Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10347/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ələm qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 cavabdehlər Cavabdeh2, "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh1, Cavabdeh4, “ Capitals Auction" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "ipoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2(009)-2293/2021 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 MMC, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2nə, Cavabdeh3 ASC-yə, Cavabdeh4nə və Cavabdeh5 MMC-yə qarşı daşınmaz əmlakların real bazar qiymətinin müəyyən olunması üçün əmlakların yenidən qiymətləndirilərək dəyərinin iddia verilən günə müəyyənləşdirilməsi, hərracın keçirilməsinin dayandırılması, əmlakların iddia verilən günə müəyyən olunan qiymətlərlə açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı2 Cavabdeh3 ASC-yə qarşı 22 iyun 2016-cı il tarixli, 08 iyul 2016-cı il tarixli, 25 oktyabr 2016-cı il tarixli və 10 yanvar 2017-ci il tarixli kredit müqavilələrinin ləğv edilməsi tələbinə dair iddia ilə Yasamal rayon məhkəməsinə müraciət etmişdir. Həmçinin, Cavabdeh3 ASC İddiaçı2, İddiaçı3 və İddiaçı1 MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-4063/2018 saylı qətnaməsi ilə ilk iddia təmin olunmamış, qarşılıqlı iddia isə qismən təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin həmin iş üzrə 16 dekabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin olunmuş, Yasamal rayon məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbi üzrə cavabdehlərdən cərimə borcunun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində dəyişdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli həmin qətnaməsi qüvvədə saxlanılmışdır. Bundan sonra qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Hesab edirlər ki, ipoteka predmetlərinin ilkin satış qiymətləri 22.06.2016-cı il tarixli ipoteka müqaviləsi ilə müəyyən olunmuş, bundan sonra 2019-cu ildə Cavabdeh1 MMC tərəfindən təkrar ekspertiza keçirilərək əmlaklar yenidən qiymətləndirilmişdir. Hazırda iki illik müddət ərzində əmlakların real bazar qiymətində əsaslı fərq yaranmışdır. Həmin vaxtdan iki il müddət keçməsinə bacmayaraq, Cavabdeh4 təkrar qiymətləndirmə etmədən 2019-cu ilin baxar qiymətləri ilə onların əmlaklarının açıq hərracdan satışını sifariş etmişdir. Ona görə də, hesab edirlər ki, onlara məxsus ipoteka predmeti olan əmlakların real bazar qiymətlərinin müəyyən edilməsi üçün əmlaklar yenidən qiymətləndirilməli, iddia verilən günə onların dəyəri müəyyən edilməli və həmin qiymətlərlə əmlakların açıq hərracdan satılması, hərracın keçirilməsinin dayandırılması və hərracın nəticələrinin ləğv olunması barədə qətnamə çıxarılmalıdır. Bakı şəhəri Səbail rayon məhkəməsinin 20.08.2021-ci il tarixli qərardadı ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardaddan iddiaçılar İddiaçı1 MMC, İddiaçı2 və İddiaçı3 şikayət verərək onun ləğv edilməsini xahiş etmiş və şikayətlərini onunla əsaslandırmışdılar ki, iddia tələblərinin “xahiş etdi” hisssəsində əmlakların qiymətləndirilməsi ilə eyni zamanda hərracın nəticələrinin ləğv edilməsi və əmlakların iddia tələbi verilən günə müəyyən olunan qiymətlərlə açıq hərracda satılması ilə bağlı tələblər irəli srülmüşdür. Məhkəmə bir neçə tələb olduğu halda iddia tələbinin əmlakın qiymətləndirilməsi hissəsinə hüquqi qiymət vermiş. İddianın digər tələblərinə münasibət bildirmədən qanunsuz qərardad qəbul etmişdir. Bu səbəbdən iddiaçılar Səbail rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmişlər. 2(009)-2293/2021 2(009)-2293/2021 saylı, 17 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçılar tərəfindən verilmiş şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir Məhkəmə kollegiyasının iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X1 şikayətə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçılar və digər cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, məhkəmə qətnaməsi ilə Cavabdeh3 ASCnin iddiası qismən təmin edilmiş, cavabdehlər B.İsgəndərov və qeyrilərindən 08.07.2016-cı il tarixli kredit müqaviləsi üzrə ümumilikdə 4450436,32 manat məbləğində pulun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetləri olan əmlakların məhkəmə tərəfindən müəyyən edilmiş ilkin satış qiymətləri ilə hərraca çıxarılması qət edilmişdir. İş materialları ilə müəyyən olunur ki, həmin qətnamə qanuni qüvvəsini almışdır və icra mərhələsindədir. İddiaçılar isə hazırda Bakı Apellyasiya Məhkəməsinin 16.12.2019-cu il tarixli qətnaməsində müəyyən edilmiş ipoteka predmeti olan əmlakların ilkin satış qiymətlərini mübahisələndirərək, yenidən həmin əmlakların qiymətləndirilməsinin keçirilməsini və bu qiymətlə da həmin əmlakların açıq hərracdan satılmalı olmasını mübahisələndirmişlər. AR MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. AR Konstitusiya Məhkəməsi Plenumunun 23.02.2016-cı il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İddianın dəlillərini, iddia ərizəsinə əlavə olunmuş sənədləri və qanunvericiliyin qeyd edilən normasını əlaqəli şəkildə təhlil edərək bu nəticəyə gəlmək olur ki, iddiaçı tərəflər arasında baş tutmuş digər məhkəmə çəkişməsi üzrə qəbul edilmiş məhkəmə qətnaməsi ilə həll edilən məsələni eyni tərəfə qarşı təkrarən mübahisələndirmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçıların hazırki iddiası yolverilməz olduğundan həmin iddiaya məhkəmədə baxılmalı deyildir və birinci instansiya məhkəməsi hazırkı iddianı icraata qəbul etməkdən imtina etməklə düzgün nəticəyə gəlmişdir. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, irəli sürülmüş tələblərdən yalnız biri üzrə, yəni əmlakların qiymətləndirilməsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması, verilmiş digər tələblərə də baxılmasını istisna edir. Belə ki, iddiaçıların digər tələbləri, yəni hərracın nəticələrinin ləğv olunması və əmlakların iddia verilən günə müəyyən olunan qiymətlərlə açıq hərracdan satılması birinci tələbdən doğan tələblərdir. Yəni, hərracın ləğv edilməsi və hərracın yenidən keçirilməsi ilə bağlı tələblərin hüquqi əsasını əmakların yenidən qiymətləndirilməsi tələbi təşkil edir. Lakin ipoteka predmeti olan əmlakların qiymətləri qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunduğu üçün, bu qiymətlərin mübahisələndirilməsindən doğan digər tələblər də məhkəmə qaydasında baxıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni də əsaslı hesab edir və qeyd edir ki, irəli sürülmüş tələblərdən biri üzrə, yəni əmlakların qiymətləndirilməsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması, verilmiş digər tələblərə də baxılmasını istisna edir. Belə ki, iddiaçıların digər tələbləri, yəni hərracın nəticələrinin ləğv olunması və əmlakların iddia verilən günə müəyyən olunan qiymətlərlə açıq hərracdan satılması birinci tələbdən doğan tələblərdir. Yəni hərracın ləğv edilməsi və hərracın yenidən keçirilməsi ilə bağlı tələblərin hüquqi əsasını əmakların yenidən qiymətləndirilməsi tələbi təşkil edir. Lakin ipoteka predmeti olan əmlakların qiymətləri qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunduğu üçün, bu qiymətlərin mübahisələndirilməsindən doğan digər tələblər də məhkəmə qaydasında baxıla bilməz. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı : Şikayət təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2293/2021 saylı, 20.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10347/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10347/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver