Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-103/2020 23.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı X4 nümayəndəsi X1 Cavabdeh iştirakı ilə İddiaçı X4 Cavabdeh qarşı “magistral su kəmərinin üzərində və qanunla müəyyən edilmiş mühafizə zonasında inşa edilmiş tikililərin sökülməsi və mühafizə zonasının boşaldılması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X6 (ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhərinin əhalisinin, dövlət, özəl və ictimai obyektlərin fasiləsiz su təchizatı ilə təmin edilməsi məqsədilə ASC tərəfindən Bakı şəhərindən keçən magistral su kəmərlərinin sanitar mühafizə rejiminin təmin edilməsi üçün tədbirlər həyata keçirilərkən, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədovküçəsindən keçən ASC-nə məxsus diametri 300 mm olanmagistral su xəttinin üzərində Cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla özbaşına tikili inşa edildiyinin aşkar olunduğunu, nəticədə həmin su kəmərinə vaxtlı-vaxtında texniki xidmət göstərilməsinin qeyri-mümkün olmaqla bunun qəza hadisələrinin baş verməsinə və su itkisinə şərait yaratdığını, qüvvədə olan qanunvericiliyin tələblərinə görə tikinti üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğuların məhkəmənin qərarı əsasında sökülə biləcəyini bildirmiş, buna görə də Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsindən keçən diametri 300 mm olan magistral su xəttinin üzərindəinşa edilmiş özbaşına tikilinin əvəzi ödənilmədən sökülməsi, mühafizə zonasınınboşaldılmasının təmin edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmamışdır. Qətnamədən İddiaçı ASC-nin nümayındəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin tam olmayan ekspert rəyinə istinad etdiyini, təkrar ekspertiza haqqında vəsatətlərinə əhəmiyyət vermədiyini irəli sürmüşdür. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən İddiaçı X4 nümayəndəsi X3 şikayətin dəlillərini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə mübahisəsi gedən tikiliyə dair sənədlər təqdim edərək onun özbaşına olmadığını, tikilinin müvafiq icazə sənədlərinə uyğun şəkildə inşa edildiyini və su xəttinin mühafizə zonasında yerləşmədiyini bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən edilmiş halına görə, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində tikili (qeyri-yaşayış sahəsi) inşa etmiş, iddiaçı da məhz həmin tikilinin diametri 300 mm olan magistral su xəttinin üzərindəinşa edildiyini iddia etməklə müvafiq tələbləri irəli sürmüşdür. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunıericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. “Su təchizatı və tullantı suları haqqında” qanunun 70-ci maddəsinin “a” bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirmək qadağan edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 109 saylı Qərarı ilə təsdiq olunmuş “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın 6-cı bəndinə görə, hidritexniki qurğuların təhlükəsizliyi üzrə təsnifatdan asılı olaraq onların ətrafında mühafizə zonalarının ölçüləri aşağıdakı kimi qəbul edilir: kanallar, kollektorlar, magistral sunəqledici kəmərlər və tunellər boyu onların suburaxma qabiliyyətindən asılı olaraq – 10 kub.m/san olduqda 10 metr; 10-30 kub.m./san olduqda 25 metr; 30-50 kub.m/san olduqda 60 metr; 50 kub.m/san-dən artıq olduqda 100 metr. Apellyasiya baxışı zamanı cavabdeh inşaat pasportu və ayrıc göstəricilərinin əks olunduğu plan-sxemlər təqdim edərək Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 1358 saylı sərəncamı ilə Respublika Veteranlar Şurasına “Veteran” pensiyaçı müəssisələri nəzdində Yeni Yasamal yaşayış massivindəki Talıblı küçəsində çörək istehsalı müəssisənin layihələşdirilməsi və tikintisi üçün 518 m2 torpaq sahəsi ayrıldığını, çörək sexinin memarlıq-planlaşdırma göstərişlərinin hazırlandığını, kommunal xidmətlərlə təchizatın müvafiq qurumlarla razılaşdırıldığını irəli sürsə də, həmin sənədlər nəzərə alınaraq təyin olunmuş ekspertizanın rəyi ilə mübahisəsi gedən torpaq sahəsinə dair hər hansı fiziki və ya hüquqi şəxsə heç bir sənədin verilmədiyi, sökülməsi tələb olunan tikilinin 9,5 metr hissəsinin magistral su xəttindən 0,5 metr məsafədə, yəni yuxarıda adı çəkilən Qərarın 6-cı bəndində göstərilən 10 metrlik mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Cavabdehin həmin arqumentlərinin araşdırılması məqsədilə İddiaçı ASC-nə, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə və Milli Arxiv İdarəsinin Bakı Filialına göndərilmiş sorgulara verilən cavablarda isə qeyd edilmişdir ki, “sözügedən tikiliyə hansı hüquqi əsasla icazə verilməsi barədə hər hansı sənədləşmə işləri aşkar olunmamış”, “Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən tikintinin yaxınlığından keçən d=300mm olan magistral su xətti 1990-cı ildə çəkilmişdir”. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı ASC-nin irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə qismən uzlaşmaqdadır; belə ki, yuxarıda da göstərildiyi kimi, apellyasiya baxışı zamanı cavabdehin inşa etdiyi tikilinin qanunsuz tikili olmaqla onun bir hissəsinin İddiaçı ASC-yə məxsus yeraltı magistral su xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsindən keçən diametri 300 mm olan magistral su xəttinin mühafizə zonasında inşa etdiyi özbaşına tikilinin 9,5 metr hissəsi əvəzi ödənilmədən sökülməli, mühafizə zonası həmin hissədə boşaldılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumlarının əvəzi cavabdehdən alınaraq ona ödənilməli, ekspert tədqiqatlarının dəyəri isə cavabdehdən tutularaq müvafiq hesablara köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-364/2018 saylı iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı X4 Cavabdeh qarşı “magistral su kəmərinin üzərində və qanunla müəyyən edilmiş mühafizə zonasında inşa edilmiş tikililərin sökülməsi və mühafizə zonasının boşaldılması” tələblərinə dair iddiası qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsindən keçən diametri 300 mm olan magistral su xəttinin mühafizə zonasında Cavabdeh tərəfindən inşa olunmuş özbaşına tikilinin 9,5 metr hissəsi əvəzi ödənilmədən Cavabdeh hesabına sökülsün və mühafizə zonası boşaldılsın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumlarının əvəzi kimi 40 (qırx) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı X5 ödənilsin; ekspertiza tədqiqatlarının dəyəri olan 190 (yüz doxsan) manatın 50 (əlli) manatı İddiaçı X2, 140 (yüz qırx) manatı Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22); mütəxəssis rəyinin dəyəri olan 109,07 manatın 50 (əlli) manatı İddiaçı X2, 59,07 (əlli doqquz manat 07 qəpik) manatı isə Cavabdeh tutularaq Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin hesabına (“xxxxxxxxxxxx” ASC-nin Xətai Filalı, AZ23AİİB********************07,VÖEN:**********) köçürülsün. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər Elnur Həsənov Ziya Şirinov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-103/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-103/2020
23.07.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver