Məhkəmə qərarları › İş №2(103)-1033/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1033/2024

24.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1033/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı “artıq alınmış su pulunun geri qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pulun qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2(004)-4857/2023 saylı qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Aşıq Ələsgər küçəsindəki 7 №-li evi xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi əsasında əldə etmişdir.

2. 2017-2022-ci illər ərzində qeyd edilən evdə yaşayış olmamışdır. Belə ki, işıq, qaz və ya su sərfiyyatı olmamışdır.

3. Cavabdeh ASC-dən iddiaçıya bildirilmişdir ki, əvvəlki illər (2017-2022) üzrə borc məblği vardır və borc ödənilmədiyi təqdirdə su kəsiləcəkdir. İddiaçı tərəf də məcbur olaraq borc məbləğini ödəmişdir. Lakin sonradan araşdırma aparmış və müəyyən etmişdir ki, borc məbləğinin hesablandığı dövr ərzində qeyd edilən mənzildə yaşayış olmamışdır.

a)Birinci instansiya məhkəməsində icraat

4.İddiaçı Cavabdeh ASC-yə qarşı “artıq alınmış su pulunun geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ondan əsassız olaraq alınmış 1463 manat 30 qəpik məbləğin və 35 manat dövlət rüsumunun, cəmi 1498 manatın cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilin iyul ayında Abşeron rayonu, Xırdalan şəhəri, Aşıq Ələsgər küçəsindəki 7 №-li evi Orxan Şıxəliyevdən satın almışdır. Evin üzərində mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə reyestr nömrəsi **********34-1 1301, qeydiyyat nömrəsi ********** olmaqla dövlət qeydiyyatına alınmış və bu barədə iddiaçıya çıxarış verilmişdir. Aldığı ev Orxan Şıxəliyevin mülkiyyətində olsa da, uzun müddət faktiki orada yaşayan olmamışdır. Evdə faktiki yaşayışın olmadığı 2022-ci ilin iyun ayına qədər “Azərişıq”ın xidmətindən, yəni elektrik enerjisindən istifadə edilmədiyi barədə 2017-2023-cü illərin dövriyyə cədvəlindən (əlavə olunur 5 vərəqdə) və “Azəri qaz”ın 2018-2023-cü illərə aid dövriyyə cədvəlindən (əlavə olunur 3 vərəqdə) də görünür. İddiaçı evi aldıqdan sonra məlum olmuşdur ki, evin əvvəlki mülkiyyətçisi Orxan Şıxəliyevin adına əsassız olaraq 2017-2022-ci illərdə (yəni xx.xx.2023-cü il tarixədək) 2153m3 su sərfıyyatı hesablanmışdır. Cavabdeh ASC-nin Abşeron Sukanal İdarəsi həmin “borcun” ödənilməsini iddiaçıdan israrla tələb etmiş, borc ödənilməyincə onunla sudan istifadəyə görə abonent müqaviləsi bağlamamış və 2023-cü ilin iyun ayında suyunu bağlamaq hədəsi ilə, əsassız olaraq Orxan Şixəliyevə hesabladıqları 2153m3 suya görə 1463 manat 30 qəpiq borcu ödəməyə iddiaçını məcbur etmişdir. İddiaçı məcbur olub həmin məbləği, sonrakı sərfıyyatla birlikdə 1500 manat məbləğində 13 iyun 2023-cü il tarixdə ödəmişdir. Bundan sonra Cavabdeh ASC-nin Abşeron Sukanal İdarəsi 06 iyul 2023-cü il tarixdə onunla sudan istifadəyə görə müqavilə bağlanmışdır (müqavilə № 4743 1705 əlavə olunur). Göründüyü kimi, cavabdeh onu əvvəlki mülkiyyətçinin adına əsassız hesablanmış 1463 manat 30 qəpik borcu ödəməyə məcbur etmişdir.Həmin məbləği iddinaçıya təzyiq və hədə ilə qeyriqanuni aldığı üçün həmin məbləğ cavabdehdən tutularaq ona qaytarılmalıdır. 6.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, ünvan 1 ünvanında su və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə müqavilə xx.xx.2007-ci il tarixində X2 adına abonent kodu açılmış və xx.xx.2012-ci il tarixdə Alfasu markalı, 50108057 nömrəli sayğac quraşdırılmışdır. xx.xx.2015-ci ildə smart sayğacın elektron hissəsi işləmədiyinə görə mexaniki hissənin göstəricisi əsasında uçotun aparılmasına başlanılmışdır. Alfasu markalı smart sayğacın istifadəyə yararsız hala düşməsinə görə xx.xx.2022-ci ildə CSS-20 markalı mexaniki sayğac quraşdırılmışdır. Mexaniki sayğac quraşdırıldıqdan sonra “Sudan istifadə qaydaları’na əsasən (7.9. Suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz qüraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir) xx.xx.2023-cü il tarixdə sərfiyyat getməyən dövrlər üçün (xx.xx.2017-ci ildən xx.xx.2023-cü ilədək) ortalama günlük sərfiyyat hesablanmış və 1456,30 manat borc yaranmışdır. xx.xx.2023-cu il tarixində 1500 manat ödəniş edilmişdir. Bundan başqa hesablanmış borc sayğac dəyişdirilən dövrədək hesablanmış, ondan sonra isə iddiaçı sayğaca uyğun ödənişlər etmişdir. Hesab edir ki, borcun xx.xx.2023-cü ilədək hesablanması sadəcə texniki səhvdir. Eyni zamanda onu da bildirmişdir ki, qeyd olunan ünvanda sayğac dəyişdirilərkən akt tərtib olunmamış və təhvil-təslim aktı ilə bağlı sənədlər mövcud olmadığından təqdim edə bilməmişlər. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etdi. 7.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 22 noyabr 2023-cü il tarixli, 2(004)-4857/2023 saylı qətnaməsi ilə (hakim-Toğrul Axundov) iddia tələbi təmin edilərək, Cavabdeh ASC-dən 1463,30 (bir min dörd yüz altmış üç manat 30 qəpik) manat məbləğində pulunvə iş üzrə ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan: 8.xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, X3 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Aşıq Ələsgər küçəsindəki 7 №-li evi İddiaçı satmışdır. 9.Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüququ şəxsin çıxarışışndan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Aşıq Ələsgər küçəsindəki 7 №-li ev mülkiyyət hüquqi ilə İddiaçı məxsusdur. xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. 10.Azərsu ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Abonent kartından görünür ki, 2017-ci il üzrə abonent Orxan Şıxəliyevin heç bir borcu olmamış, 2005-2017-ci illər ödəniş edilmişdir. 2017-2022-ci illər üzrə hesabat göstərilməmiş, 2023-cü ilin yanvar ayına 1463,30 manat borc, göstərilmiş hal-hazırda isə heç bir borc yoxdur. Sayğac xx.xx.2015-ci ildə, xx.xx.2022-ci il tarixlərdə sökülmüşdür. 11.Azərsu ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” müqavilədən görünür ki, tərəflər arasında sudan istifadə qaydalarına dair müqavilə bağlanmışdır. 12.Azərsu ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Abonent kartından görünür ki, xx.xx.2023-cü il tarixli müqaviləyə görə abonent İddiaçı həmin dövrə 146 manat borcu vardır. 13.Azərişıq ASC tərəfindən verilmiş Abonent haqqında çıxarışdan görünür ki, 2017-ci ilin mart ayından 2022-ci ilin iyun ayınadək Abşeron Mexkalon 23 ünvanında heç bir işıq sərfiyyatı olmamışdır. 14.Abonent saldosundan görünür ki, 2018-ci il üzrə qalıq borc 4,6 manat, 2020-ci il üzrə 1,2 manat, 2021-ci ilüzrə 0,80 manat məbləğində qaz sərfiyyatı olmuş, 2022-ci ilin yanvar-fevral ayları üzrə isə ümumiyyətlə sərfiyyat olmamışdır. 15.xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Orxan Şıxəliyev adlı abonentin Azərsu hesabına 1500 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 16.Azərsu ASC tərəfindən İddiaçı ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, məktubda qeyd edilmişdir ki, Sözügedən ünvanın su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatının aparılması üçün təqdim edilən sənədlərə istinadən xx.xx.2007-ci il tarixdə vətəndaş Orxan Şıxəliyevlə 28722393 nömrəli müqavilə bağlanaraq **********000 saylı abonent kodu açılmış və ailə tərkibinə uyğun olaraq hesabat aparılmış, xx.xx.2012-ci il tarixindən isə su xətti üzərində quraşdırılmış ALFASU-15 markalı, 50108057 nömrəli smart-kart tipli su ölçən cihazın göstəricisinə əsasən hesabat aparılmişdır. xx.xx.2022cu il tarixində həmin sayğac işləməməsi səbəbindən CSS-20 markalı, 22015573 nömrəli mexaniki tipli sayğacla əvəzlənmişdir. xx.xx.2017-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr üzrə abonentin hesabına sonuncu sayğacın göstəricisi əsasında istifadə edilən su sərfiyyatına əsasən orta aylıq sərfiyyat nəzərə alınmaqla 2153 m3 (1463.30 manat) sərfiyyat hesablanmışdır. Mülkiyyətçi dəyişdiyindən həmin kodu üzrə tam ödənişlərin olunması nəzərə alınmaqla Orxan Şıxəliyevlə bağlanmış 28722393 saylı müqavilə ləğv edilmiş və xx.xx.2023-cü il tarixində təqdim edilən sənədlərə istinadən **********000 saylı kodda dəyişmə edilərək 47431705 saylı müqavilə əsasında İddiaçı adına rəsmiləşdirilmişdir. Hazırda sayğac göstəricisi 478 m3 oimaqla, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə sözügedən ünvanın abonent hesabında borc yoxdur. 17.Azərsu ASC tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, məktubda qeyd edilmişdir ki, qeyd olunan ünvanda su və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə müqavilə xx.xx.2007-ci il tarixində X2 adına abonent kodu açılmış və xx.xx.2012-ci il tarixdə Alfa su markalı, 50108057 nömrəli sayğac quraşdırılmışdır. xx.xx.2015-ci ildə smart sayğacın elektron hissəsi işləmədiyinə görə mexaniki hissənin göstəricisi əsasında uçotun aparılmasına başlanılmışdır. Alfa su markalı smart sayğacın istifadəyə yararsız hala düşməsinə görə xx.xx.2022-ci ildə CSS-20 markalı mexaniki sayğac quraşdırılmışdır. Mexaniki sayğac quraşdırıldıqdan sonra “Sudan istifadə qaydalarına əsasən (7.9. Su ölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir) xx.xx.2023-cü il tarixdə sərfiyyat getməyən dövrlər üçün (xx.xx.2017-ci ildən xx.xx.2023-cü ilədək) ortalama günlük sərfiyyat hesablanmış və 1456,30 manat borc yaranmışdır. xx.xx.2023cu il tarixində 1500 manat ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixində abonentin müraciəti əsasında köhnə müqavilə ləğv edilərək ad dəyişikliyi edilmiş və İddiaçı Novruz qızı ilə yeni müqavilə bağlanılmışdır. Hazırda abonentin 146,00 manat borcu var. 18.Məhkəmə müəyyən etmişdir ki, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Aşıq Ələsgər küçəsindəki 7 №-li evi xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi əsasında əldə etmişdir. Həmçinin 2017-2022-ci illər ərzində qeyd edilən evdə yaşayış olmamışdır. Beləki, işıq, qaz və ya su sərfiyyatı olmamışdır. İddiaçının bildirdiklərinə görə su sayğacı dəyişdirilərkən onlara istifadə olunmuş suya görə borclarının olmadığı, hətta 6 manat əlavə ödəniş edildiyi bildirilmişdir. Daha sonra Azərsu ASC-dən iddiaçıya bildirilmişdir ki, əvvəlki illər (2017-2022) üzrə borc məblği vardır və borc ödənilmədiyi təqdirdə su kəsiləcəkdir. İddiaçı tərəfdə məcbur olaraq borc məbləğini ödəmişdir. Lakin sonradan araşdırma aparmış və müəyyən etmişdir ki, borc məbləğinin hesablandığı dövr ərzində qeyd edilən mənzildə yaşayış olmamışdır. Bundan başqa məhkəmə tərəfindən Azərsu ASC-yə sorğu ünvanlanaraq sayğacın təhvil-təslim anına borc barədə aktın, sayğacın yararsız olması barədə aktın olub-olmaması soruşulsada ASC tərəfindən heç bir məlumat verilməmişdir. 19.Məhkəmə iddianın təmin edilməsi ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh ASC tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, sudan istifadəyə görə borc xx.xx.2017-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr üzrə abonentin hesabına sonuncu sayğacın göstəricisi əsasında istifadə edilən su sərfiyyatına əsasən orta aylıq sərfiyyat nəzərə alınmaqla 2153 m3 (1463.30 manat) sərfiyyat hesablanmışdır. Lakin sayğac sonuncu dəfə xx.xx.2022-ci il tarixdə dəyişdirilmişdir. Borc olduğu təqdirdə belə, qalıq borc həmin dövrədək hesablanmalı, onan sonraki dövr isə yeni quraşdırılmış sayğacın üzərindəki gösdərəciyə uygun hesablanmalı olduğu halda Cavabdeh ASC xx.xx.2023-cü il tarixədək borc hesablamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bunun səbəbini izah edə bilməmiş, texniki yalnışlıq olduğunu qeyd etmişdir. Bundan başqa işin halalrı ilə o da, müəyyən edilmişdir ki, yeni saygac quraşdırıldıqdan sonra iddiaçı tərəfindən sayğacın gösdəricisinə uygun olaraq ödənişlər edilmişdir. 20.Bununla yanaşı, AR Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 8.7-ci bəndinə əsasən Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Lakin Azərsu ASC tərəfindən son 5 (beş) illik dövr hesablanmışdır. 21.Eyni zamanda borcun olduğu təqdirdə belə, həmin borc tələbi ilə ASC əvvəlki mülkiyyətçiyə, yəni Orxan Şıxəliyevə qarşı iddia qaldıra bilərdi. Lakin qeyd edildiyi kimi, işin halları ilə həmin mənzildə borc məbləği hesablanan dövr üçün yaşayış olmamış, sudan istifadə edilməmişdir. 22.Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh ASC-dən 1463,30 (bir min dörd yüz altmış üç manat 30 qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. 23.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, Su Məcəlləsinin 98-ci: “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1, 59.3, 14-cü: AR Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 5.1.5, və 8.7-ci bəndi:Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin14.2, 119.2, 77.1, 217.4, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

24.Qətnamədən Cavabdeh ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 17.32 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 25.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı obyektin əvvəlki istifadəçisindən borcun olmaması barədə arayış tələb etməli idi. Lakin iddiaçı mövcud obyektin icarə müqaviləsinə xitam verərkən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun olmaması barədə arayış tələb etməmiş, məhkəmə iclasında verdiyi izahatında həmin arayışın tələb etməməsini də təsdiq etmişdir. Belə ki, məhkəmə qətnaməsində qeyd edilmişdir ki, iddiaçı sözügedən evi xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi əsasında əldə etmişdir. Həmçinin müəyyən etmişdir ki, 2017-2022-ci illər ərzində qeyd edilən evdə yaşayış olmamışdır. Bununla əlaqədar olaraq bildirir ki, sudan istifadəyə görə hesablanmış yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. İstehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasındakı qarşılıqlı münasibətləri və onunla əlaqədar yaranan digər məsələləri- AR Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262№-li qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları” tənzimləyir. Qaydaların tələbindən göründüyü kimi, obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə sudan istifadəyə görə olan borcu ödəmək vəzifəsini əvvəlki istifadəçinin üzərinə qoymuşdur. Lakin hazırki iş üzrə əvvəlki isitifadəçi sudan istifadəyə görə olan borcu ödəməmiş, iddiaçı isə borcu olan obyekti həmin borcla birlikdə qəbuletmişdir, həmçinin yeni müqavilənin bağlanılması üçün su təchizatı və kanalizasiya müəssisəsinə 10 (on) iş günü müddətində yazılı müraciət etməmişdir. Bundan başqa yaranmış borcun hesablanması qaydası haqqında məlumatı özündə əks etdirən abonent məlumat vərəqələri, sübut qismində məhkəməyə təqdim edilmişdir. Məhkəməyə təqdimedilən sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 26.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

a)Məhkəmə icraatı iştirakçılarının izahatları

27.Məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. 28.Məhkəmə kollegiyasının İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası: 29.Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 30.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu: 31.Maddə 3.İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Su Məcəlləsi: 32.Maddə 98.Xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu: 33.Maddə 30. 1-ci bəndi. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında Qanunu: 34.Maddə 59.3.Su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. 35.Maddə 14.Bu maddənin müddəaları o vaxt tətbiq oluna bilər ki, obyektin sahibi tərəfindən su təchizatı müəssisəsinə obyektin su ilə təchizatı barədə sifariş verilmiş olsun və obyekt tamamilə və ya əsasən qeyri-yaşayış binası olsun, su təchizatı məişət (təsərrüfat)-içməli məqsədləri üçün deyil, digər ehtiyacları ödəmək üçün nəzərdə tutulsun. AR Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”

36. 5.1.5-ci bəndi. Verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyridəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 37.Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 38.Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 39.Maddə 77.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 40.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

41.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 42.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 44.Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Aşıq Ələsgər küçəsindəki 7 №-li evi xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi əsasında əldə etmişdir. Həmçinin müəyyən edilmişdir ki, 2017-2022-ci illər ərzində qeyd edilən evdə yaşayış olmamışdır. Belə ki, işıq, qaz və ya su sərfiyyatı olmamışdır. İddiaçının bildirdiklərinə görə su sayğacı dəyişdirilərkən onlara istifadə olunmuş suya görə borclarının olmadığı, hətta 6 manat əlavə ödəniş edildiyi bildirilmişdir. Daha sonra Azərsu ASC-dən iddiaçıya bildirilmişdir ki, əvvəlki illər (2017-2022) üzrə borc məblği vardır və borc ödənilmədiyi təqdirdə su kəsiləcəkdir. İddiaçı tərəf də məcbur olaraq borc məbləğini ödəmişdir. Lakin sonradan araşdırma aparmış və müəyyən etmişdir ki, borc məbləğinin hesablandığı dövr ərzində qeyd edilən mənzildə yaşayış olmamışdır. Bundan başqa məhkəmə tərəfindən Azərsu ASC-yə sorğu ünvanlanaraq sayğacın təhvil təslim anına borc barədə aktın, sayğacın yararsız olması barədə aktın olub-olmaması soruşulsa da ASC tərəfindən heç bir məlumat verilməmişdir. 45.İş materiallarından göründüyü kimi sudan istifadəyə görə borc xx.xx.2017-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr üzrə abonentin hesabına sonuncu sayğacın göstəricisi əsasında istifadə edilən su sərfiyyatına əsasən orta aylıq sərfiyyat nəzərə alınmaqla 2153 m3 (1463.30 manat) sərfiyyat hesablanmışdır. Lakin sayğac sonuncu dəfə xx.xx.2022-ci il tarixdə dəyişdirilmişdir. Borc olduğu təqdirdə belə, qalıq borc həmin dövrədək hesablanmalı, ondan sonraki dövr isə yeni quraşdırılmış sayğacın üzərindəki göstəriciyə uygun hesablanmalı olduğu halda Cavabdeh ASC xx.xx.2023-cü il tarixədək borc hesablamışdır. 46.Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi bunun səbəbini izah edə bilməmiş, texniki yalnışlıq olduğunu qeyd etmişdir. Bundan başqa işin halları ilə o da, müəyyən edilmişdir ki, yeni saygac quraşdırıldıqdan sonra iddiaçı tərəfindən sayğacın gösdəricisinə uygun olaraq ödənişlər edilmişdir. 47.Göründüyü kimi cavabdeh tərəfindən hesablanmış və İddiaçı tərəfindən ödənilmiş 1463,30 manat məbləğində sudan istifadəyə görə borc Abşeron rayonu, Xırdalan şəhəri, Aşıq Ələsgər küçəsindəki 7 №-li evin əvvəlki mülkiyyətçisinin həmin evdə yaşadığı dövrə təsadüf etmiş və iddiaçı tərəfindən ev alındıqdan sonra sudan istifadəyə görə müəyyən edilən ödənişləri yerinə yetirdiyi müəyyən edilmişdir. 48.Belə olduğu halda cavabdeh müəssisə tərəfindən istehlakçısı olmadığı sudan istifadəyə görə hesablanmış 1463,30 manat məbləğində borcun İddiaçı tələb edilməsi əsassız olmuşdur. 49.Buna görə də kollegiya qeyd edir ki, iddianın təmin edilərək iddiaçı tərəfindən ödənilmiş 1463,30 manat məbləğində pulun geri qaytarılması barədə məhkəmənin mövqeyi qanuni və əsaslı hesab edilməlidir. 50.Qeyd olunanları ümumiləşdirərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2(004)-4857/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 51.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 40.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 52.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 53.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 54.Kollegiya hesab edir ki, dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq düzgün olaraq cavabdehdən tutulmuşdur. 55.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2(004)-4857/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar