Məhkəmə qərarları › İş №2(103)-10215/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10215/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - D
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10215/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Quba Bələdiyyəsinə, Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə X1 Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına və üçüncü şəxs Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “hərracın nəticələrinin, şəhadətnamələrin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi, ərazinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və ərazidə inşa edilmiş tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən İddiaçı nümayəndəsi vəsatət verərək Sumqayıt İnzibati Məhkəməsində baxılan başqa bir işlə əlaqədar olaraq hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Cavabdehlər icraatını dayandırılmasına etiraz etmişlər. Nərimanov Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli qərardadı ilə (hakim V.Quliyev, iş № 2(005)-3272/21) mülki iş üzrə icraat dayandırılmışdır. Məhkəmə icraatın dayandırılması üçün əsas kimi hazırkı iş üzrə iddiaçı olan İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Quba Bələdiyyəsinə qarşı “Quba Bələdiyyəsinin qərarlarının və həmin qərar əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etməsinə və həmin iddia ərizəsinin icraata qəbul olunmasına istinad etmişdir. Məhkəmə hesab etmişdir ki, Sumqayıt İnzibati Məhkəməsində 2-1(118)-1784/2021 saylı mülki işə baxılıb yekun məhkəmə aktı qüvvəyə minənədək hazırkı işin icraatı dayandırılmalıdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsi ilə əsaslandırmışdır. Həmin maddəyə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Cavabdehlər qərardaddan narazı qalaraq şikayət vermiş və qərardadın ləğv olunmasını xahiş etmişlər. Nərimanov Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, qərardad ləğv olunmalı və iş mahiyyəti üzrə məhkəmə baxışının davam etdirilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən əsasla hazırkı mülki işin icraatının dayandırılması üçün adı çəkilən işlər arasında nəinki bağlılıq, həm də asılılıq olmalıdır. Digər tərəfdən, məhkəmə işə baxarkən hazırkı iş üzrə iddia tələbinin Nərimanov Rayon Məhkəməsinə aidiyyəti olub-olmamasını da müzakirə etməmişdir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi hərracın nəticələrinin, şəhadətnamələrin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi ilə yanaşı həm də ərazinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və ərazidə inşa edilmiş tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi barədədir. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinin tələbinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrumetmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda göstərilənlər bir daha müzakirə olunmalı və nəticəsindən asılı olaraq qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin mülki iş üzrə icraatın dayandırılması haqqında 01 sentyabr 2021-ci il tarixli qərardadı ləğv olunsun. İş mahiyyəti üzrə məhkəmə baxışının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar