Məhkəmə qərarları › İş №2(103)-10251/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10251/2021

04.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10251/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə kiçik iddiaya dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı –cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Qala Südçülük sovxozunda yerləşən fərdi yaşayış evi üzrə hesablanmış 656.80 manat məbləğində borcun silinməsi barədə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı cavabdehin nümayəndələri tərəfindən sökülmüş və əvəzində digər sayğac quraşdırılmışdır. Sayğac dəyişdirilən zaman heç bir zədə olmadan plombu üzərində olmuşdur. Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının köhnə qaz sayğacı aparıldıqdan bir müddət sonra məlumat vermişlər ki, sayğacda problem olması səbəbilə 486 manat əlavə sərfiyyat haqqı iddiaçı tərəfindən ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, ünvan 1 ünvanına (abonent kodu: **********02230) ünvanı üzrə qaz sayğacının dəyəri kimi İddiaçı hesablanmış 656,80 (altı yüz əlli altı manat səksən qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinin xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Apellyator digər əsaslar da göstərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etmir. Kollegiya iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini ayrıayrılıqda müzakirə edib, cavabdeh tərəfi dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, iddiaçı barəsində Cavabdeh İB tərəfindən müxtəlif vaxtlarda tərtib edilmiş aktlar əsasında 656.80 manat məbləğində borc hesablanmışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDKnın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun əsası olan aktların qəbul edilməsi üçün əsas olmuş halları bu aktı qəbul etmiş orqanın, yəni Cavabdeh sübut etməlidir. Lakin, cavabdeh tərəfindən həmin borc məbləğlərinin hesablanması ilə nəticələnən faktiki halları təsdiq edən hər hansı bir dəlil və ya mötəbər sübut məhkəməyə təqdim edilməmiş, mübahisəli borc məbləğlərinin əsaslığını və qanuniliyini sübuta yetirə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən iddiaçıya borcun hesablanması üçün əsas olmuş halları sübuta yetirə bilmədiyindən, həmin borcun silinməsinə dair iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını da nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar