Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1022/2024 22.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı mülki iş (Açar sözlər: «müqavilənin etibarsız hesab edilməsi, müqavilə üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılması, preyudisiallıq») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2794/2023 saylı, 23 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Cavabdeh MMC ilə sakin X3 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış ilkin razılaşmaya əsasən həmin razılaşma bu Razılaşma sakinə məxsus yaşayış sahəsi şirkət tərəfindən sökülərək əvəzində ona kompensasiya verilməsi, sakin tərəfindən mənzilin boşaldılması və şirkətə təhvil verilməsi ilə əlaqədar tərəflərin gələcəkdə müqavilə bağlamaqla bağlı hüquq və öhdəliklərini müəyyən edilməsi haqqında bağlanmışdır.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-400/2023 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və X1 cavabdeh X2 qarşı pul tələbinə dair iddiaları təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2864/2023 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-400/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə X3 arasında olan xx.xx.2022-ci il tarixli 1 nömrəli ilkin razılaşma müqaviləsinin etibarsız heab edilməsi, müqavilə üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Tələbdə göstərilir ki, ünvan 1 ünvanda yerləşən mənzilin sökülməsinə görə verilən 250000 manat kompensasiya məbləğinin iddiaçılar və cavabdeh (4 nəfər) arasında bərabər qayadada bölünməsini xahiş etmişlər. Yasamal Rayon Məhkəməsinin 16(004)- 111/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə söküntü işlərinin aparılması şəxslərə qadağan edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(004)- 400/2023 saylı iddia tələbləri rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-2864/2023 saylı qətnaməsilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hazırda yeni açılmış hallar nəzərə alınmaqla yeni iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilənin etibarsız hesab edilməsi, müqavilə üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılması barədə yeni qətnamənin qəbul edilməsi xahiş edilir. Mübahisəli ünvanda fərdi tikili iddiaçı və 3-cü şəxsin özlərinə məxsus olmuş ana və atası mübahisəli ünvanda yaşamışlar. Orada iddiaçılar və 3-cü şəxs dünyaya gəlmiş orada birlikdə təsərrüfat aparmışlar. İddiaçılar sonradan ailə qurmuş və oradan müəyyən müddətlərdə köçmüşlər. Daimi olaraq gediş gəlişləri olmuş, və pasport qeydiyyatındadırlar (hazırki günədək). Mənzil ailəyə məxsus olmuşdur, bütün ailə olaraq orada yaşayıb təsərrüfat aparmışlar, sonra isə hazırki iş üzrə 3-cü şəxs qardaşı Bəndəliyev Rauf orada yaşamışdır. İddiaçıların və onların valideynlərinin mübahisəli evi təmir işləri apardığı kimi, heç bir iş görmədən, təsərrüfat aparmadan 3-cü şəxs oarda yaşamışdır. Ev sənədsiz olmuş sadəcə olaraq onların ailəsi orada yaşadığı üçün və ailəyə məxsus olduğuna görə hamı yaşamaqla orada qeydiyyatda olmuşdur. İş üzrə cavabdeh '"LUX RESİDENCE’’ MMC qanunsuz olaraq iş üzrə 3-cü şəxs olan Bəndəliyev Raufla 24 oktyabr 2023-cü il tarixli ilkin razılaşma müqaviləsi bağlamış və ona müxtəlif müddətlərdə cəmi 250000 manat pul ödəmişdir. Baxmayaraq ki, İddiaçı1, İddiaçı2 mübahisəli ünvanda yaşamaqla qeydiyyatdadır. Onların razılıq ərizələri alınmadan mübahisəli ev sökülmüşdür, (tam söküntü işləri aparılmayıb). Belə bir əqdin bağlanması qəbul edilməli olsa, onda onlar da orada qeydiyyatdadırlar, doğulmuşlar, yaşamışlar, təsərrüfat aparmışlar, onlarla niyə əqd bağlanılmamışdır onlara niyə pul ödənilməmiş, onların fikri niyə öyrənilməmişdir? İşin mübahisəsiz halı ondan ibarətdir ki, sökülməsi nəzərdə tutulan və artıq qismən sökülmüş ünvan 2 ünvanında yerləşən evdə İddiaçı1, İddiaçı2 həmçinin X3 qeydiyyatda olmuşlar və hazırda qeydiyyatdadırlar. Cavabdehlə 3-cü şəxs arasında bağlanmış müqavilə etibarsız hesab edilməklə tərəflər əvvəlki vəziyyətə qaytarılmalıdır.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2794/2023 saylı, 23 noyabr 2023cü il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, iddiaçıların etibarsız hesab edilməsi tələb olunan müqavilənin nəticələri onların hər hansı hüquqlarına toxunmur. Belə ki, həmin müqavilənin predmetinə dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquqları olmadığı üçün onların sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibləri kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. İddiaçılar İddiaçı1 və İddiaçı2 (nümayəndəsi və vəkili Vəkil) birgə verdikləri apellyasiya şikayətində qətnamənin ləğv və iddia tələbinin təmin edilməsi xahiş edilmiş və şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi MPM 82.3-cü maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi həmin qətnamələrə istinad etmiş və qeyd etmişdir, onlar, yəni iddiaçılar mübahisəli yaşayış sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. Bu hal qəbul edilmiş məhkəmə qətnamələri ilə də öz təsdiqini tapmışdır. Qeyd edilən maddəni birinci instansiya məhkəməsi düzgün tətbiq etməmiş və burada qərəzli olmuşdur. Bundan başqa, iddiaçı tərəfindən bütün sübutlar təqdim edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. İş materiallarında olan həmin mübahisəli evdə qeydiyyatda olmaları bir daha sübut edir ki, fərdi yaşayış evində iddiaçıların hüquqları olmuşdur. Orada yaşadıqları və təsərrüfat apardıqları halda məhkəmə MPM-in 77-ci maddəsini düzgün tətbiq etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
15. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
17. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
18. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdeh Rəhilə Tağıyevanın etiraz və müdafiə hüquqlarına görə aradan qaldığından iddia haqlı sayılmırdı.
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
20. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə... qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (Mülki Məcəllənin 339.3-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Təsadüfi deyil ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. ...Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında göstərildi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Qərarda formalaşdırılan hüquqi mövqeyə görə, xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. ...Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulayır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər.
22. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir.
23. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər(MM.m.447.1). Bu normadan göründüyü kimi, müqavilədən imtina, ləğvetmədən fərqli olaraq öz hüquqi nəticələrini həyata keçirilən andan etibarən deyil, müqavilənin bağlandığı andan əmələ gətirir. Müqavilənin ləğv olunması hallarında isə ləğvetmənin baş verdiyi andan sonra üçün hüquq münasibətinə xitam verilir. Buna görə də ləğvetməyə qədər əmələ gələn hüquq və vəzifələr öz qüvvəsində qalır. Lakin müqavilədən imtinada isə müqavilə üzrə öhdəliklər bağlandığı andan etibarən aradan qalxmış olur. İmtina olunan müqavilə üzrə öhdəliklər heç icra olunmamışsa, onda imtina ilə bərabər öhdəliklərə də xitam verilir. Ancaq imtina olunan müqavilə üzrə öhdəliklər birtərəfli qaydada tam və ya qismən icra olunmuşsa, yada hər iki tərəfdən qismən icra olunmuşsa onda icra edilən öhdəliklərin geriyə qaytarılması tələb olunur. Demək ki, icra olunmuş müqavilə öhdəlikləri baxımından ləğvetmədən söhbət gedə bilməz. Başqa sözlə ləğvetmənin daha öncə icra olunmuş müqavilə öhdəliklərinə təsiri ola bilməz. Lakin müqavilədən imtinada əvvəl icra olunmuş müqavilə öhdəliklərinə təsir göstərərək onların geriyə qaytarılmasının hüquqi əsasını təşkil edir. Bu hala görə də müqavilədən imtina müqavilənin etibarsızlığı ilə oxşarlıq təşkil edir. Lakin etibarsızlıqdan fərqli olaraq müqavilədən imtinada əvvəldən hüquqi əsas olur, lakin imtinadan sonra əvvəldən olan hüquqi əsas aradan qalxır.
24. Göründüyü kimi, yuxarıda qeyd olunan Mülki Məcəllənin normaları və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırılan hüquqi mövqelərə görə əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan başqalarına zərər vurmaq məqsədilə sui-istifadəyə yol verməməlidirlər. Çünki, bu vəziyyət mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Belə ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
25. Bu mənada iddiaçıların müqavilələrin etibarsızlığı tələbini irəli sürməsi üçün mülki dövriyyə subyekti kimi vicdanlı hərəkət etməsi və hüquqdan sui-istifadəyə yol verməməsi tələb olunurdu. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparılmış və iş üzrə yekun nəticəyə gəlinmişdir. Ancaq iddiaçılar bu nəticə ilə razılaşmayıb apellyasiya şikayəti verib və təmin olunmasını xahiş edir.
26. Lakin iddiaçıların etibarsızlığını tələb etdiyi müqavilənin hüquqi nəticə yaratdığı qanuni qüvvədə olan məhkəmə aktları ilə öz təsdiqini tapmışdır. Həmin məhkəmə aktları ilə müəyyən edilmiş faktlar da hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edə bilər. Düzdü, sual oluna bilər ki, hazırki iş üzrə cavabdeh MMC digər işdə tərəf olmamışdır, ona görə də MPM-in 82.3-cü maddəsi bu iş üzrə nəzərə alına bilməzdi. Ancaq, hazırki iş üzrə iddiaçı olan şəxslər o işdədə iddiaçı olmuşlar və qeyd olunan işdə tələb etdikləri məbləğ hazırda etibarsızlığını tələb etdikləri müqavilə əsasında verilmişdir. Həmin işdə Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(103)-2864/2023 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-400/2023 nömrəli qətnaməsini dəyişdirilmədən saxlayarkən qeyd etmişdir ki,... iddiaçıların mübahisəli ünvandakı evə sahiblik, istifadə və sərəncam hüquqları olmamışdır. İddiaçılar qeyd olunan ünvanda qeydiyyatda olsalar da, mənzil sökülənə qədər uzun müddət orada yaşamamışlar. İddiaçıların valideynləri uzun müddət əvvəl vəfat etdiyindən, 2013-cü ildə vəfat etmiş atalarının sağlığında ikən mənzilə gedib-gəlməsi, orada qalması və valideyninə qulluq etməsi mənzildə daimi yaşamaları kimi qəbul edilə bilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Ona görə də həmin mənzildə yaşamayaraq yalnız qeydiyyatının olması onların həmin mənzildə istifadə hüquqlarının olması kimi qiymətləndirilmir və onların mənzilin sökülməsi ilə əlaqədar kompensasiya almaq hüququları olmamasına dair birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsi ilə də razılaşmışdır. Çünki, həmin ünvanda Faiq Bəndəliyev daimi olaraq yaşayaraq faktiki sahiblik etmişdir.
27. Mülki Prosessual Məcəllənin 82.3, 233.3-cü maddələri ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir.
28. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.
29. Məhz bu prinsipi əsas götürərək apellyasiya instansiyası məhkəməsi hesab edir ki, məhkəmə aktları ilə müəyyən edilən hallar preyudisial əhəmiyyət kəsb etdiyindən, yəni iddiaçıların etibarsızlığını tələb etdiyi müqavilənin hüquqi nəticə yaratdığı qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edildiyindən, yəni həmin müqaviləyə əsasən mübahisəli evin Rauf Bəndəliyevin istifadəsində və sahibliyində olması təsdiq olunduğundan, eləcə də mübahisəli evə dair sonuncuya verilmiş kompensasiyanın bərabər qaydada bölünməsi tələbi rədd edildiyindən sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur.
30. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçılar üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda əqdlərin etibarsızlığı, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
31. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, hazırki apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2794/2023 saylı, 23 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2794/2023 saylı, 23 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.