Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10280/2021 25.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, Cavabdeh Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bank VTB (Azərbaycan) ASC-yə qarşı (3-cü şəxs Maraqlı şəxs) “hərracın yekun nəticələrinin etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18.08.2021-ci il tarixli, 2(009)-2043/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı hərracın yekun nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin 01.08.2017-ci il tarixli qətnaməsi ilə ipoteka predmeti olan iddiaçıya məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin mənzilin açıq hərracda satılaraq əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə iddiaçının 20219,11 ABŞ dolları məbləğində borcunun Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulması qət edilmişdir. “X1 Mərkəzi” MMC tərəfindən verilmiş hərracın nəticələri haqqında YP-87 nömrəli, 09.03.2021-ci il tarixli protokola əsasən mübahisəli evin ilkin satış qiyməti 44,000 manat, son satış qiyməti isə 28,050 manat qiymətlədirilərək "xxxx" ASC-yə satılmışdır. Lakin keçirilmiş hərrac barəsində iddiaçıya və onun ailə üzvlərinə məlumat verilməmişdir. O, mənzilin hərracda satılan və qiymətləndirilmə yolu ilə müəyyənləşdirilmiş qiymətindən narazıdır və hesab edir ki, həmin qiymətlər real bazar dəyərinə uyğun deyildir. Göstərilənlərə əsasən qiymətləndirilmə barədə hesabatın və hərracın nəticələri barədə protokolun etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18.08.2021-ci il tarixli, 2(009)-2043/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi, hərracın nəticələrinə dair yekun protokolun və əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi və ipoteka müqaviləsinə xitam verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ipoteka predmeti olan mənzilin likvid qiyməti 2017-ci ildə qəbul edilmiş məhkəmə qətnaməsi ilə 44.000 manat müəyyən edilmiş, həmin əmlak hərracdan 2021-ci ildə satılmış, keçən müddət ərzində ölkə ərazisində daşınmaz əmlakın qiyməti qalxsa da, birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Bundan başqa, iddiaçı məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tərəfindən verilmiş apellayasiya şikayəti birinci instansiya məhkəməsinin ləğv edilməsinə yönəldiyindən kollegiya qətnamənin qanuniliyi və əsaslığının tam olaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı iddia tələbinin əsası kimi ipoteka predmeti olmuş iddiaçıya məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evinin həqiqi dəyərindən çox aşağı qiymətə hərraca çıxarılaraq satılması və hərracın keçirilməsi barədə ona məlumat verilməməsi kimi hallara istinad etmişdir. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Abşeron rayon məhkəməsinin 01.08.2017-ci il tarixli qətnaməsi ilə Abşeron rayonu Saray qəsəbəsi ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 44.000 manat dəyərində müəyyən edilmiş və həmin qiymətlə açıq hərraca çıxarılmış, lakin ilk, nə də təkrar hərrac zamanı əmlak satılmamışdır. Bu səbəbdən həmin əmlak tələbkar banka təklif edilmiş və sonuncu həmin fərdi yaşayış evini 28,050 manata (44.000 manat – (15%+25 %) = 28.050 manat) hərrac təşkilatı ilə bağlanmış müqavilə əsasında 09 mart 2021-ci il tarixdə əldə etmişdir. «İpoteka haqqında» Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (hərracın təşkilatçısına) sifariş verir. «İpoteka haqqında» Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipteka saxlayan qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanla ipoteka qoyan arasında müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.6-cı maddəsinə əsasən, təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Məhkəmə kollegiyası işin hallarına və qanunvericiliyin qeyd edilən tələblərinə əsaslanaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün müəyyən edilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə, mübahisənin həlli ilə bağlı düzgün nəticəyə gəlinmişdir. Kollegiya İlk növbədə xatırladır ki, qeyd edilən əmlakın ilkin satış qiyməti məhkəmə qətnaməsi ilə müəyyən edilmşdir, MPM-nin 82.3-cü maddəsinə əsasən isə başqa məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halın yenidən sübut edilməsinə ehtiyac qalmır. Bu səbəbdən məhkəmə kollegiyası əmlakın 44.000 manat qiyməti olduğu halda, 28.050 manata satılması ilə bağlı dəlilini əsassız hesab edir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı apellyasiya şikayətini ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edildiyi qətnamənin 2017-ci ildə qəbul edilməsi, həmin vaxtdan uzun müddət keçdikdən sonra 2021-ci ildə həmin əmlakın hərrac vasitəsilə satılması və bu müddət ərzində ölkə ərazisində daşınmaz əmlakın qiymətlərinin xeyli artması kimi dəlillərlə əsaslandırsa da, bunlar qanunvericilikdə qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş ipoteka predmetinin ilkin satış qiymətinin dəyişdirilməsinə əsas verən hal kimi müəyyən edilməmişdir. Bundan başqa, iş materiallarında olan sürətli daşıma xidməti tərəfindən tərtib edilmiş qəbzlərdən müəyyən olur ki, “X1 Mərkəzi” MMC tərəfindən mənzilin ilkin satış qiymətini və hərracın keçirilmə yeri və vaxtı barədə müvafiq bildirişlər İddiaçı ünvanına «Smart Ekspress» məktub və bağlamaların daşınması xidməti vasitəsilə göndərilmiş və həmin bildirişlər xəbərnamələrə imza olunmaqla iddiaçı tərəfindən qəbul edilmişdir. Deməli, iddiaçı hərracın keçirilməsi, onun vaxtı və yeri barədə məlumatlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərracın keçirilməsindən məlumatsız olması barədə dəlilləri əsassız olmuşdur. Bundan başqa, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar edilmədiyini, bu səbəbdən məhkəmə iclaslarında iştirak edə bilmədiyini və öz hüquqlarından istifadə edə bilmədiyinə istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının özünün iddia ərizəsində qeyd etdiyi ünvana məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada bildirişlər göndərilmişdir. Belə olan halda, kollegiya iddiaçının həmin dəlilini də əsassız hesab edir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və onları qətnamənin ləğv edilməsi üçün əsaslı hesab etmir. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ipoteka predmeti olmuş Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evinin “X1 Mərkəzi” MMC tərəfindən satılması barədə 09.03.2021-ci il tarixdə hərracın nəticələri haqqında yekun protokolun və hərracın yekun nəticələrinə dair əmlakın alqı-satqısı barədə eyni tarixli müqavilənin etibarsız sayılması, habelə ipoteka müqaviləsinə xitam verilməsi üçün hər hansı bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18.08.2021-ci il tarixli, 2(009)-2043 /2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10280/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10280/2021
25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver