Məhkəmə qərarları › İş №2(103)-10228/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10228/2021

30.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10228/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-431/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, payın müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 1 ünvanına dair 2 saylı notariat ofisində bağlanmış AN-İ ******* saylı, 29.06.2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh1 ilə İddiaçı birgə nikahı dövründə bərabər paylarda əldə edilmiş ümumi əmlak hesab edilərək həmin əmlakın ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə Cavabdeh1 mülkiyyətlərinin tanınması, tanınmış mülkiyyət payları barədə daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh1 10.02.2006-cı il tarixində rəsmi nikaha daxil olmuş, birgə nikahdan 3 övladı dünyaya gəlmişdir. Aralarındakı nikah Səbail Rayon Məhkəməsinin 2(009)-735/2019 saylı, 15.02.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Onun tərəfindən həmçinin Səbail Rayon Məhkəməsində Cavabdeh1 qarşı “birgə nikahdan əldə edilmiş əmlakın bölünməsi tələbinə dair” iddia qaldırılmışdır. İddia ərizəsi 25.06.2019-cu il tarixində məhkəməyə verilmiş və məhkəməyə verilərkən Azərbaycan Respublikası DƏDRX-dən əmlakın Sevidovun adına olmasını təsdiq edən müvafiq arayışda əlavə edilmişdir. Lakin, iddia ərizəsi ilə eyni zamanda həmin mülki işin gedişində mübahisə predmetini və bölünməsi tələb edilən predmetlər üzərinə iddianın təmini tədbiri barədə ərizə ilə həbs qoyulmadığından Cavabdeh1 hər iki əmlakı özgəninkiləşdirməyə nail olmuşdur. Cavabdeh1 mübahisə predmeti olan mənzili 29.06.2019-cu il tarixdə özgəninkiləşdirmiş və buna baxmayaraq bütün məhkəmə gedən dövr ərzində sanki heç nə yoxmuş davranmışdır. Səbail Rayon Məhkəməsinin 02.09.2019cu il tarixli, 2(009)-2073/2019 saylı qətnaməsi çıxdıqdan sonra həmin qətnamədən apelyasiya şikayəti verərək apelyasiya şikayətində mənzilin özgəninkiləşdirilməsi tarixi bilərəkdən göstərilməməklə, özgəninkiləşdirilmə halına istinad etmişdir. Tərəflər arasında birgə nikah dövründə əldə edilmiş və onun tərəfindən bölünməsi tələb edilən əmlaklar 2002-ci il buraxılışlı **-RV-*** QDN-li “Mercedes E 220 SDİ” markalı nəqliyyat vasitəsi və ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak-mənzil olmuşdur. Cavabdeh bu əmlakların özgəninkiləşdirilməsini qərəzli və şüurlu şəkildə etməyə çalışmışdır ki, tərəflər arasında olan nikaha xitam verildikdən sonra əmlak bölgüsü halında o, heç bir əmlak əldə edə bilməsin. Bölgü predmetini təşkil edən nəqliyyat vasitəsini Nizami Seyidiov öz anasının adına özgəninkiləşdirmiş, lakin, o, məhkəməyə müraciət edərək həmin əqdin etibarsızlığını qaldırmış və Səbail Rayon Məhkəməsinin 2(009)-523/2020 saylı, 14.02.2020-ci il tarixli müvafiq qətnaməsi ilə “Mercedes E 220 CDİ” markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış Nəqliyyat vasitəsinin alqı-satqısı haqqında Müqavilə etibarsız hesab edilmiş, avtomobil Cavabdeh1la onun birgə nikahı dövründə əldə edilmiş bərabər paylarda ümumi əmlakı hesab edilmiş və əmlakların ½ hissəsinə Cavabdeh1, digər ½ hissəsinə isə onun mülkiyyət hüququları tanınması qət edilmişdir. Lakin, nəqliyyat vasitəsinə dair əqdin etibarsızlığı ilə bağlı iddia ərizəsi qaldırılan zaman o, bölgü predmetini təşkil edən mənzilin üçünçü şəxs X1 adına (Seyidovun anasının qohumu olan şəxs) özgəninkiləşdirilməsi barədə xəbəri olmamış, bu barədə yalnız Bakı Apelyasiya Məhkəməsinin qətnaməsini aldıqdan sonra xəbər tutmuşdur. Ona görə də hazırda Cavabdeh1 ilə Cavabdeh2 arasında baş tutmuş ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın alğı-satqısına dair notarial qaydada bağlanmış əqdin etibarsızlığına dair iddia qaldırılması zərurəti yaranmışdır. Beləki, Cavabdeh1la birgə nikahları dövründə aparılmış birgə təsərrüfat nəticəsində əldə edilmiş ünvan 5 ünvanını 29.06.2019-cu il tarxində 2 saylı notariat ofisində Cavabdeh2 özgəninkiləşdirmişdir. Hesab edir ki, Cavabdeh1 bu hərəkətinə qərəzli şəkildə yol vermişdir. Ona görə də hazırda mübahisə predmetini təşkil edən əmlaka dair ½ hissədə payın olmasını nəzərə alaraq həmin əqdin etibarsızlığı barədə müvafiq tələbin qaldırılması zərurəti yaranır. Sözügedən mənzil Cavabdeh1 adına 2 saylı Dövlət Notariat kontorunda 08.12.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqısına dair müvafiq müqavilə ilə 4Ə-178 reyestr nömrəsi ilə rəsmiləşməklə, 14.12.2017-ci il tarixində **********06-05101-093004 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrindən verilmiş çıxarış əsasında özgəninkiləşdirilmişdir. Göründüyü kimi 14.12.2017-ci il tarixi tərəflərin hələ birgə nikah dövründə yaşadıqları zaman kəsiyinə təsadüf edir. Bu isə o deməkdir ki, Cavabdeh1 öz payı ilə yanaşı onunda payını satmışdır. Beləliklə, Seyidov Qərib oğlu bu alğı-satqı aktını həyata keçirməkdə haqlı olmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-431/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 1 ünvanına dair 2 saylı notariat ofisində bağlanmış AN-İ ******* saylı, 29.06.2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş ünvan 1 üzərində İddiaçı ½ hissədə, Cavabdeh1 ½ hissədə paylarının müəyyən edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 20 manatının cavabdehdən tutularaq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh2 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-431/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, mübahisəli mənzilin dəyəri olan 20.000 (iyirmi min) manat pulu ödəyərək almışdır. Həmçinin, mülki iş materiallarında olan digər sənədlərdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 qarşı daha əvvəldə əmlak bölgüsü tələbinə dair məhkəməyə müracit olunsada Bakı Apelyasiya Məhkəməsinin 17.01.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 01.04.2021-ci il tarixli 2 Qərarı ilə də apelyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Hazırkı iddia tələbinə daha əvvəl məhkəmədə baxılıb və həmin iddia tələbi üzrə yekun məhkəmə qərarı var. Hazırkı tələblə bağlı məhkəmə qərarları məhkəməyə təqdim edilməsinə baxmayaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilib. Halbu ki, iddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia qaldırmaq hüququ olduğu halda bir dəfə məhkəmədə qaldırdığı iddia tələbi ilə təkrar məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi qətnaməni əsaslandırarkən işin faktiki hallarına uyğun olmayan maddi hüquq normalarına istinad etmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-431/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin numayəndəsi məhkəmə iclasına gəlməmişlər və Cavabdeh2 istisna olmaqla, digərləri gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etsədə, səbəbi barədə məhkəmə kollegiyasına heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-431/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh2 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldıqlarını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-577/2021 saylı, 01.04.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ü.Şükürova, iş № 2(009)-2073/2019) iddia təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, ev 6, 13 A saylı mənzilin Cavabdeh1 məxsus hissəsinin tərəflər arasında bərabər paylarla bölünməsi və həmin əmlak üzərində İddiaçı ½, Cavabdeh1 ½ pay üzrə mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və E.Şamayev, iş № 2(103)-643/2020) Cavabdeh1 apelyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 02 sentyabr 2019-cu il tarixli qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh1 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbi barədə” iddiasının təmin edilməməsi qət edilmişdir. Ali Məhkəmənin Qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-643/2020 nömrəli iş üzrə 17 yanvar 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.(İ.vər. 178 - 184) İş materiallarında olan, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)-2073/2019 saylı, 15 fevral 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanan 10 fevral 2006-cı il tarixli nikah pozulmuşdur.(İ.vər. 15 - 16) İş materiallarında olan, Reyestrdə 4Ə-96 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş AN-İ ******* saylı, 29 iyun 2019-cu il tarixli Daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, ev 6, 13 A saylı mənzili Cavabdeh2 20.000 manata satmışdır.(İ.vər. 124 - 125) Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31-ci maddəsinə əsasən;, 31.1. Ərarvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2 ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin nəticəsi qeyd edilən maddi hüquq normalarının tələblərinə uyğun olmuşdur. Qeyd edilən maddi hüquq normalarının müzakirə olunan mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh2la birgə nikahda olduğu dövrdə əldə olunmuş əmlakın bölünməsini tələb etməkdə haqlıdır. Ona görə ki, mübahisəli mənzil 08.12.2017-ci il tarixdə, yəni tərəflərin birgə nikah dövründə alınmış, həmin tarixli alqı-satqı müqaviləsinin tərəfləri isə X2 ilə Cavabdeh2dur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Həsənzadənin şikayəti üzrə 20 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, ərlə arvadın mülkiyyəti iki hüquqi rejimdə mövcud olur: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyətidir. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından biri isə müvafiq payın qanun və ya vərəsəlik üzrə keçməsidir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən aydın olur ki, əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilməsi üçün eyni zamanda iki halın, həmin əmlakın nikah müddətində və ümumi gəlirlər hesabına əldə olunması halının olması zəruridir. Xüsusi diqqətə alınmalıdır ki, mülki qanunvericilikdə nikah dövründə əldə edilən əmlakın kim tərəfindən əldə olunmasından asılı olmayaraq, ər-arvadın birgə mülkiyyətinə daxil edilməsi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, ev 6, 13 A saylı mənzil tərəflərin birgə nikahda olduqları dövrdə əldə edildiyindən, iddiaçı cavabdehlə birlikdə həmin mənzilə hüquq əldə etmişdir. Bu səbəbdən həmin mənzilə dair Cavabdeh1 tək sərəncam verməkdə səlahiyyətli olmamışdır. Yəni mübahisəli əmlaka dair müqavilənin başqa bir şəxslə bağlanılmasına eyni zamanda iddiaçının da razılığı alınmalı idi. Lakin Cavabdeh1 ilə mübahisəli əmlaka dair Cavabdeh2 arasında 29.06.2019-cu il tarixdə müqavilə bağlanılarkən iddiaçının razılığı alınmamış və bununla da iddiaçının həmin əmlak üzərində hüquqları pozulmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyini qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzil birgə nikah dövründə əldə olunmuş əmlak olmaqla tərəflərin birgə əmlakı olduğundan, həmin əmlakın iddiaçının razılığı olmadan özgəninkiləşdirilməsi, onun payçı kimi hüquqlarının pozulması ilə nəticələnmişdir. Bu hal isə mənzil üzrə bağlanılmış 29.06.2019-cu il tarixli müqavilənin şərtsiz və mübahisəsiz olaraq etibarsız hesab olunması üçün əsasdır. Cavabdeh2 apelyasiya şikayətində qeyd edir ki, iddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia qaldırmaq hüququ olduğu halda bir dəfə məhkəmədə qaldırdığı iddia tələbi ilə təkrar məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, cavabdeh apelyasiya şikayətində göstərdikləri dəlillərini təsdiq edən heç bir mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişlər. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 apelyasiya şikayətinin həmin dəlilləri əsassızdır və apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir. Bundan başqa Cavabdeh2 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsələr də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdikləri etirazlarını əsaslandıra bilməmişlər, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişlər. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh2 apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-431/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-431/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar