Məhkəmə qərarları › İş №2(103)-10336/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10336/2021

14.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10336/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Mamedov Ekhtibarın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.09.2021-ci il tarixli, 2(001)-2564/2021 nömrəli qərardadından cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli 2(001)-2564/2021 saylı qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilərək satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh3 arasında Volkswagen Passat minik markalı **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair bağlanmış 03.11.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 9500 manatın Cavabdeh2 xeyrinə tutulması, Cavabdeh1 dövlət rüsumuna görə 20 manatın Ekhtibar Mamedovun xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli 2(001)-2564/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti vermişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.08.2021-ci il tarixli 2(001)-2564/2021 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli 2(001)-2564/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 verdikləri apellyasiya şikayətləri geri qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.08.2021-ci il tarixli 2(001)-2564/2021 saylı qərardadından Cavabdeh2 nümayəndəsi və Cavabdeh3 nümayəndəsi və vəkili X3 şikayət vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2564/2021 saylı, 27.09.2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili X3 izahatında bildiririr ki, iş materiallarına sənədlər tikilmiş sənədlərdən göründüyü kimi, qətnamələr tərəflərə sonrakı aylarda xəbərnaməli olmayan poçtla göndərilib. Sonradan poçtdan çıxarış alınıb ki, həmin ünvana çatdırılıb. Lakin iş materiallarında bunu təsdiq edən hər hansı sübut yoxdur. Təmsil etdiyi şəxslərin, həmçinin qətnaməni 17 avqustda almaları barədə iş materiallarında qəbz vardır. Ona görə də hesab edir ki, apellyasiya şikayətini müddəti ötürmədən vermişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər cavabdeh səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, mülki iş üzrə məhkəmə iclasları tərəflərin iştirakı ilə keçirilmiş, yekun məhkəmə aktı tərəflərin iştirakı ilə elan edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli 2(001)-2564/2021 saylı qətnaməsindən çıxarışlar həmin gün tərəflərin hər birinə təqdim edilmiş, onlara məhkəmə aktından apellyasiya şikayəti verilməsinin müddəti və qaydası izah edilmiş, daha sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli 2(001)-2564/2021 saylı qətnaməsi tərəflərə göndərilmişdir. Tərəflərdən iddiaçı Ekhtibar Mamedov 17.05.2021-ci il tarixdə, Cavabdeh1 27.05.2021-ci il tarixdə məhkəməyə gələrək, qətnaməni qəbzə imza etməklə qəbul etmişdir. Həmçinin, iş materiallarında olan poçt şöbəsinin bildirişlərindən müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli 2(001)-2564/2021 saylı qətnaməsini Cavabdeh2 məhkəməyə məlum ünvanları üzrə 03.06.2021-ci il və 07.06.2021-ci il tarixlərdə, Cavabdeh3 isə 03.06.2021-ci il tarixdə qəbul etmişlər. Həmin vaxtdan yalnız iki ay sonra cavabdehlər apellyasiya şikayətlərini məhkəməyə təqdim etmişlər. Göründüyü kimi, cavabdehlər qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüş və apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin üzrlü səbəbdən buraxılması halı isə işin hər hansı halı ilə məhkəmədə müəyyən olunmamışdır. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzrlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzrlü səbəblər kimi qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək onları əsassız hesab edir. Belə ki, şikayətçilərin nümayəndəsi və vəkili onlar tərəfindən qətnamənin poçt vasitəsilə çatdırılmadığını bildirsə də, bu hal poçt rabitəsi operatorunun elektron bazasından götürülmüş məlumatlarla təkzib olunur. Beləliklə, tədqiq olunan sübutlarla cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli 2(001)-2564/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən olunan müddəti buraxmaları müəyyən olunduğundan, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, verilmiş şikayət əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı : Şikayət təmin olunmasın. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.09.2021-ci il tarixli, 2(001)-2564/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar