Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10335/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4716/2021 nömrəli mülki iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünə qiymət verərkən müəyyən etmişdir ki, məhkəmənin 01.07.2021-ci il tarixli qətnaməsinin surəti tərəflərə rəsmi qaydada 02.07.2021-ci il tarixdə cavabdehin şəxsiyyət vəsiqəsində qeyd edilən ünvan üzrə göndərilmiş, zərf geri qayıtmışdır (iş səh.17, 20), qətnamə icraya yönəlmiş və qanuni qüvvəsini almışdır (səh.23). Apellyasiya şikayəti 22.09.2021-ci il tarixdə verilərək, qanuni qüvvəyə minmiş qətnamədən şikayət vermə müddətin ötüb-ötmədiyinə prosessualhüquqi qiymət verilməmiş (səh.28-29). Diqqətə çatdırılmalıdır ki, mülki prosessual qanunvericilik qanuni qüvvəsini almayan məhkəmə aktlarından şikayət vermək mümkünlüyünü təsbit etmişdir və qanuni qüvvəsini almış qətnamədən verilmiş şikayət üzrə prosessual müddət ötürülmədiyinə və ya üzürlü səbəbdən ötürülməsinə dair müzakirə aparılması üçün müraciət olmalıdır ki, hazırki iş üzrə belə müraciət mövcud olmamış, məhkəmə də buna münasibət bildirməmişdir. Qeyd edilənlərdən əlavə verilən apellyasiya şikayətində forma və məzmuna riayyət edilməyərək cavabdehin iş yeri, yaşayış yeri, yaxud olduğu yer şikayətdə əks edilməmiş, bununlada çəkişmə prinsipinin təmin edilməsinə yönəlik prosessual hüquqlardan suiistifadəyə şərait yaradılmışdır.Apellyasiya şikayətinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunsa da, araşdırma nəticəsində 22.09.2021-ci il tarixli 21624 saylı qəbzin təyinatı Bakı Apellyasiya Məhkəməsi deyil Bakı şəhəri Xətai Rayon Məhkəməsi olduğu müəyyən edilmişdir (iş.səh.27). Apellyasiya şikayətinin məzmunundan, işin materiallarına istinad edilməklə qətnamənin düzgün hesab edilməyən əsaslarının əks edilmədiyi müəyyən edilir və birinci instansiya məhkəməsi tərəfindən bu hala diqqət yetirilməmişdir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.2 və 361.1.4-cü maddələrinə əsasən: şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti, şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar şikayətdə göstərilməlidir. Apellyasiya şikayəti üzrə birinci instansiya məhkəməsinin hərəkətlərini müəyyən edən 364-cu maddəyə görə, Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məcəllənin 366.1-ci maddəsinə görə, Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1, 363.1.2 və 363.1.3-cü maddələrinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62- 67 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 128-133, 135.3, 135.5, 108.1.4, 357, 361-366, 402-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4716/2021 nömrəli mülki iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya qeyrimümkün hesab edilsin və mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10335/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10335/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver