Məhkəmə qərarları › İş №2(103)-10259/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10259/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10259/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdeh3 QSC-nin nümayəndəsi X1 iştirakı ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3522/2021 saylı, 11 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların X9 Mərkəzi” MMC-yə, Lənkəran rayon İcra Şöbəsinə, Cavabdeh3 QSC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran şəhəri Şəhidlər Xiyabanı ev 46/3-də yerləşən 21 nömrəli mənzilin “Daşınar Daşınmaz Əmlakların X9 Mərkəzi" MMC tərəfindən 21.12.2018-ci il tarixli 81/01-3 nömrəli protokol əsasında keçirilmiş hərracın nəticələri etibarsız hesab edilməsi, Lənkəran şəhəri Şəhidlər Xiyabani ev 46/3-də yerləşən 21 nömrəli mənzilin 16575 manata satılması barədə “Daşınar Daşınmaz Əmlakların X9 Mərkəzi” MMC ilə Cavabdeh3 QSC arasında 21.12.2018-ci il tarixli hərracın yekunları üzrə alqı-satqı barədə müqaviləsi etibarsız hesab edilməsi, Lənkəran şəhəri Şəhidlər Xiyabanı ev 46/3-də yerləşən 21 nömrəli mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət Qeydiyyatı Haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3522/2021 saylı, 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, eləcə də hərracın keçirilməsinin yeri və vaxtı barədə ona məlumat verilməmişdir. Odur ki, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 QSC-nin nümayəndəsi M.Ağamirov apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, şikayət formal xarakterlidir, hərrac qanunun tələblərinə uyğun keçirilib, bu səbəbdən, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, yalnız iddiaçı məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilmədiyini, məhkəməyə təqdim olunası əlavə sübutları olduğunu, bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: “Daşınar və Daşınmaz Əmlakların X9 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 19.09.2018-ci il tarixli 01 nömrəli bildirişlərinin surətlərindən görünür ki, Lənkəran şəhəri Şəhidlər Xiyabani ev 46/3-də yerləşən 21 nömrəli mənzil 26.000 manat qiymətə açıq hərraca çıxarılmış, hərracın keçirilməsi vaxtı 15.10.2018-ci il tarixə saat 11:00-a təyin edilmişdir. “Daşınar və Daşınmaz Əmlakların X9 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 19.10.2018-ci il tarixli 02 nömrəli bildirişlərinin surətlərindən görünür ki, Lənkəran şəhəri Şəhidlər Xiyabani ev 46/3-də yerləşən 21 nömrəli mənzil 22100 manat qiymətə açıq hərraca çıxarılmış, hərracın keçirilməsi vaxtı 19.11.2018-ci il tarixə saat 11:00-a təyin edilmişdir. “Daşınar və Daşınmaz Əmlakların X9 Mərkəzi” MMC-nin Hərracın nəticələri haqqında 21.12.2018-ci il tarixli 81/01-3 nömrəli yekun protokolun surətindən görünür ki, İddiaçı məxsus Lənkəran şəhəri Şəhidlər Xiyabani ev 46/3-də yerləşən 21 nömrəli mənzil 26.000 manat məbləğində ilkin hərrac qiyməti, 22100 manat 15% aşağı məbləğdə təkrar hərrac qiyməti müəyyən edilmiş, lakin müvafiq əmlak satılmadığından 16575 manat dəyərində tələbkar, yəni Cavabdeh3 QSC tərəfindən əldə edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(049)-209/2018 saylı qətnaməsinin məzmunundan görünür ki, iddia tələbi qismən təmin edilərək, cavabdehlər İddiaçı, X2 və X4 müştərək qaydada 11368.90 ABŞ dolları məbləğində kredit borcu, 1873.65 ABŞ dolları məbləğində faiz borcu və 2500 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 15742.55 ABŞ dolları məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət Rüsumu və 20 manat xidmət haqqı tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, cavabdehlər İddiaçı, X2 və X3 müştərək qaydada tutulacaq 15742.55 ABŞ dolları məbləğində borc Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş gününə müəyyən edilmiş manat məzənnəs ilə hesablanılması, cavabdehlər İddiaçı, X2 və X4 müştərək qaydada Cavabdeh3 QSC-nin xeyrinə tutulmalı olan cəmi 15742.55 ABŞ dolları məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı üzrə tutma Cavabdeh3 QSC-nin qarşısında ipoteka ilə yiklü edilmiş, Lənkəran Şəhəri, Şəhidlər Xiyabanı, ev 46/3-də xüsusi mülkiyyətində olan 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 29.5 kv.m, yardımçı sahəsi 24.2 kv.m, ümumi sahəsi 53.7 kv.m olan 21 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmeti olan Lənkəran Şəhəri, Şəhidlər Xiyabanı, ev 46/3-də xüsusi mülkiyyət ndə olan 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 29.5 kv.m, yardımçı sahəsi 24.2 kv.m, ümumi sahəsi 53.7 kv.m olan 21 nömrəli mənzilinin hərracda ilkin satış qiyməti 26000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Lənkəran Şəhəri, Şəhidlər Xiyabanı, ev 46/3-də xüsusi mülkiyyət ndə olan 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 29.5 kv.m, yardımçı sahəsi 24.2 kv.m, ümumi sahəsi 53.7 kv.m olan 21 nömrəli mənzil açıq hərracda satılması, ipoteka predmeti olan Lənkəran Şəhəri, Şəhidlər Xiyabanı, ev 46/3-də xüsusi mülkiyyət ndə olan 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 29.5 kv.m, yardımçı sahəsi 24.2 kv.m, ümumi sahəsi 53.7 kv.m olan 21 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdeh İddiaçı həmin mənzilə istifadə hüququ itirilsin, o həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və iddiaçı Cavabdeh3 QSC-yə təhvil verilməsi qət edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. “F.Cavadov və V.Aslanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə Mülki Məcəllənin 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişinin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Lənkəran şəhəri Şəhidlər Xiyabani ev 46/3-də yerləşən 21 nömrəli mənzili ilə bağlı hərracların təşkili və keçirilməsi barədə bildiriş İddiaçı göndərilmişdir. Nəticədə həmin hərracların keçirilməsi barədə İddiaçı məlumatlandırılmışdır. Beləliklə, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, iddiaçı mübahisəli daşınmaz əmlak barəsində hərracın keçirilməsi ilə bağlı cavabdeh tərəfindən qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmışdır. Hərracın yekunları üzrə əmlak alqı-satqısı barədə 30.08.2019-cu il tarixli müqavilədən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən 15 saylı evin, 33 saylı mənzilin satın alınması barədə “Daşınar və Daşınmaz Əmlakların X9 Mərkəzi” MMC ilə "xxxx" ASC arasında 12.12.2019-cu il tarixdə müqavilə bağlanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən, iddiaçının hərracın qanunsuz keçirilməsi və ona hərrac barədə məlumat verilməməsi barədə dəlilləri öz təsdiqini tapmadığından apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. AR MPM-in 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. MPM-in 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3522/2021 saylı, 11 avqust 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar