Məhkəmə qərarları › İş №2(103)-10202/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10202/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10202/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Şəmsi (Şəmiyeva) Mətanət Xanlar qızının cavabdehlər X4, Cavabdeh2, Cavabdeh6, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə, Şəki rayon 2 saylı Dövlət Notariat kontoruna və Şəki regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinə qarşı “alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, dövlət aktı və çıxarışların ləğvi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5258/2021 saylı işi üzrə 23 avqust 2021-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş məhkəmə aiddiyyəti üzrə ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Şəmsi (Şəmsiyeva) Mətanət Xanlar qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə, Şəki rayon 2 saylı Dövlət Notariat kontoruna və Şəki regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, dövlət aktı və çıxarışların ləğvi” tələbinə dair iddia ərizəsi ilə 04.08.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Şəki rayon 2 saylı Dövlət Notariat kontorunun 28 dekabr 2004-cü il tarixli 235829 nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş kod:40401027, JN-0459 nömrəli dövlət aktının X5 və onun ailə üzvlərinə məxsus olan 14,89 ha əkin torpaq sahəsinə aid hissədə ləğv edilməsi; Cavabdeh1 ilə Cavabdeh2 arasında Şəki rayon 2 saylı Dövlət Notariat kontorunda bağlanmış 20.08.2008-ci il tarixli 4Ə-372 nömrəli müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi; Cavabdeh2 ilə Cavabdeh6 arasında Şəki regional Cavabdeh5 notariat ofisində bağlanmış 16.01.2019-cu il tarixli 4Ə-88 nömrəli müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh6 məhkəməyə eyni məzmunlu teleqram göndərərək, Şəki rayonu Turan qəsəbəsində yaşadıqlarını, aidiyyəti təşkilatların və şəxslərin Şəki rayonunda olduğunu nəzərə alaraq, mülki işin aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5258/2021 saylı işi üzrə 23 avqust 2021-ci il tarixli qərardadı ilə Cavabdeh2 və Cavabdeh6 hazırkı mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Şəki şəhər Məhkəməsinə göndərilməsi barədə vəsatətinin rədd edilməsi və mülki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsində baxılması qərara alınmışdır. Qərardadda Mülki Prosesual Məcəllənin 35.1, 36.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, "AZEMİS” elektron sistemindən çap edilmiş çıxarışdan müəyyən edilir ki, Cavabdeh1 ünvan 1 ünvanda rəsmi qeydiyyatdadır.Cavabdehlərdən biri rəsmi olaraq Yasamal rayonu ərazisində qeydiyyata alındığından, hazırkı mübahisəyə Bakı şəhəri Yasamal rayon Məhkəməsində baxılmalıdır. İşin icraata qəbulu zamanı aidiyyat qaydaları pozulmamışdır. Digər cavabdehlərin Şəki rayonunda olması və yaşaması hazırkı mülki işin ərazi aidiyyəti üzrə Şəkir şəhər Məhkəməsinə göndərilməsinə əsas vermir. Cavabdeh2 apellyasiya şikayəti verərək, Yasamal rayon Məhkəməsinin 23.08.2021 tarixli 2(004)-5258/2021 nömrəli qərardadın ləğv edilməsi və işin müstəsna ərazi aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndəriliməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, digər cavabdehlərin Şəki rayonu ərazisində olması və yaşaması hazırkı mülki işin ərazi aidiyyəti üzrə Şəki şəhər Məhkəməsinə göndərilməsinə əsas vermir. Göründüyü kimi məhkəmə ərazi aidiyyətinin ümumi qaydalarını tətbiq etmişdir. Lakin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində bir sıra hallar üçün ərazi aidiyyət dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əmlakla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Qeyd edək ki, mübahisələndirilən müqavilələrin obyekti olan əmlak daşınmaz əmlak olduğundan bu işdə müstəsna aidiyyət tətbiq edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, müqavilənin bağlanması, çıxarışın alınması və cavabdehlərin yaşaması səbəbindən işə Şəki rayonunda baxılma zəruriliyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası Mülki Prosesual Məcəllənin 33-45, 372-ci maddələrinə əsasən ərizənin (şikayətin) təmin edilməsi üçün əsaslar müəyyən etmir. Belə ki, işdə iştirak edən şəxslərin subyektiv hüquqlarının səciyyəsi, mübahisənin predmeti üzrə hüquq münasibətlərinin xarakteri Məcəllənin 39.1-ci maddəsinin dispozitiv şərtlərinə uyğun deyil və mübahisənin müstəsna aiddiyyət üzrə Şəki rayonu ərazisində baxılmalı olduğuna dəlalət etmir. Mülki Prosesual Məcəllənin 36.1, 36.11, 36.2-ci maddələrinə görə Yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər.. İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Məcəllənin 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Diqqətə çatdırılmalıdır ki, şikayətin (vəsatətin) əsasları iddiaçının tələbləri baxımından təfsir edilməli olan iddiaçıların mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia kimi olması müəyyən edilmir. Belə ki, iddia mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olduğundan qeyd edilən mülki qanunvericilik müddəasının dispozitiv şərtinə uyğun gəlmir. Qeyd edilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 263-269-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh2 şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5258/2021 saylı işi üzrə 23 avqust 2021-ci tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar