini nəzərə almış Rayon Məhkəməsi Mülki Məcəllənin 1133, 1145, 1146, 1159.1.1, 1159.2, 1164, 1243.1 və 1243.2, Ailə Məcəlləsinin 14.1 və 36.9-cu maddələrini tətbiq etməklə belə bir nəticəyə gəlmişdir ki, iddiaçıların anası T.Rzayeva ərinin ölümündən sonra mirası faktiki olaraq qəbul etməmiş, mübahisəli əmlakı əldə etmək üçün qanunvericiliklə müəyyən olunmuş müddət ərzində (ər-arvadın əmlak tələblərinə dair üç illik müddət) və qaydada mirasın qəbulu ilə bağlı notariat orqanına ərizə ilə müraciət etməmiş və beləliklə, qanunda nəzərdə tutulmuş müddəti ötürmüş, mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişlər. İddiaçılar, həmçinin miras qoyanın birinci növbə vərəsələri olmalarına baxmayaraq, mirasın qəbul edilmiş hesab edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl etməmiş, hazırkı iddia tələblərində miras əmlakın atalarına çatan hissəsindən imtina edərək, məhz analarına aid hissəsinə qanun üzrə vərəsəlik hüquqlarının tanınmasını tələb etmişlər. Rayon Məhkəməsi hesab etmişdir ki, T.Rzayevanın miras əmlakda payı mövcud olmadığından, iddiaçıların mövcud olmayan miras əmlaka qanun üzrə vərəsəlik hüquqlarının müəyyən edilməsini tələb etmələri əsassızdır. Məhkəmə Rayon Məhkəməsinin göstərilən əsaslanması ilə bağlı bildirir ki, qeyd olunan əsaslanma səhvdir. Rayon Məhkəməsi maddi hüquq normasını səhv tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə görə, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Qeyd olunan maddi hüquq normasının tələblərindən görünür ki, üç illik iddia müddəti ər-arvadın bir-birinə qarşı əmlak tələblərinə aiddir. Hazırki iş üzrə mərhum ərarvad arasında nikah ərin vəfat etməsi ilə xitam olunmuşdur. Bu halda arvad mülkiyyət hüququnun daşıyıcısı kimi onun digər şəxslərdən öz əmlakını tələb etməsinə iddia müddəti şamil edilə bilməz. Çünki Mülki Məcəllənin 384.0.4-cü maddəsinə görə, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti tətbiq edilmir. İşin hallarından müəyyən edilir ki, E.Rzayev ilə T.Rzayevanın arasındakı nikah pozulmamışdır. T.Rzayeva E.Rzayevin vəfatından 5 il 6 ay sonra vəfat etmiş və sağikən miras əmlakın qəbul edilməsi ilə bağlı hər hansı bir hərəkət etməmişdir. Bu kimi hərəkətlər iddiaçılar tərəfindən də, həyata keçirlməmişdir. Mülki Məcəllənin 1145-ci maddəsinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1243-cü maddəsinin mənasına görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1248-ci maddəsinin mənasına görə, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Göründüyü kimi, iddiaçılar mirası qəbul etməmişlər. Bundan başqa Məhkəmə bildirir ki, T.Rzayevanın vəfatından sonra onun övladları olan iddiaçılar mübahisəli ev üzərində miras paylarının tanınmasını tələb edirlər. Lakin nəzərə alınmalıdır ki, iddiaçılar anaları T.Rzayevanın vəfatından sonra mirası qəbul etməmişlər. T.Rzayeva yuxarıda qeyd edildiyi kimi 05.05.2018-ci il tarixdə vəfat etmiş, lakin iddiaçılar 3 aylıq müddət ərzində 05.08.2018-ci il tarixədək mirasın qəbuluna dair ərizə ilə notariat kontoruna müraciət etməmişlər. İddiaçılar iddia ərizəsində qeyd edirlər ki, 30.09.2018-ci il tarixdə babalarının yas mərasimində bilmişlər ki, cavabdehlər miras əmlaka dair vərəsəlik şəhadətnaməsi almışlar. Bundan sonra da iddiaçılar özlərinə çatası miras əmlakın alınması üçün tədbirlər görməyə başlamışlar. Sübutetmə yükü üzərinə düşən və əmlakdan mərhum anasına məxsus paya vərəsəlik hüquqlarının tanınmasını tələb edən iddiaçılar, 05.05.2018-ci il tarixdə anaları vəfat etdikdən sonra həmin hissədə əmlaka sahibliyə və onu idarə etməyə faktiki başlamasının sübutu kimi həmin yaşayış sahəsində yaşadığı haqqında mənzil-istismar sahəsinin arayışını, əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə vergilər idarələrinin arayışlarını və ya bu ödənişlər barədə qəbzləri və digər sənədləri sübut kimi təqdim edə bilməmişlər. İddiaçıların mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi, əmlaka sahiblik və ya əmlakı idarə etməsi, nə də mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsinə dair hər hansı bir hərəkət etməsi müəyyən edilmədiyindən hesab edilir ki, iddiaçılar Mülki Məcəllənin 1246-cı maddəsində göstərilən müddətdə mirasın qəbul edilməsi barədə ərizə ilə notariat kontoruna müraciət etməmiş, həmçinin mirası faktiki surətdə qəbul edilməsi ilə bağlı hər hansı hərəkətlər etməmişlər. Kassasiya instansiya məhkəməsinin qərarında qeyd olunan digər bir məsələ də ondan ibarətdir ki, iddiaçıların anası 05.05.2018-ci il tarixdə vəfat etmiş, lakin buna baxmayaraq, 2016-cı il tarixdə mərhumun mülkiyyətində olan əmlakın 1/2 hissəsinə də cavabdehlərin adına şəhadətnamə verilmişdir. Belə ki, Mülki Məcəllənin 1162-ci maddəsinə əsasən, sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Bununla bağlı Məhkəmə qeyd edir ki, iddiaçılar mirasın qəbulu üçün nəzərdə tutulmuş kəsici müddəti ötürdükləri üçün analarına məxsus paydan miras əmlak kimi pay almaq hüquqlarını itirmiş, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddəti ötürmüşlər. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı qeyd olunan əsasla rədd etməklə iş üzrə səhv nəticəyə gəlmişdir; Rayon Məhkəməsi maddi hüquq normasını səhv tətbiq etmişdir. Odur ki, 385-ci maddəsinin tələbini, işin hallarını nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 birgə verdikləri apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Rzayeva (Əliyeva) Kəmalə Elçin qızı və Bakı Şəhəri 16 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və sair tələbləri barədə” birgə iddiaları təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumları iddiaçıların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar