Məhkəmə qərarları › İş №2(103)-10325/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10325/2021

01.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10325/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdehin etibarnamə əsasında nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4724/2021 saylı, 22.07.2021-ci il tarixli qətnaməsindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanına (abonent kodu **********00008) əsassız hesablanmış 4.697,86 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən ona qarşı Binəqədi Rayon Məhkəməsində “borc” tələbinə dair iddia qaldırılmış, lakin iddia tələbi baxılmamış saxlanılmışdır. Həmin iddia tələbinin məzmunundan aydın olmuşdur ki, ona 4.697 manat borc hesablanmışdır. Bu tamamilə əsassızdır, belə ki, ona məxsus mənzildə artıq 5 dəfə elektrik sayğacı dəyişdirilmişdir və həmin vaxtlar hər hansı bir borcunun olması barədə ona xəbərdarlıq edilməmiş, borc tələb edilməmişdir. Tərəfindən hal-hazırki vaxtadək elektrik enerjisi sərfiyyatı ilə bağlı ödəmələr həyata keçirilmişdir. Onun heç bir borcu olmamışdır. Əgər həqiqətən də bu miqdarda borcu olsaydı cavabdeh tərəf hər hansı bir tədbir görər, enerji verilməsini dayandırar və borcun ödənilməsinə təşəbbüs göstərərdi. Halbuki xəbərdarlıq ona 2021-ci ildə gəlmişdir, bundan əvvəl isə heç bir xəbərdarlıq gəlməmiş və borc tələb edilməmişdir. Qeyd edilən borc məbləğinin bir neçə ay ərzində yaranması mümkün deyildir. Əsassız olaraq borc məbləği hesablanmışdır, borcun hansı tarixdən yaranması və sair üçün heç bir sübut yoxdur. Cavabdehin əməkdaşları bildirdilər ki, Prezident fərman verəcək, həmin fərmanla da borc silinəcək. Bununla da onun istehlakçı kimi hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd olunmalıdır ki, bu amil cavabdeh tərəfindən araşdırılmamışdır, belə ki, tərəfindən istifadə edilmiş sərfiyyatda hər hansı şübhə yarandığı təqdirdə 3 ay müddətində ödənişlərə nəzarət etməklə bunu müəyyənləşdirmək mümkündür. Qeyd olunanlardan görünür ki, qeyri-qanuni olaraq cavabdeh tərəfindən borc məbləği hesablanmış və nəticədə onun hüquqları pozulmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4724/2021 saylı, 22.07.2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 4.549,76 manat (dörd min beş yüz qırx doqquz manat, yetmiş altı qəpik) məbləğində borc İddiaçı məxsus **********00008 saylı abunə hesabından silinməsi, iddia qalan hissədə təmin edilməməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 29 (iyirmi doqquz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4724/2021 saylı, 22.07.2021-ci il tarixli qətnaməsindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin olunmaması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə əsasında nümayəndəsi X5 çıxışında apellyasiya şikayətini müdafiə etdiyini bildirərək Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4724/2021 saylı, 22.07.2021-ci il tarixli qətnaməsindən qətnaməsini iddianın təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin olunmaması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 çıxışında apellyasiya şikayətinə etiraz etdiyini bildirərək Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4724/2021 saylı, 22.07.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti ilə əlaqədar ilkin olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayət qətnamənin qismən ləğv edilməsinə yönəldiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı həmin hissədə yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə təqdim olunmuş sübutları araşdıraraq müəyyən etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyətinin yoxlanılması üçün baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, ünvan 1 ünvanında qaz təchizatı yoxdur, mənzil elektrik enerjisi ilə təmin olunur. Abonenti təmin edən sayğacdan kənar xətt çəkilmiş və dəhlizdə ayırıcı avtomat quraşdırılmışdır. Akt "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları X.Əliyev, V.Mirzəyev, B.Abdullayev, hal şahidləri - Vaqif İsmayılov və N.Nəsirov tərəfindən imzalanmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 08 iyun 2011-ci il tarixli icra vərəqinin surətindən görünür ki, 205393 nömrəli akta asasən ünvan 1 ünvanında kənar xətt aşkarlanmışdır. İstehlakçıya əlavə sərfiyyata görə 17,6A x 0,22 kvt x 24 saat x 53 gün = 4.925 kvts, 295 manat hesablanması qərara alınmışdır. 28 mart 2012-ci il tarixli, 223050 nömrəli aktın surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyətinin yoxlanılması üçün baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, ünvan 1 ünvanında abonentin borcuna əsasən elektrik enerjisi dayandırılmış, abonent sayğacdan kənar xətt çəkərək istifadə edir. Akt "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları X.Əliyev, N.Nəsirov, B.Abdullayev, hal şahidləri Vaqif İsmayılov və Ə.İbrahimov tərəfindən imzalanmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 28 mart 2012-ci il tarixli icra vərəqinin surətindən görünür ki, 223050 nömrəli akta asasən ünvan 1 ünvanında debitor borca görə enerji dayandırılmış, abonent kənar xətt çəkərək enerjidən istifadə etməsi aşkar edilmişdir. İstehlakçıya əlavə sərfiyyata görə 8,4A x 0,22 x 24 saat x 102 gün = 4.524 kvts, 271,44 manat hesablanması qərara alınmışdır. Abunə kodu **********00008 olan abunə haqqında sənədin surətindən görünür ki, iddiaçıya 2005-ci ildən 2021-ci ilə qədər enerji sərfiyyatına görə 2.081,51 manat, sayğacdan kənar işlədicilərdən istifadəyə görə, həmçinin limitdən artıq istifadəyə görə ümumilikdə 3.109,75 manat borc hesablanmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən abunə kodu **********00008 olan iddiaçıya ünvanlanmış bildirişə əsasən, ona 4.697,86 manat məbləğində borc hesablanmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən etdiyi faktiki hallarına maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”-nın 1.1-ci bəndinə əsasən, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikatətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddianın təmin olunan hissəsində ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, iddiaçı tərəfindən faktiki sərf olunmuş elektrik enerjisinin dəyəri 2081, 51 manat, sayğacdan kənar sərfiyyat 3109, 75 manat, ümumilikdə ödəniş 532,17 manat təşkil etmiş, cəmi borc 4663,50 manat olmuş, lakin borcun silinməsi istiqamətində heç bir addım atılmamışdır. Apellyasiya şikayətində həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarının 8.32-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin müxtəlif maddələrinə istinad olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. Belə ki, birinci instansiya məhkəməsi iddiaçıya hesablanmış bütün borcu deyil, sübuta yetirilmədiyinə görə yalnız sayğacdankənar qoşulmaya görə hesablanmış borcu, yəni 3109, 75 manatı silməli olduğu halda cəmi borcu- 4663, 50 manatı silmişdir. Ona görə də Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4724/2021 saylı, 22.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilməli və silinən borcun məbləği 3109,75 manat müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4724/2021 saylı, 22.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilsin. İddiaçı məxsus **********00008 saylı abunə hesabından silinməli olan borcun məbləği 3109, 75 (üç min bir yüz doqquz manat yetmiş beş qəpik) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar